Ana səhifə »  Müəlliflər »  Azərbaycan dinlərarası və sivilizasiyalararası əməkdaşlığa mühüm töhfələr verir
A+   Yenilə  A-
Azərbaycan dinlərarası və sivilizasiyalararası əməkdaşlığa mühüm töhfələr verir
Yazdı: Hikmət BABAOĞLU

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan dialoq platforması sayəsində Azərbaycan Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayır
Hazırda dünyanın bir sıra ölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə qızışdırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan hüquqlarının pozulması halları artır, sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn ənənələrin davamı olaraq Prezident İlham Əliyevin böyük səyi və təşəbbüsü ilə qarşılıqlı hörmət mühitində multikulturalizm, tolerantlıq, sabitlik, təhlükəsizlik və insan hüquqlarının müdafiəsi təmin edilib. Bu da öz növbəsində Azərbaycanın demokratik, tərəqqipərvər və humanist ənənələri, multikultural dəyərləri yaşadan ölkə kimi tanınmasına şərait yaradır.
Digər tərəfdən, Prezident İlham Əliyevin təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, dinlərarası dialoqun inkişaf etdirilməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə yönəlmiş davamlı siyasət son illərdə Azərbaycanın qlobal və regional səviyyədə humanitar mərkəz kimi qəbul edilməsinə gətirib çıxarıb. Dövlət başçısının böyük diqqəti və qayğısı sayəsində Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlərin məhz Azərbaycanda keçirilməsi sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verir. Bu kontekstdə Azərbaycanın təşəbbüsü ilə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yeni bir formatda əməkdaşlığına əsaslanan “Bakı Prosesi” xüsusi əhəmiyyət daşıyır. 
Bununla yanaşı, Azərbaycan təkcə Bakıda keçirilən beynəlxalq tədbirləri təşkil etməklə deyil, ölkəmizdən kənarda sivilizasiyalararası və dinlərarası dialoqun inkişafına təkan verən bütün platformalarda təşkil olunan tədbirlərdə fəal təmsil olunmaqla, dünyada sivilizasiyalararası dialoqun inkişafına böyük töhfələr verən mühüm missiyasını yerinə yetirməkdədir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ), Misir Ərəb Respublikasına və Avstriya Respublikasına son səfərlərini, keçirilən görüşlərin nəticələrini də bu qəbildən olan əhəmiyyətli addımlar kimi qiymətləndirmək olar.
Əbu-Dabi Forumunda dinlərarası dialoqun təşviqi müzakirə olunub
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 2019-cu ilin 2-4 fevral tarixlərində Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin müşaviri Sultan Əl Rümeysinin rəsmi dəvəti ilə bu ölkənin paytaxtı Əbu-Dabidə dünya dini liderləri, görkəmli dövlət, siyasət, elm xadimləri, nüfuzlu kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən “İnsan Qardaşlığı Qlobal Forumu”nda iştirak edib.
Roma Papası Fransisk, Misirin Əl-Əzhər Əl-Şərif universitetinin şeyxi Əhməd Əl-Tayyib və dünyanın digər ali dini liderlərinin də iştirak etdiyi Əbu-Dabi Forumunda ekstremizmə qarşı mübarizə, xalqlar və dinlər arasında dialoqun təşviq olunması, mənəvi dəyərlərin qorunması, münaqişələrə və müharibələrə səbəb olan dini və etnik fanatizmin qarşısının alınması və s. məsələlər müzakirə olunub. Forum çərçivəsində QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin çıxışı və mötəbər qonaqlarla görüşləri olub.
İƏT Baş katibi: Azərbaycan Prezidenti cənab İlham Əliyev İslamın dünyaya tanıdılmasında xüsusi zəhmətləri olan bir siyasi liderdir
Fevralın 5-də QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Misirin paytaxtı Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) I İslam Mədəniyyəti Festivalının açılışında iştirak edib. Onu da qeyd edək ki, səfər İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin və Misir hökumətinin dəvəti ilə baş tutub.
Açılış mərasimindəki çıxışlardan sonra “İslam dünyasına xüsusi töhfələri olan şəxslərin təltif edilməsi” mərasimi keçirilib. Bu ali mükafata layiq görülən dünyanın beş görkəmli müsəlman liderindən biri də QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə olub.
