Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Kərimlisayağı demokratiya, yaxud AXCP sədri indi də jurnalistlərə qarşı...

Kərimlisayağı demokratiya, yaxud AXCP sədri indi də jurnalistlərə qarşı...

16.04.2016 [11:50]

Aqşin Şahinoğlu

Əli Kərimlinin və “Azadlıq” qəzetinin sosial şəbəkələrdəki səhifələri jurnalistlərin üzünə əbədi bağlanıb
Azərbaycan siyasi palitrasında Əli Kərimlinin adı həmişə xəyanətkarlıqla assosiasiya olunur. Siyasi fəaliyyətinin bütün dövrlərində həm təmsil olunduğu komandaya və liderinə, həm də vətəndaşı olduğu dövlətə xəyanət edən Kərimli üçün bu, artıq həyat normasına çevrilib. Bunu son dövrlər baş verən hadisələr fonunda bir daha müşahidə etdik. Bütün ölkə ictimaiyyəti, o cümlədən xaricdə yaşayan həmvətənlərimizin Azərbaycan dövlətinin ətrafında sıx birlik nümayiş etdirdiyi, ordumuza möhkəm dəstək ifadə etdiyi halda, Əli Kərimli və onun ətrafındakı qaragüruhçu dəstə məqsədyönlü şəkildə dövlətimizin qarşısında duran strateji vəzifələrin sabotaj olunmasına, Azərbaycanın beynəlxalq nüfuzunun ləkələnməsinə və Azərbaycan Ordusunun uğurlarının qeyri-adekvat təqdim olunmasına yönəlmiş fəaliyyətlə məşğul olurlar. Əli Kərimlinin fəaliyyəti və irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür. Bu səbəbdəndir ki, ermənilər Azərbaycana qarşı apardıqları “qara piar” kampaniyalarında məhz Əli Kərimli və onun ətrafının iddialarına məmnuniyyətlə istinad edirlər.
“Barı belə məqamda bir az mərifətli olun”
Təbiidir ki, Kərimlinin bu cür xəyanətkar mövqeyi, ermənilərə “ayı xidməti” azərbaycanlı vətənpərvər gənclərin haqlı etirazlarına səbəb olur, onlar bu fəaliyyətə son qoyulmağını tələb edir, ordumuza olan inam bir daha ifadə edilir. Bunu gənclərin AXCP sədrinin və “Azadlıq” qəzetinin sosial şəbəkələrdəki səhifəsinə yazdıqları status və şərhlərdən də aydın görmək mümkündür. Məsələn, Əli Əliyev adlı gənc son hadisələr zamanı Kərimlinin ortaya qoyduğu mövqeni tənqid edərək yazır: “Sizin kimilərinə bir ad vermək olar. Qəbul etsəniz də, etməsəniz də, siz içimizdə, daxilimizdə olan xainlərsiniz. “Sapı özümüzdən olan çürük baltalar”sınız. Vicdan yoxdu, bilirəm. Heç olmasa düşüncə olsun. Siz hələ də anlamadınız ki, xalq öz liderini sevir, daim Onun yanındadır. Ümid edirəm ki, son günlər baş verənləri gördünüz. Bununla da nəinki Azərbaycanın gücünün, həm də həmrəyliyinin şahidi oldunuz. Arxa cəbhədəkilər bayraq, ön cəbhədəkilər isə əlinə silah alıb dəstəyini göstərir. Vətənpərvər ol, vətənə pər olma...” (şəkil 1).
Lalə Mehdiyeva isə yazır: “Azərbaycan Silahlı Qüvvələrinin gücü bu bir neçə gün ərzində həm düşmənə, həm də dünyaya sübut olundu. Məncə, strategiyamız tam uğurludur. Əminəm ki, Qarabağımızı tamlıqla azad edəcəyik” (şəkil 2).
Allahverdi Nadiroğlu Şəfiyev də Kərimlinin xəyanətkar fəaliyyətini tənqid edərək yazır: “Sən Allah, bəsdirin, qurtarın bu çirkin oyunları. Cəbhədə döyüşlər gedir, torpaqlar geri alınır, siz isə yenə də 1990-cı illərdə olduğu kimi, boş-boş danışmağı üstün tutursunuz. Dövlətin, xalqın yanında olmaq əvəzinə, yenə də danışırsınız, sadəcə olaraq, danışırsınız. Xalqını, vətənini sevən belə deməz. Cəbhədə baş verənlərdən xəbəriniz yoxdursa, bu, o demək deyil ki, hər kəs məlumatsız və