
Xaricdəki antimilli mərkəzlərin birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı başladıqları yeni layihələri “sapı özümüzdən olan baltalar”ın köməyi ilə həyata keçirdiklərinə dair çoxlu faktlar aşkarlanıb
Siyasi leksikona ötən əsrin 30-cu illərində daxil edilən “Beşinci kolon” dedikdə, bir qayda olaraq, Vətənə, xalqa, dövlətə, milli maraqlara xəyanət başa düşülür. Həmin dövrdə general Frankonun ordusu Madrid üzərinə dörd kolonla hücuma keçmişdi. General, həmçinin, “beşinci kolon”un - şəhər daxilindəki əvvəlcədən ələ alınan agentlərin, təxribatçıların pozuculuq əməllərinə arxalanırdı. Sonradan dünyada hegemonluq iddiasında olan iri dövlətlərin, eləcə də, ayrı-ayrı dairələrin bu və ya digər ölkənin daxilində öz maraqlarını təmin etmək üçün agentura, milli satqınlar şəbəkəsi yaratmaları bir ənənə halını aldı.
Təəssüflə vurğulamaq lazımdır ki, Azərbaycanda da “beşinci kolon” mövcuddur. “Sapı özümüzdən olan baltalar” Azərbaycanın dinamik inkişafına, dünyada getdikcə artan nüfuzuna hansı yollarlasa xələl gətirmək istəyən imperialist güc mərkəzlərinin, o cümlədən də, xaricdəki erməni lobbisinin ölkəmizlə bağlı hazırladıqları müxtəlif qərəzli ssenarilərdə məmnuniyyətlə yer alırlar. Əslində, Azərbaycandakı “beşinci kolon” təmsilçilərinin ünvanı da bəllidir - onlar əsas etibarı ilə radikal müxalifət düşərgəsində cəmləşən ünsürlərdən ibarətdirlər. Milli kimlikləri, hansı ölkəni və cəmiyyəti təmsil etmələri “sapı özümüzdən olan baltalar” üçün heç bir önəm kəsb etmir. Onlar müxtəlif şirnikləndirici vədlərin, o cümlədən də, aldıqları ianələrin, qrantların müqabilində anti-azərbaycançı dairələrdən gələn sifarişləri can-başla yerinə yetirirlər. Hətta “beşinci kolon” düşərgəsində “daha fəal satqın” olmaq uğrunda daxili çəkişmə getdiyi də diqqətdən yayınmır. Radikallar məlum mərkəzlərin maliyyə axınlarına özlərinin daha geniş şəkildə əlçatanlığını təmin etmək üçün dəridən-qabıqdan çıxırlar və digərlərini kölgədə qoymağa çalışırlar.
“Beşinci kolon” təmsilçilərinin antimilli mərkəzlərin cari illin iyununda Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı başladıqları “qara piar” kampaniyasında xüsusi fəallıqla iştirak etmələri deyilənləri bir daha təsdiqləyir. Məlumdur ki, ABŞ-dakı müəyyən dairələr, Avropa ölkələrindəki islamofob qüvvələr və erməni lobbisi Azərbaycanın malik olduğu yüksək dəyərlərin dünyada təbliği baxımından mühüm əhəmiyyət daşıyan birinci Avropa Oyunlarına sayılı günlər qaldığı bir vaxtda ölkəmizin imicinə kölgə salmaq və Oyunların əhəmiyyətini azaltmaq üçün xüsusi hərəkətə keçiblər. Bu günlərdə dərc olunan “APA” Analitik Mərkəzinin araşdırma yazısında istifadə olunan sənədlərdə göstərilir ki, antimilli mərkəzlər Azərbaycana qarşı yeni layihəyə start veriblər. Layihənin iki il ərzində reallaşdırılacağı bildirilir. Artıq onun həyata keçirilməsi məqsədilə külli miqdarda vəsait də ayrılıb. Yuxarıda haqqında bəhs olunan sənədlərdə antimilli mərkəzlərin ölkəmizə qarşı yönələn yeni layihəni