
Artıq 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. İşğal faktı ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi, o cümlədən, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr yerinə yetirilmir, Ermənistan işğala son vermir.
Erməni təcavüzü nəticəsində işğal olunan şəhərlərimizdən biri də qədim Şuşadır. XVIII əsrdə qədim Azərbaycan torpağı - Qarabağın xanı Pənahəli xan tərəfindən Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınan şəhər əsrlər boyu Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olub və Azərbaycan dövlətinin ayrılmaz bir hissəsidir. 1992-ci il may ayının 8-i Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Şuşada 200 nəfər şəhid olub. İşğal nəticəsində 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb.
Bu il Şuşanın işğalından 20 il ötür. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, təbii gözəllikləri ilə seçilən, milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi olan Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınır. Sərəncamda göstərilir ki, 1977-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunub, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb. Sərəncamda daha sonra deyilir: “1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi”.
Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar müvafiq anma mərasimlərinin keçirilməsi haqqında bənd də Sərəncamda öz əksini tapıb. Bu, bir daha Azərbaycanın işğal altında olan torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizədən bir addım da geri çəkilməyəcəyini göstərir. Qeyd etmək yerinə düşər ki, son dövrlərdə ölkəmizin apardığı hucüm diplomatiyası nəticəsində qısa zamanda Azərbaycan danışıqlar prosesində öz üstünlüyünü təmin edib. İqtisadi cəhətdən güclü, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın bu gün öz torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər potensialı var. Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Avronest Parlament Assambleyasının Bakıda keçirilən sessiyası bir daha bu həqiqətlərin dünyaya bəyan olunmasına imkan verdi. Dövlət başçısı vurğulayıb ki, Xocalıda o qanlı faciəni, soyqırımını törədənlər faşistlərdir, bunun başqa adı ola bilməz: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün beynəlxalq tədbirlərdə mən sözlərimi demişəm, Ermənistanın işğalçı siyasətini ifşa etmişəm. Bundan sonra da bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasətini ifşa edəcəyəm. Münaqişənin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcəkdir. Mən buna şübhə etmirəm”.
Bir sözlə, münaqişənin sülh yolu ilə tənzimlənməsinə çalışan Azərbaycanın hərbi gücü, iqtisadi potensialı torpaqlarımızı işğaldan azad etmək üçün bütün vasitələrdən istifadə etməyə imkan verir. Dövlət başçısı nitqində bəyan edib ki, Azərbaycanın artıq güclü ordusu vardır. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar: “Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır”.
- Oxunub: 26280 |
- Tarix: 06-05-2012 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)
- - “Freedom House”un qərəzli “hesabat”ı reallıqları əks etdirmir(2019-02-08 09:52:58)
- - “Milli şura” növbəti dəfə biabır oldu(2019-02-02 09:54:33)