Ana səhifə »  Müəlliflər »  Mətbuat milli kimliyi formalaşdıran vasitələrdən biridir
A+   Yenilə  A-
Mətbuat milli kimliyi formalaşdıran vasitələrdən biridir
Yazdı: Hikmət BABAOĞLU

1875-ci ildə “Əkinçi” qəzetinin nəşrə başlaması onun göstəricisidir ki, Azərbaycan xalqı hələ o dövrdə mətbuat nümunələrini ortaya qoya biləcək ziyalıları yetişdirmək iqtidarında olan intellektual gücə və potensiala sahib bir xalqdır
Azərbaycan mətbuatının inkişaf tarixi uzun və mürəkkəb yol keçib. Ümumiyyətlə, mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi Orta Asiya və Şərqi Avropa ölkələri sırasında birincilərdəndir.
Mətbuat, ilk növbədə, intellektual sfera olduğu üçün, heç şübhəsiz ki, onun formalaşmasını təmin edəcək intellektlərin, ziyalıların, qələm sahiblərinin, yazarların olması, bunun üçünsə, əlbəttə ki, cəmiyyətin bu cür insanları yetişdirməsi vacibdir. Əgər hər hansı bir sosium bu işin öhdəsindən tarixi missiya olaraq vaxtında gəlmirsə, o ölkələrin mətbuatının inkişafı da, tarixi də bir qədər daha sonrakı dövrlərə təsadüf edir. Ancaq heç şübhəsiz ki, gec və ya tez olmasından asılı olmayaraq, hər bir millətin milli mətbuatı onun inkişaf tarixində təkanverici bir mərhələdir. Çünki mətbuat milli kimliyi formalaşdıran vasitə olmaqla bərabər, eyni zamanda, milli maarifləndirməni həyata keçirir, milli mentalitetin formalaşmasında aparıcı komponentlərdən biri kimi iştirak edir. Bu mənada, Azərbaycan mətbuatının tarixinin məhz 1875-ci ildən başlanması onun göstəricisidir ki, Azərbaycan xalqı hələ o dövrdə mətbuat nümunələrini ortaya qoya biləcək ziyalıları yetişdirmək iqtidarında olan intellektual gücə və potensiala sahib bir xalq, Azərbaycan cəmiyyəti isə hələ o dövrdə kifayət qədər intellektual əsaslarda formalaşan bir sosium idi.
Bildiyimiz kimi, 1875-ci il iyul ayının 22-də Azərbaycan mətbu tarixinin əsasını qoyan “Əkinçi” qəzetinin nəşrinə başlanıb.
O dövrdə qəzet buraxmaq fədakarlıq idi
Əgər bir qədər geriyə qayıtsaq, 1875-ci ildə milli mətbuat yaratmağın hansı şəraitdə mümkün olduğunu gözümüzün önündən keçirsək, görəcəyik ki, o dövrdə olan istər siyasi, iqtisadi, sosial şərtlər, istərsə də intellektual və maliyyə şərtləri arzuolunan səviyyədə deyildi. Ona görə ki, 1875-ci ildə Azərbaycan müstəqil respublika deyildi. Siyasi müstəqilliklə bərabər, digər bütün müstəqillikləri, yəni, iqtisadi, maliyyə, ideoloji, mənəvi, mədəni və s. müstəqillikləri olmayan bir ölkənin məhz işğal altında bir mətbuat nümunəsi yarada bilməsi tarixi nöqteyi - nəzərdən mühüm bir hadisə idi. İlk növbədə, ona görə siyasi şərtlər uyğun deyildi deyirik ki, o dövrdə hər nə qədər mətbuat bir maarifləndirmə vasitəsi kimi düşünülürdüsə, eyni zamanda, hamı mətbuatın siyasi və ideoloji vasitə olduğunu da dərindən başa düşürdü. Azərbaycanı işğal altında saxlayan qüvvələrin, əlbəttə ki, əsla