Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikallar “Milli şura”nın əsl mahiyyətini etiraf edirlər

Radikallar “Milli şura”nın əsl mahiyyətini etiraf edirlər

18.09.2013 [09:01]

Mübariz Abdullayev

Dağıdıcı düşərgənin yeni “birlik” formatı kimi təqdim olunan qondarma qurum, əslində, burada cəm olan partiyalar, siyasi qruplar, ayrı-ayrı şəxslər arasındakı qarşılıqlı ziddiyyətləri, antaqonist münasibətləri açıq-aydın təzahür etdirir
Yaxşı deyiblər ki, hər şeyin zamana ehtiyacı var. Qoca kinodramaturq, kosmopolit, daha çox da ermənipərəstliyi ilə tanınan Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma “Milli şura”nın iç üzünün, əsl mahiyyətinin faş olması üçün isə cəmi bir neçə ay kifayət etdi. Başlanğıcda Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə rədd edilən qondarma qurum aradan üç ay keçəndən sonra radikalların özləri tərəfindən də ciddi qınaq obyektinə çevrilib. Baş verən proseslər, o cümlədən də Rüstəm İbrahimbəyovun son açıqlamaları “Milli şura”ya dağlanmış ət iyinə üz tutan radikallarda ona bəslənən gözləntilərini də puç edib. Belə sarsıdıcı xəyal qırıqlığından sonra bu vaxtadək “gözləyək, görək, axırı necə olur” mövqeyi tutan, umacaqların müqabilində ambisiyalarından, hirslərindən-hikkələrindən geri çəkilən kimi görünən radikalların daha “sandığı açıb, pambığı tökmələrinin” qarşısını ala biləcək hansısa qüvvə qalmayıb.
Bəli, artıq radikalların özləri də başlanğıcda bəh-bəhlə yeni “birlik” formatı kimi təqdim etdikləri “Milli şura”nın mahiyyətində duran əsas məqamı-qondarma qurumun, əslində, radikal düşərgədə cəm olan partiyalar, siyasi qruplar, ayrı-ayrı şəxslər arasındakı qarşılıqlı ziddiyyətlərin, antaqonist münasibətlərin təzahürü kimi meydana çıxdığını etiraf edirlər. Həqiqətən də, əzəli və əbədi rəqiblər olan AXCP ilə “Müsavat”ın, ötən illərdən aralarında çoxlu çürüdülməmiş haqq-hesabları qalan İsa Qəmbərlə Rəsul Quliyevin, özünü “yeni qüvvə” kimi ortaya atıb, əslində, köhnə radikal müxalifəti inkar edən reneqat Eldar Namazovun səmimiyyətlə, ümumi məqsədlər naminə bir araya gəlmələrini heç təsəvvürə sığışdırmaq belə mümkün deyil. Lakin radikalların bu gün uca səslə dilə gətirdikləri kimi, özəl maraqların hər şeyin fövqündə qoyulması, qarşı tərəfi üstələmək üçün kiçik fürsətdən belə bəhrələnmək istəyi AXCP, “Müsavat”, ACP kimi partiyaları, “El” hərəkatını “Milli şura”da bir araya cəm etdi.
“Milli şura”da olanların bir-birləri ilə intriqalar yaşamalarını, “yola getməmələrini” qurumun ideya müəllifi kimi təqdim olunan qoca kinodramaturq Rüstəm İbrahimbəyov son açıqlamalarında açıq mətnlə dilə gətirdi. Bunun ardınca isə politoloq Natiq Miri qondarma quruma yönəlik sərt ittihamlar səsləndirdi: “Rüstəm İbrahimbəyovun ideya müəllifi olduğu deyilən “Milli şura”da toplaşan qüvvələr əsasən bir-birinə qarşı olan, bir-birini təkzib edən qüvvələr idi. “Milli şura” sadəcə ona görə bir müddət cəlbedici oldu ki, toplumda bunun arxasında böyük bir gücün, maliyyənin dayandığı barədə rəy yaranmışdı”.
