
Xədicə İsmayılova, Əli Kərimli və radikal düşərgənin digər üzvləri maddi mənafeləri üçün erməni lobbisinin böhtan kampaniyasının tərkib hissəsinə çevriliblər
Xəbər verildiyi kimi, xarici anti-azərbaycançı mərkəzlərin, erməni lobbisinin sifarişləri əsasında fəaliyyət göstərən radikal müxalifət düşərgəsində yenidən qarşıdurmalar yaranıb. Hər zaman şəxsi maraqlarının təmin olunmasına çalışan dağıdıcı ünsürlərin budəfəki düşərgədaxili savaşlarının əsasında dayanan amil də məhz maddi təminatdır. Belə ki, xaricdən ermənipərəst dairələrin ayırdığı maliyyəyə təkbaşına sahib olmaq istəyi özlərini cəmiyyətə “müttəfiq” kimi təqdim edən radikal ünsürləri yenidən bir-birinə qarşı ən qatı düşmənə çevirib.
Xədicə İsmayılova və Əli Kərimlinin “siyahı” davası radikal düşərgənin bütün eybəcərliklərini bir daha ifşa etdi
Daha dəqiq desək, ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyalarında böyük həvəslə iştirak edən, hətta həmin kampaniyaların tərkib hissəsi kimi fəaliyyət göstərən radikal düşərgə üzvlərini bu dəfə qarşı-qarşıya gətirən qondarma “siyasi məhbus” siyahılarıdır. Belə ki, vaxtilə özünü “jurnalist” adlandıran, sonradan isə qondarma “hesabatlar”, “siyahılar” düzəldərək ermənipərəst dairələrə təqdim edən Xədicə İsmayılovanın 94 nəfərlik “siyasi məhbus” siyahısı “beşinci kolon”un digər üzvləri tərəfindən “bəyənilməyib”. X.İsmayılovanın “siyahı”sı ilə razılaşmayan Əli Kərimli, Cəmil Həsənli və Leyla Yunus kimi xəyanətkarlar dəstəsi özlərindən 166 nəfərlik başqa bir “siyahı” uydurublar. Bu da azmış kimi, Əli Kərimliyə yaxın olan mətbu ruporlarda X.İsmayılovaya “qırmızı işığ”ın yandırılması bir sıra nüansları üzə çıxarıb. Görünür, Əli Kərimli keçmiş dostunu onun “bazar”ına girdiyi üçün bu yolla cəzalandırmaq niyyətindədir.
Əli boşda qalan X.İsmayılova isə “166 nəfərlik siyahı”nı “yaş yuyub, quru sərib”. Siyahını hazırlayan keçmiş dostlarını təhqiramiz ifadələrə “qonaq” edən X.İsmayılova Əli Kərimli ilə Cəmil Həsənlini “ağılsız ambisioz” adlandırıb. Keçmiş şəriklərini ara qarışdırmaqda ittiham edən X.İsmayılova və “yeni şərikləri” özlərinin 94 nəfərlik “siyahı”larının “aydan arı” olduğunu isbatlamaq üçün radikal düşərgənin bütün iyrəncliklərini, oynadıqları oyunları ifşa ediblər. Onlar bildiriblər ki, Əli Kərimli-Leyla Yunus işbirliyinin “bəhrəsi” kimi meydana çıxan 166 nəfərlik qondarma “siyasi məhbus” siyahısında bir adamın adının iki dəfə yazılması, artıq azadlıqda olan şəxslərin adlarının bu siyahıya salınması kimi hallar mövcuddur. Göründüyü kimi, radikal ünsürlərin yalanlarının üstü elə düşərgədaşları tərəfindən açılır və onların əsl siması bir daha ortaya çıxır.
