
Reneqatın “sağ əli” Eldəniz Quliyev isə Cəmil Həsənovun yalan danışdığını iddia edir
“Milli şura” adlanan satqınlar klubunda yaşanan gərginlik və mübarizənin miqyası getdikcə genişlənir. İlkin mərhələdə bu tip qarşıdurmalar əsasən iki partiya-Müsavat Partiyası və AXCP arasında yaşanırdısa, artıq qarşılıqlı ittihamlar fərqli şəxslərə və qurumlara da siraət etməkdədir. Belə ki, xarici antimilli dairələrin sifarişi ilə yaradılan, adı “Milli şura” olsa da, birmənalı şəkildə düşmən dəyirmanına su tökməyə xidmət göstərən, ermənipərəst qüvvələrin əlində oyuncağa çevrilmiş bu qurum daxilində müşahidə olunan mübarizəyə iki yeni ad da əlavə olunub. Bunlar, vaxtilə radikal düşərgəyə sığınmaq üçün özünü “Milli şura”nın banisi kimi təqdim etməyə çalışan, sonradan isə ünvanı dəyişərək başqa antiazərbaycançı dairələrə xidmətçi olmağa can atan reneqat Eldar Namazovla, ermənipərəst Rüstəm İbrahimbəyovun törətdiyi iqtisadi cinayətlərin məsuliyyətindən boyun qaçıraraq Azərbaycana qayıtmayacağını elan etməsi ilə “dublyorluq” yolu açılan Cəmil Həsənovdur. Vaxtilə özlərini “bir komandanın üzvü” adlandıran, “monolitlikdən” dəm vuran bu şəxslərin son günlərdə bir-biriləri haqqında ibarəli, atmacalı sözlərlə danışması bir sıra mətləblərin üstünə işıq salır.
Belə ki, hələ “Milli şura” adlanan ermənipərəst layihə hazırlanan zaman bu qondarma qurumun perspektivsizliyi məhz oraya daxil olan şəxslərin arasındakı qarşılıqlı patoloji nifrətlə əlaqələndirilirdi. Artıq aylar keçəndən sonra bu proqnozların özünü doğrultduğunu görürük. İsa Qəmbərlə Əli Kərimlinin ardından artıq Eldar Namazovla Cəmil Həsənov da bir-birlərini “yaş yuyub, quru sərdilər”.
İlk olaraq mətbuata müsahibəsində reneqat Eldar Namazov Cəmil Həsənovu “uğursuz namizəd” adlandırmışdı və dolayısı ilə “Milli şura”nın bu cür ağır fiaskoya uğramasının səbəbini məhz ermənipərəst İbrahimbəyovdan sonra “tarixçi”nin önə çıxarılmasıyla əlaqələndirmişdi. Onun sözlərinə görə, “Milli şura” daxilində heç bir qüvvə bir-birini qəbul etmirdi, C.Həsənovun namizədliyi ilə isə ümumiyyətlə çoxları “barışmırdı”.
C.Həsənov da keçmiş müttəfiqinin sözlərini cavabsız qoymayıb. O, Eldar Namazovu “Milli şura”dan öz məqsədləri üçün istifadə etməkdə günahlandırıb. Hətta onun buna nail olduğunu da bildirib: “Eldar bəy “Milli şura” ideyasından əldə edə biləcəyi bir şeyləri əldə etməyə çalışdı. Bəzilərinə də nail oldu. Məsələn, bir siyasətçi kimi ona siyasi səhnədə Əli Kərimli və İsa Qəmbərlə bərabərhüquqlu tərəf olmaq zəruri idi. “Milli şura”nın adı, Rüstəm İbrahimbəyovun mandatı ilə o, bu istəyinə qısa bir vaxtda yetişdi. Əlbəttə, bir siyasətçi kimi bu onun üstünlüyü idi. Amma bu divident qalacaqmı? Bunu zaman göstərər”.
