
Azərbaycan cəmiyyətində yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanına kəskin etiraz davam etməkdədir. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri düşmən dəyirmanına su tökən bu “yazarın” Xalq yazıçısı adını daşımağa mənəvi haqqının çatmadığını bildirirlər.
Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, işğalçı Ermənistan Əkrəm Əylislinin bu əsərindən geniş şəkildə bəhrələnir. Onun sözlərinə görə, ermənilər özlərinin anti-Azərbaycan təbliğatında bu romandan istifadə etməkdədirlər. Çünki onların Azərbaycana və azərbaycanlılara qarşı mövqeyi ilə Ə.Əylislinin mövqeyi üst-üstə düşür: “Azərbaycan dövləti Ermənistanın işğalçılıq siyasətini ifşa etmək və nəticədə münaqişənin ədalətli həllinə nail olmaq üçün fəal siyasət həyata keçirir. Artıq hücum diplomatiyası nəticəsində işğalçılar dalana dirənib, özlərinə bəraət qazandıra bilmirlər. Axı, başqa bir ölkənin ərazisini işğal etmək, yüz minlərlə dinc insanı hərbi təcavüz nəticəsində öz torpağında yaşamasından məhrum etmək kimi əmələ necə haqq qazandırmaq mümkündür? İndi Ermənistan hakimiyyəti müxtəlif bəhanələr gətirir ki, bunun da ömrü uzun ola bilməz. Çünki reallığı heç bir halda təhrif etmək mümkün deyil. Sarkisyan hakimiyyəti iddia edirdi ki, azərbaycanlılarda ermənilərə nifrət var və biz onlarla birgə yaşaya bilmərik. Onun bu bəhanəsini də ifşa etmək üçün arqumentlərimizi ortaya qoyuruq, Azərbaycanda minlərlə erməni yaşayır, qarşılıqlı səfərlər baş verir və s. Amma Ə.Əylislinin bu əsəri yazması və burada azərbaycanlıları az qala vəhşi xalq kimi göstərməsi ermənilər üçün göydəndüşmə olub. İndi onlar bütün dünyaya bəyan edirlər ki, azərbaycanlıların necə millət olduğunu öz yazıçıları deyir. Yəni, Ə.Əylisli bu əsəri ilə düşmən dəyirmanına su tökür. Hesab edirəm ki, Ə.Əylisli Azərbaycan xalqından üzr istəməlidir”.
Millət vəkili Jalə Əliyeva da yazıçı Ə.Əylislinin belə bir əsər yazmasından təəssüfləndiyini deyib. Fikirlərini obrazlı şəkildə ifadə edən millət vəkili əvvəlcə belə bir əsərin yazılmasına inanmaq istəmədiyini bildirib: “İnanmaq istəmədim ki, bir xalqın yazıçısı, xalqından və dövlətindən bütün yüksək titulları alan, ən yüksək adlara layiq görülən bir yazıçısı öz xalqına, öz ölkəsinə, öz torpağına bu qədər dönüklük edə bilər, ona bu qədər nifrət edə bilərmiş. Sonra əsəri oxudum. Oxuduqca hiss edirdim ki, içimdəki hayqırtı və üsyan bir yumruğa çevrilib ürəyimi sıxır. Oxuduqca kövrəlirdim, kədərlənirdim. Gözlərimin önünə gecənin qaranlığında isti evindən, yuvasından sərasər çıxıb ayaqyalın, başıaçıq meşəyə üz tutan, şaxtalı qış gecəsi çöllərdə axıdılan qanıyla ağ qarın rəngini dəyişən minlərlə insan - diri-diri yandırılan, gözləri çıxarılan, min bir işgəncə ilə öldürülən qocalar, hamilə ananın qarnından yarılıb çıxarılan rüşeymlər, uşaqlarının gözləri önündə qurşunlanan analar, ərlərinin, qardaşlarının qarşısında namusuna toxunulan, alçaldılan qızlar, gəlinlər, onları qorumaq üçün özlərini düşmənin gülləsi önünə sipər edən oğullar gəlirdi. Əkrəm Əylislinin əgər yaddaşla bağlı bir problemi varsa, bir əsrdə dörd dəfə erməni iddialarının, hiyləsinin, acgözlüyünün qurbanı olan xalqımızın qanıyla yazılan tarixin bütün səhifələrini yenidən oxumasına ehtiyac yoxdur. Elə təkcə Xocalını xatırlaması kifayətdir. Xatırlamaqda çətinlik çəkirsə, ona kömək edə bilərəm. Xocalı eynilə Şuşa kimi, Xankəndi kimi, Laçın kimi, Kəlbəcər kimi, Qubadlı kimi, Xocavənd kimi, Boğanis Ayrım kimi, .... özünüzün doğulub böyüdüyünüz Əylis kimi əzəli bir Azərbaycan diyarı, qədim türk məskənidir”.