
Sərəncamın Vaşinqtonda imzalanması, fərmanın Rusiyanın anti-azərbaycançı mərkəzlərdən gəlməsini təkzib etmir
Donuz məsələsi Rüstəm İbrahimbəyova təzə bir dərd olub. Oturduğu yerdə əməllicə işə düşüb. Daha doğrusu, dilinin bəlasına keçib. Adama deyərlər, səndən soruşurlar ki, bu gün ayın neçəsidir? Buna deyirlər İbrahimbəyovun yumor hissi. Demək ki, onun düşüncə tərzi donuz fermasından o yana keçə bilmir.
Amma özü gah o yana, gah bu yana keçir. Öz aləmində guya iz azdırır. Onun Rusiyadakı anti-azərbaycançı mərkəzlərlə işbirliyində olması bu gün “cıqqılı” uşağa da bəllidir. Bu mərkəzlərin isə ermənipərəst lobbilərdən olması istisnasızdır. İbrahimbəyov da ki, siyasətdə naşı olan birisi. Həm özünün, həm də həmin erməni mərkəzlərin kartlarını açıb qoyub ortalığa. İndi də görür, şitini çıxarıb, oturub təyyarəyə fitilləyib Vaşinqtona. Şəriki Eldar Namazovu da ABŞ-ın paytaxtından özünə müavin təyin edir. İndi özlüyündə bu adam guya iz azdırır...
Alayarımçıq siyasətçi-dramaturq, donuz azarkeşi İbrahimbəyovun bu cür ucuz gedişlərinə baş verən prosesi ancaq elə İbrahimbəyov kimi qavrayanlar aldana bilər. İbrahimbəyov 70 illik həyatının 60 ilini Azərbaycandan kənarda yaşadığı üçün xalqımızı tanımır. O, elə bilir ki, ətrafındakı iki cüt, bir tək müxalifətçini ucuz yalanları ilə aldada bildiyi kimi, Azərbaycan xalqını da aldada bilər. Amma onun bu cür hərəkətləri Azərbaycan cəmiyyətində gülməcə reaksiyası yaradır.
Bu adam özünü ciddi siyasi persona kimi təqdim etməkdən ötrü Avropa turnesinə çıxır, konsert verir, prodüserlik edir, ara düzəldir, bəxt açır, söz verir, zarafatlaşır... Min bir pəstəhadan çıxır. Nədir-nədir desinlər ki, “molodes” İbrahimbəyova, gör necə siyasi gedişlər edir. Hələ bir azdan görəcəksiniz ki, İbrahimbəyovun Afrika cəngəlliklərindən yam-yamlarla qol-boyun şəkilləri yayılacaq. Bu adam özünün erməni mərkəzlərlə əlaqəsinin izini itirmək üçün az qalır gedə Antarktidaya pinqvinlərlə şəkil çəkdirə. Daha başa düşmür ki, belə əməllərlə o yalnız özünü gülünc vəziyyətlərə salır.
Yaxşı, deyək ki, İbrahimbəyov heç dediyimiz kimi Rusiyadakı anti-azərbaycançı mərkəzlər tərəfindən “dümsüklənmir”, bu adam Qərbyönümlü adamdır. Demokratiyadan da özünə pencək tikdirib keçirib əyninə. Bəs, niyə İsa Qəmbər özünü öldürürdü ki, “Milli şura”nın əsasnaməsinə mütləq Avrointeqrasiya məsələsi öz əksini tapsın. Molla Nəsrəddin demişkən, ay Rüstəm “tovariş” sənin bir bicliyin yox idisə, niyə buna etiraz edirdin? Son anda məcburi razılaşandan sonra da o qədər incik qalmışdın ki, “təbrik məktubunda” iynəli şəkildə öz sözünü yenə də Qəmbərə çatdırdın.
Və ya, sən elə özünü qələmə vermək istədiyin kimi müstəqil və ya Qərbpərəst birisənsə, niyə İsa Qəmbər həmin əsasnaməyə mütləq şəkildə inteqrasiya məsələsini saldırırdı. Demək ki, İsa Qəmbər də öz ağalarından öyrənmişdi ki, İbrahimbəyovun onların “katyoluna” aidiyyəti yoxdur.
Yəni, İbrahimbəyovun hoqqalarını bu cür asan düsturlarla açmaq mümkündür. İndi sən Vaşinqtondasan deyə, Avroasiya məkanına dəxlin yoxdurmu? Sənin üçün nə fərqi var, əsas odur ki, bir az “sala” olsun gün keçirəsən.
Eldar Namazovu da indidən təbrik etmək olar. Adına politoloq, filan-feşməkan deyilən Namazov da bu gündən olacaq alayarımçıq İbrahimbəyovun mirzəsi. Rüstəm “tovariş” zəng edəcək ki, “Möhsün yaz”... Eldar Namazov da əlində qələm-dəftər onun əndirəbadi arzularını qələmə alacaq. Mənzərə indidən adama təbəssüm bəxş edir.
Hələ bu harasıdır, sabah bir də görəcəksiniz ki, Rüstəm “tovariş” Havay adalarından bir sərəncam ünvanlayır ki, İsa Qəmbəri “Milli şura”nın çayçısı, Əli Kərimlini qayçısı, Cəmil Həsənlini payçısı, Əvəz Temirxanı düdkeş təyin edirəm. İndi gəl, bu vəzifələri tap, düz, qoş görək haracan gedir.
Adama deyən gərək ki, yekə-yekə Eldar Namazovu İcra Aparatı rəhbəri təyin edirsən. Bu hansı aparatdır, hansı icradır. Axı, sizin təsis konfransınız tələm-tələsik Rüstəm “tovarişin” sədr təyinatını təsdiq etməklə bitdi. Düzdür bir az da, dartma yaxam cırıldı tamaşası oynanıldı. Bunun dışında, hansı aparatı təsis etdiniz, hansı insanları bu aparata seçdiniz ki, ora hələ bir sədr də təyin edirsiniz.
Müxaliflərin təyinatları yenə də utopiyaya söykənir. Nağıllar aləminə səyahətdən ayıla bilməyənlər başını qoşub indi də İbrahimbəyovun nağıllarına. Amma Rüstəm “tovarişin” nağılının sonunda üç alma gözləyənlərə alma düşməyəcək...
- Oxunub: 24390 |
- Tarix: 13-06-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir(2019-02-21 09:47:50)
- - “Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur(2019-02-20 09:59:08)
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)