
Xaricdəki əks qütblərdə dayanan antimilli mərkəzlərin maraqlarını ifadə edən və qondarma quruma fərqli gözləntilər prizmasından baxan ayrı-ayrı radikal müxalifət partiyalarının təmsilçilərinin bir dam altında qalmaları mümkün deyil
Kosmopolit təbiətli, daha çox da ermənipərəstliyi ilə ad çıxaran Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli şura” yenicə təsis olunsa da, onunla bağlı verilən açıqlamalardan bəlli olur ki, bu qondarma qurum da radikal müxalifətin bundan əvvəl yaranıb da tez sıradan çıxan saxta birlik təşkilatlarının aqibətini yaşayacaq. Yəni ictimaiyyətin sağlam qüvvələrinin, eləcə də ayrı-ayrı müxalifət partiyalarının təmsilçilərinin sərgilədikləri münasibəti, ifadə etdikləri fikirləri ümumiləşdirdikdə belə qənaət hasil olur ki, qondarma quruma nə cəmiyyətdə, nə də tarixdə yer yoxdur. Bu qurum ermənipərəst Rüstəm İbrahimbəyov-reneqat Eldar Namazov cütlüyünün böyük hay-küyü ilə gündəmə gəlsə də, izsiz-tozsuz sıradan çıxacaq.
Cəmiyyətin, o cümlədən də müxalifət təmsilçilərinin qondarma “Milli şura” ilə bağlı bədbin proqnozlar vermələrinə əsas olan bir sıra amillər var. Hər şeydən əvvəl onu vurğulayaq ki, qondarma qurumun nə ideya baxımından, nə də qarşıya qoyduğu hədəflər nöqteyi-nəzərindən Azərbaycan cəmiyyətinə hər hansı şəkildə bağlılığı yoxdur. Yəni adına “milli” sözü yapışdırılsa da, bu qondarma qurum cəmiyyətimizin sosial-siyasi sifarişi kimi meydana çıxmayıb. Buna görə də, Rüstəm İbrahimbəyovun “Milli şura”sını heç bir halda ictimai-siyasi, milli məzmun kəsb edən qurum kimi xarakterizə etmək mümkün deyil. Radikal müxalifət düşərgəsinin yeni saxta birlik formatının, necə deyərlər, möhürü üstündədir: Bu qurum xaricdəki, ilk növbədə də Rusiyadakı anti-Azərbaycan dairələrin maraqlarına uyğun yaradılıb. Burada hədəf Azərbaycanın imicinə kölgə salmaqdan, cəmiyyəti təxribatlara çəkməkdən və bu kimi başqa vasitələrlə ölkənin ahəngdar inkişafına xələl gətirməkdən ibarətdir. Heç də təsadüfi deyil ki, xaricdəki antimilli qüvvələr öz məkrli niyyətlərini reallaşdırmaq üçün məhz Azərbaycan cəmiyyətinə bağlılığı olmayan kosmopolit Rüstəm İbrahimbəyovu və reneqat Eldar Namazovu seçiblər.
Ayrı-ayrı radikal müxalifət partiyalarının “Milli şura”da təmsilçiliyi isə bir tərəfdən bağlı olduqları digər antimilli qüvvələrin sifarişlərini yerinə yetirmək məcburiyyəti ilə bağlıdırsa, digər tərəfdən də sırf özəl məqsədlərlə, daha konkret ifadə etsək, qondarma qurumdan müəyyən gözləntilərlə əlaqədardır. Yəni, radikal düşərgəni bir növ inhisara götürən AXCP, “Müsavat” kimi partiyalar öz ənənələrinə uyğun olaraq “Milli şura” nədirsə ondan da pay götürmək niyyəti ilə qondarma qurumun qapısını açıblar.
Beləliklə, Rüstəm İbrahimbəyovun “Milli şura”sında həm xaricdəki antimilli mərkəzlərin, həm də qondarma qurumda təmsil olunan partiyaların, qrupların maraqları kəsişir və hər tərəf də öz sifarişlərini daha ötkəm tərzdə diktə etməyə, öz maraqlarının daha gen-bol təmin olunmasına çalışır. Bu cəhətə diqqət yetirən Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib: “Milli şura”nın tərkibi ideoloji cəhətdən çox qarışıqdır, özü də bir-birlərinə uyuşmazların qarışığıdır”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə qondarma qurumun “biri ala dərədən, digəri qara dərədən olan” tərkibi ilə bağlı fikirlərini belə ifadə edib: “Milli şura”nın siyahısında tamamilə bir-birinə zidd fiqurlar var ki, onların bir arada təmsil olunacağı ilə bağlı çox əcaib bir situasiya alınır”.