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev isə bildirib ki, son dərəcə antimilli, zərərli “Daş yuxular” adlı romanı erməni işğalına və separatizminə bəraət qazandırır: “Eyni zamanda, əsərdə Azərbaycan xalqı dünyaya mədəniyyətsiz, tənbəl, qəddar, vəhşi bir xalq kimi təqdim edilir. Ə.Əylisli bu romanda bizim üçün müqəddəs nə varsa, azadlıq mübarizəmizi, toponimlərimizi, ərazi bütövlüyümüzü, böyük şəxsiyyətlərimizi də təhqir edir, lağa qoyur və aşağılayır. Bu romanda Əylisli qərbi azərbaycanlıları təhqir edir, hansı ki, əzəli torpaqlarından ermənilər tərəfindən qovulublar, vəhşicəsinə qətlə yetiriliblər. Həmin torpaqları viran qoyan işğalçılar bizim xalqımızın izini o torpaqlardan itirmək üçün hər cür cinayətlərə əl atıblar. Tarixi-mədəni abidələrimiz, məscidlərimiz, məzarlıqlarımızın hamısı məhv edilib, yer adları tamamilə dəyişdirilib. Belə olan halda, yazıçı erməniləri dünyanın vicdanlı və mədəni insanları kimi qələmə verir. Ermənilər qarşısında azərbaycanlıları alçaltmaq nə deməkdir? Bu Əkrəmin xislətini göstərir. Xalq şairi Bəxtiyar Vahabzadə yazdığı şeirdə onu çox yaxşı xarakterizə edib”.
T.Tağıyev bildirib ki, Ə.Əylisli ötən əsrin 80-ci illərinin sonunda Bakıda, Sumqayıtda tökülən qanların yeganə baiskarının Azərbaycan xalqı olduğunu iddia edir. “İndi erməni mətbuatında Əkrəm Əylislini yüz ildir ki, inadla inkar edilən “erməni soyqırımı”nı etiraf edən və tövbəyə dayanan qəhrəman kimi elan ediblər. İndi toy-bayram içərisində olan Ermənistanda bu erməni təəssübkeşini Aram Aquliski adlandırmağa başlayıblar. Azərbaycan xalqını alçaltdığına, milli adət-ənənələrimizi aşağıladığına, işğalçı erməni faşizminə haqq qazandıran əsərinə görə belə bir erməni xislətli yazıçının “Xalq yazıçısı” adını daşımağa haqqı yoxdur. Bu məsələyə baxılmalı və müvafiq tədbirlər görülməlidir. Xalqın heysiyyatı ilə oynamaq haqqı heç kimə verilməyib” - deyə, təşkilat sədri qeyd edib.
- Oxunub: 27000 |
- Tarix: 07-02-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir(2019-01-18 09:35:31)
- - Ermənistandakı kriminal rejimə iyirmi il ərzində dəstək verən “siyasətçilər” məsuliyyətə cəlb olunmalıdırlar(2019-01-16 10:08:54)
- - Müxalifət adı altında destruktiv fəaliyyət göstərən anti-milli qruplar Azərbaycanın milli maraqlarına qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər(2019-01-10 09:54:13)
- - Qazaxıstanda ermənilər tərəfindən gənc qazaxın öldürülməsi erməni millətçiliyinin iç üzünü növbəti dəfə ortaya qoydu(2019-01-09 09:49:11)
- - Ermənistan Gürcüstana qarşı ərazi iddiasını davam etdirir(2018-10-06 10:36:23)
- - Ermənistan beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarında deyil(2018-10-05 08:48:57)