
Lakin adını dəyişməklə qondarma quruma ikinci nəfəs vermək cəhdləri əbəsdir, ona Azərbaycanın siyasi səhnəsində yer yoxdur və bundan sonra da olmayacaq
“Milli şura”nın qiyabi sədri Rüstəm İbrahimbəyovun bu günlərdə qondarma qurumun sədrliyindən getmək istəməsi ilə bağlı qərarını açıqlaması radikal düşərgədə yeni narazılıq dalğasına təkan verib. Söhbət ondan gedir ki, adı var özü yox qurumda fəaliyyəti onsuz da yalnız reallıqdan uzaq, cəfəng fikirlər səsləndirməkdən ibarət olan qoca kinodramaturqun istefa qərarı radikal düşərgə təmsilçilərini, o cümlədən də müxtəlif konyuktur maraqlara görə “Milli şura”da cəmləşən partiyaları, siyasi qrupları və ayrı-ayrı şəxsləri üz-üzə qoyub. “Müsavat”ın təhriki və rəhbərliyi altında Rüstəm İbrahimbəyovun “Milli şura”nın sədrliyində qalmasını istəməyənlər və onun yeni həmsədrlik təsisatı barədə təklifini top-tüfənglə qarşılayanlar qoca kinodramaturqun istefa məktubu yazmasını “yeganə düzgün qərar” kimi əsaslandırmağa çalışırlar. Qondarma qurumda şərti “Rüstəm İbrahimbəyov tərəfdarları” kimi tanınan dəstə isə qoca kinodramaturqun istefa qərarına təzyiqlər üzündən gəldiyi fikrində israr edərək bildirirlər ki, bundan sonra “Milli şura”nın adı dəyişdirilməlidir.
Beləliklə, indiyədək gündəmdə yalnız dedi-qodularla, təmsilçilərin korporativ maraqları üstündə yaranan çəkişmələrlə qalan “Milli şura”da yeni bir qovğa-ad davası başlayıb. “Milli şura”nın adının dəyişdirilməsinin zəruriliyini iddia edənlər qondarma qurumun məhz Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirildiyini xatırladırlar. Onlar bu qənaətdədirlər ki, Rüstəm İbrahimbəyovsuz qurumda “Milli şura” adının saxlanılması plagiatlıqdan başqa bir şey deyil.
Sonuncuların adından danışan ALP-nın sədri Əvəz Temirxan qoca kinodramaturqun qondarma qurumdakı “əcinnə dəstəsinin səyi nəticəsində istefa vermək məcburiyyətində qaldığına” diqqət çəkərək vurğulayıb: “Rüstəm İbrahimbəyovun “Milli şura” sədrliyindən istefa verməsi son vaxtlar ona qarşı aparılan kampaniya və təpkilərlə bağlıdır. İbrahimbəyovu bezdirib istefaya məcbur etmək müxalifətə vurulmuş çox ağır zərbədir”.
Bunun ardınca Əvəz Temirxan qondarma qurumun adı ilə bağlı fikirlərini dilə gətirib: “Əgər “Milli şura” R.İbrahimbəyovun istefasını qəbul edəcəksə, onda qurum adını dəyişməlidir. Ona görə ki, “Milli şura”nın yaranması İbrahimbəyovun adı ilə bağlıdır”.
ALP sədri, həmçinin, bildirib ki, “Lalə Şövkətlə Rəsul Quliyev olmadıqları təşkilat “Milli şura” ola bilməz”.
“Milli şura”dakı “Rüstəm İbrahimbəyov tərəfdarları”nın hədəf seçdikləri səngərdən “cavab atəşləri” də özünü çox gözlətməyib. “Müsavat” başqanının müşaviri Mustafa Hacıbəylinin bu xüsusda səslənməsi “qarğa, məndə qoz var” məsəlini xatırladır. “Onun (Rüstəm İbrahimbəyovun-red.) “Milli şura”dan olan təzyiqlərə görə sədrlikdən getdiyi barədə irəli sürülən iddialar əsassızdır. Qətiyyən belə bir məsələ yoxdur. Onu heç kim istefa verməyə vadar eləməyib. Sadəcə, müxtəlif təkliflər olub və Rüstəm İbrahimbəyov özü də bu təkliflərin içindən daha münasib olanını seçib”.
