
O, Əylisli olmaq məsuliyyətini daşıya bilmədi
Ordubad rayonunun Aşağı və Yuxarı Əylis kəndinin sakinləri “Yeni Azərbaycan” qəzeti vasitəsilə Azərbaycan ictimaiyyətinə müraciət ünvanlayıblar
Məlum olduğu kimi, Əkrəm Əylislinin bir müddət öncə Moskvadakı “Drujba narodov” jurnalında rus dilində dərc olunan “Daş yuxular” romanı Azərbaycanda böyük narazılıqla qarşılanıb. Buna səbəb romanda birmənalı şəkildə azərbaycanlıların düşmən, qəddar, vəhşi obrazının yaradılması, ölkəmizlə bağlı tarixi həqiqətlərin təhrif olunmasıdır. Əsərdə 1988-ci ildən etibarən ermənilərin xalqımıza qarşı yönələn azğınlıqları tamamilə təhrif olunmuş şəkildə azərbaycanlıların adına yazılır. Romanda Azərbaycan qadınları təhqir olunur, qeyri-insani davranışlarda ittiham edilir. Ə.Əylisli bu əsərində Ordubad rayonundakı Əylis kəndi də daxil olmaqla müxtəlif yer adlarının və yaşayış məskənlərinin tarixini saxtalaşdırır, daha doğrusu, erməniləşdirir, sanki ermənilərin deyil, azərbaycanlıların Cənubi Qafqaza sonradan gəldiyini göstərməyə çalışır. Bununla kifayətlənməyən, Ə.Əylisli XX əsrin əvvəllərində baş verən hadisələri də yanlış təqdim edir, ermənilərin qondarma “soyqırımı” iddialarını təbliğ edir, onların Azərbaycan xalqının başına gətirdikləri faciələrin üzərindən sükutla keçir.
Bundan başqa, Ə.Əylislinin romanında qədim Azərbaycan yurdlarının adları təhrif olunub, həmin ərazilər ermənilərə məxsus kimi qələmə verilib. Hətta Azərbaycan torpağında olan qədim alban məbədləri də erməni kilsəsi qismində təqdim olunub. Ə.Əylisli utanmadan havasını udub, suyunu içdiyi kəndi-Ordubad rayonunun Əylis kəndini erməni kəndi adlandırıb və adını “Aqulis” kimi təqdim etməyə çalışıb. Bu isə Ə.Əylislinin xəyanətinin miqyasını göstərən bir faktdır.
Ə.Əylisli romanında Azərbaycanın milli və dini dəyərlərini də ələ salır, təhqir edir, Azərbaycan xalqını nadan, cahil, erməniləri isə mədəni, dürüst və xeyirxah kimi təqdim etməyə çalışır. Göründüyü kimi, əsər başdan-başa Azərbaycan xalqına nifrət, ermənilərə isə pərəstiş üzərində qurulub. Təsadüfi deyil ki, roman Ermənistanda böyük sevinclə qarşılanır, Əkrəm Əylislinin ünvanına təriflər yağdırılır. Ermənilərin törətdikləri cinayətlərin və vəhşiliklərin azərbaycanlıların adına yazılması isə illərdir ki, ermənilərin apardığı yalan təbliğat dəyirmanının suyuna çevrilib. İllərdir ki, dünyaya özünü məzlum bir xalq kimi təqdim etməyə çalışan ermənilərin iç üzü hər kəsə bəllidir. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət dünyanın hər yerində erməni yalanlarının ifşasına səbəb olub. Əkrəm Əylislinin “Daş yuxular”dakı yalanları isə ermənilərin həmin çirkin yalanlarına haqq qazandırmaq cəhdidir.
Bu baxımdan, Ə.Əylislinin bu xəyanəti Azərbaycan ictimaiyyətində haqlı qəzəb və narazılıqlar doğuraraq ona bir vaxtlar verilən fəxri ad və mükafatların ləğv olunması tələblərini meydana çıxarmışdı. Nəhayət, çox keçmədən, cəmiyyətin istəyi reallığa çevrildi. Belə ki, iki gün öncə Prezident İlham Əliyev Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən müəllifin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq Ə.Əylislinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə Sərəncam verib. Başqa bir Sərəncamla isə Ə.Əylisli xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etdiyi üçün “Xalq yazıçısı” adından məhrum edilib. Sərəncamda qeyd edilir ki, Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılıb, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilib.