bixəbərdir. Heç olmasa KİV-də yayımlanan informasiyalara baxın, oxuyun, məlumatlanın. Şükür Allaha, bu dəfə nə kəndlər boşaldılır, nə əsgərlər qaçır. Bilirsiz niyə, çünki onlar arxalarında güclü dövlətin, güclü liderin dayandığını hiss edir, Ona güvənirlər. Birinci Qarabağ savaşı bir daha təkrarlanmayacaq, bu dəfə Zəfər bizimdir... Çünki daxilimizdə xainlər və satqınlar yoxdur. Bunun bir adı var. Qısqanclıq! Çünki sizlərin 90-cı illərdə edə bilmədiyini hazırkı iqtidar edir. Dövlətin imici beynəlxalq arenada artır. Və siz də bunu bilirsiniz, ona görə də qıcıqlanırsınız. Olsun, artıq sizin kimilərin dediyi, necə deyərlər, vız gəlib, vız gedir...” (şəkil 3).
Səbuhi Mübariz Abbasov: “Adama deyərlər, heç hənanın yeridir? Biabırçılıqdır, vallah. Camaat şəhidinə ağlayır. İnsanlar yüksək əhval-ruhiyyədə, hər kəs Qarabağ deyir. Siz də öz hayınızdasınız. Barı belə məqamda bir az mərifətli olun” (şəkil 4).
AXCP sədrinin sağlam qüvvələrə qarşı aqressiyasının səbəbləri...
Yeri gəldi, gəlmədi, demokratiyadan, söz azadlığından, fikir plüralizmindən dəm vuran Əli Kərimlinin özünün bu anlayışlardan zərrə qədər də xəbəri yoxdur. Rəhbərlik etdiyi partiyada sıravi üzvlərin, gənclərin təzyiqlərə məruz qalması, AXCP-də Kərimliyə opponentlik edən rəhbər strukturlarda təmsil olunan fəalların partiyadan qovulması, sədrlik postunu əlində saxlamaq üçün hər cür qeyri-demokratik metod və üsullardan istifadə olunması, son olaraq, keçirilən qurultayın ən kobud şəkildə saxtalaşdırılması Ə.Kərimlisayağı demokratiyanın təzahürləridir. Onun birbaşa nəzarətində olan media orqanında və sosial şəbəkələrdəki səhifələrdə fərqli fikrə, söz azadlığına dözümsüz münasibəti isə bu şəxsin dünyagörüşü və davranışlarından qırmızı xətlə keçən antidemokratik, despot, tiran təfəkkürünün aydın ştrixləridir. Əvvəllər, özünün və “Azadlıq” qəzetinin sosial şəbəkələrdə olan səhifələrində heç olmasa görüntü xarakterli də olsa, bir-iki tənqidi şərhə birtəhər dözməyə çalışan Kərimli artıq özünü bu bir-iki fikri də həzm etmək bacarığından məhrum edib. O, yalnız ətrafındakı 3-5 nəfərin saxta profillərindən yazılmış bəlağətli təriflərə qucaq açır. Bundan öncəki yazılarımızda bununla bağlı yetərincə faktlar dərc etdirdiyimizə görə bu barədə geniş danışmağa lüzum görmürük. Bu dəfə Kərimlinin jurnalistlərə, AXCP sədrinin uydurma, qərəzli və Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş iddialarına cavab vermək istəyən həmkarlarımıza münasibətini göstərən misallar üzərində dayanacağıq. Bəzi həmkarlarımızın sosial şəbəkələrdəki səhifələrində, xüsusilə, son dövrlərdə xarici antimilli mərkəzlərin nəzarətində olan, o cümlədən Əli Kərimlinin özü və yaxın ətrafı tərəfindən idarə olunan sayt və sosial şəbəkələrdəki səhifələrdə Azərbaycana qarşı aparılan “qara piar” kampaniyası ilə bağlı narahatçılıqlarını ifadə edən şərhlərinə rast gəlirik. Burada milli təəssübkeşliklə yanaşı, qarşı tərəfin hər cür etikadan kənar üsullarından, ifadə və davranışlarından təəssüf ifadə olunur. Burada diqqət çəkən digər məqam isə həmkarlarımızın sözügedən sayt və səhifələrə öz rəylərini bildirmək arzusunun əngəllənməsidir. Belə ki, bəzi həmkarlarımız bu sayt və səhifələrdə ölkəmizin əleyhinə yayılan