Ana səhifə »  Müəlliflər »  Qədimdən qədim, yenidən yeni diyar - Naxçıvan
A+   Yenilə  A-
Qədimdən qədim, yenidən yeni diyar - Naxçıvan
Yazdı: Hikmət BABAOĞLU

Naxçıvan Azərbaycanın ən qədim diyarı olduğu kimi, həm də ən yeni, ən müasir diyarıdır. Tarixi yaddaşımızı təzələyib ümumiyyətlə bəşər sivilizasiyasının keçmişinə nəzər salsaq, ən erkən tarixi mərhələlərdə də yenə Naxçıvanın bir mərkəzi coğrafiya kimi qarşımıza çıxdığını görərik. Akademik tarixin xatırladığı mədəniyyət və dövlətçilik ənənələrinin kökü beş min il öncəyə gedib çıxır. Təqribən elə beş min il öncə də bütün tarixi qaynaqlarda bu və ya digər şəkildə Naxçıvanın adı çəkilir. Əgər biz bu qaynaqların ayrı-ayrı coğrafiyalarda yerləşən mənbələrinə diqqət yetirsək, görəcəyik ki, bu, çox geniş, çoxşaxəli bir siyasi coğrafiyanı əhatə edir.
Naxçıvan başdan-başa tarix, tarixsə milli yaddaşdır
Bibliya hekayələrindən başlamış ərəb mənbələrinə qədər, o cümlədən rus mənbələrindən Avropa mənbələrinə qədər hər yerdə Naxçıvanın adına rast gəlmək mümkündür. Naxçıvan səfərimiz haqqında qeydlərimizi tarixə ekskursiya ilə başlamağımızın səbəbi odur ki, Naxçıvan başdan-başa tarixdir. Tarix isə milli yaddaşdır. Tarixi yaddaş milli yaddaşın ən əsas komponentlərindən biridir. Belə bir fikir var ki, öz tarixini, tarixi faciələrini unudanlar onu yenidən yaşamağa məhkumdurlar. Düşünürəm ki, bu, olduqca obyektiv fikirdir. Əgər kim yenidən özünə qayıtmaq, milli yaddaşını təzələmək istəyirsə, kim bölünmüş Azərbaycanın faciəsini bir daha dərk etmək istəyirsə, mütləq Naxçıvana getsin. Naxçıvana gedəndə insan özünə qayıdır. Naxçıvan torpaqlarından baxanda Azərbaycanın tarixi faciəsi və onun miqyası daha dəqiq və geniş görünür. Daha aydın dərk edilir. Xəritədə deyil, real həyatda əl uzatsan, çatacaq qədər yaxın, amma bir ömür boyu görə bilməyəcəyiniz qədər uzaqda olan kəndlərimizi, obalarımızı görürsən. Hələ dünənə qədər yaşadığımız yurd yerlərimizin həsrətlə bizə boylanan xarabalıqlarını görürsən. Və bir daha siyasi xəritədə parçalanmış, amma etnosiyasi coğrafiyada bütöv olan, tam olan xalqının həqiqi coğrafiyasının böyüklüyünə şahid olursan. İnsan nə Bakıda, nə də Gəncədə bunu hiss edir. Naxçıvanda isə öz gözləri ilə görür. Dərk edir ki, Azərbaycan, sözün həqiqi mənasında, dünyada dörd tərəfdən öz tarixi torpaqları ilə həmsərhəd olan yeganə ölkədir. Bu reallıq isə vətənpərvər insanın içərisində bir üsyan yaradır. Həm də bir vətən sevgisi alovlandırır.
Hər bir azərbaycanlı heç olmasa ömründə bir dəfə Naxçıvana getsə...
Böyük dövlət xadimi Ulu öndər Heydər Əliyev vaxtilə demişdi ki, hər bir nazir ildə heç olmasa bir dəfə Naxçıvana getməlidir. Düşünürəm ki, çox uzaqgörən və strateji fikirdir. Çünki Naxçıvan olduqca strateji bir coğrafiyadır və milli təhlükəsizliyimiz baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Hazırkı mərhələdə ökəmizdə turizmin inkişaf etdiyi bir zamanda hər bir Azərbaycan vətəndaşı imkan daxilində mütləq Naxçıvana səfər etməlidir. Bu səfər təkcə turizm səfəri olmayacaqdır. Bu səfər təkcə tarixə səyahət olmayacaqdır. Bu səfər həm də özünə qayıdış və özünü yenidən dərk etmək olacaqdır. Bu baxımdan düşünürəm ki, mütləq Azərbaycanın turizm tanıtım proqramlarına Naxçıvan marşrutu salınmalıdır. Ötən əsrin 60-cı illərində görkəmli tarixçi, filosof, böyük düşünür Lev Qumilyov çox böyük həvəslə rus coğrafiyasında olan xalqların, o cümlədən türklərin tarixini araşdırarkən, görünür, ona bu işin nə qədər lazım olub-olmadığı ilə bağlı çoxsaylı suallar verildiyinə görə kitabların birində bu barədə belə qeyd edir: “Bəzən mənə deyirlər ki, tarixi yazmaq, keçmişi yazmaq, onu öyrənmək nəyə lazımdır? Axı keçmişdə olan prosesləri idarə etmək, yönləndirmək olmur. Nə olubsa, olubdur”.