Daha sonra İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 ölkənin dövlət və hökumət rəhbərləri, din xadimlərinin iştirak etdiyi Festival çərçivəsində Allahşükür Paşazadənin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşü olub. Səmimi şəraitdə keçən görüş zamanı İƏT-in Baş katibi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şərq və Qərb sivilizasiyalarını dialoq platforması ilə daha da yaxınlaşdırmaq təşəbbüsü real nəticələrini verir. Yusif bin Əhməd əl-Useyminin sözlərinə görə, məhz bu təşəbbüs nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar sahədə gördüyü işlərin mədəniyyət sahəsində yaxınlaşmanı daha da sürətləndirdiyini deyən Yusif bin Əhməd əl-Useymin onun bütün müsəlman xanımları üçün bir nümunə olduğunu bildirib.
Azərbaycan Prezidenti ilə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı və ondan sonrakı dövrdə bir neçə dəfə görüşdüyünü xatırladan İƏT-in Baş katibi xüsusi olaraq qeyd edib ki, Azərbaycan Prezidenti İslam həmrəyliyi sahəsində çox böyük işlər görməklə yanaşı, İslamın dünyaya tanıdılmasında xüsusi zəhmətləri olan bir siyasi liderdir. Yusif bin Əhməd əl-Useymin bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi təkcə İslam həmrəyliyinə xidmət etməsi cəhəti ilə deyil, həmçinin İslamın təbliği və onun həqiqi, sülhpərvər obrazının dünyaya tanıdılması baxımından əhəmiyyətli olub. Onun sözlərinə görə, Azərbaycan hazırda yüksək sürətlə inkişaf edən, həmçinin bütün İslam aləminə örnək olan ölkələrdən biridir: “Mən təkcə İƏT-in Baş katibi kimi deyil, bir müsəlman kimi fəxr edirəm ki, İslam həmrəyliyi sahəsində işlər görən və İslamın dünyaya tanıdılması yönündə addımlar atan Azərbaycan kimi müsəlman ölkəsi var. Çünki İslamın adının terrorçuluqla yanaşı çəkilməsi cədhlərinə qarşı ən səmərəli mübarizə aparan ölkələrdən biri Azərbaycandır. Bu da Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət sayəsində mümkün olur”.
İƏT Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyir
Görüş zamanı İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin Ermənistanı işğalçı dövlət kimi tanıdıqlarını və bu faktın hələ də qalmasını hiddətlə qınadıqlarını, həmçinin işğala son qoyulmasına çalışdıqlarını da bildirib. Baş katib Yusif bin Əhməd əl-Useymin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair İƏT-in qəbul etdiyi qərar və qətnamələrdə ölkəmizin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının birmənalı şəkildə dəstəkləndiyini və bu mövqeyin dəyişilməz olaraq qalacağını vurğulayıb. 
İƏT-in Baş katibi QMİ sədri Allahşükür Paşazadənin müsəlman dünyasında oynadığı rola da diqqət çəkib. İƏT-in Baş katibi qeyd edib ki, Şeyxülislam Allahşükür Paşazadə təkcə Azərbaycanda, Qafqazda deyil, bütün dünyada İslamın təbliğ olunması istiqamətində çox böyük işlər görən din xadimidir: “O təkcə Azərbaycanın, Qafqazın Şeyxi deyil, həm də şəxsən mənim Şeyximdir. Şeyxülislamın sülhpərvər mövqeyi həm ölkə daxilində, həm də xaricdə onun şəxsiyyətinə böyük rəğbət qazandırıb. Bu baxımdan I İslam Mədəniyyəti Festivalında İslam mədəniyyətinin təbliğindəki xidmətlərinə görə İslam dünyasına xüsusi töhfələri olan 5 din xadimindən biri kimi məhz Şeyxülislam Allahşükür Paşazadənin mükafatlandırılmasından qürur duyuram”.