“Müsavat” funksioneri “Milli şura”dakı “Rüstəm İbrahimbəyov tərəfdarları” qruplaşmasının qondarma qurumun adının dəyişdirilməsi ilə bağlı tələbinə münasibətdə isə “bu cür fikir irəli sürmək demokratik yanaşma deyil” cavabını dilə gətirərək onlara minnət qoymağı və öz yerlərini göstərməyi də yaddan çıxartmayıb: “Bu təklif (“Milli şura”nın yaradılması təklifi-M. A.) Rüstəm İbrahimbəyov tərəfindən irəli sürülsə də, “Müsavat”, AXCP, digər partiya və gənclər təşkilatları tərəfindən dəstəklənməsəydi, bu, elə təklif olaraq qala bilərdi. İkincisi, “Milli şura” üçün kimlərinsə az qala patent tələbi irəli sürməsi yersizdir... Rüstəm bəy Azərbaycana gələ bilmədiyi və “Milli şura”nın işinə faktiki rəhbərlik edə bilmədiyi üçün öz istəyi ilə sədrlikdən gedirsə, bunu bu cür də qələmə vermək lazımdır. Kimlərsə qaşınmayan yerdən qan çıxarmasınlar”.
Hə, bax, buna deyərlər, odu qoyub, közlə oynamaq. Radikallar 9 oktyabr prezident seçkilərindəki acınacaqlı məğlubiyyətdən sonra xalqdan uzaq düşmələrinin, cəmiyyətin qınaq obyektinə çevrilmələrinin səbəbləri barədə düşünmək əvəzinə, indi də “Milli şura”nın adını özününküləşdirmək uğrunda savaşa başlayıblar. Görəsən, başdan-ayağa xəcalət olan, heç nəyə yaramayan qondarma qurumun adını mənimsəmək, ümumiyyətlə, ad dəyişkənliyi radikallara nə verəcək?
Gəlin, xatırlayaq. SİDSUH, DUH, YES, “Ziyalılar forumu”, “İctimai palata”, çoxsaylı məşvərət məclisləri, bloklar, konqreslər və s. Təkcə son vaxtlarda radikal düşərgədə yaranan təşkilatların tam olmayan siyahısı bunlardan ibarətdir. Ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma “Milli şura” bu siyahıda sonuncular sırasındadır. Lakin iş say çoxluğunda və ad müxtəlifliyində deyil. Məsələ burasındadır ki, radikalların müxtəlif ictimai-siyasi hadisələr ərəfəsində hay-küylə yaratdıqları müxtəlif “birlik” təşkilatlarının ömrü çox qısa olur. Bu qurumlar tələbatdan, ictimai sifarişdən yaranmadıqlarına görə, bir qayda olaraq, sosiumun diqqətindən kənarda qalırlar.
Radikal düşərgədə yağışdan sonra göbələk kimi artan saysız-hesabsız “birlik” təşkilatlarının acınacaqlı taleyindən də göründüyü kimi, ad dəyişkənliyi qondarma qurumların saxta mahiyyətinə zərrə qədər də təsir göstərmir. Bu da, ilk növbədə, onunla bağlıdır ki, həmin təşkilatlarda təmsil olunanların əksəriyyəti eyni simalardan ibarətdir. Məsələn, “Müsavat”ın hansısa bir üzvü partiya ilə paralel surətdə, həm də “İctimai palata”nın, “Milli şura”nın və digər təşkilatların təmsilçisi qismində çıxış edirlər. Bunun öhdəsindən gəlmək isə həm zaman, həm də fiziki baxımdan, sadəcə, mümkün deyil.
Budur, radikalların seçkiqabağı mərhələdə müxtəlif konyuktur maraqlar naminə üz tutduqları “Milli şura” da dağıdıcı düşərgədəki çoxsaylı saxta qurumların oxşar taleyi ilə üzləşib. Qurumda cəm olan partiyaların, ələlxüsus da radikal düşərgəni bütünlüklə inhisara alan AXCP-nin və “Müsavat”ın təmsilçilərinin ambisiyaları, istisnasız olaraq bütün məsələlərdə “közü öz qabaqlarına çəkmələri” “Milli şura”nın ağzını çıxılmaza dirəyib. Bir sıra təmsilçilər artıq “Milli şura” ilə yollarını ayırıblar və qondarma qurum format etibarı ilə yenə AXCP ilə “Müsavat”ın hegemonluq etdikləri “İctimai palata”ya çevrilib. Bütün bunlara görə də radikallara bir daha xatırlatmaq istərdik: “Milli şura”nın adını dəyişməklə ona ikinci nəfəs vermək cəhdləri əbəsdir. Belə qondarma qurumlara Azərbaycanın siyasi səhnəsində yer yoxdur və bundan sonra da olmayacaq.
- Oxunub: 22650 |
- Tarix: 03-12-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimlinin yeni qanunsuz maliyyə mənbələri ortaya çıxır(2019-01-31 08:56:50)
- - Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır(2019-01-25 09:48:00)
- - 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib(2019-01-18 09:47:38)
- - Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir(2018-10-06 10:37:24)
- - İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!(2018-10-04 08:33:32)
- - Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı(2018-04-26 09:08:30)