Bunun ardınca isə Natiq Miri daha konkret ittihamlara keçir: “Milli şura” İsa Qmbərin namizəd olmamasını təmin etmək üçün yaradılmışdı və məqsədlərinə də çatdılar”.
“Milli şura”ya yönəlik səsləndirilən ittihamlar, o cümlədən də özünü iddialı şəkildə “ənənəvi müxalifət” və yaxud radikal düşərgənin “əsas güc mərkəzi” adlandıran İsa Qəmbərin seçkilərə namizəd kimi qatılmaq istəyinin qarşısının məhz “Milli şura”da kəsilməsi təzə söhbət deyil. Daha konkret desək, qondarma qurum 3 aylıq mövcudluq tarixinin böyük bir hissəsini məhz “Müsavat” başqanı İsa Qəmbərin seçkilərdə namizəd qismində iştirak etmək istəyini əngəlləməyə, bu məqsədlə onu ciddi-cəhdlə gözdən salmağa sərf edib.
Məlumdur ki, hələ cari ilin əvvəlində Müsavat Partiyasının divanı İsa Qəmbərin seçkilərə namizəd kimi qatılması ilə bağlı qərar qəbul etmişdi. Həmin vaxtdan etibarən “Müsavat”çılar partiya başqanının seçkilərə namizəd kimi gedən yolundakı bütün maneələri aradan qaldırmaq uğrunda mübarizəyə başlamışdılar. Açıq deyək ki, bu mübarizə onlara heç də asan başa gəlmirdi. Radikal düşərgədə başda Əli Kərimli olmaqla İsa Qəmbərin bir baş üstün mövqeyə yüksəlməsini istəməyən çoxlu qüvvələr mövcuddur. Həmin qüvvələr bütün olan-qalan potensiallarından bəhrələnərək İsa Qəmbəri namizədlik xülyasından daşındırmağa çalışırdılar. Cəbhəçilərin “Facbook” sosial şəbəkəsində onlayn seçkilər keçirərək Əli Kərimlinin İsa Qəmbər üzərində beşqat üstünlüyünü təmin etmələri “Müsavat”çılara qarşı psixoloji təzyiq vasitəsinin klassik nümunəsi sayıla bilər. Düzdür, “Müsavat”ın təmsilçiləri də asanlıqla mövqelərindən geri çəkilmək niyyətində deyildilər. Onlar AXCP-ni və digər rəqiblərini “İsa Qəmbər radikal düşərgədə ən stajlı müxalifətçidir, buna görə də “vahid namizəd” olmağa” hamıdan çox onun haqqı çatır” arqumenti ilə önləməyə çalışırdılar.
Sonradan “Müsavat”çılar İsa Qəmbəri seçkilərə zorla namizəd kimi qatmaq istəklərini “Milli şura” daxilində reallaşdırmağa çalışdılar. Həm də burada onlar “Müsavat”ın başqanını bütövlükdə radikal düşərgənin “vahid namizəd”i qismində gördüklərini də gizlətmirdilər. Gəlin xatırlayaq: Qondarma qurum sədr Rüstəm İbrahimbəyovu özünün “vahid namizəd”i müəyyənləşdirəndə belə “Müsavat”çılar İsa Qəmbərin namizədlik iddialarından geri çəkilməyərək qarşıya həyata keçməsi mümkün olmayan şərt qoydular: İsa Qəmbərin namizədlik iddiasından geri çəkilməsi məsələsinə Rüstəm İbrahimbəyov Bakıya gəlib namizədliyini qeydə aldırandan sonra baxıla bilər. Müsavat Partiyasının üzvləri o qənaətdə idilər ki, yol verdiyi vergi cinayətlərindən qorxan Rüstəm İbrahimbəyov onsuz da Bakıya gəlməyəcək və namizədsiz qalan “Milli şura”nın hazır namizəd İsa Qəmbəri dəstəkləməkdən özgə bir yolu qalmayacaq.