Allahşükür Paşazadə: Sivilizasiyalararası və dinlərarası dialoqun həyata keçirilməsi Azərbaycanın təşəbbüsü ilə başlayıb
Azərbaycanda mövcud olan dini dözümlülükdən, tolerantlıqdan və İslam mədəniyyətinin mövcud durumundan bəhs edən Şeyxülislam Allahşükür Paşazadə öz növbəsində bir daha vurğulayıb ki, Azərbaycan İslam coğrafiyasının ucqarlarında yerləşir və qonşularımızın üçü xristian ölkəsidir: “Bu ölkələrlə təmaslarda xristian mədəniyyətinin təmsilçiləri İslam mədəniyyətini Azərbaycanın timsalında, obrazında görür, tanıyırlar. Ona görə də Azərbaycanın coğrafi mövqeyi həm də İslamı xristian dünyasına faktiki tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Sivilizasiyalararası dialoq prosesinin başladılması da, dinlərarası dialoqun həyata keçirilməsi də məhz Azərbaycanın təşəbbüsü ilə baş tutan yeniliklərdir”. 
Bütün Qafqazın Şeyxi onu da qeyd edib ki, Azərbaycanın başlatdığı bu proses hazırkı mərhələdə digər müsəlman dövlətlərində də həyata keçirilir. Onun sözlərinə görə, bir neçə gün bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “İnsan Qardaşlığı Qlobal Forumu”nun keçirilməsi və bu Forumda Roma Papası Fransiskin iştirak etməsi də bu ənənələrin bütün müsəlman sivilizasiyasına yayılması və dünyanın xristian liderlərinin marağına səbəb olmasının bariz nümunəsidir. 
Şeyxülislam Allahşükür Paşazadə görüş zamanı onu da qeyd edib ki, hər bir xalqın öz milli mədəniyyəti var, İslam mədəniyyəti isə bizi birləşdirən ümumi dəyərlərin məcmusudur: “Buna görə də müxtəlif millətlərin və xalqların mədəniyyətləri tarixən İslam dininin təqdim etdiyi dəyərlərlə zənginləşərək bizim ortaq mədəniyyətimizin formalaşmasında mühüm rol oynayır. Müsəlmanların bir-birinə münasibətdə həmrəylik nümayiş etdirmələrini, beynəlxalq münasibətlərdə ümumi ortaq mənafedən çıxış etmələrini şərtləndirən amillər də məhz İslam mədəniyyətindən gələn ümumi dəyərlərdən qaynaqlanır. Eyni zamanda İslam təkcə dinə münasibətimizi deyil, həm də Vətənimizə münasibətimizi, milli maraqlarımızı təyin edən, şərtləndirən bir mənəvi dəyərdir. İslamın Peyğəmbəri Həzrəti Məhəmməddən nəql edilən hədisdə belə buyurulur: “Vətəni sevmək - imandandır”. Bu mənada İslam həm dini, həm milli dəyərlərimizin ümumi ifadəsi kimi, habelə milli və mədəni dəyərlərimizin dini hamisi kimi çıxış edir”. Hazırkı mərhələdə İslam dünyasının qarşısında duran ən mühüm məsələlərdən birinin məhz ümumi mənafelər nöqteyi-nəzərdən çıxış etməklə, ümumi İslam mədəniyyətinin formalaşmasını təmin etmək olduğunu vurğulayan bütün Qafqazın Şeyxi onu da qeyd edib ki, müxtəlif mərkəzlər tərəfindən müsəlman coğrafiyasında törədilən xaos və qarşıdurmaları dayandırmaq da mühüm vəzifələrdəndir.
Daha sonra milli-mənəvi dəyərlərin qorunmasında kütləvi informasiya vasitələrinin roluna toxunan Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, İslam terrorizmi, radikalizmi təbliğ edən deyil, tam əksinə, həmrəyliyi, sülhpərvəriyi, barışı, sülh siyasətini təbliğ edən konfessiyadır: “Buna görə də hazırkı mərhələdə İƏT-in həyata keçirdiyi fəaliyyətlərdən biri də məhz kütləvi informasiya vasitələrinin rolundan geniş istifadə etməklə dünya ictimaiyyətinə İslamın bəşəri ideyalarla bol olan bu mövqeyini çatdırmaqdan ibarət olmalıdır”.
Yeni Baş katib İslam Əməkdaşlıq Təşkilatında köklü islahatlara başlayıb
Görüşdə İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Useymin onu da bildirib ki, İslam Əməkdaşlıq Təşkilatında islahatlara ehtiyac var: “Bəzən bizim fəaliyyətimizi dəyərləndirərkən deyirlər ki, təşkilat heç bir iş görmür, sadəcə, tədbirlər keçirməklə kifayətlənir. Buna görə də biz öz fəaliyyətimizi real müstəviyə transfer etməklə bütün müsəlmanlar tərəfindən açıq müşahidə olunan işlərlə məşğul olmalıyıq. İslam ölkələri arasındakı mədəni və mənəvi inteqrasiyanı daha da möhkəmləndirməklə bu istiqamətdə yeni addımlar atmaq əsas məqsədlərdən olmalıdır”.