marağında ola bilməzdi ki, ölkəmizdə milli mətbuat yaransın, inkişaf etsin. İqtisadi şərtlər isə ona görə məqbul deyildi ki, o dövrdə bütövlükdə əhalinin maddi vəziyyəti aşağı idi, qəzet çıxarmaq yeni bir peşə olduğundan o dövrün ən müasir texnika və texnologiyasını tələb edirdi və bu texnologiyalar olduqca baha idi. Həmçinin, qəzetin maliyyələşməsinin heç bir əsası - nə ictimai stimullaşdırıcı vasitələr, nə ictimai dəstək, nə də digər maliyyə mənbələri yox idi. Bu şərtləri nəzərə alsaq, görəcəyik ki, Azərbaycanın böyük ziyalısı Həsən bəy Zərdabi nə qədər ağır, çətin şərtlər altında tarixi bir missiyanı həyata keçirməyi bacarmışdı. Məsələ ondadır ki, o dövrdə müəyyən ziyalı təbəqəsi formalaşsa belə, heç də onların mətbuata münasibətləri, ümummilli ideoloji məsələlərə ortaq baxışları məqbul deyildi və üst-üstə düşmürdü. Çünki o dövrdə yeni ictimai-siyasi münasibətləri, mütərəqqi ideoloji nəzəriyyələri mənimsəyən ziyalılarımızın böyük əksəriyyətinin düşüncələrində daha çox Avropaya inteqrasiya, müsəlman-xristian inteqrasiyası, müsəlman-Qərb inteqrasiyası, daha sonra isə bunların əsasında cücərəcək yeni Rusiya Federasiyasının tərkibində müsəlman-xristian icmalarının birgə bərabərhüquqlu yaşaması ilə bağlı tezislər formalaşacaqdı. Bu isə ən azı 30-35 il sonra baş verəcəkdi. Amma 1875-ci ildə bunların heç biri yox idi. Ona görə də, hesab edirik ki, o dövrdə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin çap etdirilməsi həm də bir neçə onillik sonra müşahidə edəcəyimiz milli düşüncənin, siyasi, ideoloji dünyagörüşünün əsaslarını təşkil edəcəkdi.
Bu qəzetin işıq üzü görməsinə o dövrdə Azərbaycanda hakim olan qüvvələr də razı deyildilər. Ona görə də, cəmi 56 nömrəsinin nəşrindən sonra 1877-ci ildə qəzet bağlanmalı oldu. Göründüyü kimi, o dövrdə qəzet buraxmaq bir fədakarlıq idi. Dediyimiz xarici faktorlarla yanaşı, bir sıra daxili faktorlar da Azərbaycanda qəzet nəşrinin lehinə deyildi. Çünki o dövrdə din adı altında potensial oxucunu istismar edən, onların düşüncələrini bir növ işğal altında saxlayan “dindar” zümrə vardı. Əlbəttə ki, o dövrdə çox böyük üləmalar, alimlər, din xadimləri də vardı ki, biz onları nəzərdə tutmuruq. Amma bununla bərabər, dindən varlanmaq vasitəsi kimi, şəxsi məqsədləri üçün istifadə edən böyük bir kütlə də var idi ki, onlar əhalinin savadlanmasını, onların “boyunduruğundan” yaxa qurtararaq inkişaf etməsini istəmirdilər. Çünki mətbuat maarifləndirirdi, inkişaf etdirirdi, vətəndaş mövqeyi, ideoloji mövqe formalaşdırırdı, mətbuat intellektual insanlar yetişdirirdi və din adından istifadə edən fırıldaqçıların meydanı daralırdı. Ona görə də, daxili sosial, dini və ideoloji şərtlər də qəzet buraxmağın lehinə deyildi. Bütün bunlara baxmayaraq, Həsən bəy Zərdabi Azərbaycanda qəzet çıxarmağı bacardı və ölkəmizdə qəzetçilik ənənəsini yaratdı.
