
Yaxud vaxtilə “Mən “vahid namizəd” olmaq istəmirəm” deyən Cəmil Həsənovun indi qondarma qurumun rəhbərliyində möhkəmlənməyə can atmasının pərdəarxası məqamları...
9 oktyabrda keçirilən prezident seçkilərində növbəti dəfə acınacaqlı məğlubiyyətlə, cəmiyyətin etinasızlığı ilə üzləşən qondarma “Milli şura”da vəziyyət idarəolunmaz hal alıb. Buna səbəb isə avantürist “siyasətçi” Rüstəm İbrahimbəyovun radikalların daha bir intriqalar yuvasına çevrilən bu qondarma qurumda struktur dəyişikliyi aparılması və həmsədr təsisatının yaradılması ilə bağlı təklifi olub. Məhz bu təklifin səsləndirilməsindən sonra vaxtilə “Milli şura”ya sırf özəl gözləntilərə görə üz tutan partiyalar və siyasilər arasında antaqonist münasibətlər açıq müstəviyə keçirib. Daha dəqiq desək, qondarma qurumda indi də həmsədrlik və yaxud yeni sədr qovğası baş qaldırıb.
Qeyd edək ki, partiyaların, siyasi qrupların “Milli şura”da nüfuz savaşı yeni məsələ deyil. Məlum olduğu kimi, başlanğıcda qondarma qurumda söz sahibi Rüstəm İbrahimbəyova yaxınlığı ilə seçilən “El”hərəkatının rəhbəri, reneqat Eldar Namazov sayılırdı. İş o yerə çatmışdı ki, qoca kinodramaturqun “xaricdən pul gətirəcəyəm” vədlərinin müqabilində öz iddialarından geri çəkilən kimi görünən AXCP sədri Əli Kərimli ilə “Müsavat” başqanı İsa Qəmbər də radikalların sırasına gec qoşulan Eldar Namazovun dedikləri ilə oturub-durur, onun qoca kinodramaturqun adından səsləndirdiyi hər təklifə mahiyyətinə varmadan “hə” deyirdilər. Rüstəm İbrahimbəyovla bağlı gözləntilər, ələlxüsus da onun pul vədləri boşa çıxdıqdan sonra isə AXCP ilə “Müsavat” radikal düşərgədə illərdir ki, sərgilədikləri hegemonluq iddialarını “Milli şura”da da təzahür etdirməyə başladılar və manevrlər edərək qondarma qurumu öz nəzarətlərinə keçirməyə müvəffəq oldular. Hazırda bu iki partiya funksionerlərinin təbirincə desək, “Milli şura” “qurumun əsasını təşkil edən partiyalar” və yerdə qalan “yedək partiyalar” formatı kimi başa düşülür.
Qondarma qurumda həmsədr təsisatının yaradılması və yaxud yeni sədr müəyyənləşdirilməsi məsələsinin gündəmə gəlməsinə isə AXCP, “Müsavat”, ACP, KXCP kimi partiyalar, “El” hərəkatı “Milli şura”da təsir imkanlarını genişləndirmək və qondarma quruma nəzarətə yiyələnmək yolunda bir şans kimi dəyərləndirərək öz iddialarını ortaya qoyurlar. Bununla bağlı partiyalar, siyasi qruplar arasında getdikcə şiddətlənən qovğada qurumun prezidentliyə sabiq “vahid namizəd”i Cəmil Həsənovun sərgilədiyi mövqe daha çox diqqəti cəlb edir və həm də ikrah doğurur. Belə ki, mətbuata verdiyi açıqlamalarda Cəmil Həsənov bütün təvəzökarlıq hədlərini aşaraq həmsədr olmağa ikiəlli razılıq ifadə edir. Onun fikirlərindən belə qənaət hasil olur ki, “tarixçi alim” həmsədrliyin onun boyuna biçildiyi qənaətindədir.
Bəs, görəsən Cəmil Həsənovda bu təkid, “Milli şura”nın həmsədri olmağa böyük həvəs haradandır? Axı o yaxın keçmişədək “Mən “Milli şura”nın “vahid namizəd”i olmaq istəmirəm” deyirdi. Bir neçə ay nəyi dəyişdi?
