Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Saxtakar qocanın yalançı qəhrəmanlığı

Saxtakar qocanın yalançı qəhrəmanlığı

30.07.2013 [09:32]

Mübariz Abdullayev

O, Azərbaycana qayıtmamasını müxtəlif absurd bəhanələrlə əsaslandırmağa çalışsa da ölkə ictimaiyyəti onun yalanlarına inanmır
Yel dəyirmanı ilə, tozanaqla döyüşən Don Kixot və ömrünün ahıl çağında sənətini atıb siyasətə “kəllə vuran” Rüstəm İbrahimbəyov. Ətrafdakılar Servantesin qəhrəmanını dəli, yelbeyin zənn etsələr də, bunu onun özünə demirlər, əksinə onu tayı-bərabəri olmayan bir cəngavər kimi tərifləyirlər və bu təriflərdən xoşlanan Don Kixot yeni sərgüzəştlərə həvəslənir, hər dəfə də daha gülünc vəziyyətə düşür. Radikal müxalifət təmsilçiləri də lap yaxın keçmişədək “mən siyasətdən uzağam” deyən qoca kinodramaturqu maddi umacaqlarının müqabilində tərifləyə-tərifləyə əvvəlcə “Milli şura”nın sədri, sonra isə “vahid namizəd”i etdilər. İndi 75 yaşında siyasətin əlifbasını öyrənən Rüstəm İbrahimbəyov radikal düşərgədə özünə rəqib tanımır, qondarma “Milli şura”da namizədlik iddiasında olan digərlərindən yolundan çəkilməyi tələb edir. Don Kixotun “cəngavərliyi” ilə qoca kinodramaturq Rüstəm İbrahimbəyovun “siyasətçiliyi” arasında paralellər apararkən bircə fərqi qeyd etmək gərəkdir. Servantesin qəhrəmanı xoş niyyətdən, uşaqları, qadınları pis insanların hücumlarından qorumaq istəyi ilə cəngavərlik xülyasına düşürdüsə, radikal düşərgənin qəhrəmanı Rüstəm İbrahimbəyov qisasçılıq hissi ilə siyasəti özünə meydan seçib. Onun Sanço Pansası isə elə reneqat Eldar Namazovdur ki, var.
Həqiqətən də, pis-yaxşı kinoçu kimi tanınan Rüstəm İbrahimbəyov necə “siyasətçi” oldu və yaxud onu buna təhrik edən səbəblər hansılardır? “Mən də özümü siyasətdə görmürəm. Bu barədə mənə çox sual verilir. Mən də həmişə demişəm ki, siyasətdən uzağam”. Bu sözlər indi qarşıdan gələn seçkilərə namizəd kimi qatılmaq iddiaları sərgiləyən Rüstəm İbrahimbəyovun vaxtilə mətbuata verdiyi müsahibəsindən götürülüb. Uzun illər ərzində kino sənətindən savayı heç bir sahədə özünü göstərməyən birisinin ahıl yaşında siyasətə “kəllə vuracağını” heç kəs təsəvvürünə belə gətirə bilməzdi. Bunun isə özəl səbəbləri var. Qoca kinodramaturq əvvəllər yalnız ara-sıra çəkdiyi filmlərlə gündəmə gəlirdisə, son dövrlərdə həm də dövlətin ayırdığı maliyyə vəsaiti hesabına Bakıda təşkil etdiyi “Şərq-Qərb” kinofestivalı və bir də hər birimiz üçün müqəddəs sayılan məkanda-Şəhidlər Xiyabanının ətəyində tikinti işləri aparmaq istəyi ilə diqqəti cəlb edirdi. Elə bu iki amil də qoca kinodramaturqun tale yolunu dəyişərək onu “siyasətçiyə” çevirdi, desək, əsl həqiqəti ifadə etmiş olarıq.
