
İndiyədək Azərbaycanın parçalanmasına yönəlmiş açıq separat “fəaliyyəti” ilə tanınan İsmayıl Şabanovun qondarma quruma dəstək nümayiş etdirməsi onların eyni mərkəzdən idarə olunduğunu təsdiqləyir
Azərbaycanın möhkəm daxili sabitliyini, cəmiyyətin milli və dini nöqteyi-nəzərdən monolitliyini pozmaq, bu yolla respublikadakı dinamik iqtisadi inkişafa xələl gətirmək ölkəmizə düşmən olan bəzi xarici dairələrin hədəfləri sırasındadır. Beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan həmin mərkəzlər öz çirkin məqsədlərinə çatmaq üçün ən müxtəlif vasitələrə, hətta tarixdə ikrahla xatırlanan “beşinci kolon”-pul və digər şirnikləndirici vasitələrlə milli satqınları öz şəbəkələrinə cəlb etmək metoduna da əl atırlar. Ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma “Milli şura” da xaricdəki anti-Azərbaycan dairələrin “beşinci kolon”u missiyasını yerinə yetirir.
Məlumdur ki, Azərbaycan bütün dünyada milli və dini tolerantlıq nümunəsi hesab olunan bir ölkədir. Müxtəlif millətləri və konfessiyaları təmsil edənlər burada mehriban dostluq şəraitində yaşayır və Azərbaycanın inkişafına öz töhfələrini verirlər. Azərbaycan cəmiyyətinin gücü onun milli və dini nöqteyi-nəzərdən rəngarəngliyində və monolitliyindədir. Xarici anti-Azərbaycan dairələri narahat edən də məhz budur. Onlar yaratdıqları “beşinci kolon”un -”Milli şura”nın vasitəsi ilə bu birliyə xələl gətirmək üçün yollar axtarırlar. Təsadüfi deyil ki, milli və dini separatizmə rəvac verməklə cəmiyyətdəki sabitliyi pozmaq cəhdləri qondarma qurumun “fəaliyyətində” açıq-aydın hiss olunur. Belə ki, “Milli şura”nın təmsilçiləri Azərbaycanın gah bu, gah da digər bölgələrində milli və dini azlıqların nümayəndələri ilə görüşlərə can atır, müxtəlif millətlərin qarışıq yaşadığı rayonlarda ailə-məişət zəmnində baş verən hadisələri milli-dini narazılıq müstəvisində təqdim etməyə cəhdlər göstərir, bu barədə məlum mərkəzlərə dezinformasiyalar ötürürlər.
Təbii ki, ölkə daxilində və xaricdə qondarma qurumun bu istiqamətdə fəaliyyətini təqdir edənlər də tapılır. Məsələn, bu günlərdə “Talış diasporundan Cəmil Həsənliyə dəstək” başlıqlı məqalədə Rusiyada fəaliyyət göstərən “Talış diasporu” təşkilatının sədri İsmayıl Şabanovun fikirləri yer alıb. Müsahibəsində “Biz Cəmil Həsənliyə sona qədər dəstək olacağıq”, “Milli şura”ya dəstək olmağa çağırıram” kimi bəyanatlar verən İ.Şabanov “Milli şura”ya maliyyə dəstəyi verməyə hazır olduğunu da bildirib.
İsmayıl Şabanovun haqqında bəhs olunan müsahibəsində “Milli şura”nın antimilli mahiyyəti bir daha tam çılpaqlığı ilə ortaya qoyulur. Çünki İ.Şabanov indiyədək Azərbaycanın parçalanmasına yönəlmiş açıq separatçı fəaliyyəti ilə tanınıb. Bunun üçün onun Rusiya mətbuatında və müxtəlif saytlardakı çıxışlarının yalnız bəzilərinə nəzər yetirmək kifayətdir.
Məsələn, İ.Şabanovun “Talış.info” saytında 27 iyun 2009-cu il tarixdə yerləşdirilmiş məqaləsində iddia edilir ki, guya Azərbaycan rəhbərliyi milli azlıqların əzilməsinə yönəlmiş siyasət yürüdür. İ.Şabanov utanmadan belə bir iddia səsləndirib ki, guya hakimiyyətin məqsədi qədim talış sivilizasiyasını məhv etməkdir: “Talışlar hər şey üçün Bakıdan icazə almalı olurlar, talışları hər addımbaşı alçaldırlar. Əgər onlar mənim xalqımdan qorxurlarsa, onda niyə özünü dövlət adlandırırlar? Bütün talışlar üçün Rusiya SSRİ-nin varisidir və biz Rusiyanın keçmiş sovet respublikalarında daxili milli problemləri nizamlamaq hüququnu tanıyırıq. Türkmənçay müqaviləsinə görə, Rusiya Talış xanlığında yaşayan əhalinin təhlükəsizliyinə görə cavabdehlik daşıyır. Odur ki, Rusiya daxili işlərə qarışmır, sadəcə, öz öhdəliyini yerinə yetirir”.
Öz növbəsində erməni saytı “YERKRAMAS” 30 aprel 2013-cü il tarixində İ. Şabanovun açıqlamasına məmnuniyyətlə yer ayırıb: “Müasir Azərbaycan pantürkizm ideologiyasına əsaslanır və məqsəd bütün xalqları türkləşdirməkdir. Niyə bizim uşaqlarımız və nəvələrimiz pasport alarkən orada “azərbaycanlı” yazılmalıdı? Niyə biz talış olmağımızdan utanmalıyıq?”
Rusiyada nəşr olunan “ZAVTRA” qəzetinin 30 iyul 2008-ci il tarixli sayında dərc olunan məqalədə isə İ.Şabanov iddia edir ki, guya Azərbaycanda talışlar qəddarlıqla basqılara məruz qalırlar: “Azərbaycanda “talış” sözünün özü belə qadağan olunub! Biz qorxumuzdan Talışıstandakı liderlərimizin adlarını belə gizli saxlayırıq. Bu gün talışlara yalnız Rusiya dəstək verə bilər”.
Əslində, bu kimi açıq-aşkar separatizm ruhlu yazıların müəllifi İ.Şabanovun ermənipərəst Rüstəm İbrahimbəyovun “Milli şura”sını, onun yeni “vahid namizəd”i Cəmil Həsənlini dəstəkləməsinin səbəbləri bəllidir. Yəni, Azərbaycan dövlətinə qarşı iftiralar uyduran İ.Şabanov və qondarma “Milli şura” eyni mərkəzdən idarə olunurlar.
- Oxunub: 21480 |
- Tarix: 30-08-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimlinin yeni qanunsuz maliyyə mənbələri ortaya çıxır(2019-01-31 08:56:50)
- - Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır(2019-01-25 09:48:00)
- - 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib(2019-01-18 09:47:38)
- - Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir(2018-10-06 10:37:24)
- - İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!(2018-10-04 08:33:32)
- - Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı(2018-04-26 09:08:30)