Mətbuat hamının hesablaşdığı dəyərə çevrildi
Əlbəttə ki, bundan sonrakı Azərbaycan mətbuatı müxtəlif mərhələlərdə müxtəlif tendensiya və istiqamətlər üzrə inkişaf etməyə başladı. XIX əsrin sonlarında keyfiyyətcə yeni istiqaməti mənimsəmiş, qarşısına yeni məqsədlər qoymuş “Ziya”, (1879), “Kəşkül” (1880), “Kaspi” (1880-90-cı illər) qəzetləri işıq üzü gördü. Bütün bunlar isə artıq Azərbaycanda mətbuat tarixinin inkişafının dönməz olduğunu göstərməklə dövrün də tələblərinə uyğun olaraq Azərbaycan mətbuatının tarixi ənənələrini formalaşdırmağa başladı. Bu dövr həm də onunla xarakterik oldu ki, əslində, mətbuat müəyyən dəyərlərə xidmət vasitəsi kimi formalaşdırılırdısa, müəyyən mərhələdən sonra mətbuat özü elə bir dəyərə çevrildi ki, artıq onunla hər kəs hesablaşırdı.
Bundan sonrakı illərdə Azərbaycanda “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan “ (1918) kimi qəzetlər, 1906-cı ildə isə “Molla Nəsrəddin” jurnalı işıq üzü gördü. Bu dövr artıq Azərbaycan mətbuat tarixində mətbuatın kütləviləşməsi dövrüdür. Buna paralel olaraq həmin dövrdə cəmiyyətin təşkilatlanmasının baş verdiyini də görürük. Artıq Qərbdə o dövrdə populyar olan ideya və ideologiyalar, demokratçılıq, sosial demokratçılıq, sonrakı mərhələdə kommunizm kimi siyasi və ideoloji dəyərlər Azərbaycan cəmiyyətində mətbuat vasitəsilə yayılmağa başladı. XX əsrin əvvəllərində müxtəlif qəzet və jurnallar mövcud ictimai-siyasi sistemin keyfiyyətini dəyişəcək, eyni zamanda, yeni mentalitet əsasları formalaşdıracaq bir missiyanı öz üzərlərinə götürmüşdülər və buna nail olmağa çalışırdılar. O dövrdə tənqid kimi yararlı bir tendensiya da meydana gəldi ki, biz bunun bariz nümunəsi kimi “Molla Nəsrəddin” jurnalında işıq üzü görən yazıları misal çəkə bilərik. Bu dövrdə Azərbaycan mətbuatının inkişafı elə bir tarixi mərhələyə qədəm qoydu ki, o, təkcə Cənubi Qafqazda yaşayan azərbaycanlıların, türklərin deyil, digər müsəlmanların da mətbu tələbatını ödəməyə başladı. Diqqət etsək, görərik ki, regionda dominantlıq edən Azərbaycan xalqı ilə bərabər, digər çoxsaylı müsəlman xalqları da yaşayırdılar və onların hamısının da ortaq ünsiyyət dili Azərbaycan dili, yazı dili Ərəb əlifbası olduğu üçün mütləq şəkildə Azərbaycan mətbuatının yaxşı mənada təsirinə məruz qalırdılar. Onlar da maariflənirdilər, dünyada baş verən hadisələrdən xəbər tuturdular və s. Ona görə də, hesab edirik ki, Azərbaycan milli mətbuatının inkişafı təkcə Azərbaycan mətbuatının inkişafı kimi yox, Qafqazda yaşayan bütün müsəlmanların mətbuatının inkişafı kimi səciyyələndirilməlidir.
