
“Müsavat”, AXCP, həmçinin, Eldar Namazov- Rüstəm İbrahimbəyov cütlüyü “vahid namizəd”liklə bağlı açıq-aşkar iddialar sərgiləyirlər
“Vahid namizəd” məsələsi radikal müxalifət düşərgəsində cəm olan partiyalar, siyasi qruplar arasında ziddiyyətlərin, qısqanclığın, nüfuz savaşının nə qədər dərinə işlədiyini büruzə verir. Belə ki, radikal düşərgədə təmsil olunan AXCP, Müsavat Partiyası, həmçinin Eldar Namazov-Rüstəm İbrahimbəyov cütlüyü “vahid namizəd”liklə bağlı açıq-aşkar iddialar sərgiləyirlər.
Məlumdur ki, radikallar bir qədər bundan əvvəl “vahid namizəd”in qondarma “İctimai palata” daxilində müəyyən edilməsi ilə bağlı razılığa gəlmişdilər. Lakin həmin “centlmen razılaşması”nın mürəkkəbi qurumamış “Müsavat”ın başqanı İsa Qəmbər özü imzaladığı razılaşmanın şərtlərini pozaraq seçkilərdə namizəd kimi iştirak etmək niyyətini ortaya qoydu. İndi artıq partiya başqanının və üzvlərinin “vahid namizəd” məsələsində qənaətləri o dərəcədə qətiləşib ki, onlar mətbuatda və yaxud tədbirlərdə bu barədə danışanda hansısa təvazökarlıq, nəzakət jesti etməyə belə lüzum görmürlər. “Müsavat”çılar o fikirdədirlər ki, radikal düşərgədə İsa Qəmbərin “stajı” daha artıqdır və bu səbəbdən də “vahid namizəd”liyə hamıdan çox onun haqqı çatır.
“Müsavat”ın əzəli və əbədi rəqibi AXCP-də isə partiya sədri Əli Kərimlidən zorən “vahid namizəd” düzəltmək istəyirlər. Onlar müxtəlif sosial şəbəkələrdə “seçkilər” keçirərək Əli Kərimlini qalib elan edirlər. Sonra da bu “nəticələrə” əsaslanaraq israr edirlər ki, AXCP sədri “vahid namizəd”liyə ən şanslı namizəddir. Partiya sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı bir az da qabağa gedərək vurğulayıb ki, Əli Kərimlinin ismi radikal düşərgənin “vahid namizəd”liyinə təsdiqlənməsə, bundan cəmi müxalifət çox şey itirəcək. Müxalifət daxilindən sızdırılan məlumatlarda vurğulanır ki, partiya funksionerləri Əli Kərimlini “vahid namizəd”lik uğrunda lazımi səviyyədə çabalamalar göstərməməkdə günahlandıraraq ondan tələb edirlər ki, iddialarını İsa Qəmbər kimi açıq mətnlə dilə gətirsin, əks halda onunla yollarını ayırmaq barədə düşünəcəklər. Əli Kərimli isə hələlik “vahid namizəd” olmaq iddiasını dilə gətirməyə cəsarət etmir. O, bundan əvvəlki əməllərinə görə cəmiyyətdə tamam nüfuzdan düşməsinin fərqindədir və qorxur ki, “vahid namizəd” məsələsində növbəti dəfə uğursuzluğa düçar olsa, daha özünə bəraət qazandırmağa heç bir əsası qalmayacaq. Bununla belə, Əli Kərimli də partiya funksionerlərindən gələn təzyiqlərin müqabilində tez-tez radikal düşərgənin nəbzini yoxlamağa çalışır. Məsələn, AXCP sədri açıqlamalarının birində bütün təvazökarlıq hədlərini aşaraq belə bir fikir ifadə edib: “Əgər partiyalar mənə güvənsələr, mən etimadı doğrulda bilərəm”.
Radikal düşərgəyə bir qədər gec qoşulan “El” hərəkatının rəhbəri reneqat Eldar Namazov da seçkilərə namizəd kimi qatılacağını bəyan edib. Ancaq onun seçkilərdə hansı elektorata güvənəcəyi bəlli deyil. O, məhdud dairədə reneqat kimi ad çıxarıb, geniş çevrədə isə onu seçicilər sadəcə tanımırlar, yeni bəyan etdiyi “El” hərəkatı da artıq iflasa uğrayıb.
Yeri gəlmişkən radikal düşərgənin yeni “birlik” formatı kimi təqdim olunan qondarma “Milli şura”nın yaranması ilə “vahid namizəd”lik uğrunda çəkişmələrə yeni cəhətlər əlavə olunub. Belə ki, əvvəllər “İctimai palata” daxilində Əli Kərimli ilə İsa Qəmbər arasında gedən mübarizəyə indi yeni tərəf kimi reneqat Eldar Namazov-ermənipərəst Rüstəm İbrahimbəyov cütlüyü əlavə olunub.