Mən də onlara belə cavab verirəm ki, o zaman böyük zəlzələləri, sunamiləri, təbii fəlakətləri öyrənmək nəyə lazımdır? Biz ki onları idarə edə bilmirik. Ancaq biz onları ona görə öyrənirik ki, heç olmasa, hadisələrə hazır olaq. Bax mən də düşünürəm ki, tarixi bilmək, öyrənmək lazımdır, doğrudur, tarix bizim keçmişimizdir, amma biz o tarixi yaddaşa söykənməsək, tarixdəki səhvlərimizi görməsək, gələcəyimizi doğru inşa edə bilmərik. Biz dostumuzu, düşmənimizi tanıya, kim olduğumuzu aydın şəkildə dərk edə bilmərik. Ona görə mən düşünürəm ki, tarix olduqca vacib bir sahədir. Kim aydın və canlı şəkildə Nuhdan bəri beş min illik tariximizi görmək istəyirsə, Naxçıvana getsin. Çünki tarixi yaddaşı olmayan ziyalı, yaxud elə insan təməli olmayan binaya bənzəyir. Nə qədər yüksəlirsə, bir o qədər uçma ehtimalı artır. Tarixi yaddaş milli özünüdərkin təməli rolunu oynayır. Bu yaddaşı güclü olan ziyalı, yaxud elə xalq onun üzərində möhkəm gələcək inşa edə bilər.
Naxçıvanda turizmin inkişafı üçün bütün şərtlər yaradılıb
Səfərimiz Naxçıvan Dövlət Universitetində “Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu” mövzusunda keçirilən konfransla bağlı idi. Bu səfər çərçivəsində Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İctimai-siyasi şöbəsi tərəfindən çox maraqlı proqram hazırlanmışdı. Sözün doğrusu, əvvəlcə bu proqram bizə bir qədər ağır gəldi. Çoxsaylı tədbirlər, nahar fasiləsinə qədər və nahar fasiləsindən sonra beş-altı görüş və ziyarət nəzərdə tutulmuşdu. Səhər saat səkkizdən dərhal bizim tədbirlər başlayırdı. Axşam saat səkkizə, bəzən də doqquza qədər uzanırdı. Ancaq hər məkana getdikcə və hər görüş keçirdikcə bunun nə qədər vacib olduğunu bir daha dərk edirdik. Nə qədər biri-birindən daha lazımlı olduğunu başa düşürdük. Ona görə də düşünürəm ki, bu səfər və ziyarət iştirakçıların hər birinin yaddaşında unudulmaz günlər kimi qaldı.
Təyyarədən görünən Azərbaycan etnosiyasi və siyasi inzibati coğrafiya kimi
Əvvəllər biz Naxçıvana Qərbi Azərbaycan torpaqları üzərindən, Zəngəzur dağlarının, Göyçə gölünün üzərindən gedərdik. Və beləcə, göydən də olsa, vətənin bir parçasını görmək səadətini yaşayırdıq. Çox təəssüf ki, təhlükəsizlik məsələləri ilə bağlı təqribən son üç ildir ki, təyyarə başqa bir istiqamətdən - Təbriz üzərindən keçərək Naxçıvana gedir. Yuxarıdan baxanda Azərbaycanın böyüklüyü və Azərbaycanın nə qədər zəngin olduğu bir daha aydın görünür. Elə təyyarədəcə bir həqiqəti oradakı dostlarımla da ünsiyyətdə dilə gətirdim ki, Azərbaycanın qərbi də, cənubu da, şimalı da onun tarixi torpaqlarıdır. Məsələ ondadır ki, Naxçıvanda olarkən bunu çox aydın görürsünüz. Çünki bir tərəfdə Qərbi Azərbaycandakı torpaqlar (indiki Ermənistan Respublikasının ərazisi) əl atsan, çatacaq dərəcədə yaxındır. Bir tərəfdə İrandakı kəndlərimiz... Bəzən insan səhv salır ki, bu, bizim kənddir, yoxsa İranın? Bir tərəfdən yenə Zəngəzur dağları ilə əhatə olunmuş tarixi torpaqlarımız, bir tərəfdən isə Türkiyədə İğdırdan başlayan böyük azərbaycanlı etnosiyasi coğrafiyası...
Bütün bunlar insanda qəribə bir həyəcan yaradır. Eyni zamanda, ürəyimin ən dərinliklərində mən çox böyük təəssüf hissi keçirdim ki, görəsən, Azərbaycan xalqı nə günah sahibidir ki, belə bir qədəri yaşamağa məhkum edilib? Amma bir tərəfdən də təsəlli üçün düşündüm ki, Ermənistan istisna olmaqla, digər iki həmsərhəd ölkələrdə yenə biz yaşayırıq. Soydaşlarımız yaşayır. Əgər bir anlıq inzibati-siyasi sərhədləri götürsək, yenə bizim etnosiyasi coğrafiyamızın bütöv olduğu ortaya çıxır. Və bu gerçəkliyi heç kəs dəyişə bilməz. Süni qoyulmuş maneələr, inanırıq ki, nə vaxtsa aradan qaldırılacaqdır. Və Azərbaycanın etnosiyasi coğrafiyası bütün möhtəşəmliyi və böyüklüyü ilə yenidən ortaya çıxacaqdır. Dünyada baş verən tarixi hadisələrdə azərbaycanlılar yenidən aparıcı rola sahib olacaqlar.