İƏT Baş katibi özünün başlıca məqsədini də açıqlayıb: “Beynəlxalq ictmai rəydə, Qərbdə İslamla bağlı ümumi ictimai fikrin dəyişməsinə, İslamın sülh dini, barış dini, birgəyaşayış dini olduğunun bütün dünyaya çatdırılmasına çalışmalıyıq”.
Şeyxülislam Allahşükür Paşazadə isə öz növbəsində Yusif bin Əhməd əl-Useymini hazırda həyata keçirdiyi fəaliyyət münasibətilə təbrik edib, onun atdığı addımlarla İƏT-in tarixinə “İslahatçı Baş katib” olaraq düşəcəyini qeyd edib. Şeyxülislam, eyni zamanda, İƏT-in müsəlman ölkələrində gördüyü işlərin sülhə və tərəqqiyə töhfə olduğunu bildirib, qurumun təşkilatçılığı ilə baş tutan festivalın davamlı olacağına əminliyini ifadə edib.
Azərbaycan bütün dünyada tolerantlıq, multikulturalizm mərkəzi kimi tanınır
Səfər çərçivəsində QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin həmçinin Misirin, eləcə də İslam aləminin görkəmli ictimai, din və elm xadimləri ilə görüşü olub. Misir parlamenti sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri Seyid Əl-Şəriflə görüşdə QMİ sədri Prezident İlham Əliyevin salamlarını dost Misir xalqına çatdırıb. Bütün Qafqazın Şeyxi Azərbaycan ilə Misirin bütün sahələrdə, o cümlədən dini sahədə uğurla əməkdaşlıq etdiyini bildirib.
Seyid Əl-Şərif Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında yüksəksəviyyəli əlaqələrə toxunaraq qeyd edib ki, hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Qahirəyə səfəri zamanı Onu qarşılamaq şərəfinə nail olub. Seyid Əl-Şərif növbəti belə imkanı isə Prezident İlham Əliyevin 2007-ci ildə bu ölkəyə səfəri zamanı qazanıb. Azərbaycana mütəmadi səfərlər etdiyini bildirən Seyid Əl-Şərif ölkəmizin daha da inkişaf etdiyinin əyani şahidi olduğunu vurğulayıb. Seyid Əl-Şərif əlavə edib ki, bu uğurların təməlində Prezident İlham Əliyevin böyük təşəbbüsləri durur və eyni zamanda, Azərbaycan tolerantlıq, multikulturalizm mərkəzi kimi bütün dünyaya öz səsini eşitdirir.
QMİ sədrinin başçılıq etdiyi nümayəndə heyətinin növbəti görüşü Misir Prezidentinin müşaviri Usama Əl-Əzhəri ilə olub. Misir Prezidentinin müşaviri 1962-ci ildə Asuan səddini inşa edən Zakir Məmmədovun timsalında Azərbaycan xalqının dost Misir xalqına çoxsaylı töhfələrinin qeyd edilə biləcəyini deyib.
Azərbaycanın həyata keçirdiyi dinlərarası dialoq siyasəti təqdir olunur
QMİ sədri Allahşükür Paşazadə bu ölkənin Fətva İdarəsinin rəhbəri, Misir diyarının baş müftisi Şövqi Əllamla da görüşüb. Şeyxülislam A.Paşazadə ölkələrimiz arasında tarixi əlaqələrin bu gün də uğurla inkişaf etdiyini bildirib. QMİ sədri bunun əsas səbəbi kimi hər iki dövlət başçısının şəxsi dostluq münasibətlərini göstərib. Baş müfti Şövqi Əllam da iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.
Şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin növbəti görüşü Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə ilə olub. Görüşdə Məhəmməd Muxtar Cümə Azərbaycanın həyata keçirdiyi dinlərarası dialoq siyasətini təqdir etdiklərini və maraqla izlədiklərini və bu siyasətin bütün dünyada böyük əks-səda yaratdığını qeyd edib: “Bu siyasət əslində hazırkı mürəkkəb tarixi mərhələdə dinlərarası yaxınlaşmanın ən mühüm siyasəti kimi nəzərdən keçirilir və bütün Misir dindarları tərəfindən təqdir olunur. Çünki İslam fəlsəfəsində radikalizm yoxdur, İslam dinində yalnız sülh şəraitində birgəyaşayış var. İslam dininin mahiyyətində olan demokartik xüsusiyyət onun özündən əvvəlki peyğəmbərləri qəbul edən yeganə din olmasını şərtləndirir. Bu kontekstdə İslam dini bütün dinləri bir-birinin davamı olaraq nəzərdən keçirir”.
Misirin vəqflər nazirinin sözlərinə görə, ən son səmavi din olan İslam dini bütün dinlərin və inancların bir arada yaşamasının vacibliyini təbliğ edir. İslam dininin əsl mahiyyətinin akademik səviyyədə təbliğinin mühüm hədəf olduğunu qeyd edən Məhəmməd Muxtar Cümə deyib ki, İslam dini beynəlxalq ictimai rəydə yanlış təbliğ olunur: “Bu da əslində heç bir səmavi dinin ideyalarına uyğun deyil. Çünki bütün dünyanı xilas edəcək bir ideya varsa, o da sülhdür, qarşılıqlı anlaşmadır”.
Qahirədəki İmam Hüseyn məscidini ziyarət
Onu da xatırladaq ki, I İslam Mədəniyyəti Festivalında iştirak çərçivəsində QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Qahirədə bir sıra görüşlər keçirib və bəzi tarixi məkanları ziyarət edib. O cümlədən, Misirin paytaxtı Qahirədəki İmam Hüseyn məscidi də ziyarət olunub. Nadir hallarda xüsusi qonaqlar üçün açılışına icazə verilən “Şərəfli otaq” (Əl-Ğurfa Şərifə) Şeyxülislama nümayiş etdirilib. A.Paşazadə İmam Hüseyn məscidində ziyarət namazı qılıb.
Yeri gəlmişkən qeyd edək ki, Misirin paytaxtı Qahirə şəhərində yerləşən və yerli sakinlərin “Hüseyniyyə” də adlandırdığı İmam Hüseyn məscidində İslamın müqəddəs Peyğəmbəri Həzrəti Məhəmmədə və müsəlmanlığın qədim tarixinə aid əşyalar saxlanılır. Orada İslam Peyğəmbərinə aid qılınc və İmam Əlinin öz əli ilə, küfə xətti ilə (yəni nöqtəsiz və hərəkəsiz) yazdığı müqəddəs “Qurani-Kərim” nüsxəsini görmək də Azərbaycandan gedən ziyarətçilərə nəsib olub. Xəlifə Osmanın dövründə nöqtə və hərəkələrlə yazılmış və daha dəqiq oxumanı təmin edən digər “Qurani-Kərim” kitabı da burada saxlanılır. Bizə məlumat verildi ki, burada yerləşən məqbərənin altında İmam Hüseynin başı dəfn edilib. Məscid də elə ona görə İmam Hüseyn məscidi adlanır.
Festivalda Azərbaycanın rəqs kollektivi çıxış edib, tariximizi, memarlığımızı və turizm potensialımızı əks etdirən fotolar sərgilənib
Onu da xatırlatmaq yerinə düşər ki, Misirin paytaxtı Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının I İslam Mədəniyyəti Festivalı çərçivəsində mədəni tədbirlər, elmi seminarlar və müxtəlif təqdimatlar keçirilib. Silsilə tədbirlər Qahirə Opera Teatrında, əl-Hənacir İncəsənət Mərkəzində, Mədəniyyət üzrə Ali Şurada, Böyük İslam Muzeyində, Əmir Taz sarayında, Ərəb Dövlətləri Liqasının binasında, əl-Əzhər əş-Şərifdə və digər yerlərdə təşkil edilib. Festivalda bir sıra beynəlxalq İslam təsisatları, o cümlədən Tarix, İncəsənət və Mədəniyyət Mərkəzi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi, İslam Həmrəylik Fondu, həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı və digər qurumların təqdimatı keçirilib.
