
Pullarını mənimsədiyi, əməkdaşlarının haqqını yediyi “Azadlıq” qəzeti AXCP sədrinin, sadəcə, alver predmetidir
Azərbaycanın radikal müxalifət düşərgəsinin buqələmun xarakterə malik olması heç kəsə sirr deyil. Heç uzağa getməyək, ötən illər ərzində AXCP ilə Müsavat Partiyasının “birləşib-ayrılma”, “müttəfiqlik-düşmənçilik” münasibətləri radikalların necə təzadlı və ziddiyyətli olduqlarını üzə çıxarır. Maraqlıdır ki, hər zaman özlərini tərif etməkdən həzz alan düşərgə təmsilçiləri bəzən o qədər ifrata varırlar ki, danışdıqları yalanların həcmini belə unudurlar. Məsələn, ermənilərin və erməni havadarı olan xarici dairələrin əmri ilə hərdən “müttəfiqləşdirilən” bu partiyalar və onların sədrləri başlayırlar özləri haqqında şişirtmələr, məddahnamələr danışmağa. Amma elə ki, “müttəfiqləşdirən”in ayrılıq planı işə başlayır, həmin partiyaların təmsilçiləri qarşılıqlı tənqidləri gerçək küçə təhqirləri ilə əvəz edir, əsl simalarını, kimliklərini növbəti dəfə bu cəmiyyətə nümayiş etdirirlər.
Bəli, bir çox hallarda danışdıqları yalanlara qapılan radikal düşərgə təmsilçiləri elə fikirləşirlər ki, etdikləri xəyanətlər həmin yalanların içində əriyir. Əsl kimliklərini bu yalan pərdəsinin arxasında gizlətməyə çalışsalar da, bu mümkün olmur. Məsələn, AXCP sədri Əli Kərimli kimi...
Əslində, Ə.Kərimlinin kimliyinin hər kəsə bəlli olması onun haqqında xüsusi tanıtıma ehtiyac yeri qoymur. Hələ 1990-cı illərdən AXC sıralarına fərqli xarici maraqların təmsilçilərinin adamı olaraq yerləşdirilən, öz lideri Elçibəyə qarşı min bir xəyanətlər edən, Azərbaycan dövlətinə və millətinə qarşı hazırlanan bütün ermənipərəst planların ön sıralarında yer alan, ölkəmizə düşmən kəsilən bütün ermənipərəst dairələrin ən yaxın dostuna çevrilən, erməni lobbisinin istinad nöqtəsi rolunu üstlənən bu şəxsin siyasi həyatında səmimi şəkildə kiminləsə yaxın münasibətdə olmasını nəinki təsəvvür etmək, heç ağıla gətirmək belə mümkün deyil. Adi bir fakta müraciət edək. Hətta 1980-ci illərin sonundan, yəni Ə.Kərimlidən də qabaq AXC-nin üzvü və rəhbərləri olmuş şəxslər məhz bu adamın xəyanətlərindən, pul hərisliyindən, mənfur xislətindən bezərək partiya sıralarını tərk ediblər. Maraqlıdır ki, indiyə qədər AXC və AXCP-ni tərk edən şəxslərin heç biri Ə.Kərimli haqqında müsbət bir fikir belə söyləməyib. Bu isə onu deməyə əsas verir ki, Ə.Kərimlinin dostu, yaxını hesab etdiyi şəxslərlə şəxsi mənada qarşılıqlı səmimi münasibət qurması mümkünsüzdür. Onun özünün şəxsi ruporuna çevirdiyi qəzetinə belə “dost” deməsi qeyri-səmimidir. Bunun da faktlarla sübutu var. Özü də bu faktlar Ə.Kərimliyə yaxın insanlar tərəfindən səsləndirilib.
Məsələn, bir neçə il öncə Ə.Kərimliyə yaxın şəxslərdən sayılan, AXCP ilə yaxın əlaqələri olan və Rusiyada yaşayan iş adamı Sakit Allahverdiyev bildirmişdi ki, o, 2005-ci ildə “Azadlıq” qəzetinə yardım məqsədi ilə Əli Kərimliyə pul verib. Sonradan isə bu puldan qəzetə bir qəpik də verilmədiyi bəlli olub. Belə ki, S.Allahverdiyevin qəzetin borclarının ödənilməsi, işçilərin maaşlarının verilməsi üçün ayırdığı məbləğ Ə.Kərimli tərəfindən mənimsənilib: “Sonra bildim ki, qəzetə bir qəpik də verilməyib. Mənə deyirdilər ki, qəzetin vəziyyəti ağırdır, əməkdaşlara maaş verə bitmir, mətbəəyə borcu var və s. Mən də ona görə qəzetə maliyyə yardımı etdim ki, qəzet borclarını ödəsin, işçilərinə yaxşı maaş versin. Sonra mənə məlumat verildi ki, bu pullar son qəpiyinəcən mənimsənilib. Yəni, “Azadlıq” qəzeti Əli Kərimli üçün alver mənbəyidir”.
Başqa bir fakt... “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Sakit Zahidov (Mirzə Sakit) bildirmişdi ki, qəzetə gələn pullar şəxsən Ə.Kərimli tərəfindən mənimsənilir. S.Zahidov demişdi ki, Ə.Kərimli hətta xarici təşkilatların qəzetə etdiyi yardımları da son qəpiyinə qədər mənimsəyir, qəzetə vermir. Qəzetin əməkdaşı bildirmişdi ki, Ə.Kərimli S.Zahidova çatacaq Gerd Butserius Fondunun “Şərqi Avropada azad mətbuat” pul mükafatını da mənimsəyib.
İndi Ə.Kərimlinin “Azadlıq”a dost deməsi qurdun quzuya dost deməsinə oxşayır. Bu qəzeti, sadəcə, pul mənbəyi gözündə görən Ə.Kərimli üçün dost meyarı mövcuddurmu? O, bütün həyatı boyu öz yaxınında olanlardan istifadə etməyə çalışıb və çalışır. Bu gün də xarici ermənipərəst dairələrdən “Azadlıq” üçün göndərilən qrantları yediyi üçün onlara “dost” deyir. Amma Ə.Kərimlinin vaxtilə “dost” dediklərinə hansı badalağı vurduğu ortadadır. Görək, Ə.Kərimli “Azadlıq” adlı “dost”undan nə vaxt imtina edib, ona badalaq vuracaq... Yaşayarıq, görərik...
- Oxunub: 20670 |
- Tarix: 25-12-2014 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir(2019-02-21 09:47:50)
- - “Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur(2019-02-20 09:59:08)
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)