Lakin “Müsavat”çıların bir neçə mərhələ qabağa hesablanan gedişləri “Milli şura” daxilində sərt təpki ilə qarşılandı. Burada İsa Qəmbərin “vahid namizəd” olmaq istəyini əngəlləmək məqsədilə onu gözdənsalma kampaniyasına başlanıldı. Bu kampaniyaya AXCP sədri Əli Kərimli tərəfindən rəvac verilmişdi və onun dəstəyi sayəsində getdikcə daha da qızışdırılırdı. Əgər “Milli şura”dan kənarda “Müsavat” çox asanlıqla İsa Qəmbərin namizədliyini irəli sürə bilərdisə, “Milli şura” daxilində onların bu arzularının reallaşması dəryada balıq sevdasına bənzəyirdi. İlk növbədə, o səbəbdən ki, qondarma qurum daxilində İsa Qəmbər bir növ düşmən çəpəri ilə əhatə olunmuşdu. “Müsavat”ın başqanı üçün Əli Kərimlidən, Rəsul Quliyevdən, Eldar Namazovdan, Lalə Şövkətdən və elə Rüstəm İbrahimbəyovdan ibarət bu canlı və tikanlı çəpəri yarmaq mümkünsüz idi. “Milli şura”nı tərk edəcəyi halda isə İsa Qəmbəri və bütövlükdə “Müsavat”ı daha kəskin ittihamlar gözləyirdi. Buna görə də, maddi umacaqları ucbatından necə bir çıxılmaz tora düşdüklərinin fərqində olan “Müsavat”çılar yeni “vahid namizəd”i dəstəklədiklərini və İsa Qəmbərin namizədliyini geri çəkdiklərini bəyan etmək məcburiyyətində qaldılar.
İsa Qəmbərin ətrafında aşılmaz çəpər hörən “Milli şura”dakılar politoloq Natiq Mirinin vurğuladığı kimi, öz istəklərinə nail oldular-”Müsavat”ın iddialar sərgiləyən başqanını seçkilərdən kənarlaşdıra bildilər. Ancaq siyasi ambisiyalarını maddi umacaqlara qurban verərək “Milli şura” tələsinə düşməsi İsa Qəmbərin və bütövlükdə “Müsavat”ın üstündə növbəti bir ləkə kimi həmişə qalacaq...
Politoloq Natiq Miri açıqlamasında daha bir məsələyə də toxunaraq bildirib: “Mitinqdə də, imzatoplama kampaniyasında da ortada “Müsavat”la AXCP göründü. Sual olunur, hanı dediyiniz bütün müxalifətin birliyi? Mitinqi, imza toplamağı, seçki kampaniyasını təkcə “Müsavat”la AXCP həyata keçirəcəkdisə, şişirdilmiş “Milli şura”ya nə ehtiyac var idi? Həmin iki partiya “İctimai palata”da bir yerdədir, elə əvvəldən “İctimai palata” seçkiyə gedəydi. Ancaq böyük bir oyunu oynayan qüvvələr elə vəziyyət yetişdirdilər ki, bu olmadı”.
R.İbrahimbəyov, E.Namazov və Lalə Şövkətin “Milli şura” layihəsini həyata keçirməkdə əsas məqsədləri hakimiyyətin qarşısında siyasi reabilitasiya qazanmaq istəkləridir. Heç uzağa getməyək, C.Həsənovun Milli Məclisin deputatı olduğu dövrdə mövcud hakimiyyəti tərifləyən çıxışlarını parlament iclaslarının stenoqramlarına nəzər salmaqla xatırlamaq kifayətdir. Bu adamların KİV-də hakimiyyəti tənqid etməsi həyata keçirdikləri “Milli şura” layihəsinin əsl mahiyyətinin üstünü ört-basdır etmək üçündür. Əgər kimsə inanmırsa, bir az səbr etsin.

Paylaş:
Baxılıb: 1129 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31