Azərbaycan mətbuatı Qafqazdakı digər müsəlman xalqlarına da doğru yolu göstərdi
Sonrakı mərhələdə Azərbaycan mətbuatının həm də siyasi bir vasitəyə çevrildiyinin şahidi oluruq. Belə ki, o dövrdə baş verən hadisələr yeni siyasi şərait formalaşdırmışdı. Artıq XX əsrin əvvəllərində I Dünya müharibəsi qurtardıqdan sonra yeni ictimai-siyasi və iqtisadi mənzərə yaranmışdı. Bütün dünyada olduğu kimi, Çar Rusiyasında, bütövlükdə Qafqazda da ən müxtəlif keyfiyyətdə, ideoloji əsaslarda müxtəlif hadisələr cərəyan edirdi. Sevindirici haldır ki, həmin dövrdə Azərbaycan mətbuatı milli kompas rolunu oynamaqla azərbaycanlılara və Qafqazdakı digər müsəlman xalqlarına doğru yol göstərdi. Bütün bunlar isə onunla nəticələndi ki, məhz 1918-ci ildə dünyada və regionda baş verən mürəkkəb hadisələrin fonunda Azərbaycan öz müstəqilliyini elan edə bildi. Düşünürük ki, bu böyük tarixi-siyasi hadisədə və siyasi proseslərin məhz Azərbaycanda müstəqil dövlət qurulması ilə nəticələnməsində o dövrdə nəşr olunan Azərbaycan mətbu nümunələrinin böyük xidmətləri olmuşdur. Biz həmin dövrün mətbuatını izləyərkən məhz bunun da şahidi oluruq. 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının XI Qırmızı ordu tərəfindən işğal olunmasından sonrakı illərdə Azərbaycan mətbuatında durğunluq dövrü yarandı. O dövr milli mətbuatımızı xarakterizə edərkən belə bir fikir söyləmək mümkündür ki, həmin dövrdə mətbuat öz axtarış dövrünü yaşayırdı. Bu dövrdə burjua, kapitalist dəyərlərindən, həqiqi sosial demokratçılıqdan imtina etmək və yeni sosial ideyalarla, yeni kommunist ideologiyası ilə silahlanmaq və bunu intellektual təfəkkürün süzgəcindən keçirərək, ictimailəşdirərək mətbu məlumata çevirmək bir qədər çətin idi. Çünki bunun üçün ilk növbədə, insan yetişməlidir. O dövrdə də qısa müddətdə yeni dövrün şərtlərinə uyğun olaraq dotasiya olunan Azərbaycan ədibləri, şairləri, yazarları, eyni zamanda, Azərbaycan mətbuatı və o dövrün siyasi hadisələrinin diktəsi altında keyfiyyətcə yeni bir stil yaratmağa başladılar. Beləliklə, Azərbaycan Sovet mətbuatı kimi xarakterizə edəcəyimiz yeni keyfiyyətdə, yeni ideoloji əsaslarda yeni mətbuat formalaşdı və o dövrkü Azərbaycan mətbuatı da öz üzərinə düşən, məhz o dövrün tələblərinə cavab verən tarixi missiyanı yerinə yetirməyə başladı.
Milli mətbuatımız milli dəyər, milli nümunə kimi varlığını qoruyub saxladı
Təbiidir ki, o dövrün mətbuatı daha çox siyasi, ideoloji mətbuat idi. Buna baxmayaraq, Azərbaycan mətbuatı ədəbi dilin, siyasi leksikonun, ictimai münasibətlərin bədii-estetik zövqün formalaşmasında, əhalinin maarifləndirilməsində, cəmiyyətin saflaşdırılmasında və s. istiqamətlərdə çox böyük işlər gördü. Buna görə də, elə Sovet dövründə də Azərbaycan mətbuatı tam bir milli dəyər, milli nümunə kimi öz varlığını qoruyub saxlamağı bacardı.
Ulu öndər Heydər Əliyev mətbuatımızın milli keyfiyyətlərdə formalaşmasının əsasını qoydu
O dövrü xarakterizə edərkən hesab edirik ki, II Dünya müharibəsindən sonrakı və müharibə illərini xüsusi qeyd etmək lazımdır. Çünki bu dövrlərdə artıq hər nə qədər Sovet vətənpərvərliyi olsa belə, Azərbaycan mətbuatı daha çox ideoloji rupor olsa belə, “kolxoz zəhmətkeşləri”ni tərənnüm etsə belə, bunun özündə də dərin bir məzmun var idi. Çünki o illərdə bütün dünyanı xofa salan alman faşizmi baş qaldırmışdı. Azərbaycan xalqı da digər SSRİ, Avropa xalqları, dünyanın, demək olar ki, bütün xalqları ilə çiyin-çiyinə verərək məhz bu aqressiyaya qarşı mübarizə aparırdı. Azərbaycan mətbuatı da öz platformasında bu istiqamətdə çox dəyərli işlər görməyi bacardı. Amma hesab edirik ki, Sovet dövrü Azərbaycan mətbuatının inkişafı tarixində bir hadisə olaraq, həm mətbuatın yenidən formalaşmasını təmin etdi, həm də mətbuatın məhz arzu etdiyimiz milli keyfiyyətlərdə formalaşmasının əsasını qoydu. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dili Ulu öndər Heydər Əliyev tərəfindən dövlət dili kimi təsdiq olundu. Məhz Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması Azərbaycan mətbuat dilinin və bütövlükdə Azərbaycan dilinin inkişafı tarixində böyük bir hadisəyə çevrildi. Ona görə də, məhz dilin inkişafı ilə bağlı belə bir hüquqi-siyasi, konstitusion əsasın yaradılması Azərbaycan mətbuatının inkişafı qarşısında yeni üfüqlər açdı. Beləliklə, artıq Azərbaycan dilinin inkişafı istiqamətində çox böyük işlər həyata keçirilməyə başlandı.