Bu baxımdan fevralın 9-dək davam edən I İslam Mədəniyyəti Festivalı çərçivəsində İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin təmsilçilərinin sərgi və tədbirləri də baş tutub. Festivalın ilk günündə Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Misir, Səudiyyə Ərəbistanı və Seneqalı təmsil edən rəqs kollektivləri səhnədə çıxış edib.
Bununla yanaşı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotoları festival çərçivəsində təşkil edilən fotosərgidə nümayiş olunub. Sərgi Qahirə Opera Teatrında açılıb. “Bir millət, mədəniyyətlərin müxtəlifliyi” şüarı altında keçirilən açılış mərasimində 20-dən çox dövlətin nümayəndələri iştirak ediblər. Tədbirdə İslam dünyasına öz töhfələrini vermiş bir sıra görkəmli xadimlərin xatirəsi anılıb.
Qahirədən təəssüratlar...
Tarix boyu müxtəlif sivilizasiyaların vətəni olan Misir, eləcə də onun möhtəşəm paytaxtı Qahirə qədim dövrlərdən indiyə qədər ölkənin, hətta regionun gələcək taleyini müəyyənləşdirə biləcək bir çox tarixi hadisələrin şahidi olub. Hazırda 20 milyondan çox əhalisi olan şəhərdə son 8 ildə baş verən inqilabları, çevrilişləri də bu qəbildən olan tarixi olaylar hesab etmək mümkündür. Ən azı ona görə ki, 2011-ci ildə baş verən inqilabdan sonra ölkə faktiki olaraq vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı.
Bizə məlumat verildi ki, 2017-ci ildən sonra ölkədə həyat şəraiti normal məcraya düşsə də, Yaxın Şərqi cənginə alan terror təhlükəsinə görə hələ də Misirin paytaxtında fövqəladə vəziyyət hökm sürür. İnqilab zamanı baş verən əsas hadisələrin cərəyan etdiyi Qahirənin ən nəhəng və məşhur meydanlarından olan Təhrir meydanı da fövqəladə vəziyyətə görə giriş-çıxışa məhdudiyyət qoyulan məkanlardandır.
Onu da qeyd edək ki, “Ərəb baharı” adlanan bədnam inqilab dalğası digər ərəb ölkələrində olduğu kimi, 100 milyondan çox əhalinin yaşadığı Misirdə də əksər vətəndaşlara işsizlik, yoxsulluq və digər çətinliklərdən başqa, heç nə verməyib. Belə ki, 2011-2018-ci illər arasında əhalinin işsiz və yoxsul təbəqəsinin göstəricisi 30 faizə qədər artıb. Ölkənin əsas gəlir mənbələrindən olan turizm sektoru da böyük itkilərlə üzləşib. Rəsmi statistikaya görə, inqilabdan əvvəl Misirin Tarix muzeyinə il ərzində 14 milyona yaxın turist gəlirdisə, 2013-cü ildən 2018-ci ilə qədər bu rəqəm 5 milyondan aşağıya düşüb. Yeni hakimiyyət bu problemləri aradan qaldırmağa çalışır. 2017-ci ildən sonra ölkəyə gələn turistlərin sayının artması da bunu sübut edir.
Ümumiyyətlə, Qahirənin gəzməli və görməli yerləri çox olsa da, bir çox hallarda şəhərin qatı toz dumanına bürünməsi, hətta bəzi hallarda sakinlərin küçəyə çıxmasının zərərli olması barədə xəbərdarlıq edilməsi Misir paytaxtını turistlərin gəzməsi üçün əlverişsiz edir. Qahirədə insanların normal həyat tərzi sürməsinə bir tərəfdən Afrika səhralarından əsən küləyin hesabına şəhərin toz dumanına qərq olması mənfi təsir göstərsə də, digər tərəfdən şəhərdə əhalinin sayının artması da müəyyən çətinliklər yaradır. Onu da xatırlatmaq yerinə düşər ki, yeni hakimiyyət bu kimi problemləri də nəzərə alaraq Qahirənin şərqində yeni paytaxt salınması planına start verib. 5 milyon əhalinin yaşaması nəzərdə tutulan yeni paytaxtın inşa edilməsi üçün isə 45 milyard dollar pul xərclənəcək.
“Dinlərarası və Sivilizasiyalararası əməkdaşlıqdan ümumbəşəri həmrəyliyə doğru”
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Misirdən sonra Vyanada keçirilən KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 20-ci sessiyasında iştirak etmək üçün Avstriya Respublikasında səfərdə olub. 
