
Onlar aldıqları ianələrin, qrantların müqabilində Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil edən mövqe sərgiləyir, xaricdəki antimilli mərkəzlərə ölkəmizdəki ictimai-siyasi vəziyyətlə bağlı donos xarakterli məlumatlar ötürür, bu yolla respublikamızın beynəlxalq imicinə xələl gətirməyə çalışırlar
Radikal müxalifət düşərgəsində cəm olan partiyaların, siyasi qrupların təmsilçilərinin, eyni zamanda, ayrı-ayrı şəxslərin zaman-zaman sərgilədikləri əməllərə, səsləndirdikləri fikirlərə nəzər saldıqda aydın görünür ki, onların fəaliyyət prinsiplərinin əsasında xarici təsir amilləri dayanır. Daha konkret desək, ölkə daxilində sosial dayaqdan məhrum qalan radikallar mövcudluqlarını təmin etmək üçün daim xaricdəki anti-azərbaycançı dairələrə üz tutur, əsasən beynəlxalq erməni lobbi şəbəkəsində birləşən anti-Azərbaycan mərkəzlərdə özlərinə dəstək axtarırlar. Burada, necə deyərlər, “əl-əli yuyar, əl də qayıdıb üzü yuyar” prinsipi işləyir. Yəni, xaricdəki məlum dairələr radikal düşərgə təmsilçilərinə dəstəyi, ələlxüsus da maddi yardımları heç də onların qara qaşlarına, ala gözlərinə görə göstərmirlər. Radikallar aldıqları ianələrin, qrantların müqabilində Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil edən mövqe sərgiləyir, həmin mərkəzlərə respublikamızdakı ictimai-siyasi vəziyyətlə bağlı donos xarakterli məlumatlar ötürür, ölkə daxilində qarşıdurmalar yaratmağa, qanunazidd əməlləri ilə ictimai asayişi pozmağa cəhdlər göstərirlər. Bütün bunlar isə sonradan müxtəlif adlar altında pərdələnərək respublikamıza münasibətdə öz məkrli planlarını reallaşdırmağa çalışan müxtəlif “beynəlxalq” təşkilatların hesabatlarında “ilkin mənbə” kimi yer alır.
Radikal düşərgə təmsilçilərinin xarici təsir amillərindən nə dərəcədə asılı olduqları seçkiqabağı mərhələdə kosmopolit, daha çox da ermənipərəstliyi ilə tanınan qoca kinodramaturq Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli şura”ya münasibətdə bir daha bütün cəhətləri ilə təzahür etdi. Məlumdur ki, adına “milli” sözü yamaq edilsə də, bu qondarma qurum Azərbaycan cəmiyyətinin sosial-siyasi sifarişi olaraq hansısa obyektiv səbəblər üzündən yaranmamışdı. “Milli şura” konturları xaricdəki anti-azərbaycançı dairələrin mətbəxində cızılan antimilli bir layihədir. Məqsəd isə ölkə daxilində xaos, qarşıdurmalar yaratmaqla Azərbaycanda keçiriləcək prezident seçkilərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə xələl gətirmək idi.
Lakin “Milli şura” ilə bağlı həqiqətlər, məlum dairələrin məkrli məqsədləri ortada ikən radikallar bu qondarma, antimilli qurumla bağlı çağırışlara məmnuniyyətlə “hə” dedilər. Radikal düşərgədə “İctimai palata” kimi qurum olmasına baxmayaraq, AXCP, “Müsavat” və bu qəbildən olan digər partiyalar müəyyən gözləntilərin, Rüstəm İbrahimbəyovun “xaricdən pul gətirəcəyəm” vədlərinin müqabilində “Milli şura”ya üz tutdular və sonra da bu layihə çərçivəsində məlum mərkəzdən gələn təlimatları can-başla yerinə yetirməyə çalışdılar. Respublikada reneqat kimi tanınan, heç bir sosial bazası olmayan “El” hərəkatının rəhbəri Eldar Namazov isə xarici dairələrin layihəsi olan “Milli şura”ya radikal düşərgədə özünün yerini möhkəmlətmək üçün yeganə fürsət kimi baxırdı və bu səbəbdən də qondarma qurumun Azərbaycan cəmiyyətinə ayaq açması üçün dəridən-qabıqdan çıxırdı.