Azərbaycan mətbuatı gözəl bir ənənə yaratdı
Bu qədər mürəkkəb proseslərin içərisində Azərbaycan mətbuatı inkişaf etdi, gözəl bir ənənə yaratdı, Azərbaycan dilinin səlisləşməsinə xidmət etdi, Azərbaycan dilində müxtəlif jurnalistika janrlarının inkişafını təmin etdi, oçerk, felyeton kimi janrların dilimizdə inkişaf etdirilməsi, bədii təsvir və bədii özünüifadə vasitələrinin formalaşdırılması işində Azərbaycan mətbuatı böyük rol oynadı.
Əlbəttə ki, ən böyük hadisə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsindən sonra baş verdi. O illərdə artıq yeni əsaslarda müstəqil Azərbaycan mətbuatı formalaşdı. Vaxtilə kommunizm ideallarını tərənnüm edən mətbuat avtomatik və qeyri-iradi olaraq keçiddən sonra demokratiyanı mənimsəməyə başladı. Çox təəssüf ki, o dövrdə ilkin mərhələdə formalaşan Azərbaycan mətbuatı cəmiyyətdə həqiqi demokratik əsasların formalaşmasına layiqli töhfə verə bilmədi. Bunun səbəbləri isə kifayət qədər aydındır. 1991-ci ildən əvvəlki dövrdə olan mətbuatın nümayəndələri kommunizmi ideallaşdırırdısa, 1991-ci ildən sonrakı dövrdə biz demokratiyanın ideallaşdırılmasını gördük. Bu, bizi sonrakı illərdə həqiqi demokratiyadan bir qədər uzaqlaşdırdı. Əgər o dövrün kommunistləri kommunizm ideallarını istismar edirdilərsə, 1991-1993-cü illərdə özlərini “demokratik” adlandıranlar demokratiya ideallarını istismar edirdilər. Hesab edirik ki, bunların o qədər də ciddi fərqi yoxdur. Lakin həqiqi demokratiya daha geniş və dərin məzmun kəsb etdiyi üçün daha geniş kütlələrin və daha rəngarəng mətbuatın bu istiqamətdə səmərəli fəaliyyətini şərtləndirirdi. Çox təəssüf ki, bu günə qədər də o istismar cəhdlərinin davam etdiyinin bəzən şahidi oluruq. Bəzi qəzetlər, “ən demokratik, ən çox tirajla çıxan qəzet bizik” kimi epitetlərlə istismar mövqeyində dayanmağı doğru hesab edirlər. Bütün bunlara baxmayaraq, 1990-cı illərin əvvəllərində müstəqil Azərbaycan mətbuatı formalaşırdı.
Yağışdan çıxıb, yağmura düşmək təhlükəsi...
