
Bu fakt həmin qüvvələrin, o cümlədən, onları dəstəkləyən, dağıdıcı şüarlar səsləndirən, dövlətimizə qarşı müxtəlif səviyyələrdə qara piar kampaniyası aparan gənclərin Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizdə xaos mühiti yaratmaq məqsədinə xidmət etdiklərini növbəti dəfə göstərir
Azərbaycanın dinamik inkişafı, müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini davamlı surətdə möhkəmləndirməsi ölkəmizlə tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə malik olan ölkələrdə pozitiv təəssürat yaratsa da, bəzi dairələrdə narahatlıq hissi meydana gətirir. Məhz buna görə də, həmin anti-Azərbaycan dairələri ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq, xaos mühiti yaratmaq, dövlətimizə təzyiq etmək üçün nəinki ölkəmizə qarşı qara piar kampaniyası aparır, eyni zamanda, illeqal vasitələrə istinad edirlər. Bu sırada daha çox ölkə daxilində fəaliyyət göstərən, vətəndaş cəmiyyətinin inkişafına dəstək verdiyi iddia edilən lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən təşkilatların, ictimai birliklərin fəaliyyəti xüsusi yer tutur. Eyni zamanda, bəhs olunan təsisatlar yerli qanunvericiliyə zidd mövqe sərgiləyir, onların fəaliyyəti ictimai birliklər və QHT-lərin fəaliyyətinə dair müvafiq qanunlarla ziddiyyət təşkil edir. Bununla yanaşı, sosial şəbəkələrdə anti-Azərbaycan çağırışları edilir, bu istiqamətdə bəzi QHT-lərin və “gənclər təşkilatları” kimi çıxış edən anti-milli ünsürlərin, o cümlədən, radikal müxalifətin xidmətlərindən istifadə olunur.
Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, həm xarıci anti-Azərbaycan dairələri, həm də ölkəmizdə fəaliyyət göstərən yerli radikal, destruktiv qüvvələr dövlətimizə, milli maraqlarımıza qarşı gənclərin xidmətlərindən xüsusi olaraq istifadə etməkdədirlər. Əlbəttə ki, bu fakt həmin qüvvələrin, o cümlədən, onları dəstəkləyən, dağıdıcı şüarlar səsləndirən, dövlətimizə qarşı müxtəlif səviyyələrdə qara piar kampaniyası aparan gənclərin Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizdə xaos mühiti yaratmaq məqsədinə xidmət etdiklərini növbəti dəfə göstərir.
Öz növbəsində, Azərbaycan ictimaiyyətinin nümayəndələri bəhs olunan halı ciddi narazılıq və etirazla qarşılayırlar.
Məsələyə münasibət bildirən Gender və İnsan Hüquqları Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə qeyd edib ki, bəhs olunan qüvvələr vətəndaş məsuliyyətlərini dərk etməli və milli maraqlarımıza zidd mövqelərindən əl çəkməlidirlər: “Əgər hər hansı bir subyekt vətəndaş cəmiyyətini formalaşdırmaq və ya vətəndaş cəmiyyətinin üzvü kimi çıxış etmək istəyirsə, ilk növbədə özünün vətəndaş məsuliyyətini dərk etməli, öz fəaliyyətini qanunlara və milli mənafeyə uyğunlaşdırmalıdır. Amma təəssüflər olsun ki, QHT adı altında fəaliyyət gösətərən bəzi destruktiv qüvvələr, o cümlədən, radikal dairələr və bir sıra gənclər qərəzli xarici dairələrin maraqlarına xidmət edir”.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov isə deyib ki, QHT adı altında fəaliyyət göstərən bəzi qərəzli dairələr Azərbaycanda “vətəndaş cəmiyyətinin və demokratiyanın inkişafına dəstək” adı altında yerli qanunvericiliyimizə və milli maraqlarımıza zidd fəaliyyət göstərirlər. “Bu sırada bəzi gənclər təşkilatları da xüsusi fəallığa malikdirlər. Həmçinin, dağıdıcı məqsədlər naminə gənclərin də fəaliyyətindən istifadə edilir və anti-Azərbaycan dairələrlə eyni məqsədlərə xidmət edən gənclərin fəaliyyəti Azərbaycan ictimaiyyətində dərin narazılıq və narahatlıq yaradır” - deyə, Ş.Camalov bildirib.
Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti dərk edir ki, həmin qüvvələrin məqsədi Azərbaycanda təşəkkül tapmış ictimai-siyasi sabitliyin pozulmasıdır. “Bu cür hallar, birmənalı şəkildə, yolverilməzdir. Ölkəmizdə xaos və iğtişaş yaratmaq cəhdləri, şübhəsiz, heç bir nəticə verməyəcək, çünki sürətli inkişaf tempinə malik olan Azərbaycan möhkəm ictimai-siyasi sabitliyin təşəkkül tapdığı güclü dövlətdir” - deyə, o əlavə edib.
- Oxunub: 27690 |
- Tarix: 12-04-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində baş vermiş insident iki xalqın dostluq münasibətlərinə zərər vura bilməz(2019-02-20 10:06:41)
- - Avropadakı bəzi “siyasi mühacir”lərin iç üzü açılır...(2019-02-13 09:48:31)
- - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqeyini və prinsipial siyasətini davam etdirir(2019-01-25 09:49:27)
- - Çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaradıb(2019-01-22 10:01:18)
- - Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmədə çevikliyi və səmərəliliyi artıracaq(2019-01-18 09:39:20)
- - Azərbaycana qarşı ikili standartların daha bir təzahürü...(2019-01-12 10:43:16)