də məhz Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri ilə sıx əməkdaşlıqda gerçəkləşdirəcəkləri vurğulanıb. Burada, əlbəttə ki, söhbət “sapı özümüzdən olan baltalar”dan gedir. Yeri gəlmişkən, ölkəmizə qarşı yönələn yeni layihənin moderatoru rolunda ABŞ-ın “Demokratiyaya Milli Dəstək Fondu” (National Endowment for Democracy - NED) təşkilatı müəyyənləşdirilib ki, bunun özü də çox mətləblərdən xəbər verir. Xatırladaq ki, Azərbaycan cəmiyyətinə NED-in vasitəsilə ölkəmizdəki “tərəfdaş” QHT və media vasitələrinə müxtəlif vaxtlarda bəzi mənbələrdən milyonlarla dollar vəsait ötürülməsi yaxşı məlumdur. Bununla bağlı dəfələrlə məlumatlar yayılsa da, NED susmağa üstünlük verib. NED “tərəfdaş” QHT və media qurumları ilə əməkdaşlığı bundan sonra yeni layihə çərçivəsində davam etdirəcək.
Təbii ki, radikallar “beşinci kolon” missiyası yerinə yetirdikləri ilə bağlı Azərbaycan cəmiyyətindən gələn qınaqlardan yayınmaq üçün müxtəlif cəhdlər göstərir, bu yolla, necə deyərlər, iz azdırmaq istəyirlər. Lakin heç bir vəchlə cidanı çuvalda gizlətmək mümkün deyil. Bir də ki, görünən dağa nə bələdçi? Birinci Avropa Oyunları ərəfəsində radikalların Azərbaycana qarşı yönələn layihələrdə geniş yer aldıqlarına dair çoxlu faktlar məlumdur. Məsələn, NED-in təşkilatçılığı ilə bu günlərdə Vaşinqtonda keçirilən “Azərbaycan: Demokratik həmrəylik üçün sınaq” tədbirində Emin Milli və Kənan Əliyev Azərbaycan əleyhinə yönələn məruzələrlə çıxış ediblər. Bunun ardınca “CEEBank watch Network”, “Anti-TAP”, “Platform” kimi təşkilatların iştirakı ilə Brüsseldə düzənlənən oxşar tədbiri yenə də Emin Milli ilə İdrak Abbasov və Arzu Qeybullayeva “şərəfləndiriblər”. “Sport for Rights” adlı haradan peyda olduğu bilinməyən törəmə təşkilatın vasitəçiliyi ilə Avropa Parlamentində düzənlənən tədbirin isə ən fəal iştirakçılarından biri “Sülh və Demokratiya İnstitutu”nun rəhbəri Leyla Yunusovanın qızı Dinara Yunusova olub. Sonuncu, həmçinin, müxtəlif qurumlara, o cümlədən də, Niderland Olimpiya Komitəsinə və Niderland İdman Federasiyasına ünvanladığı məktublarında Azərbaycanla bağlı böhtan xarakterli fikirlərə yer verib.
Beləliklə, “beşinci kolon” təmsilçilərinin ikrah doğuran əməlləri ortadadır. Lakin “sapı özümüzdən olan baltalar”ın xəyanətkarlıqla, milli maraqları qurban verməklə əldə etdikləri sərvətin onlara heç bir halda xoşbəxtlik gətirməyəcəyini bəri başdan əminliklə söyləmək mümkündür.
- Oxunub: 18000 |
- Tarix: 21-05-2015 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimlinin yeni qanunsuz maliyyə mənbələri ortaya çıxır(2019-01-31 08:56:50)
- - Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır(2019-01-25 09:48:00)
- - 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib(2019-01-18 09:47:38)
- - Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir(2018-10-06 10:37:24)
- - İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!(2018-10-04 08:33:32)
- - Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı(2018-04-26 09:08:30)