Həqiqətən də, görünən odur ki, seçkiöncəsi mərhələdə “vahid namizəd” kimi qabağa verilən Cəmil Həsənov bu statusda radikal düşərgəyə hansısa bir yenilik gətirməsə də, özü, necə deyərlər, iti bucaq altında dəyişib. İndi o da son 20 ildə AXCP-ni bütünlüklə öz inhisarına alan Əli Kərimlinin, başqanlıqdan getməmək naminə hətta müxtəlif bəhanələrlə partiyanın qurultayının keçirilməsini belə əngəlləyən İsa Qəmbərin yolunu gedərək necə olursa, olsun qondarma “Milli şura”nın rəhbərliyinə gəlmək və radikal düşərgəni öz nəzarəti altına almaq cəhdləri nümayiş etdirir.
Yeri gəlmişkən, siyasi kluarlarda Cəmil Həsənovun “Milli şura”nın rəhbərliyində təmsil olunmağa dirəniş göstərməsi, hətta buna görə “Müsavat”ın qarşısında açıq tələb qoyması müxtəlif aspektlərdən şərh olunur. Belə bir cəhət xüsusi vurğulanır ki, cəmi bir neçə ay bundan öncə “başqa birisini “vahid namizəd” edin” deyən Cəmil Həsənovun indi qurumun rəhbərliyinə can atması onun xarakteri ilə bağlıdır. Belə ki, “tarixçi alim” bütün karyerası boyunca həmişə yalançı təvəzökarlıq nümayiş etdirsə də, əslində, hansısa səlahiyyətlər və imtiyazlar üçün sinoy getdiyini gizlədə bilməyib. Məlumdur ki, AXCP-nin şinelindən çıxan Cəmil Həsənov sonradan partiyadakı çiyindaşlarına arxa çevirib. Parlamentin deputatı olarkən indi ünvanına əsassız tənqidlər ünvanladığı hakimiyyətə yarınıb. “Tarixçi alim”in bioqrafiyasında belə məqamlar kifayət qədər çoxdur...
Cəmil Həsənovu təkidlə “Milli şura”nın rəhbərliyinə can atmağa sövq edən amillər sırasında “vahid namizəd” statusunda ona göstərilən iltifatların da az rol oynamadığı vurğulanır. Sirr deyil ki, radikallar seçkiöncəsi mərhələdə “vahid namizəd” statusu daşıyan Cəmil Həsənovun şəninə yeri gəldi-gəlmədi təriflər yağdırırdılar. “Tarixçi alim” isə bu kimi təriflərin arxasında radikalların özəl məqsədlər güddüklərini dərk etmək fəhmindən uzaqdır. O fərqinə varmadan bu təriflərdən məst olub və özündən müştəbehliyə yuvarlanıb. Buna görə də israr edir ki, qondarma qurumun həmsədrliyinə bir özü, bir də Rüstəm İbrahimbəyov yarayar. Başqa heç kəsin bu xüsusda iddia nümayiş etdirməyə haqqı yoxdur.
Yeri gəlmişkən, siyasi müşahidəçilər Cəmil Həsənovun seçkilərdəki acınacaqlı məğlubiyyətdən sonra ayıbına kor deyib bir tərəfə çəkilmək əvəzinə, “Milli şura”da vəzifə davasına çıxmasının daha çox xaricdəki anti-azərbaycançı dairələrdən aldığı şirnikləndirici təkliflərlə əlaqədar olduğu qənaətindədirlər. Məlumdur ki, Cəmil Həsənov “vahid namizəd” statusunda antimilli dairələrin dəvətləri əsasında bir neçə dəfə xarici turnelərdə olub. Həmin dairələrin milli maraqlarımıza zidd fəaliyyət müqabilində radikal düşərgəyə ianələr, qrantlar adı altında maliyyə dəstəyi göstərdikləri heç kəsə sirr deyil. Görünür, Sem dayılar xarici turnelər zamanı Cəmil Həsənova da, necə deyərlər, “asan varlanmağın yolunu” göstəriblər. Bu üzdən də “tarixçi alim” “niyə də olmasın” deyərək “şahlıq quşu”nu başından uçurmaq istəmir və ona yeni perspektivlər, daha gen-bol maliyyə təminatı vəd edən “Milli şura” rəhbərliyində möhkəmlənmək istəyir...
- Oxunub: 23580 |
- Tarix: 15-11-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimlinin yeni qanunsuz maliyyə mənbələri ortaya çıxır(2019-01-31 08:56:50)
- - Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır(2019-01-25 09:48:00)
- - 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib(2019-01-18 09:47:38)
- - Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir(2018-10-06 10:37:24)
- - İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!(2018-10-04 08:33:32)
- - Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı(2018-04-26 09:08:30)