Müstəqil Azərbaycan mətbuatı artıq yeni, həqiqi vətənpərvərliyi, yəni ideoloji sovet vətənpərvərliyini deyil, məhz milli vətənpərvərliyi, milli müstəqilliyi, milli inkişafı, milli iqtisadiyyatı tərənnüm edirdi. Ona görə də, bu dövrdə Azərbaycan mətbuatının yeni keyfiyyətdə formalaşması məhz bu gün şahidi olduğumuz intellektual, inkişaf etmiş mətbuata gətirib çıxardı. Amma bu yol da asan olmadı. Bildiyimiz kimi, o dövrdə çox ciddi əngəllər var idi. Bunlardan biri mətbuata dövlət nəzarətini təmin edən baş idarə-senzura idi. 1993-cü ilin əvvəllərində AXC-Müsavat hakimiyyəti dövründə hərbi sirlərin qorunması ilə bağlı xüsusi fərman imzalandı və bu mətbuatın azadlığını, söz azadlığını bir qədər də məhdudlaşdırdı. Beləliklə, Azərbaycan mətbuatı yağışdan çıxıb yağmura düşmüşdü. Yalnız Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Yeri gəlmişkən, qeyd etmək istərdik ki, son iki sənəd bu gün hakimiyyətə iddialı olan radikal müxalifətin liderləri tərəfindən imzalanmışdı. Bundan başqa, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Təbiidir ki, Ulu öndərin atdığı bu addımlar KİV ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilirdi. 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” adına layiq görülməsi bir daha onu göstərdi ki, milli mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərən Ulu öndər Heydər Əliyev jurnalistlərin gerçək hamisidir.
Azərbaycan mətbuat tarixində keyfiyyətcə yeni mərhələ
2003-cü ildən - İlham Əliyev cənabları Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahəyə göstərilən diqqət və qayğı daha da artırıldı.
Prezident İlham Əliyevin Sərəncamı ilə kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, bu borcların ödənilməsi prosesi Ulu öndər Heydər Əliyev tərəfindən dondurulmuşdu. Məhz cənab Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi. Buna paralel olaraq jurnalistlərin peşə nüfuzunun artırılması üçün jurnalist-məmur, jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə hüquqi müstəvidə son qoyulması istiqamətində müxtəlif tədbirlər görüldü. Məhz bundan sonra KİV-in və ayrı-ayrı jurnalistlərin fəaliyyəti ilə bağlı məhkəmələrə müraciətetmə halları aradan qalxdı.
Məhz bu ərəfədə Azərbaycan mətbuatında ilk fundamental keyfiyyət dəyişiklikləri meydana gəlməyə başladı. Bu isə bütövlükdə müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanmasını şərtləndirən əlamətdar bir hadisə idi. Hesab etmək olar ki, Prezident İlham Əliyev tərəfindən atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş etdi. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların tədricən sıradan çıxması müşahidə edilməyə başlandı. Beləliklə, konkret cinayətlər törətmiş və məsuliyyətə cəlb edilmiş - “KİV haqqında” Qanunun tələblərini pozmuş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd hərəkətlərə yol vermiş jurnalistlərin hüquqi və ictimai-mənəvi müstəvidə cəzalarının yüngülləşdirilməsi üçün müvafiq addımlar atıldı. Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən atılan addımlar və görülən tədbirlər mətbuat nümayəndələri tərəfindən layiqincə qiymətləndirildi və media sektorunun təmsilçilərinin adekvat addımlar atmasını şərtləndirdi. Məhz bunun sayəsində jurnalistikada özünə və peşə dəyərlərinə hörmət meyilləri artdı. Yəni, senzuranın ləğvindən sonra yaranmış korporativ maraqlara xidmət edən, cəmiyyətin parçalanması yönündə dağıdıcı fəaliyyət göstərən “inqilabçı jurnalistika”, yaxud “reket jurnalistikası” yavaş-yavaş sıradan çıxmağa başladı.
