
Xaricdəki erməni lobbi şəbəkəsinin, imperialist güc mərkəzlərinin birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı başladıqları “qara piar” kampaniyasında yalnız “Azadlıq” qəzetinin səhifələrində mövcud olan AXCP xüsusi fəallıq nümayiş etdirir
Son illərdə dinamik inkişaf yolu tutaraq hər cəhətdən regionun lider dövlətinə çevrilən, möhkəm daxili sabitliyə, vətəndaş həmrəyliyinə nail olan, dünyada tolerantlıq məkanı kimi tanınan, demokratik, sivil dəyərlərə, insan hüquq və azadlıqlarına böyük önəm verən ölkə kimi nüfuzu getdikcə artan Azərbaycanın uğurları dostlarımızı sevindirdiyi kimi, dövlətimizin, xalqımızın bədxahlarını, sözün əsl mənasında, qəm dəryasına qərq edir. Xaricdəki erməni lobbisi, ölkəmizin milli mənafeyə söykənən müstəqil siyasətini həzm edə bilməyən imperialist güc mərkəzləri uğurlarımıza hansı yollarlasa xələl gətirmək üçün müxtəlif məkrli planlar cızır, böhtanlar, iftiralar uydururlar.
Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində məlum dairələrin təmsilçilərinin yuxusu yenidən ərşə çəkilib
O da sirr deyil ki, respublikamıza qarşı hər bir fitnə-fəsada əl atmağa hazır olan məlum dairələr Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlər ərəfəsində daha da fəallaşırlar. Bu dəfə sözügedən qüvvələrin yuxusuna haram qatan ölkəmizin cari ilin yayında ev sahibliyi edəcəyi birinci Avropa Oyunları olub. Ölkəmizin, xalqımızın bədxahları Bakıda böyük uğurla baş tutan “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, yenə də öz amplualarındadırlar. Onlar indi də əl-ələ, səs-səsə verərək möhtəşəm idman bayramına-birinci Avropa Oyunlarına qarşı “qara piar” kampaniyasına start veriblər. Uğurlarımıza qısqanclıqla yanaşan qüvvələr birinci Avropa Oyunlarına sayılı günlər qaldığı bir vaxtda Azərbaycanı hər məsələdə qaralamağa çalışırlar. Reallıqda “qara piar” üçün hansısa bir dəlil-sübut, arqument olmadığına görə bədxahlarımız, təbii ki, uydurduqları yalanlardan yapışırlar...
AXCP və qondarma “Milli şura” Azərbaycana qarşı formalaşan şər üçbucağının ən “fəal” tərəfi qismində
“Beşinci kolon” rolunda çıxış edən “sapı özümüzdən olan baltalar”, ələlxüsus da getdikcə cılızlaşaraq, necə deyərlər, adı var, özü yox partiyaya çevrilən AXCP və qondarma “Milli şura” Azərbaycana qarşı formalaşan şər üçbucağının ən “fəal” tərəfi qismində çıxış edirlər. Tarixi təcrübədən bəllidir ki, siyasi partiya və yaxud müxalifəti təmsil edən hansısa qüvvə öz fəaliyyətində, ilk növbədə, xalqın, dövlətin mənafeyini əsas götürür və cəmiyyətdən gələn tələblərə, sifarişlərə adekvat addımlar atır. Bunu isə nə AXCP, nə də qondarma “Milli şura” barəsində demək mümkündür. Əvvəla, hazırda AXCP Azərbaycanın siyasi palitrasında heç bir önəm kəsb etmir. Belə bir “partiya” yalnız müxalifətçiliyə gəlir mənbəyi kimi baxan Əli Kərimlinin xəyallarında və onun şəxsi ruporu rolunu oynayan “Azadlıq” qəzetinin səhifələrində mövcuddur. Təbii ki, Azərbaycan cəmiyyətində Əli Kərimlinin heç bir sosial