
İndiki şəraitdə Azərbaycan cəmiyyətində mitinqlərə sosial-siyasi sifariş yoxdur və belə çağırışlar təqdir olunmur
Mətbuatda xəbər verildiyi kimi, qondarma “Milli şura” son toplantısında avqustun 18-də mitinq keçirməklə bağlı qərar verib. Qurumda təmsil olunan “Müsavat”ın, AXCP-nin, “El” hərəkatının üzvləri bir-birlərinin ardınca mətbuata açıqlamalar ötürərək anonsunu verdikləri mitinqlə bağlı süni ajiotaj yaratmaq istəyirlər. Guya seçkiqabağı dönəmdə küçə tədbirlərini zəruri edən hansısa səbəblər var və hazırda mitinqin keçirilməsi üçün partiyalar səviyyəsində hazırlıq işləri həyata keçirilir.
Mühüm ictimai-siyasi hadisə-prezident seçkiləri ərəfəsində siyasi iddialar sərgiləyən hər kəsin, o cümlədən də partiyaların və qrupların bu və ya digər formada fəallıq nümayiş etdirməsi başadüşüləndir. Ancaq bu fəallıq heç bir halda ictimai-siyasi asayişin, insanların normal həyat tərzinin pozulmasına yönəlik əməllərlə, qaragüruhçuluqla, qanunlara qarşı çağırışlarla, təhrikçilik hərəkətləri ilə ifadə oluna bilməz. Təəssüf doğuran bir haldır ki, radikal müxalifət düşərgəsinin, o cümlədən də qondarma “Milli şura”nın təmsilçiləri seçkiqabağı dövrdə partiyaların, qrupların, ayrı-ayrı şəxslərin siyasi fəallığını çox məhdud, müasir dövrdə sivil cəmiyyətlərdə heç də təqdir olunmayan anlamda-küçə tədbirləri keçirməkdə görürlər. İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi, cəmiyyətlə ünsiyyətin daha effektiv formalarının yarandığı, bütün dünyanı, necə deyərlər, kiçik bir kəndə çevirən internetin, sosial medianın populyarlaşdığı indiki dövrdə küçə tədbirlərini yeganə “siyasi fəallıq” forması saymaları və bu yolla gündəmdə qalmağa üstünlük vermələri radikalların hələ də bir neçə onillik bundan qabağın düşüncə tərzi ilə yaşadıqlarını, mitinq eyforiyasından qurtula bilmədiklərini ortaya qoyur. Görəsən, hər gün tirajladıqları mediada, internet resurslarında sözü qurtaran aşıqların “balam ey, balam ey” dedikləri kimi eyni sözləri və kif basmış fikirləri təkrarlayan radikallar, “Milli şura” üzvləri cəmi bir neçə saat çəkəcək və məhdud auditoriyanı əhatə edəcək mitinqdə hansı mühüm mesajları çatdıracaqlar?
Sualın cavabı bəllidir. Radikalların, o cümlədən də “Milli şura” üzvlərinin Azərbaycan cəmiyyətinə deməyə heç bir sözü yoxdur. Qondarma qurum mövcud olduğu təxminən iki ay ərzində hər hansı bir konstruktiv təkliflə çıxış etməyib, əksinə təmsilçilər arasında səngimək bilməyən intriqalarla, nüfuz çəkişmələri ilə, yalan vədlərlə, səbatsız açıqlamalarla yadda qalıb. Təkcə onu demək kifayətdir ki, qarşıdan gələn seçkiyə hesablanan qondarma qurumun “vahid namizəd”i ətrafında mübahisələr hələ də səngiməyib. Daha dəqiq desək, prezidentliyə namizədlərin qeydə alındığı bir dönəmdə qurumun “vahid namizəd” kimi müəyyənləşdirdiyi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq probleminin həllini tapması məlum prosedur qaydaları üzündən baş tutmur. Qurumun AXCP, “Müsavat”, ACP, “El” hərəkatı kimi təmsilçiləri isə məhdud konyuktur maraqlarını hər şeyin fövqünə tutaraq yaranmış “vahid namizəd” boşluğunu aradan qaldırmaqda maraqlı görünmürlər. Qurumdaxili məsələlərdə belə ümumi dil tapa bilməyən, korporativ maraqlarına görə adi siyasi davranış qaydalarını pozan, bir-birlərinin ünvanına etikadankənar ifadələr işlətməkdən çəkinməyən radikallar hansı məntiqlə və hansı üzlə mitinqdə bir araya gəlməkdən danışırlar? Ümumiyyətlə, onlar mitinqdə nədən danışacaqlar?
