
Azərbaycan xalqının radikal ünsürlərə inanmadığı bir daha əyani şəkildə ortaya qoyuldu
Uzun illərdir ki, düşüncə tərzində, məsələlərə yanaşmasında heç bir dəyişiklik edə bilməyən radikal müxalifət düşərgəsinin xarici antimilli mərkəzlərin sifarişləri əsasında “fəaliyyət proqramı” qurması hər kəsə bəllidir. Bu mənada, onların mövsümi olaraq “qabarma-çəkilmə” proseslərinə məruz qaldığı da göz önündədir. Yəni, illərdir anti-azərbaycançı dairələrin direktivləri əsasında birləşən-ayrılan, aksiya keçirən radikal ünsürlərin mövqeyi, məqsədi ortada olub. Bir sözlə, yalnız antidemokratik çağırışlarla yadda qalan, Azərbaycanın dövlət maraqlarına düşmən kəsilən, xaricdəki ermənipərəst qüvvələrin təsiri ilə ölkədə siyasi sabitliyi pozmağa çalışan, hər addımda ancaq korporativ maraqlarını düşünən və sifariş yerinə yetirən radikal ünsürlər əsl müxalifətçilik missiyasından çox uzaqdırlar. Demokratiyanın göstəricilərindən biri olan fərqli düşüncə - müxalifətçilik hər hansı problemin həlli ilə bağlı alternativ yol göstərmək, məsələlərə konseptual müstəvidə yanaşma nümayiş etdirmək, eləcə də fərqli məsələlərlə bağlı konsepsiya irəli sürmək olsa da, Azərbaycanın radikal müxalifət düşərgəsinə mənsub olanların məqsədləri yalnız xarici maraqların təminatına, xəyanətə və satqınlığa yönəlib.
Bu səbəbdəndir ki, Azərbaycan xalqı radikal ünsürlərin hətta keçirdikləri icazəli aksiyalara belə etinasız yanaşır, dağıdıcıların ictimai fikri çaşdırmağa yönəlik yalanlarına, pafoslu fikirlərinə inanmır. Beləliklə, artıq qohum-əqrəba “birliyindən” seçilməyən radikal müxalifət partiyaları öz yalanlarını tirajlaya bilmir, cəmiyyət daxilində bu yalanların təbliğini qurmağı bacarmırlar. Onların xəyanətkar, satqın xarakteri Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Məhz buna görə də özlərini ermənipərəst mərkəzlərin qarşısında “aktiv elektorata malik qüvvə” kimi tanıtmağa çalışan dağıdıcı ünsürlərin planları boşa çıxır.
Bir neçə gün öncə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı keçirilən yürüş zamanı isə radikal ünsürlər növbəti dəfə fiaskoya uğradılar. Azərbaycan xalqı bir daha onlara əsl yerini göstərmiş oldu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri dəstəklədiyini, ən əsası isə, ölkəmizdə vətəndaş birliyinin gücünü bir daha nümayiş etdirdi. On minlərlə yürüş iştirakçısı ölkə Prezidentinin arxasınca getdiyini, Azərbaycanın milli maraqlarının qorunmasında hər zaman dövlət başçısının yanında yer aldığını əyani şəkildə ortaya qoymuş oldu. O cümlədən xalqımız bir daha ölkəmizin inkişafı, gələcəyimizin rifahı üçün əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətini birmənalı şəkildə müdafiə etdiyini hər kəsə nümayiş etdirdi.
Maraqlıdır ki, hər zaman on minlərlə “tərəfdarı”, “elektoratı” olduğunu iddia edən radikal ünsürlər Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı keçirilən yürüşə cəmisi 5-10 adamla qatıldılar. Bəs, görəsən, keçirdikləri mitinqlərdəki adamların sayını on dəfələrlə artırıb şişirtmə rəqəmlər ortaya atmağa çalışanlar nə üçün həmin ziyarət zamanı “on minlərlə” tərəfdarını ətraflarına toplaya bilmədilər? Bir sözlə, AXCP sədri Əli Kərimli və digər radikallar öz yalanlarının qurbanına çevrildilər. Bu adamlar bir daha Azərbaycanın siyasi palitrasında heç bir gücə malik olmadıqlarını əyani şəkildə ortaya qoydular.
Bu məqamda xatırladaq ki, bu il 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanını ziyarət zamanı da “on minlərlə” tərəfdarının onunla birgə ziyarətə buraxılmadığını iddia edən Əli Kərimli cəmisi bir neçə gün sonra analoji situasiya ilə üz-üzə qalmışdı. Belə ki, yanvarın 31-də Novxanı qəsəbəsindəki ziyarətə barmaqla sayıla biləcək tərəfdarı ilə qatılan Ə.Kərimlinin yalanı bir daha ifşa olunmuşdu. Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı keçirilən yürüş zamanı da 5-10 adamla gözə dəyən Ə.Kərimlidən soruşmaq gərəkdir ki, görəsən, hardadır onun minlərlə “tərəfdarı”? Niyə Əli Kərimli Xocalı soyqırımı abidəsini ziyarətə gedərkən ətrafında bu qədər az adam vardı? Ə.Kərimlinin “tərəfdarları”, “elektoratı” və ya partiyasının üzvləri, görəsən, hardadırlar? Ə.Kərimlinin danışdıqlarının elə sabun köpüyündən başqa bir şey olmadığı bir daha əyani şəkildə sübut olundu. Eləcə də bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının danışdıqları ağ yalanlar və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatlar heç bir fayda vermir, xalqın öz dövlətinə və hakimiyyətinə inamına təsir etmir.
- Oxunub: 8250 |
- Tarix: 01-03-2019 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal müxalifət dövlətə və xalqa qarşı mübarizə aparır(2019-12-04 09:32:29)
- - Azərbaycan xalqı radikal müxalifəti dəstəkləmir(2019-12-03 09:38:16)
- - Havadarları radikal müxalifət düşərgəsindən üz döndəriblər(2019-11-30 09:58:02)
- - Radikal müxalifət düşərgəsi maddi gəlir əldə etmək üçün bütün yollara baş vurur(2019-11-29 09:28:35)
- - AXC-“Müsavat” hakimiyyətinin cinayətkar əməlləri xalqımız tərəfindən unudulmayıb(2019-11-28 09:20:34)
- - Siyasi dönük, flüger Əli Kərimlinin bütün fəaliyyəti satqınlıq üzərində qurulub(2019-11-27 09:15:43)