Etnoslar yaşadıqları coğrafi landşaftın övladlarıdırlar, yaxud aprel döyüşləri xalqımız üçün yeni passionar təkan mərhələsi kimi
Lev Qumilyov deyir ki, türklər harada olurlarsa olsunlar, nə dilində danışırlarsa danışsınlar, onlar tarixi hadisələrin katalizatoru olaraq qalacaqlar. Nədənsə, elə təyyarədə Qumilyovun bu fikirlərini xatırladım. O deyir ki, etnoslar öz landşaftlarının övladlarıdır və ona çox bənzəyirlər. Doğurdan da, bu coğrafiyanın landşaftına baxanda nə qədər zəngin, nə qədər təzadlı, eyni zamanda, nə qədər ahəngdar və harmonik olduğunu görürsən. Mən düşünürəm ki, milli xarakterimizin formalaşmasında bütün bunların hamısının rolu olubdur. Çox inanıram ki, bu fikir həqiqəti əks etdirir. Naxçıvanda xalqımızın taleyi haqqında düşünərkən Qumilyovun bir sözünü də xatırladım. O deyir ki, bir neçə yüz ildən bir xalqların taleyində və tarixində bir passionar təkan mərhələsi başlayır. Bəzən passionarlıq nəzəriyyəsini ümumiyyətlə qəbul etmirlər. Bəzən bunun, sadəcə, bioloji növlərə, yəni daha çox bitkilərə aid olduğunu düşünürlər, amma nədənsə mən buna inanıram. Kim bilir, bəlkə də, buna inanmaq istədiyim üçün Qumilyovun passionar təkan nəzəriyyəsinə istinadən deyə bilərik ki, yaşadığımız yüzillik mütləq azərbaycanlıların tarixi-siyasi taleyi baxımından passionar təkan mərhələsi olacaqdır. Çünki artıq bu faciə ilə daha çox yaşamaq olmaz. Aprel döyüşləri və Qarabağımızın kiçik bir parçasının qaytarılması ilə yeni passionar təkan mərhələsi başlayıbdır. Böyük qayıdış və böyük mənada özünədönüş prosesinin ilk addımını atmışıq.
Naxçıvan böyük və möhtəşəm abidələr diyarıdır
Naxçıvanda tədbirlərimiz, ilk növbədə, çağdaş Azərbaycanın qurucusu, böyük dövlət xadimi, 20-ci əsrin sonlarında parça-parça olmuş Azərbaycanın bir daha parçalanmasının qarşısını alan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etməklə başladı. Mən bu böyük tarixi şəxsiyyətin, böyük dövlət xadiminin abidəsini ziyarət edərkən bir daha məhz Onun “Hər nazir ildə heç olmasa bir dəfə Naxçıvana gəlməlidir” fikrini xatırladım. Və bir daha yenidən o qənaətə gəldim ki, hər bir azərbaycanlı da heç olmasa ömründə bircə dəfə Naxçıvana getməlidir ki, özünün kim olduğunu dərk etsin. Düşünürəm ki, bu fikrimdə qətiyyən mübaliğə yoxdur. Çünki Sədərəkdən Ordubada qədər, Sədərəkdən Culfaya qədər uzanan yolboyu sağınızda və solunuzda sizin olan, amma həm də sizin olmayan torpaqları görürsünüz. Haça dağ, yaxud İlanlı dağ, demək olar ki, Naxçıvanın hər nöqtəsindən görünür. Bu dağın ucalığı hər bir azərbaycanlını ucalığa səsləyir. Millətimizə və dövlətimizə, tarixi torpaqlarımıza sahib çıxmağa səsləyir.
Ən ucqar kəndlərin belə abad yolları, mükəmməl kommunikasiyası var
Onu da qeyd etmək lazımdır ki, səfər boyu mən çox abad bir Naxçıvan gördüm. Biz Naxçıvanın ən ucqar kəndlərinə, Ermənistanla sərhəddə olan Sədərək kəndinə və Heydərabad qəsəbəsinə, eyni zamanda, Culfaya Şahtaxtı gömrük məntəqəsinə qədər gedib çıxdıq. Haraya gedirsinizsə gedin, sizi gedəcəyiniz mənzilə çox abad və rahat yollar aparır. Haraya baxırsınızsa baxın, sağınızda və solunuzda böyük yaşıllaşdırma işlərinin, böyük quruculuq işlərinin həyata keçirildiyini görürsünüz. Naxçıvanın hər kəndi öz-özlüyündə bir qəsəbədir. Abad yolları, gözəl səkiləri var. Eyni zamanda, əldə etdiyimiz məlumata görə, Naxçıvanda son illər yaşıllaşdırma bir neçə dəfə artıb. Bitki örtüyü zənginləşdirilib, ağaclar əkilib. Naxçıvan, eyni zamanda, çox böyük sənaye potensialına malikdir. “Made in Azerbaijan” brendi altında çoxsaylı Naxçıvan malları var ki, biz onları böyük qürur və fəxrlə beynəlxalq bazara təqdim edə bilərik.
