
Bütün qərarların bu üçlük tərəfindən verilməsi növbəti dəfə onların monopolist xarakterini ortaya qoyur
Rüstəm İbrahimbəyovun “Milli şura”sı ilə bağlı yaranan dilemmalar radikal müxalifəti yenidən çıxılmaz dalana salıb. Buna səbəb düşərgə təmsilçilərinin bir sıra məsələlərlə bağlı ortaq məxrəcə gələ bilməmələridir. Mövcud fikir ayrılığını cəmiyyətdən gizlətmək üçün yeni manevrlərə əl atmağa çalışan düşərgə təmsilçilərinin çabaları isə öz növbəsində “Milli şura” daxilində “müttəfiq”liyin bütün təfərrüatlarını ortaya çıxarmış olur. Yəni, görünən odur ki, dünənin “dostları”, zorən müttəfiqlər artıq bir-birilərini təkzib etməklə məşğuldurlar. Bunu, mətbuat səhifələrində gedən müzakirələr də təsdiqləyir. Əslində, radikallar bəzi məqamlarda bunu “anlaşılmazlıq” kimi təqdim etməyə çalışsalar da, partiya funksionerlərinin digər partiyaların sədrlərinə, o cümlədən, digər şura üzvlərinə qarşı sərgilədikləri mövqe heç də “sağlam rəqabətdən” xəbər vermir.
Son günlər “Milli şura”nın başıbəlalı səfər proqramı ilə bağlı ortaya çıxan mətləblər isə bir daha bu qurumda qeyri-normal ab-havanın hökm sürdüyünü deməyə əsas verir. Bu məsələyə keçməmişdən öncə bir məqam mütləq şəkildə vurğulanmalıdır ki, radikal düşərgədə bu dəfə də yaranan “birlik” modelində diktə edən partiyalar və prosesi yalnız müşahidə edən partiyalar bölgüsü aparılıb. Hər halda baş verənlər bunu deməyə əsas verir. Məsələn, hər bir məsələnin yalnız Eldar Namazov, Əli Kərimli və İsa Qəmbər tərəfindən müəyyənləşdirilməsi, hətta komissiyaların yaradılması məsələsində belə subyektiv maraqların ortaya qoyulması göstərir ki, KAXCP, ACP, ALP və digər siyasi təşkilatlar şuranın yedəyinə çevriliblər. Onlar yalnız yuxarıda qeyd olunan şəxslərin ağzına baxmaqla məşğuldurlar. Elə ABŞ səfəri ilə bağlı “təkzib-təkzib” oyunu da bunu deməyə əsas verir. Eldar Namazovun sözçüsünə çevrilən Eldəniz Quliyevin açıqlamasının ACP tərəfindən top-tüfənglə qarşılanması, Rəsul Quliyevin bu açıqlamanı qeyri-ciddi adlandırması bir daha göstərir ki, “ABŞ müzakirəsi” məsələsindən ümumiyyətlə ACP və onun başçısı xəbərsiz olub. Bu isə növbəti dəfə İsa Qəmbərlə Əli Kərimlinin öz düşərgəsində monopolist davranış sərgiləməsini təsdiqləyir.
Elə bu fakt özlüyündə şuranın yaxın perspektivdə dağılmasını şərtləndirəcək amillərdən biridir. Maraqlıdır ki, bununla bağlı siqnallar artıq verilməkdədir. Belə ki, İslam Partiyasının qondarma qurumdan çıxacağı ilə bağlı verilən açıqlama, ardından ACP sədri Sülhəddin Əkbərin iyunun 21-də keçirilən toplantını tərk etmək istəyi bir daha İ.Qəmbərlə Ə.Kərimlinin “İctimai palata”dakı dominantlığını “Milli şura”ya transfer etmək mərhələsində olduğunu sübut edir. Məntiqlə, hər iki qurum anti-azərbaycançı dairələrə xidmət göstərmək üçün yaradılan “birliklərdir” və mahiyyət etibarı ilə bir-birindən seçilmirlər. Anti-azərbaycançı xarici qüvvvələrin oyuncağına çevrilmiş, ölkə daxilində özünü “müxalifət” qismində təqdim etməyə cəhd göstərən bu partiyalar birmənalı şəkildə ölkəmizin imicinə, o cümlədən, ölkəmizdə bərqərar olan demokratik prinsiplərə kölgə salmağa cəhd göstərir, inkişafımızın əsas bazası rolunu oynayan sabitliyə qarşı çıxırlar. Hakimiyyət hərisliyi ilə, hətta Azərbaycan xalqına düşmən kəsilən, milli maraqları saymayan, milli mənafedən kənar mövqelərin müdafiəçisi qismində çıxış edən bu destruktiv qüvvələr Azərbaycan dövlətinə şər atmaq, böhtan yaxmaq üçün bütün qüvvələrlə əməkdaşlığa hazırdırlar. Bu gün “Milli şura”nın tutduğu yola nəzər salanda bu fakt növbəti dəfə öz təsdiqini tapır. Hətta radikal düşərgə fürsətçiliyi, satqınlığı, xalqına, dövlətinə xəyanəti özünə “strategiya”, “konsepsiya” kimi qəbul edir.