Azərbaycanın indiki sürətli sosial-iqtisadi inkişafının, ölkədə həyat səviyyəsinin yaxşılaşmasının fonunda mitinqlərə, digər belə kütləvi tədbirlərə cəmiyyətin sosial-siyasi sifarişi yoxdur. İnsanlar respublikada bərqərar olan, firavan həyata təminat verən daxili sabitlikdən məmnundurlar. Ölkə hüquqi cəmiyyət quruculuğu yolunda inamla irəliləyir. Vətəndaşların bu və ya digər sahədə üzləşdikləri hansısa problemlər mitinqlərdə deyil, hüquqi müstəvidə həllini tapır. Belə bir şəraitdə qondarma bir qurumun mitinqə qərar verməsi çox gülünc görünür və bu qərara radikalların seçkiqabağı dövrdə manipulyasiya, ölkədəki ictimai-siyasi sabitliyə xələl gətirmək cəhdindən başqa ad vermək mümkün deyil. Bunu radikalların sosial şəbəkələrdə paylaşdıqları statuslardan, yaydıqları müraciətlərdən də görmək mümkündür. “Milli şura”nın mitinqin təşkilinə məsul təyin olunan təmsilçiləri sosial şəbəkələrdə paytaxtın abadlaşdırılması, yol infrastrukturunun genişləndirilməsi ilə bağlı mövcud bazar qiymətlərinə uyğun kompensasiya ödənilərək yaşayış yerlərindən köçürülən, banklardan kredit götürən vətəndaşları, qəbul imtahanlarında keçid balı yığmayan gəncləri və bu qəbildən olan digərlərini “narazı” elektorat gözündə görərək onları avqustun 18-də elan etdikləri mitinqə səsləyirlər. “Milli şura” təmsilçilərinin bu kimi çağırışlarından bir daha bəlli olur ki, onlar elan etdikləri mitinqi sırf spekulyativ məqsədlər naminə təşkil etmək istəyirlər.
“Milli şura”nın üzvü Zəfər Quliyev mətbuata verdiyi açıqlamada qurumun avqustun 18-nə təyin etdiyi mitinqlə bağlı qəribə, daha doğrusu, radikallarsayağı fikirlər ifadə edib. O vurğulayıb ki, mitinqi keçirməkdə məqsəd həm “Milli şura”nın gücünü göstərməkdən (sual olunur: hansı gücünü-M.A.), həm də Rüstəm İbrahimbəyova dəstək verməkdən ibarətdir. Zəfər Quliyev iddia edir ki, “Milli şura”nın sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina məsələsi ondan asılı olmayan səbəblərdən ləngiyir. Çox qəribədir ki, qurumun təmsilçisi prezident seçkilərinə namizəd kimi qatılmaq iddiasında olan qoca kinodramaturqun ikili vətəndaşlıq problemindən qurtula bilməməsinin günahını Azərbaycan iqtidarında axtarır. (?!) Görəsən, Moskvadan vurub Vaşinqtondan çıxan Rüstəm İbrahimbəyovun, “Milli şura”nın digər təmsilçilərinin əl-qolunu kim bağlamışdı ki, onlar adi bir texniki məsələnin həllini bu qədər ləngitdilər və müşkülə çevirdilər? Sadə bir prosedur məsələsinin həllində aciz qalanlar, fərasətsiz-fərasətsiz “gözləyək, görək nə olur” deyənlər hansı məntiqlə siyasi iddialarda bulunurlar və seçkilərə qatılmaq istəyirlər?
Bu arada “Milli şura”nın mitinq qərarı ilə bağlı müxalifət daxilindəki mənbələrdən bir sıra maraqlı məlumatlar sızdırılıb. Verilən məlumatlarda vurğulanır ki, qondarma qurumda mitinq təklifi ilə çıxış edənlər radikallara Rüstəm İbrahimbəyovun “pul mesajı”nı çatdırıblar. Yəni partiyalar, siyasi qruplar mitinqə gətirəcəkləri adamların sayına uyğun qaydada “mükafatlandırılacaqlar”. Pula şirniklənən radikallar isə başqa şey barədə düşünməyərək “yuxarıdan” gələn mitinq qərarına məmnuniyyətlə “hə” deyiblər.
Lakin mitinq qərarı verənlərin canfəşanlığı əbəsdir. İndiki şəraitdə Azərbaycan cəmiyyətində mitinq kimi kütləvi aksiyalara sosial-siyasi sifariş olmadığından radikalların növbəti belə tədbirinin də çox sönük keçəcəyini bəri başdan söyləmək mümkündür. Radikalların özləri də bunun fərqindədirlər və avqustun 18-də keçirmək istədikləri mitinqə lazimi sayda iştirakçının qatılmayacağını əsaslandırmaq üçün indidən bəhanələr hazırlayırlar. Bu xüsusda danışan “Müsavat”ın funksioneri Mustafa Hacıbəyli vurğulayıb ki, yay ayları istirahət mövsümü olduğundan, insanlar dağa-bağa getdiklərindən, tələbələr Bakıda olmadığından... mitinqlər üçün əlverişli mövsüm deyil. Davam edin, radikallar, görək, növbəti mitinqinizin alınmayacağını əsaslandırmaq üçün daha hansı bəhanələr gətirəcəksiniz?
- Oxunub: 23160 |
- Tarix: 16-08-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimlinin yeni qanunsuz maliyyə mənbələri ortaya çıxır(2019-01-31 08:56:50)
- - Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır(2019-01-25 09:48:00)
- - 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib(2019-01-18 09:47:38)
- - Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir(2018-10-06 10:37:24)
- - İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!(2018-10-04 08:33:32)
- - Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı(2018-04-26 09:08:30)