
Və ya keçmiş “diplomat”ın “Milli şura” “sevgisi”nin altında nələr yatır?
Qısa zaman kəsiyində yerləşdiyi Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsinə çevrilmiş, böyük bir coğrafiyanın aparıcı siyasi aktoru olan Azərbaycan dövlətinin müstəqillik tarixi zaman baxımından yaxın keçmişə söykənsə də, bu az müddətdə dövlətimiz mühüm bir yol keçib. Bu inkişaf yolu isə ölkəmizin iqtisadi sabitliyini, sosial inkişafını təmin etməklə yanaşı, siyasi müstəqlliyimizi özündə ehtiva edib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycana dikilmiş həris gözlü, ac niyyətli qüvvələrin arzularını ürəyində qoyub.
Bəllidir ki, zaman-zaman xarici ölkələrdə, o cümlədən, qardaş Türkiyədə də elə insanlar tapılıb ki, Azərbaycanın inkişafı, müstəqil xarici siyasət yürütməsi onları narahat edib. 90-cı illərdə Azərbaycanda öz çirkin niyyətinə çata bilməyən, “burnu ovulan” Turqut Ər adlandırılan kimsə də məhz belələrindəndir. Müəyyən siyasi proseslər zamanı özünü “yuyulmamış qaşıq” kimi ortaya atmağa çalışan, ürək bulandırmaq istəyi ilə yalanlarla və şər-böhtanla dolu açıqlamalar verən Turqut Ərin əsl niyyətinin nə olduğu Azərbaycan cəmiyyətinə bəllidir. Yəni, xarici anti-azərbaycançı qüvvələrin sifarişi əsasında Azərbaycana qarşı məkrli planlar həyata keçirməyə çalışan bir sıra radikal müxalifət partiyalarının “ən sevimli personası” halına gələn Turqut Ərin nə istədiyi və nə arzuladığı ortadadır. Zaman-zaman Azərbaycan dövlətinə, xalqına daş atan və daşı da elə özü səviyyəli mətbu orqanların əli ilə atan Turqut Ər yenə də öz ampluasındadır. Belə ki, “Azaldlıq” qəzetinə özünəbənzər, elə həmin qəzet səviyyəsində bir müsahibə verən Turqut Ər öz çirkin arzu və niyyətlərini guya “siyasi şərh” qismində qələmə verməyə cəhd göstərib. Onun “Milli şura” adlanan amorf qrupla eyni mənbədən qidalandığı isə ağzından çıxan hər kəlmədən bəlli olur. Məsələn, “Milli şura”nın qurulmasını vacib addım adlandıran Turqut Ər, əslində həmin qondarma qurumda təmsil olunanların cəmisi 3 faizini tanıyır. Bundan başqa, həmin qondarma qurumda baş verən oyunlar, elə qurum üzvləri tərəfindən onların məğlubiyyətə məhkum olduqlarının açıqlanması görəsən Turqut Ərin nəzərindən qaçıbmı? Yoxsa, təriflədiyi müxalifət qəzetlərində hər gün boy-boy “Milli şura”dakı “gizlənpaç” oyunları haqda çıxan yazıları oxumur?
Və ya Turqut Ərin “Milli şura”nın avqustun 18-də keçirilən icazəli mitinqi ilə bağlı fikirlərinə diqqət yetirəndə, radikal müxalifətlə onun “tezislərinin” eyni yerdən gəldiyi aydın olur. Birmənalı şəkildə mitinqin “kütləviliyini təbliğ etmək” göstərişi alan Turqut Ər bu uğurda hansı yalanları danışmır, hansı dona girmir. Maraqlıdır ki, “Milli şura”nın öz üzvləri mitinqdəki fiaskodan danışır, Türkiyədə oturan Turqut Ər isə “mitinq üzvlərinə edilən təzyiqlərdən”... Bax bunun adı yalnız və yalnız “uzaqdangəlmişlikdir”.
Birmənalı şəkildə Azərbaycanın müstəqil inkişafını gözü götürməyən, bu səbəbdən də hədyanlar danışan bu şəxsin 1990-cı illərdəki fəaliyyəti də onun əsl kimliyini ortaya qoyur...