zərərli informasiyalara öz münasibətlərini bildirmək istəyərkən, “filtrləmə” əməliyyatına tuş gəldiklərini bildirirlər. Əlbəttə ki, “Meydan TV”, həmçinin “Azadlıq” və “Amerikanın səsi” radioları və mənşəyi bəlli olmayan digər bir neçə saytın məqsədi ictimaiyyətə bəllidir. Onlar, sadəcə, verilən tapşırığı icra edir və ölkəmizə qarşı aparılan kampaniyanın “vintləri”dir. Bəs onda Əli Kərimlinin ölkə jurnalistlərinə qarşı bu aqressiyasına nə deməli? Əli Kərimlini sözügedən saytlarla bağlayan nədir? Söz və mətbuat azadlığını dilinin əzbəri edən Kərimlinin həmkarlarımıza, onların azad fəaliyyət hüquqlarına qarşı belə qeyri-demokratik münasibətinin səbəbləri nələrdir?
Saxtakarlıqda ən yeni üsullar...
Əli Kərimlinin və “Azadlıq” qəzetinin “Facebook” sosial şəbəkəsində mövcud olan səhifələrində şərhləri bloklanan jurnalistlər arasında Səbuhi Abbasov, Fidan Afər, Əfsanə Qıpçaq, Mübariz Abdullayev, Elvin Abdulqədirov, Fuad Hüseynzadə, Allahverdi Şəfiyev və digərləri var (şəkil 5). Onlar öz səhifələrində Kərimlinin “blok etdiyi” şərh və statusları paylaşıb, bu “bloklama” əməliyyatının səbəbinin də AXCP sədrinin qeyri-demokratik düşüncə və fəaliyyətindən qaynaqlandığını bildiriblər. Sosial şəbəkələr üzrə mütəxəssislər isə Kərimlinin nəzarətində olan səhifələrdə ən yeni üsul saxtakarlığa yol verildiyini bildirirlər. Şərhlərin silinməsi və şəbəkə istifadəçilərinin “blok olunması” ilə bağlı faktların daha geniş ortaya çıxdığını və ifşa olunduğunu görən Kərimlinin vəziyyəti düzəltmək üçün müraciət etdiyi yol da onun xislətinə uyğun gəlir, o yenə də saxtakarlığa müraciət edir. Belə ki, Kərimlinin “qara siyahı”ya saldığı profillərdən yazılan şərhlər yenə də silinir. Amma şərh sahibləri bunun fərqinə varmırlar. Çünki həmin şərhlər şərh müəlliflərinin ekranında görünməkdə davam edir və onlar şərhlərinin silinmədiyinə əmin olurlar. Yalnız başqa profillərlə Kərimlinin səhifəsinə qonaq olanda bu şərhlərin silindiyi aydınlaşır. Qısacası, bu şərhləri şərh sahibinin özündən başqa heç kəs görmür.
Beləliklə, sadalanan faktlar bir daha Kərimlinin nə qədər aciz durumda olduğunu, xəyanətlərinin və qeyri-qanuni fəaliyyətinin nəticəsində bu gün siyasi “tupik”ə dirəndiyini və gərgin psixoloji vəziyyətdə müvazinətini itirərək sağlam məntiq və təfəkkürdən uzaq addımlar atdığını, bununla da öz iflasını rəsmiləşdirdiyini göstərir. Ona görə də gənclər, ölkə reallıqlarını müdafiə edən sağlam qüvvələr tam haqlı olaraq onun siyasi səhnəni başıaşağı tərk etməsi ilə bağlı çağırışlar səsləndirirlər. Hesab edirik ki, Ə.Kərimli gənclərin bu tələbinə qulaq asmaqla özünə ən böyük yaxşılığı etmiş olacaq...

Paylaş:
Baxılıb: 1140 dəfə

Müəllifin digər məqalələri:

Qoca və ağılsız Peykkonun şarlatanlığı...

Yaxud Rüstəm İbrahimbəyov,...

09.01.2019 [09:47]

Siyasi autsayderlərin “facebook” rüsvayçılığı...

Yeni Azərbaycan Partiyası Gənclər...

27.11.2018 [10:48]

Mayası söyüşdən yoğrulanlara sözardı...

Yaxud hamının əlini daşın altına...

24.03.2018 [10:06]

“Türkoloq”un gülünc arqumentləri

Yaxud Xədicə İsmayıl gənc...

01.02.2018 [09:59]

Xədicə İsmayıl, sən kimsən?

Qrantyeyən jurnalist və hüquq...

13.05.2017 [11:21]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31