Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Azərbaycanın yeni siyasi konfiqurasiyasında marginal qruplaşmaya yer yoxdur

Azərbaycanın yeni siyasi konfiqurasiyasında marginal qruplaşmaya yer yoxdur

16.04.2020 [11:32]

Qaşqay ZİYƏDDİNOĞLU

Radikal düşərgədə cəmləşən antimilli ünsürlər uzun illərdir ki, iqtidara qarşı deyil, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar
Məlum olduğu kimi, cari ilin fevralında Azərbaycanda keçirilən parlament seçkilərindən sonra yeni formalaşan qanunverici orqanda aparılan islahatlar siyasi sistemin yeni konfiqurasiyasını ortaya çıxardı. Belə ki, seçkilərdən sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə, eyni zamanda, müxalifət nümayəndələri parlament komitələrinə həm sədr, həm müavin vəzifələrinə seçildilər. Bu isə siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addım hesab olunur.
Bununla yanaşı, elə həmin vaxt hakimiyyət tərəfindən istər parlamentdə təmsil olunan, istərsə də təmsil olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verildi. Ölkədə mövcud olan və dövlətçilik prinsiplərini hər şeydən üstün tutan siyasi qüvvələrin mütləq əksəriyyəti bu dialoq təklifinə müsbət yanaşdılar. Bununla da dövlət maraqlarını üstün tutan əsl müxalifət partiyaları hakimiyyət tərəfindən atılan mühüm addımları, siyasi dialoqun başlanmasını alqışladılar.
Dialoqdan imtina edənləri "siyasi qüvvə" adlandırmaq düzgün olmaz
Lakin özünü “müxalifət” adlandıran, amma əslində, ölkədə daxili sabitliyin pozulması üçün bütün mümkün vasitələrə əl atan radikal qruplaşmalar hakimiyyətin dialoq təklifindən imtina etməklə yanaşı, dövlətə qarşı düşmənçiliklərini davam etdirirlər. Özlərini siyasi qüvvə hesab edən marginal ünsürlərin dialoqdan imtina etmələri onların siyasi cəhətdən yetkinləşməmiş olduqlarını bir daha sübut etdi. Buna görə də dövlətə düşmənçiliklə müxalifətçiliyi səhv salan radikal düşərgə təmsilçilərinin siyasi proseslərə və ictimai rəyə təsir göstərmək imkanlarına malik olan “siyasi qüvvə” olmadıqları bir daha təsdiq olundu.
Üstəlik, bu düşərgədə cəmləşənlərin uzun illərdir ki, iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə apardıqları ortadadır. Onlar Azərbaycanda aparılan davamlı və genişmiqyaslı islahatların üzərinə kölgə salmaq məqsədilə "qara piar" kampaniyası aparır, Azərbaycan dövlətinin nüfuzunu zədələməyə yönəlmiş "fəaliyyət"lə məşğul olurlar. Çünki onların əsas məqsədi çirkin təbliğat yolu ilə də olsa, ölkədə vəziyyəti gərginləşdirmək, bu zaman özlərini guya hakimiyyətə “alternativ qüvvə” kimi təqdim etmək niyyətlərini həyata keçirməkdir. Fakt odur ki, qərəzli, anti-Azərbaycan dairələrə xidmət edən, xalqı, dövləti isə öz şəxsi maraqlarına qurban verməyə çalışan radikal və antimilli ünsürlərin bütün planları həmişə puça çıxıb.
Vaxtilə ölkəmizdə xaos, anarxiya yaratmış antimilli ünsürlər qərəzli xarici dairələrin direktivlərini yerinə yetirməklə xalqa və dövlətə qarşı düşmənçilik edirlər
Belə ki, onların 1990-cı illərdə fürsətdən istifadə edib hakimiyyətə gəldikdən sonra ölkədə hansı vəziyyətin hökm sürdüyünü Azərbaycan xalqı yaxşı görüb. Bu gün yenidən iqtidara gəlmək xülyası ilə yaşayan həmin şəxlərin hakimiyyəti dövründə ölkəmizdə xaos, anarxiya vəziyyəti yaranmışdı. Yenicə müstəqillik əldə etmiş respublikada istehsal, demək olar ki, dayanmış, korrupsiya dövlət siyasətinə çevrilmişdi. Bunun məntiqi nəticəsi olaraq cəmi 1 il davam edən AXC-"Müsavat" hakimiyyəti dövründə idarəetmədəki səriştəsizlik həm paytaxtda, həm də regionlarda özbaşınalıq mühitinin yaranmasına gətirib çıxarmışdı. İqtidarda təmsil olunanların, vəzifəli şəxslərin öz silahlı dəstələri var idi və onların hər biri öz rəhbərlərinə tabe olurdular. Buna görə də təkcə əhaliyə qarşı deyil, hakimiyyət daxilində də bir-birinə qarşı düşmənçilik siyasəti aparılırdı. Bununla da, demək olar ki, artıq tərbiyəsizlik, mədəniyyətsizlik və hərc-mərclik AXC-"Müsavat" hakimiyyətinin rəmzinə çevrilmişdi.