“Milli şura”da müxtəlif antimilli mərkəzlərin maraqlarını ifadə edən, həmçinin, fərqli məqsədlər güdən, ambisiyalardan çıxış edən partiyaların təmsilçilərinin bir dam altında uzun müddət qalmasını təsəvvür etmək belə mümkün deyil. Təsadüfi deyil ki, siyasi müşahidəçilər ambisiyaları, ayrı-ayrı partiya təmsilçilərinin müxtəlif maraqları ifadə etmələrini “Milli şura”ya qoyulan barıt çəlləyinə bənzədirlər və o qənaətdədirlər ki, bu barıt çəlləyi hər an partlayıb qondarma qurumun axırına çıxa bilər.
Siyasi müşahidəçilərin ehtimalları özünü doğruldur. “Milli şura” yenicə elan olunsa da, onun sıralarından ilk qopmalar baş verib. Müəyyən gözləntilərin müqabilində “Milli şura” təkliflərinə “hə” deyən müxalifət təmsilçiləri bu gözləntilərinin doğrulmayacağını, əksinə “Milli şura”nın tərkibində qalmaqla ziddiyyətlər burulğanından çıxa bilməyəcəklərini düşünərək ya qondarma quruma qatılmaq istəmədiklərini dilə gətirir, ya da ki, “üzü sulu ikən” onun sıralarını tərk etməyə üstünlük verirlər.
İlk belə qərar “Müsavat”ın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıdan gəldi. “Müsavat” funksioneri qondarma qurumun fəaliyyət prinsiplərinə və tərkibinə etirazını bildirir. O deyir: “Əgər orada bizim ideoloji siyasi xəttimizə zidd fəaliyyət göstərən insanlar əksəriyyət təşkil edəcəksə, təbii ki, belə bir qurumda da iştirakımızın əhəmiyyəti olmaz”.
Arif Hacılının ardınca “Müsavat”ın digər funksioneri- “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da adının “Milli şura”nın siyahısından çıxarılmasını istədiyini dilə gətirdi. Qondarma quruma inamsızlıq nümayiş etdirənlərin siyahısında, həmçinin, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu, Hacı Abgül Süleymanov və başqalarının adları yer alır. Adları Rüstəm İbrahimbəyovun “Milli şura”sının siyahısına salınan müxalifət təmsilçilərinin inamsızlığının pik həddi isə elə qondarma qurumun təsis iclasında üzə çıxdı. İnternet üzərindən həmin iclası izləyənlər bildirirlər ki, təsis toplantısına adı siyahıya salınanların ən azından yarısı qatılmayıb. İş o yerə çatıb ki, “Milli şura”nın təşəbbüsçüləri görüntü yaratmaq xatirinə salona “Milli şura”ya hər hansı şəkildə aidiyyəti olmayan insanları doldurublar.
Siyasi müşahidəçilər o qənaətdədirlər ki, qondarma qurumdan qopmalar bundan sonra daha intensiv hal alacaq. Hətta partiyaların Rüstəm İbrahimbəyovun “Milli şura”sını qrup halında tərk edəcəkləri bildirilir. Artıq müxalifət düşərgəsində belə bir addımı ilk olaraq “Müsavat”ın atacağı barədə rəy formalaşıb. Çünki “Müsavat”çılarla “Milli şura”nın təşəbbüsçüləri olan Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyü arasında bir sıra məqamlarda, o cümlədən Qərbə inteqrasiya və “vahid namizəd” məsələlərində kəskin fikir ayrılığı var. Bu səbəbdən də “Müsavat”da “Milli şura”nın tərkibində qalmağı əlavə “başağrısı” hesab edirlər və bu “başağrısından” qurtulmağın yollarını düşünürlər. Siyasi müşahidəçilər o qənaətdədirlər ki, Arif Hacılının və Rauf Arifoğlunun timsalında “Müsavat”çıların “Milli şura”ya inamsızlıq nümayiş etdirmələri son nəticədə partiyanın qondarma quruma birdəfəlik “əlvida” deməsinə zəmin hazırlamağa hesablanıb.
- Oxunub: 22860 |
- Tarix: 12-06-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimlinin yeni qanunsuz maliyyə mənbələri ortaya çıxır(2019-01-31 08:56:50)
- - Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır(2019-01-25 09:48:00)
- - 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib(2019-01-18 09:47:38)
- - Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir(2018-10-06 10:37:24)
- - İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!(2018-10-04 08:33:32)
- - Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı(2018-04-26 09:08:30)