Bəli, həqiqətən də, Azərbaycan xalqına qara yaxan birisinin “Xalq yazıçısı” titulunu daşımağa haqqı çatmır. Azərbaycan ictimaiyyəti birmənalı şəkildə bu fikri dəstəkləyir. Bu məqamda vurğulamaq yerinə düşər ki, Ordubad rayonunun Aşağı və Yuxarı Əylis kəndinin sakinləri “Yeni Azərbaycan” qəzeti vasitəsilə Azərbaycan ictimaiyyətinə müraciət ünvanlayıblar. Müraciətdə bildirilir: “Biz Ulu öndər Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubad rayonunun Aşağı və Yuxarı Əylis kəndlərinin sakinləri son günlər bərk narahatlıq keçirir, Əkrəm Naibovun “Daş yuxular” əsərindən yaranan qəzəb və hiddətimizi gizlədə bilmirik.
Əylis torpağı qədim türk məskəni olmaqla, burada yaşayan insanlar namuslu, mərd və zəhmətsevərdirlər. Bizə pis təsir edən, yuxumuza haram qatan isə Əkrəm Naibov kimi üzüdönüklərin kəndimizin yetirməsi olması və doğulduğu torpağın adına yaraşmayan şər, böhtan məlumatlar yazaraq xalqımızı təhqir etməsidir.
Qeyd edək, bu Əkrəmin birinci naqisliyi deyildir. Hələ vaxtilə “Tənha narın nağılı” povestində Uca Yaradanı öz atasının dilindən təhqir edən, Azərbaycan xalqını kütlə hesab edən, qələmə aldığı əsərlərdə azərbaycanlıları əyyaş, qarınqulu, bambılı, gic, dəli kimi xarakterizə edən Əkrəm Naibova abır, həya, ləyaqət, şərəf deyilən sifətlər yaddır. Elə buna görə xalqımız hələ 1989-cu ildə onun kitablarını yandırmaqla, layiqli tənbeh etməklə Əkrəmə xəbərdarlığını etmişdi. Lakin görünür, bu Əkrəm Naibova dərs olmamışdır.
Görünür elə buna görədir ki, son yazısı olan “Daş yuxular” da Əkrəm Naibov biz əylisliləri, naxçıvanlıları, ümumiyyətlə azərbaycanlıları təhqir etməklə, erməniləri haqlı sifətdə təqdim eləməklə, sevimli Peyğəmbərimizə dil uzatmaqla daha da şərəfsizləşdiyini göstərməkdədir.
Bütün bu yaramaz, insanlığa xas olmayan xüsusiyyətlərinə görə möhtərəm Prezidentimiz İlham Əliyev haqlı olaraq xalqın təkidli tələbi ilə Əkrəm Naibovu Prezident təqaüdündən məhrum etməklə, “Xalq yazıçısı” adını ondan geri almaqla ürəyimizdən sanki tikan çıxarıb. Dövlət başçımıza bu addımına görə çox sağ olun, deyirik.
Lakin biz hesab edirik ki, bundan sonra Əkrəm Naibova verilmiş “İstiqlal” və “Şöhrət” ordenləri və digər dövlət təltifləri də ondan geri alınmalıdır.
Eləcə də, Əkrəm Naibov kimi şərəfsiz birinin “Əylisli” təxəllüsü daşımasını həmin qədim türk yurdunun sakinləri olaraq biz özümüzə təhqir hesab edirik. Belə zənn edirik ki, Əylis kəndinin adını ermənipərəst və Allahsız birinin təxəllüs götürməsi qəbuledilməzdir. Onu da vurğulayaq ki, dövlətimiz vaxtilə Əylis kəndində ona layiq olmadığı gözəl bir məkanda yaraşıqlı iqamətgah tikibdir. Tələb edirik ki, həmin mülk Əkrəmdən geri alınaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid vətən övladlarının ailələrinə hədiyyə edilsin.
Bu gün Əkrəm Naibov kimi ləyaqətsizlər, sapı özümüzdən olan baltalar layiqli cəzalarına çatdırılmalıdırlar ki, bir daha uca türk millətinə dil uzadan belə yaramazlar meydan sulaya bilməsinlər. Yuxarı Əylis kənd ictimaiyyəti...”.
- Oxunub: 24150 |
- Tarix: 09-02-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)
- - “Freedom House”un qərəzli “hesabat”ı reallıqları əks etdirmir(2019-02-08 09:52:58)
- - “Milli şura” növbəti dəfə biabır oldu(2019-02-02 09:54:33)
- - Əli Kərimlinin adı yenidən maliyyə maxinasiyasında hallanır(2019-02-01 09:40:28)