Beləliklə, hakimiyyəti təmsil edən adamların yarıtmaz və xəyanətkar fəaliyyəti Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu da təhlükə altına almış, vətəndaş müharibəsi təhlükəsi meydana çıxmışdı. Tarix sübut etdi ki, onların hakimiyyəti bir müddət də davam etsə, ölkə dağılmaqdan xilas olmayacaqdı. Buna baxmayaraq, onların qəzərli xarici qüvvələrə ümid edərək yenidən hakimiyyətə gəlmək planları həmişə mövcud olub. Onu da vurğulayaq ki, 1993-cü ildə biabırcasına hakimiyyətdən gedənlər xarici antiazərbaycançı qüvvələrdən ilhamlanaraq dəfələrlə yenidən hakimiyyətə gəlmək üçün bəzi cəhdlərlə çıxış ediblər. Xüsusilə, ölkədə keçirilən bütün seçkilər ərəfəsində, habelə xaricdə baş verən inqilablar zamanı onlar da ruhlanıb küçələrə çıxıblar. Lakin xaricdəki hadisələri özləri üçün fürsət seçənlər heç vaxt xalqın dəstəyini ala bilməyiblər.
Bu gün koronavirusa sevinən yalnız antimilli qruplaşmadır
Sözügedən xəyanətkar ünsürlərin hazırda, bütün dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı mübarizə aparıldığı indiki dövrdə nümayiş etdirdikləri davranış və hərəkətlər də təəccüblü deyil. Ona görə ki, onların bu günə qədər apardığı təbliğatın əsas xətti ölkəmiz, xalqımız üçün müsbət proseslərin getməsinə yox, ancaq mənfi hadisələrin baş verməsinə, sosial-iqtisadi vəziyyətin gərginləşməsinə hesablanıb. Yəni bu antimilli ünsürlər üçün ölkədə vətəndaşların pis yaşaması, həyat səviyyəsinin aşağı düşməsi daha məqbul sayılır. Buna görə də bütün dünyanı bürüyən koronavirus pandemiyasının Azərbaycandan da yan keçməməsi onların məkrli niyyətlərini həyata keçirmək üçün, sanki, “göydəndüşmə” olub. Son dövrlərdə hakimiyyətə qarşı saxta ittihamlar irəli sürməyə bəhanə tapa bilməyən həmin qruplaşma bu çətin məqamda öz cılız niyyətlərini həyata keçirmək üçün bütün vasitələrə əl atırlar. Radikal düşərgə təmsilçilərinin əməlləri dünyanın, bəlkə də, heç bir ölkəsində müxalifət qüvvələrinin fəaliyyətində nəzərə çarpmayan mənzərəni ortaya qoyur.
Belə ki, onlar sosial şəbəkələrdə apardıqları təbliğatdan bu bəlaya görə sevindiklərini də açıq şəkildə büruzə verirlər. Gündəlik fəaliyyətlərində və çıxışlarında ölkəmizdə koronavirusa yoluxanların arasında ölənlərin olmasına, xəstələrin sayının artmasına sevindiklərini nümayiş etdirirlər. Təbii ki, radikalların düşmənçilik mövqeyindən çıxış etmələri xalqda ikrah hissi yaradır. Bununla da haqqı çatmadığı halda xalqın adından danışan, özünü “müxalifət” adlandıran həmin düşərgəyə məxsus şəxslərin mövcud hakimiyyətə qarşı deyil, dövlətə qarşı düşmənçilik etdikləri bir daha sübut olunur.
Təsadüfi deyil ki, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev antimilli qüvvələrin mövqeyinə toxunarkən onların məhz dövlətə qarşı düşmənçilik etdiklərini xüsusi vurğulayıb: “Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir”.
Azərbaycan xalqı radikal düşərgə təmsilçilərini çoxdan tarixin arxivinə yollayıb
Yuxarıda qeyd olunduğu kimi, ölkədə aparılan islahatlara kölgə salmağa çalışan, müstəqillik dövründə ilk dəfə tam yeni siyasi vəziyyətin yaranmasına adekvat reaksiya sərgiləməyən, əksinə, yaranmış yeni siyasi mühitdə özünü dağıdıcı, pozucu və qeyri-konstruktiv qruplaşma kimi aparan, məhz bu səbəblərdən də Azərbaycan hakimiyyətinin təklif etdiyi siyasi dialoqdan imtina edənləri “siyasi qüvvə” adlandırmaq düzgün olmaz. Bəhs olunan çıxışı zamanı bu məqamlara toxunan Azərbaycan Prezidenti İlham Əliyev həmin marginal qruplaşmanın yeni konfiqurasiyada yeri olmadığını qəti şəkildə bəyan edib: “Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır”.
Göründüyü kimi, həmin düşərgədə cəmləşən antimilli qüvvələr uzun illərdir ki, iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə apardıqlarını bir daha isbatlayıblar.

Paylaş:
Baxılıb: 345 dəfə

Müəllifin digər məqalələri:

Ermənistanda seçki düyünü

Məlum olduğu kimi, baş nazir Nikol...

31.03.2021 [08:47]

Qənimət Zahidin məyusluqdan doğan hikkəsi...

44 günlük Vətən...

04.03.2021 [08:41]

Ermənistanda siyasi qarşıdurma kəskinləşir

Məğlub Ermənistanda xaos və böhran...

25.02.2021 [09:05]

Ermənistanda xaos: ziddiyyətlər dərinləşir, etiraz aksiyaları genişlənir

Məlum olduğu kimi, məğlub Ermənistanda...

15.02.2021 [08:44]

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31