Sessiyada Mərkəzin 2020-2024-cü illər üçün iş planı və strategiyası müəyyənləşdirilib. Strateji plan dinlərarası dialoqun insan hüquqları, miqrasiya, ətraf mühitin qorunması, zorakılığa qarşı mübarizə, qeyri-ənənəvi dini cərəyanlarla dialoqun qurulması, eləcə də qadın və gənclər məsələləri üzrə istiqamətləri əhatə edir. Dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının iki gün davam edən sessiyasında Avropa, Amerika, Afrika, Asiya, o cümlədən Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr, habelə bu regionlarda baş verən mühüm hadisələrə dair müzakirələr aparılıb. 
Sessiyada açılış nitqi ilə çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Şura üzvlərinə bir il əvvəl Qafqaz Müsəlmanları İdarəsinin nəzdində təsis olunmuş “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC) təşkilatçılığı ilə 2018-ci il ərzində Avropada keçirdiyi iki irimiqyaslı beynəlxalq konfrans barədə məlumat verib. A.Paşazadə bu yaxınlarda BCIC-in yeni mühüm addımlar atmağa hazırlaşdığını diqqətə çatdırıb. Belə ki, Azərbaycanda elan olunmuş “Multikulturalizm” və “İslam Həmrəyliyi” illərinin ardınca Prezident İlham Əliyevin 2019-cu ili böyük İslam mütəfəkkiri, azərbaycanlı alim və şair İmadəddin Nəsiminin şərəfinə “Nəsimi ili” elan etdiyini xüsusi vurğulayan QMİ sədri BCIC xətti ilə bu il müxtəlif yerli və beynəlxalq tədbirlərin keçiriləcəyini, həmin tədbirlərdə dinlər və sivilizasiyalararası əməkdaşlıq ideyalarının davamlı təbliğinin prioritet olacağını bəyan edib.
Şeyxülislam Allahşükür Paşazadə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin KAICIID Dialoq Mərkəzi ilə müştərək iyunun 19-u və 20-də Vyanada keçirməyi nəzərdə tutduğu “Dinlərarası və Sivilizasiyalararası əməkdaşlıqdan ümumbəşəri həmrəyliyə doğru” mövzusunda beynəlxalq konfrans barədə Şura üzvlərini məlumatlandırıb. KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvləri Vyana Beynəlxalq Konfransının keçirilməsi kimi mühüm təşəbbüsü yekdilliklə bəyənərək, bu mötəbər forumda həmtəşkilatçı qurum olaraq çıxış edəcəkləri barədə qərar qəbul ediblər. Sessiyanın ikinci bölməsində Azərbaycan və Avstriya hökumətlərinin müvafiq dövlət qurumlarının həmtəşkilatçılığı ilə baş tutacaq adıçəkilən konfransın təqdimatı keçirilib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dünyaya yeni bir model təqdim edib
Qeyd edək ki, KAICIID Dialoq Mərkəzi Azərbaycanın həyata keçirdiyi dinlərarası dialoq siyasətindən sonra meydana çıxan təşkilatlardandır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda “Multikulturalizm ili” və “İslam Həmrəyliyi ili” elan olunmasının ardınca Azərbaycan dövlətinin bu siyasəti dinlərarası dialoq platformasına çevirməsi böyük əhəmiyyət daşıyır. Belə ki, dinlərarası dialoq platforması çərçivəsində bir çox ölkədə, o cümlədən Almaniyada, İspaniyada, Rusiyada, Türkiyədə, İranda silsilə tədbirlər keçirməklə və bu tədbirlərdə Azərbaycanda yaşayan digər səmavi dinlərin nümayəndələrinin iştirakını təmin etməklə əslində Azərbaycan dünyaya yeni bir model təqdim edib. Bu model bütün dinlərin bir arada yaşaya biləcəyinin mümkün olduğunu göstərir.
Bu baxımdan hazırkı mərhələdə dinlərarası dialoqun həyata keçirilməsi qlobal müstəvidə dinlərarası fəaliyyəti təmin edəcək yeni təşkilatlanmanı zəruri edib. Bundan sonra səmavi olmayan digər konfessiya və dini cərəyanlarla dialoqun qurulması məqsədilə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi yaradılıb. Burada İslam, xristianlıq, iudaizm kimi səmavi dinlərlə yanaşı, digər səmavi olmayan dinlərin - buddizmin, şintoizmin və digər qeyri-səmavi, qeyri-ənənəvi dinlərin nümayəndələrinin də təmsil olunduğu yeni bir dialoq platformasının yaradılması planlaşdırılıb.
