
- Salam, ay balam.
Təəccüblənsəm də, həmişəki kimi salamlaşıram.
- Nasılsın, ay balam?
Bu dəfə təbəssümümü gizlədə bilmirəm və hər gün Fasebookda görüşdüyüm istanbullu dostumdan nə baş verdiyini soruşuram. O yenicə baxmağa başladığı dizidəki (teleserial) azərbaycanlı qadın obrazından danışır və onu da deyir ki, artıq çalışdığı şirkətdə hər kəs görüşəndə bu kəlməni işlədir. Təbii ki, zarafatla.
Bu mənim “Yahşi Cazibe” filmi, bütün Türkiyənin isə Azərbaycanla-onun qadını və dili ilə içdən-içə ilk tanışlığı idi. Bu, həm də XXI əsrin parçalayan, dağıdan “modern” tələblərinə baxmayaraq öz bəşəri missiyasını qoruyub saxlayan Azərbaycan qadını ilə tanışlıqdır. Ana - Azərbaycan, ümumiyyətlə, türk toplumlarında sözün əsl mənasında ailə ocağının, odunun qoruyucusudur və bu qoruyucu ailə birliyinin-sədaqət və sevginin vəhdətinin ortaya qoyduğu, həmçinin, mənəvi irsini genetik kodlarla ötürdüyü gələcək nəslin formalaşmasında əvəzsiz rolu olan, cəmiyyətin təməl dirəklərindən biridir.
MİLLİ MƏTBƏXİMİZ
“Surec film”in istehsalı olan “Yahşi Cazibe” serialı haqqında yazıya keçməzdən əvvəl kiçik bir xatırlatma etmək yerinə düşər.
Bu həqiqətdir ki, təkcə Türkiyə deyil, ümumilikdə dünya sineması bizim kinotənqidçilərin ciddi yanaşmadığı teleseriallarla qəlbələri fəth etməkdədir. Və kino tənqidçilərinin teleseriallara hansı donu geyindirməsindən asılı olmayaraq bu ekran əsərləri öncə mənsub olduğu dövlətin və millətin mədəniyyətinin təbliğatçısı rolunu uğurla ifa edir (mənsub olduğu sahəyə gətirdiyi gəlirdən danışmayacağıq).
Bu gün türk kinomanları “Yahşi Cazibe” serialı ilə Azərbaycan mədəniyyətini təbliğ etdiyindən ekran əsəri haqqında yazılan tənqidlərə, xırda kəm-kəsirlərə də toxunmayacağıq.
Sadəcə onu qeyd edək ki, serialın bu gün çox aktual olan saxta evlilik probleminin üstündə qurulmuş mövzusuna tutulan iradlar (Azərbaycan qızının bu obrazda tanıdılması) yalançı patriotluqdan başqa bir şey deyil. çünki obrazlar müəliflərin yaradıcılığının məhsulu olsa da, təqdim olunan mövzu tamaşaçını maraqlandırmalı və reallığı əks etdirməlidir. Bunun canlı nümunəsini isə bəhs etdiyimiz serialda bir daha görürük: pula ehtiyacı olan gənc kişi Bakıdan İstanbula gələn və burada oturum alıb işləmək haqqına sahib olmağa çalışan gənc qızla saxta evlilik yapır. Təbii ki, böyük miqdarda pul almaq şərti ilə. Və bütün hadisələr bundan sonra başlanır. Onlar müvəqqəti də olsa bir yerdə yaşamağa məcburdular. Və bu birgə yaşayış azərbaycanlı qadınının uydurmadan uzaq, həqiqi obrazını türk tamaşaçısına qısa zamanda sevdirir, üstəlik milli-mənəvi dəyərlərimiz haqqında məlumat verir. Cazibənin tez-tez işlətdiyi və hər bir məqamı çox yerində və sərrast ifadə edən atalar sözləri, qonaqları üçün hazırladığı müxtəlif yeməklər- dolma, düşbərə milli mətbəximiz haqqında məlumatları zənginləşdirir. Nəzərə alsaq ki, bu gün əksər milli yeməklərimiz ermənilər tərəfindən beynəlxalq ictimaiyyətə onlarınkı kimi təqdim olunur, onda izlənmə reytinqinə görə cədvəlin ikinci pilləsini qazanan “Yahşi Cazibe”nin əhəmiyyətini daha dərindən duymaq olar.
ORTAQ TüRK DİLİ
Nə qədər acı da olsa deməliyik ki, sovetlər ittifaqının dağılması ilə komfort həyat dalınca Türkiyə və başqa ölkələrə üz tutan “sovet qadınlarının” yaratdığı Nataşa obrazının kölgəsindən Azərbaycan qadını da qoruna bilmədi. “Yahşi Cazibe” isə məhz bu kölgədən qurtulmağı bacaran, sözün həqiqi mənasında azərbaycanlı qadının həqiqi keyfiyyətlərini nümayiş etdirən layiqli obrazdır.