Naxçıvan Dövlət universiteti kiçik bir şəhərcikdir
İlk görüşümüz Naxçıvan Dövlət Universitetinin Jurnalistika və Beynəlxalq Münasibətlər fakültələrinin tələbələri ilə oldu. Naxçıvan Dövlət Universiteti təxminən 108 hektarlıq bir ərazidə yerləşir. Çox müasir tədris korpusları və çox gözəl yaşıl ərazisi var. Belə demək mümkündürsə, ərazisinə, müasirliyinə və tədris şəraitinə görə Azərbaycanın ən birinci universitetləri sırasındadır. Bura başlı-başına bir şəhərcikdir, tələbələrin təhsil alması üçün hər cür şərait yaradılıbdır. Burada Naxçıvanın turizmlə bağlı aktual problemləri müzakirə olundu və turizmin inkişafında medianın rolu məsələlərinə toxunuldu. İstər Naxçıvan Dövlət Universitetinin tələbələri, istərsə də müəllim və professorlar çox maraqlı çıxışlar etdilər. Onların çıxışlarında həm Naxçıvanın turizm potensialı ilə bağlı çox zəngin məlumatlar, həm də səyləri birləşdirməklə Naxçıvanı necə Azərbaycanın turizm brendlərindən birinə çevirmək olar məsələləri öz əksini tapmışdı. Çox maraqlı və qızğın müzakirələr getdi və doğrudan da, bu prosesdə bir həqiqət aydın oldu ki, naxçıvanlıların dili ilə desək, Azərbaycanın mərkəzi mətbuatının bu işdə çox böyük rolu ola bilər. Əlbəttə, Azərbaycanın mərkəzi mediası həmişə Naxçıvanın sosial, siyasi və mədəni həyatına çox böyük diqqət ayırıbdır. Amma mən düşünürəm ki, hazırkı mərhələdə milli mətbuatın üzərinə həm də Naxçıvanın turizm potensialının təbliği ilə bağlı çox böyük vəzifələr düşür. Bu konfransda yekun nəticə belə oldu ki, onsuz da mərkəzi media ilə regionlar arasında sıx əlaqə var. Amma bundan sonra da əlaqələr daha da möhkəmlənməlidir və inkişaf etdirilməlidir ki, Naxçıvan Azərbaycanın informasiya məkanında daim gündəmdə olsun, orada turizmin inkişafı ilə bağlı bütün şərtlər hər bir azərbaycanlının, hər bir oxucunun diqqətinə çatdırılsın.
Düşmən gözü tökən gözəl, abad Heydərabad
Səfərlərimizdən biri Heydərabad qəsəbəsinə oldu. Bu yeni yaradılmış qəsəbə Sədərək rayonunun inzibati mərkəzidir. Sədərək Naxçıvanın tarixində xüsusi rolu olan yaşayış məntəqələrindən biridir. Biz bilirik ki, Övliyə Çələbi səyahətnaməsində Sədərəyin adını çəkir və orada min xanə olduğunu bildirir. Oranın çox inkişaf etmiş bir kənd olduğunu qeyd edir. Sədərək sərhəd kəndi olmasına və daim atəşə məruz qala bilmək təhlükəsi yaşamasına baxmayaraq, son illərdə çox böyük inkişaf yolu keçib. Əvvəllər, həqiqətən də, Çələbinin qeyd etdiyi kimi, min ev vardısa, bu gün Sədərəkdə artıq min beş yüzdən çox ev var. Bu, o deməkdir ki, Sədərək müstəqillik illərində xeyli böyüyübdür. Heydərabad qəsəbəsindən baxanda çox da uzaqda olmayan yüksəklikdə bir-birindən 10-15 metr aralı məsafədə yerləşən iki hərbi məntəqə görünür. Bunlardan biri bizimdir. Biri isə işğalçı Ermənistanındır. Bu qədər təhlükəli, bu qədər düşmənlə sinə-sinəyə, döş-döşə dayanılan ikinci məntəqə mən təsəvvür edə bilmirəm. Biz Sədərəkdə vətənimizi qoruyan əsgərlərlə görüşdük. Onların xidmət keçdiyi məntəqələrə getdik. Eyni zamanda, biz onların müşahidə postlarından indi işğal altında olan Ermənistan ərazisi hesab olunan qədim Azərbaycan torpaqlarına baxdıq, Arazdəyən kəndini gördük. Dayandığımız zirvədən qərbə və şərqə tərəf baxıb müqayisə aparmaq imkanı yaranmışdı. Qərb tərəfdə dağılmış, yolları və yaşıllığı olmayan bir böyük yaşayış məntəqəsi, lakin Naxçıvan tərəfdə isə səliqəli küçələri, asfalt örtüyü, yaşıllıqları, məktəbi və hazırda davam edən yeni tikililəri ilə diqqəti çəkən Heydərabad qəsəbəsi və Sədərək kəndi vardı. Bu fərq ürəyimizdə bir fəxarət hissi yaratdı.