Məhkəməsi davam edən şəxslərin “siyasi məhbus” adlandırılması dağıdıcı ünsürlərin əsl məramlarını ortaya çıxarır
Elə baş verənlərə münasibət bildirən radikal düşərgəyə yaxın digər QHT təmsilçiləri də məsələnin kökündə maddi marağın, “qrant savaşı”nın dayandığını bildirirlər. Onlar məhkəməsi gedən şəxslərin adlarının hər iki “siyahı”da qeyd edilməsi faktının bütün hər şeyi açıb ortaya qoyduğu fikrindədirlər. Belə ki, məhkəməsi gedən, haqqında heç bir qərar çıxarılmayan insanların “siyasi məhbus” adlandırılması radikal müxalifətin savadsızlığını, korafəhmliyini, ən əsası isə pul üçün hər şeyi etməyə hazır olduğunu növbəti dəfə nümayiş etdirir. Qeyd edək ki, radikal kəsimin “dindarlar” adlandırdığı şəxslərin adları istər Xədicə İsmayılovanın, istərsə də Əli Kərimli və Leyla Yunusun qondarma “siyahı”larında qeyd edilib. Amma həmin şəxslərin məhkəmə prosesi hələ yekunlaşmayıb. Bu fakt bir daha sübut edir ki, özündən “siyahı” uyduranlar sadəcə həmin siyahıya çox ad yazmaqla xəyanətlərinin müqabilində ermənilərdən alacaqları pulun miqdarını yüksəltməyə çalışırlar.
Azərbaycanda “siyasi məhbus” yoxdur, cinayət əməllərinə siyasi don geyindirib məsuliyyətdən yayınmağa çalışanlar var
Bəli, bu gün Azərbaycanda “siyasi məhbus” adlı problem yaratmaq arzusunda olanlar ölkəmizin son illərdə əldə etdiyi iqtisadi-siyasi uğurlarla razılaşa bilməyən, bundan narahat olan, ən əsası isə ermənilərin “dəyirmanına su tökənlər”dir. Yəni, Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlərə kölgə salmağa çalışanlar ölkəmizin beynəlxalq arenada nüfuzundan, strateji tərəfdaş qismində qəbul edilməsindən narahatdırlar. Bu səbəbdən də Azərbaycanın daxili sabitliyini pozmağa çalışan, hər zaman öz şəxsi mənafeyini dövlət və millət mənafeyindən üstün tutan radikal müxalifət və onların inhisarı altında olan QHT-lər ciddi-cəhdlə ölkəmizin imicinə qarşı yalan təbliğatı aparmağa cəhdlər göstərir. Öz arzusunu “siyahı”ya çevirib təqdim edənlər qatı cinayətkarları, konkret motivlə həbs olunan şəxsləri, oğruları, radikal terrorçu qruplaşmaların üzvlərini, hətta hələ mənkəməsi gedənləri belə “siyasi məhbus” adlandırmağa çalışırlar. Ancaq istər onlara, istərsə də xaricdəki ağalarına yaxşı məlumdur ki, Azərbaycanda “siyasi məhbus” yoxdur, cinayət əməllərinə siyasi don geyindirib məsuliyyətdən yayınmağa çalışanlar var. Bunların mütləq əksəriyyəti isə radikal düşüncə və əməl sahibi olan anarxist meyilli qruplaşmaların üzvləridir ki, özlərini “müxalifət” adlandırırlar. Həmin radikal ünsürlər düşünürlər ki, müxalifət yarlığı altında hər hansı bir cinayəti törətsələr, onlara kimsə heç nə deməyəcək. Amma hüquqi dövlət olan Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir. Yəni, siyasi statusundan asılı olmayaraq hər kəs törətdiyi cinayət əməlinə görə məsuliyyət daşımalıdır.
- Oxunub: 13260 |
- Tarix: 04-11-2016 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)
- - “Freedom House”un qərəzli “hesabat”ı reallıqları əks etdirmir(2019-02-08 09:52:58)
- - “Milli şura” növbəti dəfə biabır oldu(2019-02-02 09:54:33)
- - Əli Kərimlinin adı yenidən maliyyə maxinasiyasında hallanır(2019-02-01 09:40:28)