Türk tamaşaçısı Cazibəni sevməklə bərabər, dərhal anladı ki, şıltaq və sözgötürməz olsa da, öz ailəcanlılığı və zəhmətsevərliyi ilə diqqəti daha çox cəlb edən, çevrəsi tərəfindən dərhal sevilən azərbaycanlı qızın müstəsna şəxsi keyfiyyətləri var. Əslində, bütünlükdə Azərbaycan qadını bu müsbət dəyərlərə malikdir. Və “Surec film”in “Yahşi Cazibe”si bu qadını bütün ərəb dünyasına və digər Şərq ölkələrinin tamaşaçılarına sevdirəcəyi şəksizdir. O tamaşaçı kütləsinə ki, zatən “Bin bir gece” teleserialını izləməklə Mehriban ablanın timsalında ölümlə üz-üzə qalmış bir uşağa həyat vermək üçün İstanbula gəlmiş azərbaycanlı qadının mənəvi keyfiyyətlərinə, dürüstlüyünə, mərdliyinə və alicənablığına bələd olub.
Bu da həqiqətdir ki, sovetlərin dağılmasından sonrakı 19 il ərzində ötən əsrin repressiya maşınının udduğu ziyalılarımızın ortaq türk dili ideyası hələ də gerçəkləşə bilməyib. Nə ədəbiyyat, nə də mətbuat onlarla Azərbaycan ziyalısının qətli üçün vəsilə olmuş bu ideyanı gerçəkləşdirə bilməyib. Əgər bilibsə də, bu proses o qədər ləng gedir ki, bu iş üçün bəlkə də bir əsr və daha çox vaxt lazımdır. Amma artıq teleekranlarda, teleserialda, sadə danışıq dilində müşahidə etdiyimiz kimi, ortaq türk dilinin formalaşmağa başladığının ilk işartıları görünür. “Yahşi Cazibe”nin Azərbaycan ləhcəsində işlətdiyi sözlər elə serialdaca Kamal bəy, Barış bəy və istedadlı yumorist Pəkər Pəkməz tərəfindən Türkiyə ləhcəsi ilə tələffüz edilir. Nəticədə, milyonlarla tamaşaçı auditoriyası Azərbaycan ləhcəsini və onun türkcə qarşılığını mənimsəmiş olur. Beləliklə, ləhcə fərqləri aradan götürülür və çox sürətlə ortaq türk dili dediyimiz və arzuladığımız həmin dil leksionu formalaşır. Əminəm ki, bu effekti başqa heç bir şəkildə yaratmaq mümkün deyil. Ona görə də, davamlı olaraq kütləvi layihələrdə Azərbaycan və digər türk dövlətlərinin və boylarının-özbək türkmən, qırğız, qazax və s. nümayəndələri də yer alsalar, əsrin sonuna artıq formalaşmış ortaq türk dilində ədəbiyyatın belə yaranmağa başlayacağını müşahidə edə bilərik.
Bu zəhmətin arxasında isə serialın Azərbaycan dili üzrə mütəxəssisi həmyerlimiz Məlahət Abbasovanın fəaliyyəti və gərgin əməyi dayanır. Onun işi elə ifadələri seçməkdən və işlətməkdən ibarətdir ki, həm azərbaycanlılar başa düşsün, həm türklər. Bizcə ortaq dilin formalaşmasının ən optimal forması elə bu cür uğurlu layihələrin həyata keçirilməsindən asılıdır.
KİNO REJİSSORLARIMIZA VƏ TURİZM ŞİRKƏTLƏRİMİZƏ MARAQLI BİR TƏKLİF
Dünyada serialların ən çox gəlir gətirən bir sahə olduğu gizli deyil. Hələki bu sahədə hətta xırda bir uğura belə imza ata bilməyən Azərbaycan kinosu gözəl fürsət qazanıb. Təklif belədir ki, serialın bir neçə sayını Azərbaycanda ekranlaşdırmaq maraqlı olardı. Məsələn, Bakıya qayıtmış Cazibənin ardınca gələn Kamalın respublikamızla tanışlığı. Bu həm Vətənimizin tarixi və mədəniyyətinin təbliği, həm də turizm məkanlarının reklamı baxımından ələdüşməz bir fürsət olar. Düşünülmüş bir layihə çərçivəsində bu iş reallaşsa “Yahşi Cazibe” həm də Azərbaycanın turizm sahəsinə böyük gəlir gətirə bilər.
SON
Filmin yaradıcıları dizinin son bölümü haqqında hələ ki, məlumat vermək istəmirlər. Amma çox məşhur teleserialların ssenarilərində hər an dəyişiklik və nəzərdə tutulmayan hadisələr yer ala bilir. Düşünmək olar ki, öz xeyirxahlığı və müdrikliyi ilə bütün pisliklərə qalib gəlməyi bacaran, öz sədaqəti və fədakarlığı ilə bütün dünyanı heyrətləndirən (1990-cı ilin 20 Yanvar faciəsi zamanı bütün dünyanı heyrətə salan Fərizə faktını xatırlamaq kifayətdir məncə) Azərbaycan qadını Kamalı da tərbiyə edəcək. Axı bütün hallarda Azərbaycan qadını müsbət dəyərlərin qalib gəlməsini təmin edə bilir.
Kəbutər
- Oxunub: 17010 |
- Tarix: 14-10-2010 |
-
Çap et |