
Daltonizm bir canlının görmə mərkəzində xüsusi bir piqment molekulunun olmaması və ya lazım olduğundan az olması, onun ətrafındakı rəngləri ayırd edə bilməməsinə, dolayısı ilə, rəng korluğuna səbəb olan xəstəlikdir. Bu, rəngsizliyin tibbi izahıdır. Amma ölkəmizdə bir para kəslər var ki, hələ utanmadan adını “müxalifət” qoyub qəzetlərdə şəkillərini dərc-filan da etdirirlər, nəinki bütün rəngləri “bozuq” halda görürlər, eləcə də, dünyanı işıqlı göstərən rəngləri özlərinin ağ-qara xislətlərinin əsirinə çevirmək arzusundadırlar.
İllərdir ki, eyni akkordlarla hamını, hətta onlara pul verib hava çaldıranları belə bezdiriblər. Adının fərqi olmadan okean keçib təyyarədən düşən hər kəsdən “inqilab sorağı” duymaq arzusu ilə qulaqlarını şəkləyirlər. Amma bu baş vermir. Suları süzülə-süzülə, əlləri ətəklərində dodaqlarını çeynəməkdə davam edirlər. Yenə də boş-boş vedrə dınqıltısının tempini tuturlar. Hələ də bilmirlər ki, onların vedrələrinin dibi deşikdir...
İnqilaba rəng qatanların, ad verənlərin günü, rüzigarı, yaşayışı, hətta “demokratiyası” belə göz önündədir. Məxmərisi, qızılgülü, qərənfili, ümumiləşdirilmiş və obrazlı şəkildə “baharlı” adlandırılaraq rənglərlə hormonlaşdırılan inqilabların qara dumanı hələ də həmin ölkələrin səmasını açıq mavidən ayrı salıb. Həmin “rəngli inqilabların” yaratdıqları rəngli tablolar isə al qırmızı günahsız insanların qanını təsvir etməkdədir. Əldə etdikləri isə dağıdılmış ölkə, səfil xalq, yox olmuş dövlətçilikdir.
Budurmu, adını radikalizmlə bəzəyən azlığın istəyi, niyyəti? Onların xalqa qənim kəsildiyi, dövlətçiliyə düşmən olduqları sirr deyil. 1991-92-ci illərdə inqilablar girdabına düçar etdikləri Azərbaycanı necə satdıqları, parçaladıqları, qardaşı-qardaşa qırdırdıqları tarixi faktdır. İnqilabla hakimiyyəti zəbt edən və cəmisi bir ildən sonra xalqın var-dövlətini talayaraq qaçmağa dəlik axtaran bu azlığın indi də Viktoriya Nulandın dilində “rəng” axtarışı sözün hər mənasında onların sağalmaz xəstəlik daşıyıcıları olduqlarını növbəti dəfə faş edir.
Bəli, Azərbaycanın radikal müxalifətinin rəngi, boyu, biçimi, licimi dəyişkən xarakterlidir. Bunu dəfələrlə sübuta yetirmiş radikal düşərgə kim harada nə bişirsə ondan bir çömçə ummaqla “suyuq” olduğunu hər kəsə göstərir. Bu siyasətdənkənarlar özləri də bilirlər ki, qalstuklarını belə yalnız qəzet üçün şəkil çəkdirəndə düzəldirlər.
Ölkədəki vətəndaş birliyi birmənalı şəkildə siyasi sabitliyin əsas qarantıdır. Azərbaycan xalqı bu gün stabil inkişafı hədəfləyən siyasi kursun dəstəkçisidir. Məhz bu siyasi kurs Azərbaycanı uğurdan-uğura daşıyır və daşımaqda da davam edir. Siyasi təfəkkürdə, ictimai münasibətlərin qurulmasında, siyasi davranış qaydalarının mənimsənilməsində müasir dünyadan on illiklərlə geri qalan radikal müxalifət isə inqilab rəngi seçmək arzusu ilə bu millətdən, bu xalqdan olmadığını, düşmənlərimizlə eyni səngəri bölüşdüyünü sübut edir.
Amerikalı Nulandın demədiyini onun ayağına yazmaqla axı bir daha rəzil-rüsvay olurlar. Bəli, ölkəmizdə gözəl dialoq mühiti var və ölkədəki siyasi qüvvələr ölkənin ən vacib problemlərin məhz dialoq əsasında həllini müzakirə edirlər. Hökumət vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır və bu institutların fəaliyyətini hər zaman stimullaşdırır, onlara daha geniş fəaliyyət imkanları yaradır. Ermənipərəst xarici mərkəzlərin pulunu alıb özünü “vətəndaş cəmiyyəti institutu” elan etmiş, milli maraqlarımıza düşmən kəsilən kəsimin isə bu fəaliyyət meydanından qaçmasının səbəbləri ortadadır. Düşmənin pulunu yeyən düşmənin əmrini yerinə yetirmək niyyətindədir. Amma Azərbaycanda hüquq və qanun ən ali iradədir və bu iradəyə qarşı gəlmək qanun qarşısında cavabdehlik məsuliyyəti yaradır. Quyruğu qapı arasında qalan və nəfsinə yiyəlik edə bilməyən, eləcə də, qanundan qaçacağını düşünənlər isə çıxış yollarını inqilablara rəng qatmaqda görürlər. Bu isə yenə də xalqa və dövlətə qarşı xəyanət yoludur. Bu yolun yolçularının isə bir adı var - xəyanətkar...
...Qızılgülün, qərənfilin, məxmərin, ipəyin, tirmənin, şalın ardından bahar, yay, qış, payız və s... Bu sərsəmləmələr hara qədər davam edəcək bunu da yalnız radikalların özləri bilirlər.
- Oxunub: 20520 |
- Tarix: 20-02-2015 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal ünsürlər icazəli mitinqlərdən sonra nəqliyyatın normal fəaliyyətini, sakinlərin dincliyini pozan, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədirlər(2019-02-22 09:38:39)
- - Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir(2019-02-21 09:47:50)
- - “Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur(2019-02-20 09:59:08)
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)