
Yerevan Dövlət Universitetində keçirilən konfransda Taleh Bağırov “yaşıl inqilab lideri” adlandırılıb
Sirr deyil ki, bu gün dünyanın bir çox yerində dindən siyasi məqsədlər naminə istifadə olunur və bu kontekstdə radikal-ekstremist qüvvələrdən yararlanmaq təcrübəsi xüsusilə aktuallıq kəsb edir. Vurğulamaq lazımdır ki, tolerantlıq nümunəsi kimi xarakterizə olunan və dünyaya yeni multikulturalizm modeli təqdim edən Azərbaycanda heç vaxt din və ya məzhəb ayrı-seçkiliyi olmayıb. Təəssüfləndirici haldır ki, bəzən bir sıra xarici anti-Azərbaycan mərkəzlərin və ermənipərəst qrupların sifarişi və maddi dəstəyi ilə ölkədə təxribat yaratmaq istəyən destruktiv qüvvələr də tapılır ki, nəticə etibarı ilə onların cəhdləri də boşa çıxır. Məsələn, 2015-ci ildə Taleh Bağırovun yaratdığı qeyri-qanuni silahlı birləşmə də Azərbaycanda din pərdəsi arxasında xaos, qarşıdurma yaratmaq niyyətində olub. Xatırladaq ki, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən bu silahlı cinayətkar dəstə 2015-ci ilin noyabr ayında təxirəsalınmaz əks tədbirlər nəticəsində zərərsizləşdirilib. Müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov və digərləri dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaradıblar. Bu şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar.
2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat nəticəsində adıçəkilən T.Bağırov və onun dəstəsinə daxil olan şəxslər həbs olunublar. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdı və iki polis həlak olmuşdu.
Qeyd etmək lazımdır ki, T.Bağırov və onun “Müsəlman birliyi” adlı qeyri-qanuni dəstəsi bununla da birmənalı olaraq xarici dairələrin göstərişləri ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremist simalarını xalqa göstərmişdilər. Əlinə düşən bütün fürsətlərdə xalqı itaətsizliyə çağıran, silahlı qarşıdurma yaratmağa rəvac verən, sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyib, onlara qarşı ölüm çağırışları edən və gec-tez öz niyyətlərini reallaşdıracaqlarını bildirən T.Bağırov və onun başçılıq etdiyi terror qruplaşması məhkəmənin hökmü ilə qanuni şəkildə məsuliyyətə cəlb olundu və öz cəzalarını aldılar.
Hazırda isə T.Bağırovun xarici dairələrin sifarişi əsasında fəaliyyət göstərməsinə dair yeni faktlar ortaya çıxır. Məsələn, Yerevan Dövlət Universitetinin auditoriyasında 20-yə yaxın şəxs konfransa toplaşaraq Azərbaycan daxilində etnik və dini ədavəti qızışdırmaq yollarını müzakirə ediblər. Etnik məsələ ətrafında “debat”ların nəticəsi olaraq “iyirmilik” Taleh Bağırovu Azərbaycanda “yaşıl inqilabın lideri” elan edib. 2015-ci ildə qanlı Nardaran hadisələrinin təşkilatçılarından biri olmuş, indi isə Qobustan həbsxanasında məhbus həyatı yaşayan Talehin Yerevandakı auditoriyanın diqqətini cəlb etməsi isə bir daha bu şəxslər arasında sinxron fəaliyyət olduğunu göstərir.
Göründüyü kimi, T.Bağırovun və onunla həmfikir olanların hansı məqsədlərə xidmət etməsi gün kimi aydındır. Onlara dəstək verən radikal müxalifət isə dövlət maraqlarına qarşı mövqe tutduqlarını bir daha ortaya qoyurlar. Amma bu ekstremist hisslərlə yaşayan, terroru dəstəkləyənlər unudurlar ki, Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik təmin olunub, dövlət radikal-ekstremist qrupların xaos yaratmaq cəhdlərinə izin vermir. Ümumiyyətlə, yerləşdiyi regionun ən güclü dövləti olan Azərbaycan heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq istəyinin baş tutmasına imkan vermir. Azərbaycan öz inkişaf yolunda irəliləyir və ictimai maraqların, milli təhlükəsizliyin təmin olunması əsas məqsəd kimi müəyyənləşdirilib. Ölkəmizin suverenliyinin qorunması, xalqımızın təhlükəsizliyinin təminatı Azərbaycan dövlətinin əsas prioritetidir. Dünyada tolerantlıq nümunəsi sayılan ölkəmizdə insanların bütün hüquqları ölkə Konstitusiyası ilə tanınır və qorunur. T.Bağırov kimilərinin silahlı güc yolu ilə demokratik dövlət quruluşuna qarşı çıxışlar etməsi isə bütün cəmiyyətimiz tərəfindən etirazla qarşılanır.
Pərviz SADAYOĞLU
- Oxunub: 4950 |
- Tarix: 10-07-2019 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal müxalifət dövlətə və xalqa qarşı mübarizə aparır(2019-12-04 09:32:29)
- - Azərbaycan xalqı radikal müxalifəti dəstəkləmir(2019-12-03 09:38:16)
- - Havadarları radikal müxalifət düşərgəsindən üz döndəriblər(2019-11-30 09:58:02)
- - Radikal müxalifət düşərgəsi maddi gəlir əldə etmək üçün bütün yollara baş vurur(2019-11-29 09:28:35)
- - AXC-“Müsavat” hakimiyyətinin cinayətkar əməlləri xalqımız tərəfindən unudulmayıb(2019-11-28 09:20:34)
- - Siyasi dönük, flüger Əli Kərimlinin bütün fəaliyyəti satqınlıq üzərində qurulub(2019-11-27 09:15:43)