
Rauf Arifoğlu: C.Həsənov müxalifət daxilində gərginliyi azaltmaq üçün təşəbbüslər göstərmək əvəzinə özü bu prosesə qoşulub
Müxalifətin radikal qanadının daxilində gərginlik davam edir. “Milli şura” ilə yollarını ayıran Müsavat Partiyası ilə AXCP-nin qarşıdurması nəinki bitmək bilmir, əksinə daha da şiddətlənir. Onların qarşıdurmasına “Milli şura”nın sədri Cəmil Həsənov da qoşulub. Belə ki, C.Həsənov qurumu tərk edən “Müsavat”a qarşı çıxanları dəstəkləyir, eləcə də, “müsavat”çılara qarşı müxtəlif ittihamlarla çıxış edir. Onun bu dəfəki hədəfi isə “Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğludur.
Qeyd edək ki, “Milli şura”nın sədri C.Həsənov mətbuata son açıqlamalarında “Yeni Müsavat” qəzetinin bu təşkilata münasibətdə dağıdıcılıq funksiyası yerinə yetirdiyini deyib. C.Həsənov iddia edib ki, “Milli şura”nı Rusiyanın layihəsi hesab edənlərin məhz özləri hakimiyyət ilə əlaqələri olan şəxslərdir.
R.Arifoğlunun da C.Həsənova cavabı özünü çox gözlətməyib. “Cəmil Həsənli o məsələləri bizə irad tutur ki, onlar əslində bizim işimiz, fəaliyyətimizdir” - deyən, baş redaktor bildirib ki, “Milli şura” sədri görüşməyə təşəbbüs göstərməyib. Onun sözlərinə görə, C.Həsənov müxalifət daxilində gərginliyi azaltmaq üçün təşəbbüslər göstərmək əvəzinə özü bu prosesə qoşulub: “Gözləyirdik ki, təşəbbüsü o göstərəcək, tərəfləri, didişənləri, çəkişənləri, ittiham edənləri sakitləşdirməyə çalışacaq. Amma özü bu prosesə qoşulduğu üçün gərək artıq təşəbbüs biz tərəfdən gəlsin. Münasib bildiyimiz vaxtda Cəmil Həsənliyə yenə zəng edəcəyik. Yas yerində, yaxud başqa bir yerdə olmasa, yəqin, bu dəfə zəngimizə cavab verər”.
Baş redaktor C.Həsənova bu ifadələri işlədərkən ətrafına diqqətlə baxmağı da tövsiyə edib.
Beləliklə, AXCP ilə Müsavat Partiyası arasında davam edən qarşıdurmaya “Milli şura”nın sədri də qoşulub. Əslində isə, bu gün C.Həsənovun AXCP-nin vəkili kimi çıxış etməsi təəccüb doğurur. Çünki o, məhz illər öncə parlamentin işində iştirak etdiyi üçün AXCP sıralarından qovulmuşdu. Deputatlığının son dönəmlərində Milli Məclisdəki çıxışlarında C.Həsənov Azərbaycanda həyata keçirilən inkişaf siyasətini təqdir etdiyi üçün müxalifət mətbuatı, o cümlədən “Yeni Müsavat” qəzeti tərəfindən tənqid olunurdu. Yəqin R.Arifoğlu C.Həsənova cavabında dolayısı ilə bu məsələləri xatırlatmaq istəyib.
Amma bütün hallarda bu tipli qarşıdurmalar, ziddiyyətlər radikal müxalifətə xas olan xüsusiyyətdir. Bir-birilərini kimlərəsə- daxili və ya xarici qüvvələrə işləməkdə, satqınlıq etməkdə ittiham etmək, kimin həqiqi müxalifətçi olmasını iddia etmək radikalların ənənəvi peşəsidir. Amma fakt faktlığında qalır ki, radikalların fəaliyyəti bundan o tərəfə keçmir. Yəni onlar cəmiyyətə hansısa fayda vermək əvəzinə, destruktiv fəaliyyətlə məşğul olur, eyni zamanda, bir-biriləri ilə “vuruşurlar”. Bu səbəbdəndir ki, cəmiyyətimizdə radikalların heç bir dayağı yoxdur.
- Oxunub: 26100 |
- Tarix: 23-01-2014 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir(2019-01-18 09:35:31)
- - Ermənistandakı kriminal rejimə iyirmi il ərzində dəstək verən “siyasətçilər” məsuliyyətə cəlb olunmalıdırlar(2019-01-16 10:08:54)
- - Müxalifət adı altında destruktiv fəaliyyət göstərən anti-milli qruplar Azərbaycanın milli maraqlarına qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər(2019-01-10 09:54:13)
- - Qazaxıstanda ermənilər tərəfindən gənc qazaxın öldürülməsi erməni millətçiliyinin iç üzünü növbəti dəfə ortaya qoydu(2019-01-09 09:49:11)
- - Ermənistan Gürcüstana qarşı ərazi iddiasını davam etdirir(2018-10-06 10:36:23)
- - Ermənistan beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarında deyil(2018-10-05 08:48:57)