
Ümumdünya İrs Komitəsinin Bakı sessiyası maddi və qeyri-maddi mədəni irsin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün müzakirələr aparmaq baxımından çox əhəmiyyətlidir. Bakıda olduğum müddətdə ölkənizin zəngin tarixi və mədəni irsə malik olduğunu və bu irsin qorunub saxlanılmasına xüsusi diqqət və qayğının olduğunun şahidi oldum.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Efiopiyanın təşkilatdakı daimi nümayəndəliyinin rəhbəri Henok Teferra Şaul səsləndirib.
“Bakı gözəl və cəlbedici şəhərdir. Şəhərdə müasirliklə qədimliyin vəhdət təşkil etməsi bura gələn qonaqları heyran edir. Buradakı memarlıq abidələri çox unikal, zəngin üsluba malikdir. Tədbirdə 2500 qonağın iştirakı ölkənizin dünyada artan nüfuzunu bir daha nümayiş etdirir. Bunun üçün ölkəniz ən müasir infrastruktura malikdir”, - deyə Henok Teferra Şaul bildirib.
Efiopiya nümayəndəsi İçərişəhərdə olduğunu və Qız qalası, Şirvanşahlar Saray Kompleksinin və digər qədim memarlıq abidələrinin onu heyran qoyduğunu qeyd edib.
- Oxunub: 3990 |
- Tarix: 03-07-2019 |
-
Çap et |