Belə bir deyim var: Musiqini pul verən sifariş edir. “Milli şura” da yadda seçkiqabağı mərhələdə Azərbaycanın milli maraqlarına zidd fəaliyyəti, xaricdəki məlum mərkəzlərin sifarişlərini yerinə yetirməklə qaldı. Sanki seçkilərin taleyini Azərbaycan xalqı deyil, məlum anti-azərbaycançı dairələr həll edəcəkdi. Qondarma qurumun sədri və birinci qiyabi “vahid namizəd”i Rüstəm İbrahimbəyov başını Moskvada isladıb, Vaşinqtonda və yaxud Almaniyanın şəhərlərində qırıxdırırdı. Qoca kinodramaturq ABŞ-da, Avropa ölkələrində Ştrasser kimi ölkəmizin əleyhinə olan kəslərlə görüşməyi özü və rəhbərlik etdiyi “Milli şura” üçün böyük şərəf hesab edirdi. Onun “Rosbalt” agentliyinə müsahibəsini isə radikalların milli mənafeyə xəyanət yönündə fəaliyyətlərinin pik həddi adlandırmaq mümkündür. Xatırladaq ki, həmin müsahibədə Rüstəm İbrahimbəyov Dağlıq Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan fikirlər səsləndirmiş, ermənilərin ünvanına təriflər yağdırmış, yenə regionlardan paytaxt Bakıya gələn soydaşlarımızı aşağılayan ifadələr işlətmişdi.
Sonradan “Milli şura” daxilində Rüstəm İbrahimbəyovun yolunu reneqat Eldar Namazov, “Müsavat”ın başqanı İsa Qəmbər, yeni “vahid namizəd” Cəmil Həsənov davam etdirdilər. Əvvəlcə Eldar Namazov ABŞ Konqresində təşkil edilən brifinqdə, sonra isə İsa Qəmbər Brüsselə səfəri zamanı çıxışlarında Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağdan, torpaqlarımızın işğalı faktından, soydaşlarımızın doğma ev-eşiklərindən didərgin salınmalarından bir kəlmə də olsun danışmadılar, əksinə ölkəmizin beynəlxalq imicinə xələl gətirəcək fikirlər səsləndirdilər. “Milli şura”nın ikinci “vahid namizəd”i Cəmil Həsənovun “tarixçi alim” statusunu nəzərə alsaq, onun əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağla bağlı tərəddüdlərə yol verməsini heç cür bağışlamaq mümkün deyil. Xatırladaq ki, necə deyərlər, Rüstəm İbrahimbəyovun əlindən su içən Cəmil Həsənov xaricdə nəşr edilən “İndependent” qəzetində Dağlıq Qarabağın ərazi mənsubiyyəti ilə bağlı erməni ideoloqlarının tezisləri ilə üst-üstə düşən fikirlərə yer verib.
Əlbəttə ki, bütün bunlar təsadüf və yaxud qoca kinodramaturqun, “tarixçi alim”in Azərbaycan ictimaiyyəti qarşısında iddia etdikləri kimi, “tərcümə xətaları” deyil. İsa Qəmbərin və yaxud Eldar Namazovun da “Brüsseldə və yaxud Vaşinqtonda Dağlıq Qarabağdan danışmağın yeri yox idi” kimi bəhanələri də heç nəyə yaramır. Həqiqət ondadır ki, radikallar sifariş yerinə yetirirlər və pul aldıqları məlum dairələrdə onlar üçün cızılan dairədən kənara çıxa bilməzlər.
Seçkilərdəki acınacaqlı məğlubiyyətdən sonra reanimasiyada xəstəhal qalan, bütövlükdə cəmiyyəti demirik, radikalların özlərinin də arxa çevirdikləri “Milli şura”nı süni nəfəs verərək yaşatmaq əzab-əziyyəti ikinci “vahid namizəd” Cəmil Həsənovun üzərinə düşür. O da Rüstəm İbrahimbəyovun getdiyi yolu təkrarlayır. Azərbaycan cəmiyyətinin, seçicilərin etimad göstərmədiyi “Milli şura”ya xaricdə havadarlar tapmaq, onlardan ianələr, qrantlar qoparmaq məqsədilə müxtəlif istiqamətli turnelərə çıxır, ayrı-ayrı ölkələrdə 9-cu, 10-cu dərəcəli məmurların qapısı ağzında boynunu büküb növbə gözləməyi özü üçün böyük şərəf bilir. Verilən məlumatlara görə, o, noyabrın ortalarında okeanın o tayına səfər etməyə hazırlaşır. Lakin “tarixçi alim” sadə bir tarixi gerçəkliyi unutmamalıdır: Xaricdən gələn diktələrlə milli cəmiyyətdə siyasi reabilitasiya cəhdi əbəsdir. Qondarma “Milli şura” kimi əcnəbi layihələrə Azərbaycanda yer yoxdur və bundan sonra da olmayacaq!
- Oxunub: 23070 |
- Tarix: 06-11-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimlinin yeni qanunsuz maliyyə mənbələri ortaya çıxır(2019-01-31 08:56:50)
- - Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır(2019-01-25 09:48:00)
- - 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib(2019-01-18 09:47:38)
- - Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir(2018-10-06 10:37:24)
- - İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!(2018-10-04 08:33:32)
- - Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı(2018-04-26 09:08:30)