Bundan sonra bizim növbəti səfərlərimizdən biri Şərur rayonunun müxtəlif kəndlərinə oldu. Bu kəndlərin hər birində çox yaxşı və müasir məktəblər inşa olunub. Bizi qarşılayan hər bir məktəb direktoru və müəllimləri fəxrlə öz göstəricilərindən danışırdılar. Orta məktəb məzunlarının ali məktəblərə qəbul göstəricisi ümumi respublika göstəricilərindən bir qədər də üstündür. Əlbəttə, bu, çox sevindiricidir ki, Naxçıvanda təhsilə və maariflənməyə bu qədər diqqət yetirilir.
Qarabağlar Türbə kompleksi yenidən bərpa edilir
Başqa bir səfərimiz Qarabağlar kəndinə oldu. Qarabağlar kəndi Naxçıvanın ən qədim kəndlərindən biridir. Orada 12-ci əsrin sonlarında tikildiyi bilinən məşhur Qarabağlar Türbə Kompleksi var. Təkcə Qarabağlar kəndinin tarixi ilə tanış olmaq nə qədər qədim bir tarixlə üz-üzə olmağı dərk etmək deməkdir. Türbə öz möhtəşəmliyi ilə bu gün də çox müasir görünür. Türbənin üzərindəki rənglər bu gün də solmayıbdır. Onun da şahidi olduq ki, hazırda türbədə bərpa işləri həyata keçirilir. Övliya Çələbi qeyd edir ki, mən Qarabağlar kəndində çox böyük bağlar gördüm. Görünür, Qarabağlar adı da buradan gəlir. Çünki qara sözü arxaik türkcədə həm də böyük, geniş mənası ilə diqqəti cəlb edir. Müəllif həm də qeyd edir ki, mən Qarabağlar kəndində bir bağbanın bağında 40 növ armud gördüm. Nəzərə alsaq ki, bağda hər ağacdan birdən çox sayda ağac olur, o zaman bağdakı ağacların sayı haqqında bizdə təsəvvür yarana bilər. Təkcə bir növdən bu qədər əkilibsə, görün digər meyvə növlərindən nə qədər ağac olub? Bu informasiya bir daha Qarabağlar kəndinin adının elə oradakı olan bağlarla əlaqəsinin olduğunu bizə göstərir. Amma bu da məsələlərin hamısı deyil. Əgər belə böyük bağlar vardısa, deməli, o bağdakı meyvələri yetişdirmək üçün xüsusi kəhrizlər və suvarma sistemləri vardı. O bağlardakı meyvələrin satış bazarı, satış məntəqələri və yaxud onların ixrac nöqtələri və s. vardı. Təkcə bu informasiyadan biz bu tarixi kənd haqqında nə qədər məlumat əldə etmiş oluruq.
Azərbaycan qadınının şərəfinə ucaldılan möHtəşəm abidə – Möminə Xatun türbəsi
Növbəti səfərimizdən biri Naxçıvan şəhərinin özündə yerləşən Möminə Xatun türbəsinə oldu. Möminə Xatun türbəsi xüsusi memarlığı ilə seçilən bir abidədir. Bu, Memar Əcəmi Naxçıvaninin yaratdığı çox böyük və möhtəşəm abidələrdən biridir. Bu abidəyə diqqət yetirəndə bir daha dərk edirik ki, orta əsrlərdə Naxçıvan Azərbaycanın nə qədər inkişaf etmiş bir bölgəsi olubdur. Səlcuqlar imperiyasının parçalandığı ərazilərdə mübarizələr nəticəsində Şəmsəddin Eldənizin hökmdarlığı ilə Atabəylər (Eldənizlər) dövləti yaranır. Həmin dövrdə Naxçıvan həm Azərbaycanın paytaxtı, həm də Yaxın Şərqin və Şimali Afrikanın ən böyük siyasi mərkəzlərindən biri olur. Mən düşünürəm ki, bu mərhələ Naxçıvan tarixində olduqca maraqlı bir dövrdür. Çünki həmin dövrdə Naxçıvanda alınan qərarlar bütövlükdə müsəlman Şərqinin həyatına təsir edən qərarlar olub. Ona görə də bu tarixi gerçəklikdə bu günlə səsləşən bəzi məsələlər də var. Bütövlükdə müsəlman Şərqində və Şimalı Afrikada yaşayan, eyni zamanda, Körfəz ölkələrindəki xalqların hər biri Naxçıvanda öz tarixi və mədəniyyəti ilə bağlı nə isə tapa bilər. Ona görə də yaxşı təbliğat aparılsa, Körfəz ölkələrinin elitar turistlərini asanlıqla Naxçıvana cəlb etmək olar. Ərəb Körfəzi ölkələrindən olan turistlər ən çox pul xərcləyən turistlər kateqoriyasında, bəlkə də, birincidirlər. Bu da Naxçıvanda turizmin inkişafına böyük töhfələr verə bilər.