Müstəqilliyin ilk ilindəcə “diplomat” donuna girən Turqut Ər Azərbaycanın sərvətlərini qamarlamağa çalışıb
Bir həqiqət ortadadır ki, bu gün pula, maddiyyata xidmət göstərən Turqut Ər ermənipərəst dairələrin yardımı ilə Azərbaycan hakimiyyətinə böhtanlar atır. Turqut Ərin 1990-cı illərdəki Azərbaycandakı fəaliyyəti guya diplomatik statusu ilə pərdələnsə də, onun arxasında məhz Azərbaycanda dövlət çevrilişi etmək, Azərbaycanın sərvətini, pulunu oğurlamaq, Azərbaycan xalqının cibinə girmək missiyası dayanırdı. Hələ o dövrlərdə cəbhə xəttində, gərgin ərazilərimizdə insanları aldadan Turqut Ər, istər Ayaz Mütəllibovun hakimiyyəti dövründə, istərsə də Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu AXC-“Müsavat” iqtidarı dövründə dostu Ziya Aydınla Azərbaycanın sərvətlərini qamarlamaq istəyi ilə min bir planlar qurub. 1994-cü ildən sonra isə bütün planlarının “suya düşdüyünü” görən, Azərbaycanda artıq milli dövlət qurulucuğuna start verildiyini müşahidə edən Turqut Ər öz çirkin niyyətini başqa istiqamətdə-dövlət çevrilişi cəhdində axtarmağı hədəfləyir. 1995-ci ildə Azərbaycandakı dövlət çevrilişinə cəhddə iştirakı olan Fərman Dəmirqolla birlikdə bu niyyəti gerçəkləşdirməyə çalışan Turqut Ər görəsən, o zaman niyə Azərbaycan xalqı üçün “can yandırmırdı”, dövlət çevrilişinin baş verməsinin qarşısının alınmasına kömək etmirdi, əksinə Azərbaycanda xaos yaranmasında maraqlı idi? Təbii ki, bunun bir səbəbi var. Turqut Ər ölkəmizdə yarana biləcək qarışıqlıqlardan istifadə edərək öz çirkin iqtisadi niyyətlərini həyata keçirmək arzusunda idi. Məhz onun Azərbaycan dövlətinə, hakimiyyətinə, xalqına şər-böhtan atmasının əsas səbəbi də qisasçılıq hissindən qaynaqlanır. Anti-azərbaycançı dairələrin bu cür nökərlərinə qucaq açan “Azadlıq” qəzeti də onun bu niyyətinin yenidən “cücərməsi” üçün əldən-ayaqdan gedir.
Erməni diasporasının maddi yardımı ilə Azərbaycana şər-böhtan atan Turqut Ər kimiləri Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə bilməz
Bir mətləbi xüsusi vurğulamaq lazımdır ki, bu gün Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişaf etdiyi, dünyanın bu qarmaqarışıq dövründə iki qardaş ölkənin bir-birinə arxa-dayaq durduğu vaxtda özünü türk diplomatı kimi təqdim etməyə çalışan, əslində isə türk adına qara ləkədən başqa heç bir “başucalığı” gətirməyən Turqut Ər hər addımda buyruq quluna çevrildiyini özü təsdiqləyir. Bu şəxsin həyat fəaliyyətinə baxdıqda soyadında olan “Ər”likdən əsər-əlamət görmürsən. Çünki kiminsə pulu hesabına yalan, iftira, şər-böhtan demək, ucuz sensasiya yaratmaq, qazanc əldə etmək məqsədi ilə başqa bir dövlətin daxili işlərinə qarışmağa çalışan, danışdığı cəfəngiyyatları cəmiyyətə sırımaq istəyən bu şəxs nəinki öz soyadını, eləcə də, əsrlərdən bəri adları dillərdə əzbər olmuş Türk ƏRləri təhqir edir.
İstər Azərbaycanda fəaliyyəti dövründə, istərsə də ondan sonrakı dövrdə özü kimi bir qrup dönüklə birlikdə xarici havadarlarının əmri ilə ölkəmizin daxili işlərinə qarışmağa, ictimai-siyasi vəziyyəti gərginləşdirməyə cəhd edən bu şəxsin “uğursuz diplomat” olması ilə yanaşı, natamamlıq kompleksi də yaşadığı ortadadır. Çünki cüzi də olsa diplomatiyadan anlayışı olan bir şəxs başa düşür ki, hansısa ölkə haqqında yalan, böhtan danışmaq insanlığa uymayan bir şeydir.
Təbii ki, vurğulandığı kimi, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır və bu dostluq Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət iki dövlət” prinsipinə əsaslanır. Bu baxımdan Turqut Ər kimi dönük, türk adına ləkə olanlar nə Azərbaycan cəmiyyəti, nə də Türkiyə cəmiyyəti tərəfindən qəbul edilmir. Azərbaycan xalqı dərk edir ki, Türkiyə cəmiyyəti “turqutların” hansı “bulağın gözündən” qidalandığını bilir. Bu gün qardaş xalqlar olan Azərbaycan və Türkiyə arasında çoxşaxəli əlaqələr mövcuddur, amma buna baxmayaraq, Azərbaycan cəmiyyəti hər zaman Türkiyədə baş verən siyasi proseslərə ehtiyatla yanaşır, bir dövlətin, bir xalqın daxili işlərinə qarışmır.
Təbii ki, Turqut Ərin antimilli dairələr, konkret olaraq ermənilər tərəfindən dəstəklənən “Milli şura”nı müdafiə etməsindən normal bir hal ola bilməz. Dəfələrlə eyni planın tərkib hissəsi olmuş “Milli şura” üzvləri ilə Turqut Ər üçün bu gün milli maraqlar deyil, həmin dairələrin onlara təqdim etdiyi maliyyə dəstəyi daha önəmlidir. Çünki xarakter “bozuq” oldusa, bu xəstəlik illərlə keçəsi deyil. Necə ki, Turqut Ərin Azərbaycan xalqına qarşı qisasçılıq mövqeyi illərdir ki, dəyişmir ki, dəyişmir...
- Oxunub: 23430 |
- Tarix: 27-08-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)
- - “Freedom House”un qərəzli “hesabat”ı reallıqları əks etdirmir(2019-02-08 09:52:58)
- - “Milli şura” növbəti dəfə biabır oldu(2019-02-02 09:54:33)