Xatırladaq ki, Şeyxülislam Allahşükür Paşazadə, həmçinin KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin 9 nəfərlik Direktorlar Şurasının üzvüdür. Bu da təsadüfi deyil. QMİ sədri Azərbaycanı təmsil etməklə yanaşı, Azərbaycanda həyata keçirilən sivilizasiyalararası və dinlərarası dialoqun rəsmi dövlət siyasətinin dini müstəvidə təmsilçisi kimi çıxış edir. Bu kontekstdə həmin dialoqun yaratdığı ideoloji və mənəvi əsasların daha da gücləndirilməsi növbəti mərhələdə islamofobiyadan, ksenofobiyadan uzaq olan mənəvi mühitin formalaşması üçün təşkilatlanmanı şərtləndirir. Çünki hazıkı mərhələdə Avropada bir çox hallarda siyasi tendensiyalar məhz ksenofobiya üzərində şərh olunan kontekstdə formalaşır, anti-İslam prinsipləri üzərində siyasi fəaliyyətini quran bəzi liderlər, çox güman ki, hakimiyyətə gəldikdən sonra da anti-İslam fəlsəfəsinə söykənən auditoriya yaradacaqlar. Bu da, çox təəssüf ki, dinlərarası münasibətlərin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Yəni perspektivdə qarşıdurmaların sayı artarsa, dünyanın idarə olunması da çətinləşər. Sivilizasiyalar arasında və xaqlar arasında sülhün və dialoqun qurulması da olduqca çətinləşər ki, bu da bəşəriyyətin inkişafına, sivilizasiyalararası münasibətlərə mane ola bilər.
Məhz bu səbəblərdən KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi kimi təşkilatların yaranması və bu qəbildən olan platformalarda bütün din daşıyıcılarının və sistemlərin təmsil olunması, şübhəsiz ki, Azərbaycandan başlayan dinlərarası dialoqun davamı kimi qiymətləndirilə bilər. 
Azərbaycan dinlərarası və sivilizasiyalararası əməkdaşlıq sahəsində aparıcı mövqeyə çıxır
Ölkəmizdə sivilizasiyalararası və dinlərarası dialoqun mövcud vəziyyətini və Azərbaycanın milli maraqlarını əsas götürərək Azərbaycan Prezidentinin apardığı multikultural və sülhpərvər siyasəti nöqteyi-nəzərindən QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi Əbu-Dabidəki forumu və Qahirədəki festivalı, həmçinin Vyanada keçirilən Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin sessiyasını mühüm əhəmiyyətli tədbirlər kimi qiymətləndirmək olar. İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin qeyd etdiyi kimi, Prezident İlham Əliyevin Şərq və Qərb sivilizasiyalarını dialoq platforması ilə daha da yaxınlaşdırmaq təşəbbüsü real nəticələrini verir.
İstər Avropada, istərsə də Şərq ölkələrində keçirilən dinlərarası və mədəniyyətlərarası dialoqa həsr olunmuş tədbirlərdə ölkəmizin təşəbbüskar və təşkilatçı kimi çıxış etməsi dünyada mövcud olan dinlərarası və sivilizasiyalararası ziddiyyətlərin həllində Azərbaycanın mühüm rol oynadığını bir daha göstərir. Təbii olaraq Azərbaycanın dinlərarası və sivilizasiyalararası əməkdaşlıq sahəsində təqdim etdiyi platforma da ciddi uğurların əldə olunmasını şərtləndirir. Bu baxımdan ölkəmizdə mövcud olan və bütün dünyaya örnək olaraq göstərilən müxtəlif dinə, məzhəbə mənsub xalqlar arasında dostluq və birgəyaşayış modelinin dünyaya təbliği istiqamətində aparılan fəaliyyət sayəsində Azərbaycan bu prosesdə aparıcı mövqeyə çıxır. 
HİKMƏT BABAOĞLU
Bakı-Qahirə-Vyana-Bakı

 
  • Oxunub:  4530  |  
  • Tarix:  06-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA