/ Müasir, demokratik və qüdrətli Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlərə imza atır
Müasir, demokratik və qüdrətli Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlərə imza atır
24.12.2019 [09:57]
Hikmət BABAOĞLU
Dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir. Tarixi təcrübə göstərir ki, tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətlərindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında aparıcı rola malikdir. Lider yalnız tərəfdarlarını, xalqı arxasınca aparan rəhbər deyil, o həm də tarix yazan, tarixin yazdığı və tarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir. Bu kontekstdə ayrı-ayrı xalqların və dövlətlərin timsalında müxtəlif nümunələr mövcuddur.
Bir əsrdə iki dəfə istiqlaliyyət qazanmış Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dinamik inkişafı bilavasitə liderlik amili ilə bağlıdır. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan təcrübəsiz, səriştəsiz, antimilli qrupların milli maraqlara zidd fəaliyyəti nəticəsində xaos və anarxiya meydanına çevrilən Azərbaycanı böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Ona görə də Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir. Heydər Əliyev siyasətinin davamçısı, hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində isə müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edib, öz adını tarixə XXI əsrin ən uğurlu dövlətlərindən biri kimi yazıb. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
Prezident İlham Əliyev həm rəsmi, həm də qeyri-rəsmi liderdir
Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Ümumiyyətlə, siyasi liderlər müxtəlif meyarlar əsasında bir neçə qrupda təsnif edilir. İlk növbədə, təsdiqinə görə siyasi liderlər formal və qeyri-formal (rəsmi və qeyri-rəsmi) olmaq etibarilə iki qrupda təsnif edilir. Formal liderlər inzibati qayda və resurslarla müəyyən quruma rəhbərlik edən şəxslərdir ki, onların rəhbərliyi rəsmi xarakter daşıyır və nüfuz-təsir imkanları bilavasitə rəsmi, inzibati resursların fonunda müəyyən edilir. Qeyri-formal liderlərin isə rəsmi, inzibati resurslarla quruma rəhbərlik etməsi şərt deyil. Onlar şəxsi keyfiyyətləri və nüfuzları, harizmatik xüsusiyyətləri ilə müəyyən qurum və qrup tərəfindən lider kimi qəbul edilirlər. Bəzən bir şəxs həm formal, həm də qeyri-formal lider statusu daşıya bilir. Məsələn, 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Heydər Əliyev formal və qeyri-formal lider statusu daşımağa başladı. Əgər müstəqilliyin ilk iki ilində O, ölkəyə rəhbərlik etmədiyi zaman kəsiyində şəxsi nüfuzu, keyfiyyətləri və harizması ilə qeyri-formal lider idisə, 1993-cü ildən sonra xalqın seçimi nəticəsində həm formal, həm də qeyri-formal lider statusu daşımağa başladı. Eləcə də Prezident İlham Əliyev ötən dövrdəki uğurlu fəaliyyəti və yüksək nüfuzu ilə Azərbaycan xalqının həm rəsmi, həm də qeyri-rəsmi lideri olduğunu sübuta yetirib.
Ayrı-ayrı ölkələrdə prezident seçildikdən sonra ölkə rəhbəri rəsmi lider hesab olunur. Lakin bəzi hallarda müəyyən zaman keçdikdən sonra onun reytinqi aşağı düşməyə başlayır və müxalifətdə olan hansısa siyasətçinin reytinqi onu üstələyir. Bu zaman müxalifətdə olan siyasətçi xalqın qeyri-rəsmi liderinə çevrilir. Prezident İlham Əliyev isə, qeyd etdiyimiz kimi, Azərbaycan xalqının rəsmi lideri olmaqla yanaşı, həm də qeyri-rəsmi lideridir. Ötən 16 il ərzində nəinki Onun reytinqi daha da artıb. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir. Dövlət başçısı Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bu məqamlara toxunaraq “...Xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir”, - deyə bildirib. Prezident İlham Əliyev əhalinin mütləq əksəriyyətinin iqtidara alternativ görmədiyini deyib. Həqiqətən də, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür.
Funksiyalarına görə siyasi liderlər “bayraqdar”, “təmsilçi”, “yanğınsöndürən”, “faydalı”, “sahibkar”, “aktyor”, “tacir” rəhbərlər kimi səciyyələndirilərək təsnif edilir. “Bayraqdar” lider cəmiyyətdə ali, nəcib şəxsi keyfiyyətlərə malik olan əsl rəhbər kimi qəbul və müdafiə edilir. Belə liderlərin uğurlarının əsasında səmərəli fəaliyyət və onlara göstərilən yüksək etimad, xalq dəstəyi dayanır. Məhz bu cür siyasi liderlər olduqca realist, rasional və praqmatik təfəkkürə malik olurlar və qarşılarına qoyduqları strateji məqsədlərə uğurla çata bilirlər. Bir sözlə, “bayraqdar” liderlər, sözün əsl mənasında, yeganə və əsas aparıcı qüvvə qismində çıxış edirlər.
“Yanğınsöndürən” liderlər isə mürəkkəb situasiyanın fonunda xüsusi fəaliyyətləri ilə milli həmrəylik və bütövlüyün təmin olunmasına nail ola bilən, birləşdirici və xilasedici rəhbər qismində çıxış edirlər. Bir çox liderlərdən fərqli olaraq onlar ən mürəkkəb situasiyalarda özlərinin şəxsi təcrübə və keyfiyyətlərindən xüsusi məharətlə yararlanırlar və xalqın ali mənafeyinin təmin edilməsi missiyasını uğurla yerinə yetirirlər. “Faydalı” liderlər özlərində xüsusi keyfiyyətləri cəmləşdirmiş və bir çox lider modellərinin xüsusiyyətlərini sintez etmiş rəhbər qismində səciyyələndirilir. Məhz bu cür siyasi liderlər ictimai-siyasi proseslərin dərinliklərinə nüfuz edir və sözün əsl mənasında, sabitləşdirici və inkişafetdirici qüvvə kimi müstəsna rola malik olurlar. “Təmsilçi” liderlərin isə fəaliyyət mexanizminin əsasında təmsil etdikləri qrup və subyektlərin maraqlarının təmin edilməsi prinsipi dayanır. Onlar sahib olduqları bütün resurslardan xalqın mənafeyinin təmin edilməsi və tələbatlarının ödənilməsi istiqamətində istifadə etməyi zəruri strateji prinsip kimi qəbul edir və fəaliyyət fəlsəfələrini məhz bu nöqteyi-nəzərdən müəyyən edirlər.
Beləliklə, bütün bu liderlik növləri və modellərinə nəzər yetirdikdə məlum olur ki, Prezident İlham Əliyev fəaliyyət mexanizminin əsaslarına görə “bayraqdar”, “təmsilçi”, “yanğınsöndürən”, “faydalı” lider kimi səciyyələndirilə bilər.
Bunlarla yanaşı, hakimiyyətin legitimliyinə və fərdi xüsusiyyətlərinə görə siyasi liderlər harizmatik, rasional-leqal və ənənəvi liderlər kimi təsnif edilirlər. Harizmatik liderlər təsir imkanları, enerji doğurmaq bacarıqları, natiqlik və ünsiyyətcillik məharətləri ilə fərqlənirlər. Onlar özlərinin ekstraordinar keyfiyyətləri ilə seçilirlər. Bu mənada, Prezident İlham Əliyevi həm də harizmatik lider kimi xarakterizə etmək olar. Təsadüfi deyil ki, bir çox beynəlxalq ekspertlər, o cümlədən nüfuzlu nəşrlər Prezident İlham Əliyevi harizmatik lider qismində dəyərləndirir, dövlət başçısının həm xalq arasında, həm də beynəlxalq səviyyədə yüksək nüfuza malik olduğunu xüsusi olaraq diqqətə çatdırırlar.
Prezident İlham Əliyevin uğurlu strateji kursu nəticəsində Azərbaycan dünyanın ən güclü ölkələri sırasında yer alır
Prezident İlham Əliyev Azərbaycanın dinamik tərəqqisini təmin edən strateji inkişaf paradiqmalarını dəqiq müəyyən edib. İlk növbədə, inkişafın milli - Azərbaycan modelinin formalaşdırılması, yeni keyfiyyət çalarları ilə zənginləşdirilməsi mühüm məqsəd və vəzifə kimi təsbit olunub, bu hədəfə çatmaq üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər səmərəli nəticələr verib. Bir sözlə, Prezident İlham Əliyev inkişafın milli modelini yaratmaqla Azərbaycan iqtisadiyyatının dinamik tərəqqisini təmin edib, ölkəmiz qarşısında yeni perspektivlər açılıb.
Statistik göstəricilər də bu reallığı təsdiq edir. Son 16 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, qeyri-neft sahəsində ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfəyə yaxın artıb. Rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. İqtisadiyyatın genişlənməsinə paralel olaraq ölkəmizin maliyyə təminatı da güclənir. Son 16 ildə respublikamıza daxili və xarici mənbələrdən 260 milyard dollardan çox investisiya yönəldilib. Bu, öz növbəsində, sabitlik adası, inkişaf məkanı olan Azərbaycanın yüksək reytinqini ifadə edir. Eyni zamanda, respublikamızın valyuta ehtiyatları da artır. Azərbaycan öz vəsaitlərinə böyük qənaətlə yanaşır, bir tərəfdən uğurlu iqtisadi inkişaf sayəsində qazanılan vəsaitlər qarşıda duran məsələlərin həllinə, quruculuq-abadlıq işlərinə və bu kimi digər məqsədlərə yönəldilir, həmçinin ölkənin gələcəyi üçün güclü maliyyə təminatları yaradılır. Artıq respublikamızın strateji valyuta ehtiyatlarının 49 milyard dollara çatması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin səmərəliliyini, Azərbaycanın maliyyə qüdrətinin davamlı olaraq artmasını göstərir. Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin olunmasıdır. Başqa sözlə, dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib. Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlərin, ardıcıl və məqsədyönlü işlərin nəticələri ortadadır. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət proqramının icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda müvafiq Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər uğurla davam etdirilir.
Mühüm məqamlardan biri budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq reytinq agentliklərinin hesabatlarında da geniş əks olunur. Bu kontekstdə son olaraq ABŞ-ın “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. Reytinq ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahı Pensilvaniya Universitetinin “BAV Group and Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilib. Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub. Bu, onun göstəricisidir ki, Azərbaycanın müsbət beynəlxalq imici var, bütün sahələrdə əldə olunan inkişaf göstəriciləri, bütövlükdə, ölkəmizin nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir. Bütün mötəbər beynəlxalq qurumlar bunu qeyd edir. Ölkəmizin çox gözəl beynəlxalq imici vardır”.
Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsi və reallıqlar
Azərbaycanın qüdrətinin daha da artmasını, ölkənin dinamik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən mühüm strateji amillərdən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial siyasət kursudur. Dövlət başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur.
Azərbaycanda sürətli inkişaf dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib, bu, bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ötən müddət ərzində ölkəmizin iqtisadi qüdrətinin davamlı olaraq artması vətəndaşların sosial rifahının yaxşılaşmasına, sosialyönümlü layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Son 16 ildə Azərbaycanda əməkhaqları, pensiyalar dəfələrlə artırılıb, 2003-2018-ci illərdə işsizlik səviyyəsi 49 faizdən 5,4 faizə, yoxsulluq səviyyəsi isə 5 faizə enib. Bu, onun göstəricisidir ki, Azərbaycan hökuməti əhalinin rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına, islahatları dərinləşdirmək iradəsinə malikdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Bu gün əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial dövlət modelini uğurla tətbiq edən ölkələr sırasındadır. Azərbaycanda sosial siyasətin səmərəliliyini təmin edən çox mühüm amillərdən biri bu sahədə davamlı islahatların həyata keçirilməsidir. Ölkə başçısı tərəfindən bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, 2019-cu ilin əvvəlindən etibarən sosial islahatlar daha aktiv fazaya daxil olub. Cari ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində Fərman və sərəncamlar imzalaması 4 milyondan artıq insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım olub. Cari ilin əvvəlindən minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi böyük sosial paketin tərkib hissəsidir. Bu sərəncamlar həm dövlət orqanlarında, həm də özəl sektorda çalışanların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salınıb, yüz minlərlə köçkünə yeni evlər verilib, yeni mənzillər təqdim edilib. Şəhid ailələrinə, müharibə veteranlarına güzəştlərin, müavinətlərin, mənzillər və minik avtomobillərinin verilməsi də xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısının vurğuladığı kimi: “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir”.
Çoxşaxəli və kompleks islahatlar: strateji məqsəd dayanıqlı inkişafı təmin etməkdir
Müasir mərhələdə inkişafın Azərbaycan modelinin səciyyəvi xüsusiyyətlərindən biri bütün sahələrdə tərəqqiyə xidmət edən ardıcıl, çoxşaxəli, kompleks xarakterli islahatların həyata keçirilməsidir. İslahatların effektivliyini təmin edən strateji faktor isə Prezident İlham Əliyevin siyasi iradəsidir.
