
Qoca kinodramaturqun həyat yolu ermənipərəstlik üzərində qurulub, siyasətə də yol verdiyi cinayətlərin məsuliyyətindən yayınmaq məqsədilə gəlib
“Bir az realist olmaq lazımdır. Gəlin, baxaq, siyasi xəritədə hansı nüfuzlu, ağıllı, dərin lider var ki, bu adam, doğrudan da, prezident ola bilər. Mən seçkilərdə konkurentlərə baxıram, gülməyim gəlir. Bunların arasında bir dənə də doğrudan adam yoxdur ki, prezident ola bilər, Azərbaycanda o yoxdur”. Bu sözlər qoca yaşında vaxtilə onu müəyyən qədər tanıdan kino sənətini siyasətə dəyişən Rüstəm İbrahimbəyova məxsusdur. İnsanın, ələlxüsus da özünü “ziyalı” adlandıran birisinin çox qısa müddətdə əqidəsini, həyata baxışlarını bu qədər dəyişməsi təəccüblüdür, deyilmi?
Həqiqətən də, vaxtilə “mən özümü siyasətdə görmürəm” deyən qoca kinodramaturqu siyasətə itələyən hansı səbəblərdir? Nə üçün o, bir zamanlar təriflədiyi hakimiyyətin ünvanına indi yeri gəldi-gəlmədi əsassız fikirlər səsləndirir?
Bu sualların cavabında bildirək ki, 75 yaşlı Rüstəm İbrahimbəyovun sənətini atıb siyasətə “kəllə vurması” onun ömrünün ixtiyar çağında şan-şöhrətə uyması, tamahının qulu olması, bu səbəblərdən də bir sıra əyri işlərə yol verməsi, mənəvi düşkünlük səviyyəsinə enməsi və bütün bunların üstü açılanda tunelin sonunda işıq görməməsi ilə bağlıdır.
Kosmopolit Rüstəm İbrahimbəyova ölkəmizdə həmişə bir sıra imtiyazlar verilsə də, o, mənəvi cəhətdən heç vaxt Azərbaycan cəmiyyətinə bağlı olmayıb, əksinə bir qayda olaraq milli-mənəvi-dini dəyərlərimizə ögey münasibət sərgiləyib. Bunu nəzərə çarpdırmaq üçün qoca kinodramaturqun hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Bakıdan köçən ermənilərə görə göz yaşları axıtmasını, sarsıntılar keçirməsini xatırlamaq kifayətdir.
Qoca kinodramaturqun yaxın çevrəsi daim ermənilərdən ibarət olub və indi də belədir. Onun dostlarının siyahısında erməni Robert Balayanın adı ön sırada gəlir. Rüstəm İbrahimbəyov Bakıda təşkil etdiyi “Şərq-Qərb” festivallarında erməniləri həmişə başda əyləşdirirdi. Yeri gəlmişkən, o, “Şərq-Qərb” festivalları üçün ayrılan maliyyə vəsaitlərini təyinatdan kənar istiqamətlərə yönəldib, böyük məbləğdə vergi cinayətlərinə yol verib, Kinematoqrafçılar İttifaqının əmlakını dədə malı kimi özününküləşdirib. Belə faktların siyahısı uzundur.
Respublikanın əlaqədar qurumları cinayət xarakterli əməllərə yol verən Rüstəm İbrahimbəyova “dur” deyəndə, onu qanunlara əməl etməyə çağıranda qoca kinodramaturq bundan incik düşdü. O, cəmiyyətin qınağından yaxa qurtarmağın, yol verdiyi iqtisadi xarakterli cinayətlərin məsuliyyətindən yayınmağın yeganə yolunu özünə radikal müxalifət düşərgəsində yer tapmaqda gördü.
Azərbaycan cəmiyyəti “siyasətçi” Rüstəm İbrahimbəyovu yenə öz ampluasında görür. Mətbuata verdiyi açıqlamalarından bəlli olduğu kimi, qoca kinodramaturq ermənipərəstliyindən bir qarış da olsun geri çəkilməyib. O, Dağlıq Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan fikirlər səsləndirir, yenə erməniləri tərifləyib əyalətlərdən Bakıya gələn həmvətənlərimizi aşağılayır...
Bütün bu deyilənlərdən sonra Rüstəm İbrahimbəyovun siyasi iddialar sərgiləməsi, qondarma “Milli şura”nın sədri seçilməsi, “vahid namizəd”i müəyyənləşdirilməsi nə dərəcədə məntiqlidir? Ermənipərəst birisi milli maraqlarımızın keşiyində dayana bilərmi? Bu kimi suallar Azərbaycan cəmiyyətinin təmsilçilərini narahat edir. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cəmiyyətin bu xüsusda narahatlığını ifadə edərək deyib: “Rüstəm İbrahimbəyovdan soruşmaq lazımdır ki, niyə bu 20 il ərzində birdən-birə son iki ildə Azərbaycan xalqı onun yadına düşməyə başlayıb, demokratiya, azadlıq, insan haqları kimi məfhumlar onun leksikonuna daxil olub?”
