
Və yaxud növbəti özünüifşaya çevrilən piket bir daha göstərdi ki, AXCP normal şəkildə aksiya təşkil etmək iqtidarında deyil
Məlum olduğu kimi, dünən qondarma “Milli şura” və AXCP-nin birgə aksiya keçirmək cəhdi yenidən fiasko ilə nəticələndi. Daha dəqiq desək, Əli Kərimlinin 50 nəfərlə “inqilab” etmək cəhdi radikal düşərgənin, xüsusilə də AXCP və “Milli şura” adlı qondarma qurumun miskin durumunu, verilən populist bəyanatların arxasında heç bir real güc olmadığını açıq şəkildə nümayiş etdirdi. Əslində bu da tam gözlənilən idi. Çünki hələ bir neçə gün öncədən AXCP sədrinin sosial şəbəkələrdə ciddi-cəhdlə vətəndaşları bu aksiyanı müşahidə etməyə çağırması şəhərin mərkəzində itaətsizlik mühiti və hətta mümkün olacağı təqdirdə qarşıdurma yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniya aparmaq məqsədi daşıdığını ortaya çıxarırdı.
Vurğulamaq lazımdır ki, aidiyyəti orqanların xəbərdarlığına baxmayaraq, sosial şəbəkələrdə piketi mitinqə çevirmək və daha radikal metodlara əl atmaq çağırışları Ə.Kərimli və yaxın ətrafının məqsədinin heç də dinc aksiya keçirmək deyil, yaradılmış imkandan istifadə edərək öz məkrli niyyətlərini reallaşdırmaq olduğunu göstərirdi. Bunun bariz göstəricisi isə hələ aksiya başlamamışdan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti ilə üzbəüz istiqamətdə toplaşan Tofiq Yaqublu və digərlərinin süni ajiotaj yaratması idi. Belə ki, onlar aksiyanı “arzuladıqları” kimi keçirmək istədiklərini bəyan edir və piket üçün hər hansı yer ayrılmasından narazılıqlarını bildirirdilər. Eləcə də aksiya başlamamışdan əvvəl təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayışın olduğu ərazidəki dar səkilərdə müxtəlif şüarların səsləndirilməsi, ajiotaj yaratmaq cəhdləri qanunun tələblərinə zidd əməllər olmaqla yanaşı, həm də bu insanların niyyətlərinin öz etirazlarını bildirmək deyil, asayiş keşikçilərini təxribata çəkmək və problem yaratmaq olduğunu nümayiş etdirirdi.
Beləliklə bir daha bəlli oldu ki, Ə.Kərimli və onun ətrafındakılar sivil siyasi mübarizə metodlarını mənimsəmə imkanında deyillər. Yəni məhz dünən keçirilən aksiyada da polisin qanuni tələblərinə əməl etməmək, müqavimət göstərmək, təhqiramiz ifadələr işlətmək, yolu bağlamaq, nəqliyyatın hərəkətinə maneçilik törətmək və s. bu kimi əməllər bir daha göstərdi ki, 90-cı illərin psixologiyası, ab-havası ilə yaşayan bu dağıdıcı ünsürlər heç vaxt düzəlməyəcəklər və ilk fürsətdə cəmiyyətdə qarşıdurma, xaos yaratmağa çalışırlar. Hətta kənarda əlində “Xalq sizinlədir - cənab Prezident İlham Əliyev” şüarı ilə dayanan bir nəfərə qarşı cəbhəçilərin hücumu, plakatın onun əlindən alınması və cırılması bu insanların destruktiv, dözümsüz, təxribatçı qaragüruh olduğunu, heç bir sivil mübarizə metodlarını tanımadığını göstərdi.
Ən maraqlı məqam isə dünənə qədər sosial şəbəkələrdə “mən-mən” deyə yaxasını cıran Əli Kərimlinin yenə də piketdə gözə dəyməməsi oldu. Onun öz ətrafını təlimatlandırıb prosesi kənardan izləmək yolunu tutması bir daha sübut edir ki, AXCP sədrinin deməyə sözü yoxdur, bu adam tamamilə tükənib. Əgər belə deyilsə, demək ki, o, öz “personası” haqqında o qədər yüksək fikirdədir ki, piketi özünə yaraşdırmayıb.
Bəli, bütün bunlar, yəni dünən baş verənlər AXCP və qondarma “Milli şura”da toplaşan radikal ünsürlərin normal qaydada, sivil, qanunlara riayət etməklə kütləvi tədbir keçirmək iqtidarında olmadıqlarını növbəti dəfə üzə çıxardı. Bir daha bəlli oldu ki, radikal düşərgə təmsilçiləri hər belə bir imkandan qanunları pozmaq, qarşıdurma yaratmaq və tamaşa təşkil edərək növbəti kampaniya üçün mövzu qazanmaq şansı kimi istifadə etməyə çalışır, bu “aksiyaları” məhz belə qiymətləndirirlər.
- Oxunub: 3810 |
- Tarix: 09-10-2019 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal müxalifət dövlətə və xalqa qarşı mübarizə aparır(2019-12-04 09:32:29)
- - Azərbaycan xalqı radikal müxalifəti dəstəkləmir(2019-12-03 09:38:16)
- - Havadarları radikal müxalifət düşərgəsindən üz döndəriblər(2019-11-30 09:58:02)
- - Radikal müxalifət düşərgəsi maddi gəlir əldə etmək üçün bütün yollara baş vurur(2019-11-29 09:28:35)
- - AXC-“Müsavat” hakimiyyətinin cinayətkar əməlləri xalqımız tərəfindən unudulmayıb(2019-11-28 09:20:34)
- - Siyasi dönük, flüger Əli Kərimlinin bütün fəaliyyəti satqınlıq üzərində qurulub(2019-11-27 09:15:43)