Göründüyü kimi, C.Həsənov reneqat Namazovu “Milli şura”dan istifadə edərək özünü radikal düşərgənin “liderinə” çevirməkdə ittiham edir. Bir müddət öncə ABŞ-ın Bakıdakı səfiri ilə görüşündən sonra yeni “ana müxalifət” olmaq sevdasına düşən Namazovun təkbaşına nəyəsə nail ola biləcəyinə inanmayan keçmiş “müttəfiqi” C.Həsənov onu yalnız “siyasi kölgə” kimi xarakterizə edib.
Digər tərəfdən, C.Həsənov vaxtilə həm reneqat Namazovun, həm də digər düşərgə təmsilçilərinin təkzib etdiyi məsələni etiraf edib. Belə ki, o, reneqat Namazovun R.İbrahimbəyovdan sonra namizəd olmaq istədiyini, amma buna nail ola bilmədiyini deyib: “Digər məqsəd isə “Milli şura”nın namizədi olaraq seçkiyə qatılmaq idi. Buna isə nail ola bilmədi. Düzdür, ilk dövrlərdə o, bu çətinliyi düzgün qiymətləndirmir, namizəd olub seçiləcəyinin artıq həll olunduğunu gizlətmirdi. Amma həyat onun gözlədiyindən daha mürəkkəb oldu, hadisələr onun düşündüyündən daha çətin məcraya yönəldi. Ona görə də, indi “Milli şura” Eldar Namazov üçün maraqsız idi”.
Aylardır təkzib olunan mətləblərin ard-arda etiraf olunması bir daha radikal düşərgənin hansı siyasi sima(sızlıq)lara malik olduğunu göstərir. Hətta C.Həsənov öz müsahibəsində keçmiş müttəfiqinin “Milli şura”dakı işini də təftiş edib və belə demək mümkündürsə, bu “fəaliyyətə” özünəməxsus “qiymət” də verib: “Eldar bəyin qərargahının 12 günə etdiyini bizim seçki qərargahı 12 saata etdi. Həm Arif bəyin, həm Həsən bəyin, həm Bəybala bəyin kifayət qədər seçki təcrübələri var idi və bundan yararlanmaq lazım idi. Hesab edirəm ki, biz səhv etmədik”.
E.Namazovun rəhbərlik etdiyi “El” hərəkatı da keçmiş “müttəfiqinin” fikirlərinə cavab verib. Qurumun üzvü E. Quliyev C.Həsənovun atmacasını yersiz sayaraq bildirib ki, “hələ “El” hərəkatı yarananda Eldar Namazov siyasi liderlə bərabərhüquqluluq statusu qazanmışdı. “Milli şura” yarananda “El”in fəaliyyəti donduruldu”.
E.Quliyev keçmiş “forum dostunun” (C.Həsənovla E.Quliyev bir zamanlar birlikdə Ziyalılar Forumunda üzv olublar. Gəzmədikləri təşkilat qalmayıb...) başqa bir fikrini də təkzib edib. O bildirib ki, E.Namazov “Milli şura”nın namizədi olmağa çalışmayıb: “Həmin vaxt Rüstəm İbrahimbəyovla danışmışdım, namizədlə bağlı konkret ad çəkməmişdi. Orada bir neçə nəfərin adı hallanırdı. Bunlar Mehman Əliyev, Cəmil Həsənli, Zəfər Quliyev idi. Eldar Namazovun adı həmin sırada yox idi”.
Deyəsən, bu söz atışması yeni bir qovğanın qızışmasından xəbər verir. Göründüyü kimi, dünənə qədər “dost” olduqlarını iddia edən düşərgə təmsilçiləri yenidən öz köhnə “libaslarını” geyinməyə başlayırlar. Ortada olan yeni qovğa isə onu göstərir ki, müxalifətdaxili gərginliyin miqyası olduqca böyükdür. Bu gərginliyin əsas nüvəsində isə keçmiş “əməllərdən” qaynaqlanan başqa mülahizələr də var. Görünən budur ki, bir yerdə Azərbaycan xalqının mənafeyini satanlar artıq pul bölgüsündən sonra önə çıxmaq üçün “atəşkəsi” pozmaqda qərarlıdırlar...
- Oxunub: 21270 |
- Tarix: 05-02-2014 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir(2019-02-21 09:47:50)
- - “Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur(2019-02-20 09:59:08)
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)