Əli Əliyev, eyni zamanda, diqqəti kosmopolit təbiətli Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə yaradılan qondarma “Milli şura”nın antimilli mahiyyətinə və fəaliyyətsiz qalmasına yönəldib. O, vurğulayıb ki, Rüstəm İbrahimbəyovun “Milli şura”sı 40 gündən çoxdur ki, yaradılsa da, ortada xaricdə keçirilən bir-iki görüş və daxili intriqalardan başqa heç nə yoxdur. “Bu, bir daha sübut edir ki, Rusiyadakı məlum dairələr özlərinin olan “Milli şura” layihəsinə ehtiyatla yanaşırlar. Çox güman ki, “Milli şura”ya ehtimal olunan dəstəyi verməyəcəklər... “Milli şura”nın davranışlarından, bəyanatlarından, daxili intriqalarından və ölkə həyatına yeni heç nə vermədiyindən yola çıxaraq bu qurumun təsirinin ilkin mərhələ üçün qapandığını deyə bilərəm”-deyə Ə.Əliyev qeyd edib.
Görəsən, Rüstəm İbrahimbəyovun bu yetim “Milli şura”sına niyə yiyə duran tapılmır? Ata-anası da buna ögey kimi baxmağa başlayıb. Hara qaçır, kimə üz tutur, bir şey çıxmır. Nə Con, nə İvan, nə də Mehmet. Heç Sarkisyana da belə eybəcər, amorf törəmə lazım deyil.
Bu günədək “Milli şura” qeyri-ciddi qurum kimi yalnız öz daxili ziddiyyətləri ilə daha çox gündəmdə olub. Yəni fəaliyyət göstərdikləri bu müddət ərzində Azərbaycan ictimaiyyətinin diqqətini özünə cəlb edə bilməyib. Yığışıb “Vahid namizəd” seçirlər, sonra təzədən ehtiyat namizəd axtarırlar. “A planı”, “B planı” hazırlayırlar, üstəlik də seçdikləri namizədin pasportuna belə baxmırlar ki, bu haranın vətəndaşıdır, seçkidə iştirak edə bilər, ya yox. Rüstəm İbrahimbəyov isə elə danışır ki, elə bil mandatı Azərbaycan cəmiyyətindən yox, Amerika, Avropa verir. Prezidenti olmaq istədiyi xalqın deyil, ona düşmən olan xalqın ünvanına təriflər yağdırır.
Bəstəkar Cavanşir Quliyev də kinodramaturq Rüstəm İbrahimbəyovun “siyasətçi” olmasına münasibət bildirib. O, fikirlərini belə ifadə edib: “Belə çıxır ki, müxalifətə toplaşan adamlar keyfiyyət baxımından hər an əqidələrini dəyişə bilən adamlardı. Yəqin iqtidarla sözü düz gəlməyib, müxalifətdən yardım istəyib. Belələrini şişirtmək, onlara “mübariz” titulu vermək gülməli çıxır”.
Milli Məclisin deputatı Əli Hüseynli isə mətbuata açıqlamasında vurğulayıb ki, Rüstəm İbrahimbəyovun yaradıcılığı Azərbaycan milli müstəqillik ideologiyasına heç bir töhfə verməyib. Ə.Hüseynli fikirlərinə davam edərək deyib: “Rüstəm İbrahimbəyov necə ki, yaradıcılığında kimlərinsə kölgəsində uğur qazanıb, eləcə də siyasətdə də kimlərinsə kölgəsi və dəstəyi ilə uğur qazanmaq arzusundadır. Onun Azərbaycan müxalifətinə transferi süni şəkildə baş verib. Rüstəm İbrahimbəyov, əslində Eldar Namazovun kölgəsidir. Eldar Namazov vaxtilə Prezident Aparatında köməkçi vəzifəsində çalışıb və kargüzarlıq işi ilə məşğul olub. Onun indiki vəziyyətdə yeganə uğuru odur ki, özünün qətiyyətsizliyini, qeyri-xarizmatikliyini, liderlik keyfiyyətlərinin olmadığını başa düşür və yenə də müxalifətin “Milli şura”sında kargüzarlıqla məşğuldur”.
- Oxunub: 22890 |
- Tarix: 19-07-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimlinin yeni qanunsuz maliyyə mənbələri ortaya çıxır(2019-01-31 08:56:50)
- - Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır(2019-01-25 09:48:00)
- - 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib(2019-01-18 09:47:38)
- - Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir(2018-10-06 10:37:24)
- - İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!(2018-10-04 08:33:32)
- - Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı(2018-04-26 09:08:30)