
Və ya səni sevəcəyəm sən sevməsən də
Müxalifətin radikal qanadının toplaşdığı “Milli şura” hazırda çox ağır günləri yaşamaqdadır. Son vaxtlar qondarma qurumun nümayəndələrinin bədbin açıqlamaları, verilən qərarlar bunu deməyə əsas verir. Qurumun sədri və prezident seçkilərində vahid namizədi ermənipərəst Rüstəm İbrahimbəyovun fikirlərindən belə görünür ki, artıq onun özü də seçkidə rəsmi şəkildə iştirak edə biləcəyinə inanmır. Qoca kinodramaturq mətbuata müsahibəsində bu haqda fikirlərini bildirib: “Mən təklif edirəm ki, hər ehtimala qarşı təşəbbüs qrupları, partiyalar bir neçə nəfər də tanınmış, hörmətli şəxsin namizədliyini irəli sürsün. O adamlar sırasında “Milli şura”ya yaxın şəxslər olmalıdır. Əgər məni qeydiyyata almasalar, “Milli şura” həmin namizədlər sırasından birini özünün namizədi elan etsin. Mənim də bir neçə namizədim var. Mən özümü heç namizədlər arasında görmürdüm. Amma sonra gördüm ki, mən vahid namizəd olmağa razılıq verməsəm, işlər korlanacaq. Ona görə razılaşdım və heç nə dəyişməyib”.
Göründüyü kimi, R.İbrahimbəyov seçkilərdə namizədliyinin qeydə alnacağına ümidini itirib və ona görə də, başqalarının namizədliyinin irəli sürülməsini təklif edir. Amma təəccüblüdür ki, qoca kinodramaturq bu mövqedə olduğu halda bəziləri israrla onun vahid namizəd olmasında qərarlıdır. Bunu AXCP Ali Məclisinin mövqeyindən də görmək olar. Belə ki, təşkilat R.İbrahimbəyovu vahid namizəd olaraq sona qədər dəstəkləmək haqda qərar qəbul edib. Burada belə bir məsəl yada düşür: Papadan artıq katolik olmaq olmaz. Amma deyəsən, Əli Kərimli və onun AXCP-si Papadan artıq katolik olmağa çalışır. Onlar üçün daha bir misal yerinə düşür: Səni sevəcəyəm, sən sevməsən də. Həqiqətən də, AXCP çox gülünc məntiq ortaya qoyur. Qoca kinodramaturq R.İbrahimbəyovun namizədliyinin rəsmi şəkildə qeydə alınmasına qanunvericiliyin imkan vermədiyi bütün ictimaiyyətə məlumdur. Yaranmış problemlərin vaxtında həll olunmaması isə “Milli şura”dakıların öz günahıdır. İndi belə bir vaxtda AXCP-nin özünü R.İbrahimbəyovun pərəstişkarı, ona sadiq bir təşkilat kimi göstərməsi o qədər də səmimi görünmür. Çünki Ə.Kərimlinin xoş olmayan niyyətləri barədə dəfələrlə mətbuatda məlumatlar verilib. Eyni zamanda, bu gün Ə.Kərimli sadəcə saxta səmimiyyətlə özünü müxalifət düşərgəsində konstruktiv şəxs kimi göstərməyə çalışır. Digər tərəfdən isə, AXCP sədrinin planları əsasında “Müsavat”a və digərlərinə qarşı kampaniyalar aparılır.
AXCP Ali Məclinin qərarındakı digər məqamlar da Ə.Kərimlinin xislətindən xəbər verir. “Milli şura”da baş verən hadisələr müxalifətin bir daha iç üzünü açaraq, bağladıqları yalançı əhdi-peyman zamanının bitdiyini göstərir. Bir neçə gün öncə “vahid namizədin” yalnız Rüstəm İbrahimbəyov olmasını müdafiə edən və İsa Qəmbərin “Müsavat”dan hələ də namizəd olaraq qalmasını qəbul etməyən Əli Kərimli AXCP Ali Məclisinin iclasında namizədliyinin irəli sürülməsinin anonsunu da edib. Bu isə artıq öncədən “şura” haqqında deyilənləri doğrulamaqla, seçkiyə qədər “vahid namizədlərin” çox olacağı fikrini təsdiq etmiş oldu. 20 ildir seçkidən-seçkiyə ortaya düşüb özlərini etibarsız və bir-birinin ayaqlarını qazmaq nümunəsi kimi göstərən radikal müxalifət liderləri beş nəfərin sözünü bir araya gətirib onun dalınca gedə bilmirlərsə hansı güclə, hansı iradə ilə bu xalqa rəhbər olmağa can atırlar? Atalar doğrudan da əbəs yerə deməyib “Utanmasan oynamağa nə var ki?”
- Oxunub: 22830 |
- Tarix: 13-08-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir(2019-01-18 09:35:31)
- - Ermənistandakı kriminal rejimə iyirmi il ərzində dəstək verən “siyasətçilər” məsuliyyətə cəlb olunmalıdırlar(2019-01-16 10:08:54)
- - Müxalifət adı altında destruktiv fəaliyyət göstərən anti-milli qruplar Azərbaycanın milli maraqlarına qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər(2019-01-10 09:54:13)
- - Qazaxıstanda ermənilər tərəfindən gənc qazaxın öldürülməsi erməni millətçiliyinin iç üzünü növbəti dəfə ortaya qoydu(2019-01-09 09:49:11)
- - Ermənistan Gürcüstana qarşı ərazi iddiasını davam etdirir(2018-10-06 10:36:23)
- - Ermənistan beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarında deyil(2018-10-05 08:48:57)