bazası yoxdur və onun əlbuyruğu, qohum-əqrəba “partiyası”nın iki cüt-bir tək üzvlərinin də işi-gücü sosial şəbəkələrdə saxta profillərlə statuslar paylaşmaqdan uzağa getmir. Belə olan halda Əli Kərimlinin bütün potensialını “beşinci kolon” düşərgəsini monopoliyaya almağa və xaricdəki məlum dairələrdən gələn sifarişləri can-başla yerinə yetirməyə yönəltməsi tam başadüşüləndir. Axı bu sifarişlərin arxasında Əli Kərimlinin bütün “siyasi fəaliyyəti” boyunca böyük ilham aldığı və özünü həmişə təşnə kimi göstərdiyi “göylər”dən ibarət ianələr, qrantlar dayanır. AXCP sədrinin belə ianələrə, qrantlara hərisliyi o qədər böyükdür ki, o, hətta şəxsi ruporu kimi istifadə etdiyi “Azadlıq” qəzeti üçün nəzərdə tutulan paraları da dəfələrlə mənimsəməkdən özünü saxlaya bilməyib. Azərbaycan cəmiyyətində tamamilə inkar olunan, hər kəsdən əli üzülən Əli Kərimli indi də xaricdəki məlum dairələrin “beşinci kolon”a yönəltdikləri maliyyə vəsaitinin üstünə bütünlüklə əl qoymağı özünün yeganə amalı sayır və birinci Avropa Oyunları ərəfəsində respublikamıza qarşı “qara piar” sifarişlərini yerinə yetirmək üçün dəridən-qabıqdan çıxır.
“Qara piar” kampaniyasında ermənilərlə eyni cərgədə dayanan AXCP sədrinə məlum dairələrdən tərs sillə
AXCP sədri “qara piar” kampaniyasında ermənilərlə eyni cərgədə dayanır, hətta bir çox hallarda özünü, necə deyərlər, papadan artıq katolik kimi göstərməyə çalışır. Gəlin, müqayisə aparaq. Ermənistan cəmiyyətində olduğu kimi, Əli Kərimlinin rəhbərlik etdiyi əlbuyruğu partiyasında da birinci Avropa Oyunlarını boykot etməklə bağlı çağırışlar mahiyyətinə varılmadan ikiəlli dəstəklənir. Lakin Əli Kərimlinin “köç geri dönəndə axsaq irəli düşər” məsəlini əsas tutaraq “qara piar” kampaniyasında hədsiz canfəşanlıq nümayiş etdirməsi sonda onun məlum dairələrin tərs silləsinə tuş gəlməsi ilə nəticələnib. Məlumdur ki, bir qədər bundan əvvəl Əli Kərimlinin şəxsi ruporu rolunda çıxış edən “Azadlıq” qəzeti “Amnesty İnternational” təşkilatının birinci Avropa Oyunlarını boykota çağırması ilə bağlı manşet xəbəri yaymışdı. Lakin həmin xəbərin mürəkkəbi qurumamış “Amnesty İnternational” Əli Kərimliyə ciddi xəyal qırıqlığı yaşadaraq belə bir bəyanat yaymadığını bildirdi. Beləliklə, AXCP sədrinin xaricdəki Sem dayıların xoşuna gəlmək cəhdi bu dəfə də uğursuzluqla nəticələndi. Necə deyərlər, Əli Kərimli qaş qayırmaq istəyirdi, ancaq vurub göz çıxartdı...
- Oxunub: 19590 |
- Tarix: 16-03-2015 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimlinin yeni qanunsuz maliyyə mənbələri ortaya çıxır(2019-01-31 08:56:50)
- - Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır(2019-01-25 09:48:00)
- - 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib(2019-01-18 09:47:38)
- - Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir(2018-10-06 10:37:24)
- - İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!(2018-10-04 08:33:32)
- - Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı(2018-04-26 09:08:30)