Naxçıvan qalası, Nuhun məzarı və “Əshabi-Kəhf” ziyarətgahı
Naxçıvan qalası ayrıca bir məkandır. Bu qala təpə üzərində inşa olunmuş qaladır. Hazırda qala çox böyük əmək sərf edilərək tarixi mənbələrdə göstərilən sxemə uyğun olaraq bərpa olunub. Orada Naxçıvanın tarixi eksponatları nümayiş etdirilir. Bunların içərisində çox maraqlı nümunələr var. Ən qədim dövrlərdən, daş dövründən üzü bəri ən son orta əsrlərə qədər olan müxtəlif muzey əşyaları və numizmatik materiallar nümayiş etdirilir.
Başqa bir mühüm abidə isə Nuhun məzarıdır. Nuhun məzarının üzərində tikilən məzarüstü abidənin içərisində nümayiş etdirilən eksponatlar da xüsusi maraq kəsb edir. Naxçıvanda haqlı olaraq bu işə diqqət yetiriblər. Çünki tanıtıcı lövhələrin hər birinin üzərində və fotoşəkillərin üzərində azərbaycanlı olmayan müəlliflərin məhz bu məzarın Nuha aid olması ilə bağlı fikirləri əks olunub. Bu da məzarın, doğrudan da, Nuhun məzarının olması ilə bağlı fikirləri təsdiq etmiş olur. Naxçıvanın ən tarixi məkanlarından biri də “Əshabi-Kəhf” ziyarətgahıdır. “Qurani-Kərim”də adı keçən hekayətin məhz bu dağda baş verməsi ilə bağlı xeyli məlumatlar var. Bütövlükdə isə dünyada üç məkan göstərilir ki, hekayət məhz orada baş verib. Əlbəttə ki, biz inanırıq ki, bu hadisə məhz Naxçıvanda baş verib. “Əshabi-Kəhf”ə ziyarət zamanı xüsusi ab-havaya sahib çox qədim və sirli bir məkanda olduğunu dərk edirsən. Yaşayış məntəqlərindən xeyli uzaqda olmasına baxmayaraq, çox gözəl yolu var ki, insan çox rahatlıqla və qısa müddətə bu məkana gedə bilir. “Əshabi-Kəhf” ziyarətgah kompleksi nümunəvi şəkildə təmir olunub. Buradakı qonaqpərvərlik, Naxçıvanın bitkilərindən hazırlanmış çay dəstgahı da xüsusi bir zövq və ləzzət verir.
Duz dağı müalicə istirahət mərkəzi, təbiətin və insanın birgə yaratdığı möcüzə
Başqa bir səfərimiz isə Duzdağına oldu. Duzdağı bir təbiət möcüzəsidir. Eyni zmanada, insanların yaratdığı bir möcüzədir. Uzun illər duz istehsalı üçün istismar olunan duz mədənlərinin içərisində zamanla çox gözəl bir süni mağara əmələ gəlibdir. Amma buraya mağara deməyə adamın dili gəlmir. Çünki çox gözəl təmir olunub. Sanki bir saraya daxil olursunuz. Burada insanların müalicə alması üçün gözəl şərait yaradılıb. Mağaranın uzunluğu təqribən 350 metrdən çoxdur. Eni isə bəzi yerlərdə 10-12 metr, bəzi yerlərdə daha çoxdur. Burada dünyanın bir çox yerindən - Rusiyadan, İrandan, Türkiyədən və digər ölkələrdən müalicəyə gələn insanlar var. Tibbi turizmin inkişafı üçün çox unikal bir yerdir. Lazımi qədər təbliğ olunsa, heç şübhəsiz, burada yaradılmış müasir şəraitdən hamı istifadə edə bilər.
Əzizim Ordubada, Yol gedər Ordubada...
Səfərlərimizdən biri Ordubad şəhərinə oldu. Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim “Qeysəriyyə” binasında, Məmməd Səid Ordubadinin və Məhəmməd Tağı Sidqinin ev-muzeylərində olduq. Ordubad başdan-başa ayrıca bir tarixdir. Öz qonaqpərvərliyi, özünəməxsus koloriti, tarixi, yeməkləri və ləhcəsi ilə sanki muxtar respublika içərisində özünəməxsus bir muxtar regiondur. Təkcə bir rayonun Azərbaycan ədəbiyyatına, tarixinə bəxş etiyi insanları, dahiləri görəndə bir daha Azərbaycan xalqının nə qədər zəngin, Məmməd Səid Ordubadi, Məhəmməd Tağı Sidqi, Yusif Məmmədəliyev və digər ədiblərimizin məhz Ordubaddan çıxdığını düşünsək, bir daha bu rayonun nə qədər böyük potensiala malik olduğunun şahidi ola bilərik. Bir də onu nəzərə almaq lazımdır ki, Ordubad həm də Azərbaycanda Təbriz ləhcəsinə ən yaxın ləhcədə danışan bir şəhərdir. Bu da vaxtilə Ordubadla Təbriz arasında iki mədəni mərkəz kimi xüsusi münasibətlərin olmasından xəbər verir.