Bəli, sən demə, Azərbaycanda uca tutulan sənət sahəsinin adamı olduğuna görə hörmət bəslənilən Rüstəm İbrahimbəyovun içində böyük bir tamah, pula hərislik var imiş. Tezliklə, Rüstəm İbrahimbəyovun “Şərq-Qərb” festivalı üçün ayrılan vəsaitləri şübhəli təyinatlara yönəltdiyi, vergi cinayətlərinə yol verdiyi ilə bağlı məlumatlar üzə çıxdı. Həmçinin, onun xaricdəki erməni əsilli iş adamlarının maliyyə yardımı ilə Şəhidlər Xiyabanının ərazisində əyləncə obyekti tikdirmək istəyinin qarşısı alındı. Həmişə qarşısında yaşıl işıq görən qoca kinodramaturq ona etiraz edilməsini, həddinin göstərilməsini həzm edə bilmədi. O, kimlərdənsə qisas almağın, ələlxüsus da, üstü açılan iqtisadi xarakterli cinayətlərinin məsuliyyətindən yayınmağın ən asan yolunu siyasətə gəlməkdə, özünü radikalların sırasına qatmaqda gördü.
Məlumdur ki, yol verdiyi cinayətlərə görə məsuliyyətə alınacağından qorxan qoca kinodramaturq dabanına tüpürərək xaricə qaçıb və indi onun bir ayağı Rusiyada, digər ayağı ABŞ-da, Avropa ölkələrindədir. O, xarici ölkələrdə sədri və “vahid namizəd”i olduğu “Milli şura”nın məsələlərini həll etdiyini bəyan edir: “Məndən başqa Azərbaycanda qüvvə yoxdur ki, bu problemlərlə sıx məşğul olsun. Ona görə də, mən Amerikada, Avropada, Rusiyada bu işləri görürəm”.
Məgər qoca kinodramaturq fərqində deyilmi ki, nə üçün adına “milli” sözü yapışdırılan bir qurumun məsələləri xaricdəki erməni lobbisinin təsir dairəsində olan mərkəzlərdə, Ştrasser kimi Azərbaycana münasibəti xoş olmayan kəslərlə həll edilməlidir?
İş o yerə çatıb ki, Rüstəm İbrahimbəyov artıq “siyasətçi” qismində xarici mətbuata müsahibələr verir. Məsələn, “Şpigel”in əməkdaşı R.İbrahimbəyovdan soruşub ki, əgər prezident seçkilərində qalib gəlsə, dünyada əsas strateji tərəfdaşı kim olacaq? İbrahimbəyov bildirib ki, “bizim partnyorlarımızın kim olacağını yalnız Azərbaycanın maraqları diktə edə bilər”.
Əslində, Rüstəm İbrahimbəyovun bu cavabı Bulqakovun “İt ürəyi” romanında sirk səhnəsində guya məşhur bilici olan bir xanımın “mənim həyatımda ən əlamətdar hadisə hansıdır” sualına “sizin həyatınızda ən əlamətdar hadisə hələ gələcəkdədir” cavabını xatırladır. Axı bu binəva Azərbaycanın maraqları haqqında nə bilir ki, onun partnyorları haqqında da nəisə danışsın danışsın. Digər tərəfdən, ssenarisinin xaricdə yazıldığı bir filmdə komik baş rolu ifa edən aktyor ssenaridən kənar necə fikir desin? Amma inkişaf göz önündədir. Əvvəllər ağzı dalana dirənəndə tutuquşu kimi, “mən siyasətçi deyiləm” ifadəsini təkrarlayırdı, indi heç olmasa improvizasiya edir. Görünür, rus və amerikalı imicmeykerlərin əməyi hədər getməyib.