Hazırda qondarma “Milli şura” təmsilçilərinin bir qismi, o cümlədən, ACP, AXCP, ALP, “El” hərəkatı qurumun sədri Rüstəm İbrahimbəyovu “vahid namizəd” kimi qəbul etdiklərini bildirirlər. Bütün bunların fonunda İsa Qəmbər də saxta bir jest edərək “Müsavat”ın da namizədi Rüstəm İbrahimbəyovdur” deyib. Lakin İsa Qəmbərin bu açıqlaması onun və bütövlükdə “Müsavat”ın seçkilərlə bağlı niyyəytlərindən geri durmaları anlamına gəlməməlidir. Rüstəm İbrahimbəyovun namizədliyini “dəstəkləyən” İsa Qəmbər həm də ortaya şərt qoyub: Rüstəm İbrahimbəyov “Milli şura”nın “vahid namizəd”i olmaq istəyirsə, mütləq Vətənə dönüb burada yaşamalıdır. İsa Qəmbərin şərtinin təsirini artırmaq üçün indi “Müsavat”ın funksionerləri onun dediklərini təkrarlayırlar. Məsələn, partiya başqanının müşaviri Səxavət Əlisoy bu xüsusda söyləyib: “Təbii ki, qiyabi olaraq “vahid namizəd” seçilməyəcək. “Vahid namizəd” Azərbaycanda olmalıdır. Mən də hesab edirəm ki, Rüstəm İbrahimbəyov belə çox məsuliyyətli bir yükün altına giribdisə, iddiası varsa, Azərbaycana gəlməlidir. Bu ciddi söhbətdir, zarafat, oyun deyil”.
İsa Qəmbərin və bütövlükdə “Müsavat”ın Rüstəm İbrahimbəyovun qarşısına qoyduğu bu şərt, əslində, sonuncunun “Milli şura”da “vahid namizəd”liyinin üstündən çalın-çarpaz xətt çəkilməsi və diqqətin yenidən başqana yönəldilməsi deməkdir. Çünki siyasi müşahidəçilərin vurğuladıqları kimi, Rüstəm İbrahimbəyov vətənə dönmək niyyətində deyil. O, çoxlu sayda iqtisadi cinayətlərə yol verib və buna görə də geri dönərsə, məsuliyyətə alınmaqdan qorxur.
İsa Qəmbərin ardınca Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının verdiyi açıqlama da diqqəti çəkir. Arif Hacılı İsa Qəmbərin Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiyini dilə gətirməsinin yalnız “nəzəri bir fikir” olduğunu deyərək vurğulayıb: “Müsavat Partiyası İsa Qəmbərin namizədliyini irəli sürüb. Əgər İsa Qəmbər prezidentliyə öz namizədliyini 2013-cü il seçkilərində irəli sürməyəcəksə, Müsavat Partiyası bu məsələni müzakirə edərək başqa bir namizədi irəli sürəcək”.
Bu açıqlamadan göründüyü kimi, “Müsavat” seçkilərə öz namizədi ilə getmək niyyətindən geri çəkilməyib. Əksinə, “Müsavat”çılar o qənaətdədirlər ki, “Milli şura”da çoxluğun müdafiə etdiyi Rüstəm İbrahimbəyovun vətənə dönə bilmədiyi bir şəraitdə nəzərlər hazır namizəd olan İsa Qəmbərə yönələcək. Buna görə də, “Müsavat”çılar indidən belə bir zəmin hazırlayırlar ki, “Milli şura” hökmən “vahid namizəd”i müəyyənləşdirməlidir. Partiya başqanının müşaviri Səxavət Əlisoy vurğulayıb: “Milli şura”nın vahid namizədi mütləq olmalıdır, əgər olmasa, “Milli şura”nın bir anlamı olmayacaq”.
Beləliklə, qondarma “Milli şura”da “vahid namizəd” məsələsi ilə bağlı çox ziddiyyətli məqam yaranıb. Siyasi müşahidəçilər o qənaətdədirlər ki, bu ziddiyyətlər “Milli şura”nın radikalların özləri tərəfindən də sayılmayan, adı var, özü yox bir quruma çevrilməsi prosesini daha da sürətləndirəcək.
- Oxunub: 21870 |
- Tarix: 24-06-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimlinin yeni qanunsuz maliyyə mənbələri ortaya çıxır(2019-01-31 08:56:50)
- - Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır(2019-01-25 09:48:00)
- - 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib(2019-01-18 09:47:38)
- - Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir(2018-10-06 10:37:24)
- - İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!(2018-10-04 08:33:32)
- - Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı(2018-04-26 09:08:30)