Bütün bunlardan sonra 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Düşünürük ki, Konsepsiyanın qəbulu və dövlət başçısının 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, KİVDF-yə ayrılan büdcə Azərbaycan mətbuatının maddi əsaslarını formalaşdırmaqla media qurumlarını sadaladığımız neqativ tendensiyalardan müəyyən mənada ayırdı. Çünki Konsepsiyada əksini tapan şərtlər istər-istəməz jurnalistikanın özünün həqiqi məcrasına yönəlməsini və nəticə etibarilə qeyri-ənənəvi məcrasından uzaqlaşmasını tələb edirdi. Məsələn, Mətbuat Şurasının “Reket Jurnalistika” ilə Mübarizə Komissiyasının siyahısına düşmüş qəzetlər artıq maddi vəsaitlərdən faydalana bilmirdilər. Bu, jurnalistlərin mətbuata yeni yanaşmasını və baxışını formalaşdırdı. Nəticə etibarilə, bütün bunlar jurnalistikada mənəvi atributların və dəyərlərin yenidən bərqərar olunmasını şərtləndirdi. Beləliklə, sadaladığımız tədbirlər və müsbət meyillər Azərbaycan mətbuatının inkişafı prosesinə önəmli töhfələr bəxş edən əlamətdar tarixi hadisələr oldu.
Jurnalist peşəsinin ictimai nüfuzunun artmasına xidmət edən addımlar
Bundan başqa, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı. Belə ki, Azərbaycan mətbuatının 135 illik yubileyində Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında” Sərəncamı ilə ölkəmizin bir sıra bölgələrində silsilə tədbirlərin keçirilməsi, öz fəaliyyətində fərqlənən 38 jurnalistə “Əməkdar jurnalist” fəxri adının verilməsi, onlarla jurnalistin “Tərəqqi” ordeni ilə təltif edilməsi, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi jurnalistlərin fəaliyyətinə stimullaşdırıcı təsir göstərməklə yanaşı, bu sahənin inkişafını daha da sürətləndirdi. Bütün bunlar, eyni zamanda, cəmiyyətin digər institutlarının da diqqətini jurnalist peşəsinə yönəltmiş oldu. Bu isə jurnalistlərin peşə nüfuzunun artmasını şərtləndirən xüsusi amil oldu.
Heç bir dövlət başçısı tərəfindən mətbuata bu qədər diqqət və qayğı göstərilməyib
Qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi tədbirlər görüldü. Amma 2010-cu ildən etibarən bu problem kütləvi surətdə həll edilməyə başlandı. Bunun əyani təzahürüdür ki, jurnalistlərin böyük dostu və hamisi olan Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı Sərəncam verdi. İyulun 22-də isə artıq mənzillər jurnalistlərə paylanacaq. Bu isə öz növbəsində jurnalistlərə münasibətdə yüksək səviyyəli qayğının zirvəsi idi. Çünki Müstəqil Dövlətlər Birliyi məkanında heç bir dövlət başçısı tərəfindən mətbuata bu qədər yüksək qayğı və diqqət göstərilməyib. Təsadüfi deyil ki, ünsiyyətdə olduğumuz müxtəlif ölkələrin media təmsilçiləri də Azərbaycan Respublikasında dövlətin mətbuatın inkişafına göstərdiyi yüksək səviyyəli dəstəyini dərin rəğbət və təəccüb hissi ilə qarşılayırlar. Azərbaycan jurnalistləri xarici ölkələrdə olarkən dövlətin və Prezident İlham Əliyevin mətbuata yüksək səviyyəli qayğısı, diqqəti və dəstəyindən fəxarət hissi ilə bəhs edir, eləcə də, əksər ölkələrdə belə bir təcrübənin olmadığının şahidi olur.
Beləliklə, 138 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçmişdir. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir.

 
  • Oxunub:  26130  |  
  • Tarix:  20-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
11:08
21 Sentyabr
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
11:06
21 Sentyabr
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
11:01
21 Sentyabr
Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb
11:00
21 Sentyabr
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
10:58
21 Sentyabr
Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
10:56
21 Sentyabr
Tahir Rzayev: Hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyır
10:16
21 Sentyabr
Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək
10:14
21 Sentyabr
Almatıda Qazaxıstan-Azərbaycan turizm forumu keçirilib
10:12
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatı davam edir
10:01
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir
09:27
21 Sentyabr
Növbəti tədbir “Əsrin müqaviləsi Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir" adlanıb
09:24
21 Sentyabr
Azərbaycan nümayəndə heyəti Qərbi Çin Beynəlxalq Sərgisində iştirak edib
20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+17 +20