“Siyasətçi” Rüstəm İbrahimbəyovun “Don Kixot cəngavərliyi” onun xaricdə oturub Vətənə dönməklə bağlı səsləndirdiyi fikirlərdə açıq-aydın təzahür edir. Başlanğıcda qoca kinodramaturq açıq mətnlə bəyan edirdi ki, Vətənə dönməkdən qorxur, Bakıya qayıtsa, həbs olunacaq. Çiyindaşları onu başa saldılar ki, “siyasətçi”, “vahid namizəd” gərək belə aciz-aciz danışmasın. Buna görə də, son vaxtlar Rüstəm İbrahimbəyov “Vətənə dönmək” mövzusunda “Don Kixot cəngavərliyi” ilə danışır. Qoca kinodramaturq gah “Mənim Bakıya qayıtmağımı istəyənlər təxribatçıdırlar, belələrinin ağzından vuraram” deyərək “vahid namizəd” seçicilər arasında olmalıdır” tələbini irəli sürən “Milli şura” üzvlərinə səslənir, gah da “başa düşə bilmirəm mənim qayıtmağımı istəyənlərin məqsədi nədi? Mən “vahid namizəd” olmağa razılıq vermişəmsə, qayıtmaya bilmərəm axı. Mütləq Azərbaycana gəlməliyəm” kimi vədlərlə radikalların başının altına yastıq qoymaq istəyir. Fakt isə ondan ibarətdir ki, seçkilərə çox az vaxt qalsa da, “Milli şura”nın sədri və “vahid namizəd”i hələ də bu statusları qiyabi olaraq daşıyır. Qoca kinodramaturq son müsahibələrinin birində yalançı cəngavərlərsayağı belə deyib: “Mütləq Azərbaycana gəlməliyəm. Ehtimal var ki, gələndə məni tutsunlar. Amma mən bundan qorxmuram. Mən deyəndə ki, həbs ehtimalı var, bu, o demək deyil ki, ondan qorxub-çəkinirəm”.
Rüstəm İbrahimbəyovun belə “cəsarət” nümayiş etdirməsinə rəğmən, onun Azərbaycana dönüşü hələ də reallaşmayıb. O, hər dəfə bir bəhanə gətirərək Vətənə qayıtma vaxtını geriyə çəkir. Qoca kinodramaturq son olaraq bu tarixi iyulun 31-nə müəyyənləşdirmişdi. Qondarma “Milli şura” təmsilçiləri də onu qarşılamağa hazırlıq gördüklərini bildirirdilər. Qəfildən ACP sədri Rəsul Quliyev “Rüstəm İbrahimbəyov Vətənə dönməsin” təklifini səsləndirdi. Bunun ardınca ALP-nin sədri Əvəz Temirxan ACP-nin liderinin təklifini dəstəklədiyini bəyan etdi. “Milli şura”nın icra aparatının rəhbəri Eldar Namazov da “indiki şəraitdə Rüstəm İbrahimbəyovun Vətənə dönməsinin məqsədəuyğun olmadığı” xüsusunda açıqlama verib. Sonuncu Rüstəm İbrahimbəyovla seçki məsələlərini qonşu Gürcüstanın paytaxtında müzakirə edəcəklərini bildirib. Aydın görünür ki, “Milli şura” üzvləri Rüstəm İbrahimbəyovun Vətənə dönməməsini və yaxud dönmək istəməməsini əsaslandırmaqdan ötrü kampaniyaya start veriblər. Bütün bunların “Milli şura”nın sədrindən xəbərsiz baş verdiyini düşünmək sadəlövhlük olardı. Məntiq budur ki, Rüstəm İbrahimbəyov vaxtilə Vətəndə külli miqdarda vergi cinayətlərinə yol verdiyinin, “Şərq-Qərb” festivalları üçün ayrılan vəsaitləri təyinatı üzrə yönəltmədiyinin fərqindədir. Buna görə də, anlayır ki, Azərbaycana qayıdacağı təqdirdə burada onu ciddi məsuliyyətə alınmaq təhlükəsi gözləyir. Bu səbəbdən də qoca kinodramaturq “Don Kixot cəngavərliyi” nümayiş etdirərək özündən yalançı qəhrəman düzəltmək istəyir.

Paylaş:
Baxılıb: 1108 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30