Təsadüfi deyil ki, adını “milli” qoyan, amma milliliyə yaxından-uzaqdan dəxli olmayan Rüstəm İbrahimbəyovun şurasının təmsilçiləri hər bir qərarı, ən adi sənədi təsdiqləmək üçün xarici havadarlarına üz tutmalı olurlar. Çünki onları maliyyələşdirən ermənipərəst dairələr bu məsələdə yalnız öz maraqlarını diktə edir və satqın müxalifət qruplarını da öz maraqlarının trayektoriyası üzrə hərəkət etmək üçün təlimatlandırırlar. Bu qəbildən olan səfərlərdən biri isə reneqat Eldar Namazovun son Moskva səfəridir. Maraqlıdır ki, seçkiqabağı ərəfədə Azərbaycanın heç bir bölgəsində ən azından “qurumunun üzvləri” ilə görüşməyə cəhd etməyən “Milli şura” rəhbərləri yalnız xarici ölkələrə səfərlər planlaşdırır və reallaşdırırlar. Bir sözlə, görünən odur ki, Azərbaycan xalqını heçə sayan, hakimiyyət hərisliyi ilə antimilli qüvvələrə yandaşlıq edən “Milli şura” üzvləri üçün əsas olan Azərbaycan xalqının iradəsi deyil, onları maliyyələşdirən ermənipərəst dairələrin maraqlarıdır. Eldar Namazov, İsa Qəmbər, Əli Kərimli və Rüstəm İbrahimbəyov yalnız həmin ermənipərəstlərin maraqlarının müdafiəsi üçün hazırlanan təzyiq planının alətlərinə çevrildiklərini etiraf edirlər.
Bəli, maliyyə qarşılığında bir sıra maraqlı xarici dairələrin əlində alətə çevrilən və bunu açıq-aşkar büruzə verən, həmçinin, həmin dairələrin maraqlarının vəkili qismində çıxış edən radikal düşərgə cılız, kiçik korporativ maraqlarını təmin etmək üçün Azərbaycan xalqının mənafeyinə qarşı mövqe tutmaqdan çəkinmədiyini bir daha nümayiş etdirir. Özlərini cəmiyyətə “demokratiya” istəyən qüvvə kimi təqdim etməyə çalışan və 5-ci kalona çevrilən, ayrı-ayrı ermənipərəst və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan dairələrin xidmətçiliyini həyata keçirən düşərgə təmsilçiləri ölkədə mədəni, siyasi, iqtisadi müstəvilərdə əldə olunan bütün nailiyyətlərə qara yaxmaqla öz işlərini bitmiş hesab edirlər. Siyasi karyeralarını uğursuzluqlara kökləmiş və öz siyasi bitkinliklərini həzm edə bilməyən radikal müxalifət rəhbərləri uğursuzluqlarını Azərbaycan dövlətinin uğurlarına şər-böhtan atmaqla, sağa-sola satılmaqla kompensasiya etmək istəyirlər. Siyasi mübarizə meydanından hər zaman məğlub, üzüqara qayıdan, xalqın etimadını qazana bilməyən və bu səbəbdən də xalqdan qisasını bu yolla çıxanlar hər bir uğura “don” geyindirməklə buna nail olacaqlarını düşünsələr də, zaman göstərir ki, onlar yanılırlar.
- Oxunub: 22140 |
- Tarix: 01-07-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)
- - “Freedom House”un qərəzli “hesabat”ı reallıqları əks etdirmir(2019-02-08 09:52:58)
- - “Milli şura” növbəti dəfə biabır oldu(2019-02-02 09:54:33)