Heç şübhəsiz, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində reallaşır və kompleks xarakter daşıyır. İslahatlar müxtəlif sahələri əhatə edir, icra strukturlarında, idarəetmə orqanlarında, qanunvericilik sahəsində ardıcıl reformalar aparılır. Eyni zamanda, institusional, kadr islahatları uğurla davam etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar, demək olar ki, bütün sahələri əhatə edir”.
Əslində, bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif komponentlərini özündə birləşdirməklə onun tamlığından xəbər verir.
Hazırkı mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünsə də, bir qədər diqqət etsək, kadr islahatlarının digər komponentləri ilə paralel həyata keçirildiyini görə bilərik. 2015-ci ildən qəbul edilən qərarlar, imzalanan Sərəncam və fərmanlar dediklərimizi təsdiq edir. Son dəyişikliklər isə kadr islahatlarında daha yuxarı idarəetmə strukturlarını əhatə etdiyi üçün daha çox diqqət cəlb edir. Bu dəyişikliklər kadr islahatlarının daha da dərinləşməsi kimi qiymətləndirilməlidir. Ancaq bu proses sadəcə kadrların dəyişməsi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsi kimi nəzərdən keçirilməlidir. Çünki böyüyən iqtisadiyyatı idarə etmək və onun inkişafını təmin etmək qlobal iqtisadi çağırışlar və milli maraqlar kontekstində olduqca aktualdır.
İslahatların ən ümdə vəzifələrindən biri də əhalinin rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin daha da aşağı səviyyəyə salınması, sosial islahatların daha da dərinləşməsi məqsədini daşıyır. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların, kadr siyasətinin əsasında xalqın rifahının və ölkəmizin dayanıqlı inkişafının təmin olunması məqsədlərinin dayandığını göstərir. Müxtəlif beynəlxalq reytinq agentliklərinin hesabatlarında əks olunmuş məqamlar da Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatların səmərəliliyini göstərir. “Doing Business” hesabatında dünya miqyasında Azərbaycanın biznes mühitinə görə 25-ci yerdə, son hesabatda isə yenə də 20 ən islahatçı ölkə sırasında yer alması faktı da onu göstərir ki, ölkəmizdə dayanıqlı inkişaf təmin olunur.
Azərbaycan sabitlik adası və inkişaf məkanıdır
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi olaraq, Azərbaycan sabitlik adası və inkişaf məkanı kimi tanınır. Ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Şübhəsiz ki, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik, təhlükəsizlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək”.
Bunlara paralel olaraq ölkəmizin milli təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır. Bu istiqamətdə diqqəti XXI əsrdə xüsusi əhəmiyyət kəsb edən üç sahəyə - informasiya, su və ərzaq təhlükəsizliyinə yönəltmək istərdik.
İlk növbədə, informasiya təhlükəsizliyinin təmin olunmasının və bu sahədə milli maraqların müdafiə edilməsinin Azərbaycan təcrübəsi ilə bağlı qeyd edə bilərik ki, qloballaşma və beynəlxalq inteqrasiya şəraitində Azərbaycan informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirir. Dövlət siyasətində prioritet kimi müəyyənləşdirilən informasiya maraqlarının və təhlükəsizliyinin təmin edilməsi konseptual əsasda strateji məqsəd kimi müəyyən edilib. Əlbəttə, bu, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi sayəsində mümkün olur ki, bu istiqamətdə də sürətli tərəqqini şərtləndirən əhəmiyyətli tədbirlər görülməkdədir. İnformasiya təhlükəsizliyinin əsas istiqaməti kimi beynəlxalq arenada informasiya hücumlarının qarşısının alınması, informasiya vasitəsilə və xüsusilə də, virtual platformada təxribat və neqativ təbliğatların neytrallaşdırılması, bütövlükdə, informasiya mübarizəsinin rasional və praqmatik surətdə təşkil edilməsi başlıca strateji vəzifələr qismində çıxış edir.
İkincisi isə su təhlükəsizliyinin təmin olunmasıdır ki, burada da kifayət qədər mühüm əhəmiyyət kəsb edən strateji xarakterli addımlar atılıb. Ümumiyyətlə, müasir dövrdə su təhlükəsizliyinin təmin olunması dövlətlər üçün kifayət qədər ciddi və prioritet məsələlərdən biridir. Azərbaycan dövlətinin gördüyü nəhəng işlərə bu kontekstdən yanaşsaq, onun təkcə bu gün deyil, dövlətimizin və xalqımızın gələcəyi baxımından da nə qədər böyük əhəmiyyət kəsb etdiyini daha yaxşı anlamış olarıq. Bu istiqamətdə ardıcıl layihələrin həyata keçirilməsi qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, bir neçə il əvvəl Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı, digər mühüm layihələr bu kontekstdə xüsusilə qeyd edilməlidir. Şübhəsiz ki, bu layihələrin uğurla icrası tarixi bir nailiyyətdir.
Üçüncüsü, ərzaq təhlükəsizliyinin təmin olunmasıdır ki, bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin strateji prioritetləri sırasındadır. Ümumiyyətlə, dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu məsələ istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin təmin edilməsi istiqamətində diqqət yetirilməsi zəruri olan ən mühüm məsələlərdən birinə çevrilib. Bu problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatının diversifikasiyası, kənd təsərrüfatının inkişafı, ümumilikdə, bütün sahə və istiqamətlərdə ardıcıl tərəqqi strategiyası uğurla həyata keçirilməkdədir. Onu da qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyinin təminatı, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərini təşkil etməkdədir.
Ümumilikdə, dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyəti olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülür. Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin kompleks inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətlərində əsaslı islahatlar reallaşdırılıb.
Azərbaycanın xarici siyasət reallıqları: Cənubi Qafqazın lider dövləti və beynəlxalq münasibətlər sisteminin nüfuzlu aktoru
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, çoxvektorlu, milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü aktoruna, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Azərbaycan dünyada böyük etimad qazanan ölkə - etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Dövlət başçısının qeyd etdiyi kimi: “Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var”.
Azərbaycanın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Yəni respublikamız tam müstəqil siyasət həyata keçirir. Buna görə də Azərbaycana olan rəğbət daim artır, ölkəmizə yüksək hörmət və etimad göstərilir. Dövlət başçısının vurğuladığı kimi: “Bizim müstəqilliyimiz başlıca vəzifəmizdir. Azərbaycan müstəqil dövlətdir, qürurlu dövlətdir və gələcəyə çox nikbin baxan dövlətdir”.
Uğurlu strateji kurs həm ölkəmizin milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında öz ifadəsini tapır. Bu isə həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı ölkələr, o cümlədən dünya siyasətində güc mərkəzi kimi çıxış edən milli dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Digər tərəfdən, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycanın regional və qlobal təhlükəsizliyə müstəsna töhfələr verməsi ölkəmizin beynəlxalq dialoq məkanı olaraq seçilməsini şərtləndirib. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Şübhəsiz ki, Azərbaycanın cazibə mərkəzinə çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir.
Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən Azərbaycan, həmçinin sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Azərbaycanın paytaxtı Bakıda mötəbər görüşlərin keçirilməsi ölkəmizin strateji dialoq platforması kimi çıxış etdiyini göstərir. Məsələn, bu kontekstdə son olaraq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə NATO-nun Hərbi Komitəsinin sədri arasında görüş məkanı kimi növbəti dəfə Bakının seçilməsi, hər şeydən əvvəl, Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amildir. Bu fakt bir daha Azərbaycanın tərəfdaşlıq və əməkdaşlıq platforması kimi özünü beynəlxalq münasibətlərdə təsdiq etməsinin ifadəsidir. Hazırkı beynəlxalq nizamın xarakteristikasına və dünya siyasətində mövcud tendensiyalara nəzər salsaq, görəcəyik ki, qloballaşan dünyada hegemon güc mərkəzlərinin dialoq məkanı kimi seçəcəyi ünvanların sayı hər ötən gün bir qədər də azalır. Çünki bəzi qlobal məsələlər ayrı-ayrı milli dövlətləri beynəlxalq münasibətlərin aktoru kimi mövcud siyasi reallıqların fonunda müxtəlif qütblərə doğru itələməyə başlayıb. Bu tendensiya beynəlxalq münasibətlərin gələcəyi baxımından müsbət hal deyil. Belə bir situasiyada çox mürəkkəb geostrateji məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanın tərəfdaşlıq məkanı kimi çıxış etməyi bacarması, öz strateji mənafelərini müxtəlif güc mərkəzlərinin maraqları ilə uzlaşdırma qabiliyyətinin olması diplomatiya tarixində ekstraordinar hadisə kimi qiymətləndirilməlidir.
Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, eləcə də 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Bununla yanaşı, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi də beynəlxalq müstəvidə Azərbaycana olan yüksək inam və etimadın əyani ifadəsidir. Məlumat üçün qeyd edək ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub ki, bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.
Bunlarla yanaşı, Azərbaycan uğurlu enerji strategiyası həyata keçirməklə regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan praqmatik enerji strategiyasının uğurla icra olunması nəticəsində həm ölkəmizdə sosial-iqtisadi inkişaf, yüksəliş təmin olunub, həm də Azərbaycanın təşəbbüsü və liderliyi ilə geostrateji əhəmiyyətli layihələr reallaşdırılıb, mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradılıb. “Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində çox mühüm rola malikdir. 1994-cü ildən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanması bu baxımdan xüsusi vurğulanmalıdır. Daha dəqiq desək, bu gün yeni kontraktlar imzalanır, Azərbaycan beynəlxalq əməkdaşlıq, enerji sahəsində böyük uğurlar əldə edir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin, 2007-ci ildə isə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi tarixi nailiyyətdir. Bunlarla yanaşı, Azərbaycanın yeni qazötürücü xəttin - Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etməsi, TANAP qaz kəmərinin istifadəyə verilməsi, TAP seqmentinin icrası istiqamətində işlərin davam etdirilməsi xüsusi əhəmiyyətə malikdir. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması da ayrıca qeyd edilməlidir. Bu Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Digər tərəfdən, Azərbaycanda yaradılan müasir infrastruktur ölkəmizi Avrasiyada strateji nəqliyyat qovşağına çevirib. Son 16 ildə ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit məkana çevrilməsini təmin etmək məqsədilə böyük iş həcmi yerinə yetirilib, bir sıra önəmli layihələr reallaşdırılıb. Azərbaycanda yaradılmış müasir nəqliyyat infrastrukturu həm ölkə daxilində, həm də regional çərçivədə əhəmiyyətlidir. Son illər ərzində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində atılmış addımlar artıq öz səmərəsini verir.
Azərbaycan Prezidenti ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqe sərgiləyir
Prezident İlham Əliyevin Azərbaycana liderlik etdiyi dövrü səciyyələndirən cəhətlərdən biri də ölkəmizin qlobal informasiya məkanında mövqeyini möhkəmləndirməsi, erməni diasporunun - lobbisinin, Ermənistan dövlətinin və onun havadarlarının ölkəmizə qarşı apardığı informasiya müharibəsində üstünlüyü ələ almasıdır. Ölkəmizin beynəlxalq nüfuzunun artması isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradıb.
Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin ən mühüm strateji prioriteti Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Bunun üçün Azərbaycan ötən illər ərzində mühüm, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə, ilk növbədə, problemin həlli ilə bağlı yeni şərtlər formalaşdırmağa nail olub. Bu şərtlərin formalaşdırılması mühüm strateji istiqamətlər üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü siyasət sayəsində mümkün olub. İlk növbədə, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, regional və beynəlxalq təşkilatlarla ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa nail olması, ikincisi isə, regionda ermənilərlə ənənəvi əlaqələri olan və daha çox Ermənistanın tərəfdaşı kimi tanınan ölkələri öz tərəfdaşına çevirməsi siyasəti həyata keçirilib. Eyni zamanda, Azərbaycan regional əməkdaşlığı prinsipial mövqe olaraq müəyyənləşdirməklə tərəfdaş ölkələrin milli maraqlarını da öz milli maraqları ilə uzlaşdırmağı bacarıb. Hazırda Ermənistan həm regionda, həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzu qarşısında küncə sıxışdırılmış vəziyyətə düşüb, ənənəvi müttəfiqlərini də itirib. Bu gün çıxılmaz vəziyyətdə olan, dərin sosial-iqtisadi tənəzzül və kəskin ictimai-siyasi böhranla qarşı-qarşıya qalan Ermənistan yaxşı bilir ki, Azərbaycan işğalçı ölkənin status-kvonu legitimləşdirmək cəhdlərinə heç vaxt imkan verməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir. Ermənistanın isə yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Bu ölkənin rəhbərliyi dərk etməlidir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, Azərbaycan bütün hallarda öz ərazi bütövlüyünü bərpa edəcək!