Şahbuz, şahlara layiq məkan, yaxud Biçənək aşırımından əsən vətən qoxulu ruzigar
Sonuncu səfərimiz isə Şahbuz rayonuna - Batabat gölünə oldu. Şahbuz rayonu Naxçıvanın inciləri sırasındadır. Öz təbiəti, landşaftı, flora və faunası ilə, kim bilir, bəlkə də, Cənubi Qafqazın ən zəngin coğrafiyalarından biridir. Nəzərə alsaq ki, uzun illərdir Naxçıvanda təbiətin mühafizəsi ilə bağlı xüsusi siyasət həyata keçirilir. Elə ona görə də Şahbuzun flora və faunası bu qədər zəngindir. Burada olan heyvanlar uzun müddət ovlanmadıqlarına və mühafizə edildiklərinə görə insanlardan çəkinmirlər. Hətta biz yolu keçərkən önümüzdən çəkinmədən çox rahatlıqla bir çöl qabanı sürüsünün keçdiyinə şahid olduq. Bizə məlumat verən qoruq rəhbəri qeyd etdi ki, bu zamana qədər yox olduğu zənn edilən yerli cüyür növləri fotokakanlara düşüb. Bu, bir daha onu göstərir ki, Naxçıvanın faunası bərpa olunur. Şahbuz həm də göllər diyarıdır. Orada irili-xırdalı göllər var. Ən gözəllərindən biri də Batabat gölüdür. Şahbuzda insanı həyəcanlandıran məqamlardan biri də Şahbuz Dövlət Təbiət Qoruğunun Zəngəzur dövlət qoruğunun tərkib hissəsi olmasıdır. Cəmisi bir aşırımı, Biçənək aşırımını keçməklə artıq tarixi Sisiyan torpaqlarına, Zəngəzurun daha yuxarılarında yerləşən torpaqlarımıza keçmək mümkündür ki, oradan da böyük Azərbaycanın digər əraziləri - Laçın, Kəlbəcər və s. torpaqlarına getmək olar. İnsanı həyəcanlandıran budur ki, Biçənək aşırımını aşmaqla cəmisi bir neçə kilometrdən sonra o tarixi torpaqlara çata bilərsiniz. Amma çox təəssüflər olsun ki, hələlik bu, mümkün deyil.
Səfər günlərində biz daima xüsusi diqqət və qayğı ilə əhatə olunduğumuzu hiss etdik. Bu, əlbətdə, Muxtar Respublikanın Ali rəhbərliyinin diqqəti və qayğısı idi. Bu diqqəti və qayğını minnətdarlıq və şükranla yad edərək son təəsüratlarımı qeyd etmək istəyirəm. Naxçıvana səfərimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri hörmətli Əli Həsənovun iştirakı ilə təşkil olunan ziyafətlə sona çatdı. Bu insanla tanışlıq şəxsən məndə çox xoş təəssürat yaratdı. Çünki məmur olmaq, dövlətə xidmət etmək çox şərəfli bir peşədir. Məmur olmaq xalqa xidmət etmək deməkdir. Amma, eyni zamanda, məmur olaraq həm də ziyalı olmaq, Azərbaycan ədəbiyyatını, mədəniyyətini, incəsənətini, tarixini dərindən bilmək çox yaxşıdır. Və məmur olaraq həm də yaxşı bir həmsöhbət olmaq - bu, daha da yaxşıdır. Mən şəxsən Əli Həsənovun timsalında bu sadaladığım keyfiyyətlərin hamısının cəmini gördüm.
Bir az da naxçıvanlıların sosial keyfiyyətləri haqqında...
Naxçıvanlılar olduqca sosial insanlardır. Və mənə elə gəldi ki, Naxçıvanın özünəməxsus sosial mikrostrukturu var. Kiminlə ünsiyyətdə olursunuzsa olun, əsla çəkinmədən rahatlıqla yüz illərin tanışı kimi sizinlə danışacaq. Sürücüsündən tutmuş məmuruna qədər, gömrük işçisindən başlamış hərbçiyə qədər hər bir şəxs söhbətə qoşular-qoşulmaz dərhal mövcud əhval-ruhiyyəni mənimsəyəcək. Söhbətin nədən getdiyini başa düşəcək. Və bir növ sizinlə bərabər kampaniya təşkil edəcək. Bilirsiniz, bu, çox maraqlı cəhətdir. Hər bir söhbətə qoşulmaq üçün insanın ilk növbədə intellektual baqajı olmalıdır. O qədər sosial və məlumatlı adam olmalısan ki, mövzunu başa düşəsən və yerindəcə dialoqa adaptasiya oluna biləsən. Bax bu keyfiyyətlər bütün regionlarımızda yoxdur. Və yaxud bu və ya digər dərəcədə azdır və ya çoxdur. Hər halda Naxçıvandakı bu vacib sosial mühitin olmasını müşahidə etdim və bunun səbəbini də özümə bir sosioloq kimi izah edərkən başa düşdüm ki, Naxçıvan bir növ blokada şərtləri içərisində yaşayır, küncə sıxışdırılıb. Çünki Naxçıvana hələ də ancaq hava yolu ilə gedib-gələ bilirik. Bu şərtlər ətraf-mühitlə əlaqəyə girmək üçün insanlarda şiddətli bir arzu, istək yaradır. Əlbəttə ki, bunun yolu da sosiallaşmaqdan, oxumaqdan və inkişaf etməkdən keçir. Belə qənaətə gəldim ki, illər, tarixi proseslər naxçıvanlılarda belə bir təqdir olunası sosial keyfiyyət formalaşdırıb.
