
Amma qondarma qurumun anti-azərbaycançı dairələrə xidmət göstərmək üçün yaradılması faktı radikalların özləri tərəfindən də etiraf olunur
Radikal müxalifətin daxilində ziddiyyətlərin daha da dərinləşməsi artıq ənənəvi hal alıb. Xüsusilə ölkəmizdə keçirilən bütün seçkilər zamanı özlərini müttəfiq adlandıran radikal partiyalar sonda bir-birlərinə güzəştə getmək iqtidarında olmayıblar. Bunun nəticəsində də müxalifət düşərgəsi parçalanmaqdan, daha da zəifləməkdən başqa bir şey qazanmayıb. Belə bir vəziyyət hazırda “Milli şura”da baş verir. Məlum olduğu kimi bu qondarma qurumda müxalifətin radikal qanadı toplaşmışdı. Hansısa şəxsi maraqlar naminə vaxtilə bu qondarma qurumda birləşən radikallar sonuncu seçkilərdəki biabırçı məğlubiyyətdən sonra antimilli “şura”nı tərk etməyə başladılar.
Nəticə etibarilə “Milli şura” yarandığı dövrdə olduğu kimi, indi də ictimai-siyasi proseslərə zərrə qədər təsir etmək imkanına malik deyil.
Hazırda bu qondarma qurumda yeganə gündəm istefalarla baglıdır. Son olaraq isə “El” hərəkatının rəhbəri Eldar Namazov bu qondarma qurumdan istefa verdi. Vaxtilə bu qurumun yaradılması üçün dəridən-qabıqdan çıxan reneqat E.Namazovun istefası bir çox mətləblərdən xəbər verir. “Yeni Müsavat” qəzetinə müsahibəsində reneqat “Milli şura”nın kimlər tərəfindən, necə yaradılmasına aydınlıq gətirməyə çalışıb. Bu müsahibədən bəlli olur ki, radikallar hələ də, bu qondarma qurumun kimlərin layihəsi olduğunu bilmirlər. Həmin müsahibəsində E.Namazov “Milli şura”nın Rusiyanın bəzi dairələrinin, rusdilli azərbaycanlıların, yoxsa başqalarının layihəsi olduğuna dair qeyri-müəyyən fikirlər səsləndirir. Buradan da görünür ki, müxalifət hələ də “Milli şura”nın sahibinin kim olduğunu tapa bilmir.
Əslində, radikalların bu çaşqınlığı başadüşüləndir. Çünki bu qondarma qurum yarananda onun “başbilənləri” həm Rusiyadan, həm Avropadan, həm də Amerikadan dəstək axtarmağa başladılar. Elə reneqat E.Namazovun özü bu məqsədlə Rusiyaya da, ABŞ-a da səfər edirdi. Hər səfərdən qayıdanda guya bu dövlətlərin “Milli şura”nı dəstəklədiyi barədə iddialar səsləndirirdi. Bununla bağlı bir faktı xatırladaq. Son prezident seçkiləri ərəfəsində ABŞ-ın Helsinki Komissiyasında Azərbaycanla bağlı brifinq təşkil olunmuşdu. Həmin tədbirdə E.Namazov da iştirak etmişdi. E.Namazov ölkəmizdə həyata keçirilən siyasət haqqında qeyri-obyektiv və qərəzli fikirlər səsləndirmişdi. ABŞ səfərindən qayıdan E.Namazov müxalifət mətbuatına verdiyi müsahibəsində “doğru yolda olduqları” bildirmişdi. Maraqlıdır, doğru yol deyərkən E.Namazov nəyi nəzərdə tuturdu? Yəqin ki, o, xaricdəki antimilli qüvvələrə, ermənipərəst dairələrə xidməti nəzərdə tuturmuş. Bunu əsaslandırmaq üçün kifayət qədər faktlar var. Təsadüfi deyil ki, brifinqdə Azərbaycan ilə bağlı tənqidi çıxış edənlər cəmi iki nəfər idi. Onlardan biri “Milli şura”nın nümayəndəsi E.Namazov, digəri isə ABŞ-ın Erməni Milli Assambleyasının təmsilçisi idi. Eyni zamanda, hər ikisi ölkəmiz barədə tənqidi arayış yayıblar. Buradan da aydın şəkildə görünür ki, “Milli şura” xaricdəki ermənipərəst dairələrlə əməkdaşlıq şəraitində fəaliyyət göstərib və Azərbaycanın beynəlxalq miqyasdakı nüfuzuna zərbə vurmaq üçün çalışıb. Bu səbəbdəndir ki, vaxtilə həm E.Namazov, həm də onun lideri Rüstəm İbrahimbəyov müxtəlif ölkələrə səfərlər edərək siyasi dəstək, maliyyə mənbələri axtarışına çıxmışdılar. Əlbəttə ki, bu faktlar “Milli şura”da birləşən şəxslərin antimilli qüvvələrə, o cümlədən, erməni lobbisinə xidmət etdiyini sübut edir.
- Oxunub: 25920 |
- Tarix: 30-01-2014 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir(2019-01-18 09:35:31)
- - Ermənistandakı kriminal rejimə iyirmi il ərzində dəstək verən “siyasətçilər” məsuliyyətə cəlb olunmalıdırlar(2019-01-16 10:08:54)
- - Müxalifət adı altında destruktiv fəaliyyət göstərən anti-milli qruplar Azərbaycanın milli maraqlarına qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər(2019-01-10 09:54:13)
- - Qazaxıstanda ermənilər tərəfindən gənc qazaxın öldürülməsi erməni millətçiliyinin iç üzünü növbəti dəfə ortaya qoydu(2019-01-09 09:49:11)
- - Ermənistan Gürcüstana qarşı ərazi iddiasını davam etdirir(2018-10-06 10:36:23)
- - Ermənistan beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarında deyil(2018-10-05 08:48:57)