
İP-i kəsilən, “şura”sı qara gələn düşərgə təmsilçiləri köhnə oyunlarının əsirinə çevriliblər
Sovet dövründə əsgərliklə bağlı məşhur bir rus deyimi vardı: “Soldat spit, slujba idyot”... Yəni, “əsgər yatır, xidmət gedir”. Bu gün Azərbaycanın radikal müxalifətinin “fəaliyyəti” bundan ötə deyil. Belə ki, bu düşərgə təmsilçiləri radikal partiyaların sədrinin və ya həmsədrinin, yaxud sədrin kürsününə göz dikənlərinin “sensasion” bəyanatlar verməsi, həmçinin, ağıllarına gələni danışması ilə özlərini tarixin təkərində zorla da olsa fırlatmağa çalışırlar...
Məsələn, istər İsa Qəmbər, istərsə də Əli Kərimli dəqiq bilir ki, İP-in qırılması, “Milsiz şura”nın parça-tikə olması və ya gələcək perspektivdə düşüncəsizlər üçün fərqli ad altında “birlik” yaradılması Azərbaycan xalqı üçün heç bir maraq kəsb etmir. Hər hansı bir siyasi təşkilatda baş verənlər xalq üçün o zaman maraqlı olar ki, o təşkilatın minimal da olsa xalqdan dəstəyi, siyasi elektoratı mövcud olsun. Sonuncu prezident seçkiləri radikal müxalifətin iflasını tam şəkildə ortaya çıxardı. Yəni, əli onun-bunun ətəyində qalan radikalların namizədinin ən minimal səviyyədə səs yığa bilməməsi bu düşərgənin əsl “gücünü” nümayiş etdirdi.
Seçkidən sonra isə radikallar artıq gündəmdən çıxdıqlarının, tam şəkildə arxivə tullanıldıqlarının fərqinə vardıqları üçün min bir yola əl atırlar. İP kəsirlər, olmayan “şura”nı “toplayırlar”. Axı, bu “şura”da olan üç-beş adam elə AXCP-nin üzvləridir. Daha bir də onlara niyə “əziyyət” verib görüntü yaratmağa çalışırsınız?
...Seçki dövründə istər AXCP, istərsə də Müsavat Partiyasının funksionerləri guya gündəmi “zəbt” etmiş “birləşmə” nağılları ilə hamının zəhləsini tökmüşdülər. Bunların üstündə neçə-neçə seriallarda küsülülər barışdı, ayrılanlar birləşdi, amma AXCP ilə “Müsavat” birləşmədi ki, birləşmədi... Və sonda... “Şura” yaradıb oraya pərçimlənmişdilər...
...Az keçmişdi ki, bu “birləşmə” özlərinə problem yaratmağa başladı. “Ötən gündəmin köhnə həmdəmi” sayılan partiyalarda “aldım-aldatdım” mövzusunda keçirilən gərgin diskussiyaların finalında Müsavat Partiyası ofsaytda düşdüyünü hiss edib, açdı pambıq dolu sandığın ağzını. Elə sandığın ağzından çıxan birinci pambıq kisəsindən belə bəlli oldu ki, AXCP ilə “Müsavat”ın birləşməsi, sadəcə “bukmeyker kontorları”nın idarə etdikləri oyun imiş...
Axı, bu sandıqda gizlədilənlər hamıya öncədən bəlli olan zad idi. Hamı bilirdi ki, radikal düşərgənin ömür billah dili başqa söz deyib, beyni başqa şey düşünüb, ürəyi başqa şey istəyib, özləri də başqalarının əmrləri ilə oturub-durublar.
...Bu arada, AXCP İP-in “dibdən kəsilməsindən” sonra meydanda tək qalacağını düşünürdü. Onsuz da may ayından sonra “Müsavat”da İsa Qəmbər olmayacaq, bu gedişlə isə ümumiyyətlə, “Müsavat” olmayacaq. Çünki bu günün özündə bu partiyanı İsa Qəmbərin əlindən alıb özününküləşdirmək və bu kooperativdən pul qazanmaq istəyən o qədər “namizəd” tapılıb ki, gəl görəsən. Demokratiya-filan da boş şeydir. O partiya yaranan gündən orada həmin adıçəkilən zadlardan olmayıb.
Hətta həmin namizədlər də deyirlər ki, “Müsavat”ın yeni sədri İsa Qəmbərin iradəsi ilə seçiləcək. Amma o iradə olmalıdır ki, onun əsasında da sədr seçdirə biləsən. Axı, iradəli adamın partiyasında hər gün səhər tezdən kim birinci yuxudan dursa, hakimi-mütləq də o olmamalıdır. Amma “Müsavat”da əmrləri verən bir gün Arif Hacılı idi, səhərisi bir başqası. İsa Qəmbərin iradəsi olsaydı xariclərin havası ilə dəmlənməzdi və xalqının maraqlarının üstündən xətt çəkməzdi. Bu cür “möhtəşəm iradə” sahibi elə bacaraydı partiyasındakı monolitliyi qoruyardı...
Uzun sözün qısası, radikal müxalifət özünü öz oyunlarında baş girləməklə qorumaq fikrindədir. Amma dərk etmir ki, olmayanı necə qorumaq olar? Son proseslər müxalifətin son nəfəsini də verdiyini sübuta yetirdi. Xalq üçün heç bir marağa səbəb olmayan, ən əsası xalqın maraqlarının əksinə gedən bu düşərgədə baş verənlər onların siyasi cılızlıqlarını tam çılpaqlığa qovuşdurdu...
Azərbaycanın dövlət müstəqilliyinə, suverenliyinə təhlükə törətməyə çalışan, qeyri-qanuni yolların yolçusu, xarici havadarların “dəyənəyi” rolunu oynamağa müntəzir olanların arzuları hər zamankı kimi gözlərində qaldı. Deyəsən onların da təfəkküründə elə müxalifət kimi bir geriləmə yaşanır, elə düşünürlər ki, hələ də 1990-91-ci illərdir. Düşünürlər ki, Azərbaycanda nə istəsələr reallaşdıra bilərlər, hansı təxribatı istəsələr həyata keçirmək mümkün olacaq... Amma Azərbaycan dövləti əməli ilə sübut edir ki, bu belə deyil. Azərbaycanda güclü, öz xalqının mənafeyini qoruyan, milli maraqların keşiyində dayanan, xalqı ilə vəhdət təşkil edən, millətinin iradəsi əsasında formalaşan, ölkəsinin inkişafından başqa heç bir niyyəti olmayan hakimiyyət mövcuddur. Bu üzdən də sıradan oyunlarla baş qatanlar nə edirlərsə, yalnız özlərinə edirlər...
- Oxunub: 20970 |
- Tarix: 13-03-2014 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)
- - “Freedom House”un qərəzli “hesabat”ı reallıqları əks etdirmir(2019-02-08 09:52:58)
- - “Milli şura” növbəti dəfə biabır oldu(2019-02-02 09:54:33)