Naxçıvan səfərimiz başa çatdıqdan sonra biz müasir hava nəqliyyatlarından biri ilə yenidən Bakıya qayıtdıq. Amma, əlbəttə ki, ürəyimiz Naxçıvanda qaldı. Düşünürəm ki, bu, bizim Naxçıvana bundan sonrakı olacaq daha intensiv səfərlərimizin başlanğıcı idi.
Hikmət BABAOĞLU
Bakı-Naxçıvan-Bakı

 
  • Oxunub:  26580  |  
  • Tarix:  09-06-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün lazım olan bütün tədbirlər görülür

20 Noyabr 10:31
Parisdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub
20 Noyabr 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
20 Noyabr 10:19
IDEA İctimai Birliyi tərəfindən Bakıda tutuquşular məskunlaşdırılır
20 Noyabr 10:18
Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün lazım olan bütün tədbirlər görülür
20 Noyabr 10:15
Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verir
20 Noyabr 10:13
Milli Məclisin plenar iclası keçirilib
20 Noyabr 10:11
Siyavuş Novruzov: Məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır
20 Noyabr 10:10
Dünya dini liderlərinin 2-ci Bakı Sammiti birgəyaşayışın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan oldu
20 Noyabr 10:06
Abşeronda YAP-ın yaranmasının 27-ci ildönümü münasibəti ilə tədbir keçirilib
20 Noyabr 10:05
Rafael Hüseynov: “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması son dərəcə əlamətdar bir hadisədir
20 Noyabr 10:00
Sumqayıt şəhəri 70 illik yubileyini möhtəşəm bayram tədbiri ilə qeyd edib
20 Noyabr 09:55
Vətəndaşların hüquqlarının təminatında mühüm rol oynayan məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması icra məmurlarının ən ümdə vəzifələrindən biridir
20 Noyabr 09:51
Radikal müxalifət partiyalarının saxta sənəd şəbəkəsi ifşa edilir
20 Noyabr 09:50
Tur-aksiyanın ikinci günü məktəblilər Lənkəran, Astara və Masallı rayonlarına səyahət ediblər
20 Noyabr 09:48
X sinif şagirdi: Hər bir bölgəmizin özünəməxsus zəngin tarixi, mədəniyyəti, ənənələri var
20 Noyabr 09:45
Zərdab məktəblisi: Ölkəmizin şimal bölgəsi ilə tanışlıqdan böyük zövq alırıq
20 Noyabr 09:44
Azercell-in Rominqi millər qazandırır!
20 Noyabr 09:40
Regionlarda pambıq yığımı başa çatmaq üzrədir
19 Noyabr 22:11
Aşqabadda SPECA-nın dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda növbəti iclası keçirilir
19 Noyabr 21:43
Ankarada “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzusunda konfrans keçirilib
19 Noyabr 21:13
Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
19 Noyabr 21:07
Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi Vaşinqton şəhərində müzakirə olunub
19 Noyabr 20:51
Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
19 Noyabr 20:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Noyabr 20:30
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
19 Noyabr 20:21
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
19 Noyabr 20:12
Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib
19 Noyabr 20:08
SOCAR və “Equinor” “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşır
19 Noyabr 20:05
UNEC-də Xalq yazıçısı İsmayıl Şıxlının yubileyinə həsr olunan tədbir
19 Noyabr 19:57
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar
19 Noyabr 19:41
Hikmət Şikarov: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir
19 Noyabr 19:38
Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir
19 Noyabr 19:33
Çin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə ilə bağlı müzakirələr aparıb
19 Noyabr 19:19
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
19 Noyabr 17:28
YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
19 Noyabr 17:27
Vüqar Rəhimzadə: Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmış Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir
19 Noyabr 17:24
Aloha Nunyez: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin daha səmərəli şəkildə həyata keçiriləcəyinə əminəm
19 Noyabr 17:20
Naxçıvanda sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib
19 Noyabr 17:11
İyirmi dörd yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb - SƏRƏNCAM
19 Noyabr 16:53
Haaqada “İstanbul prosesi”nin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb
19 Noyabr 16:49
Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb
19 Noyabr 16:33
GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır
19 Noyabr 16:28
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
19 Noyabr 16:07
Sədaqət Vəliyeva: 650 min ağacın əkilməsi təşəbbüsü ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfə olacaq
19 Noyabr 15:26
BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir
19 Noyabr 15:05
“Türkiyə” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+6 +9