Bütövlükdə, Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar reallıqları bütün kürsülərdə, beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətinə çatdırır, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib
Beləliklə, müasir, qüdrətli və demokratik Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlərə imza atır. Dövlət başçısının bildirdiyi kimi: “Azərbaycan təcrübəsi, bizim əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”.
Ümumiyyətlə, milli maraqlara əsaslanan, prinsipial xarici siyasətin davam etdirilməsi, o cümlədən bütün sahələrin inkişafına xidmət edən islahatların ardıcıl xarakter daşıması Azərbaycanın qüdrətinin daha da artmasını təmin edir. İslahatlardan bəhs edərkən idarəetmədə effektivlik və çevikliyin artmasını şərtləndirən konstitusiya islahatlarının əhəmiyyətini də xüsusi vurğulamaq gərəkdir. Ölkəmizdə 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referendum vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafı, dövlətimizin daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, əhalinin rifah halının daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Xüsusilə də, vitse-prezident vəzifəsinin təsis edilməsi Azərbaycanda prezident üsul-idarəsinin daha da təkmilləşdirilməsinə, onun funksionallığının artırılmasına, yeni şəraitdə başlanan islahatların dairəsinin genişləndirilməsinə gətirib çıxarıb.
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi isə ölkəmizin siyasi həyatında mühüm tarixi hadisə idi. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərək deyib: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.
Ümumiyyətlə, Mehriban xanım Əliyeva Azərbaycanın prioritet kimi müəyyənləşdirdiyi məsələlərlə bağlı ardıcıl və çoxşaxəli fəaliyyət göstərən ictimai-siyasi xadim kimi tanınır. Birinci vitse-prezident ölkəmizin tarixini dərindən bilən, onun maddi abidələrini, mənəvi sərvətlərini ləyaqətlə qorumağı bacaran, Azərbaycanın musiqi həyatından başlamış siyasi həyatınadək bütün sahələrdə imzası olan, ölkəmizi həm də beynəlxalq miqyasda uğurla təmsil edən, dünyada nüfuz və hörmətə malik olan ictimai-siyasi xadimdir.
Mehriban xanım Əliyeva bu zamana qədər Azərbaycan xalqının və dövlətinin maraqları əsasında uğurlu fəaliyyət göstərib və cəmiyyətimiz onun fəaliyyətini olduqca yüksək qiymətləndirir. Məhz bütün bunları nəzərə alaraq deyə bilərik ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi məhz Azərbaycan cəmiyyətinin arzusunun reallaşdırılması, xalqımızın istəyinin ifadəsi idi. Bu həmçinin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar strategiyası çərçivəsində atılmış ən uğurlu addımlardan biridir. İnkaredilməz reallıqdır ki, qısa müddətdə Birinci vitse-prezidentlik institutu Azərbaycanda dövlət idarəçiliyinin funksionallığını daha da artırıb.
Bütövlükdə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, həmçinin onun Azərbaycan Prezidentinin müasir dövlət quruculuğu sahəsindəki fəaliyyətinə dəstəyi də ölkəmizdə ardıcıl uğurların əldə olunmasını şərtləndirir. Azərbaycanın Birinci vitse-prezidenti ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən səmərəli fəaliyyəti ilə fərqlənir. Bu fəaliyyət Azərbaycan xalqının və dövlətinin mənafeyinə, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edir.
Nəticə etibarilə, Birinci vitse-prezident Mehriban Əliyeva ötən müddət ərzində dövlət başçısının və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub. O, daim vətəndaşları maraqlandıran məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz dəyərli töhfəsini verir.
Bir sözlə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib.
Müəllifin digər məqalələri:
MEDİA-nın yeni fəaliyyət modeli Azərbaycan mətbuatı qarşısında hansı perspektivlər açır?
Hikmət BABAOĞLU 06.07.2021 [09:39]
Bu günlərdə “Sərhədsiz...
22.04.2021 [08:32]
Bir səfərin təəssüratları, yaxud milli qürur və sevincin bölüşüldüyü tarixi anlar
Martın 13-də Azərbaycan...
16.03.2021 [09:47]
Yeni Azərbaycan Partiyasının (YAP) martın...
10.03.2021 [09:06]
Prezident İlham Əliyev böyük tarixi şəxsiyyət, böyük dövlət xadimi və böyük strateqdir
Dünyanın siyasi tarixinə nəzər...
23.12.2020 [09:16]
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27