
VİP sədri Əli Əliyevlə “El”in ali məclis sədri Eldəniz Quliyev yenidən məhkəmədə üz-üzə gələcəklər
Artıq xeyli vaxtdır ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə qondarma “El” hərəkatının təmsilçiləri arasında qarşıdurmalar səngimək bilmir. Tərəflərin qarşılıqlı münasibətlərinə nəzər saldıqda məlum olur ki, bu xəmir hələ çox su aparacaq. Belə ki, istər “El”in adından danışan hərəkatın ali məclis sədri Eldəniz Quliyev, istərsə də, VİP-in sədri Əli Əliyev və onun müavini Ramil Hüseynov qarşı tərəflə aralarında yaşanan gərginliklə bağlı mətbuata açıqlamalarında rəngləri getdikcə daha da tündləşdirməyə çalışırlar.
Bəs, görəsən, VİP-lə “El”in funksionerləri nəyi bölə bilmirlər? Xatırladaq ki, tərəflər arasında qarşıdurmanın alovlanmasına “El”in rəhbəri reneqat Eldar Namazovun ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla görüşdən dərhal sonra təmsil etdiyi qurumu partiyaya çevirməklə bağlı hay-küy salması rəvac verdi. Qondarma “Milli şura” layihəsində oxu daşa dəyən reneqat Eldar Namazovun radikal düşərgənin xaricdəki “kuratorları”nın rəğbətini qazanmaq naminə növbəti revanş cəhdlərində bulunması VİP sədri Əli Əliyev tərəfindən, sözün əsl mənasında, top-tüfənglə qarşılandı. Və sonuncu öz qarışqa personasından fil düzəltmək istəyən reneqat Eldar Namazova yerini göstərmək məqsədi ilə belə bir açıqlama ilə çıxış etdi: “El” hərəkatını şişirtmək lazım deyil. Orada təkcə Eldar Namazov var, həmin şəxs də siyasi güc mahiyyəti kəsb etmir”.
VİP sədrinin bu açıqlaması sanki “El” hərəkatının rəhbərinin və onun yan-yörəsindəkilərin yaralı yerinə toxundu. Belə ki, “El”in ali məclis sədri Eldəniz Quliyev sinəsini qabağa verərək təmsil etdiyi qurumun müdafiəsinə qalxdı. Tərəflərin söz dueli VİP sədrinin Eldəniz Quliyevi məhkəmə qaydasında cəzalandırılmasını tələb etməsinədək uzandı. Belə ki, Əli Əliyev Eldəniz Quliyevin təhqir dolu “cavablarının” hüquqi məsuliyyət yaratığı qənaətini dilə gətirdi: “Məsələnin Cinayət Məcəlləsi ilə tövsif olunmasını istəyirik”.
Əli Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında keçirilən hazırlıq iclasında məhkəmə işin icraata götürülməsindən imtina etsə də, VİP sədri “öldü var, döndü yoxdur” mövqeyindən çıxış edərək “El” in təmsilçisi Eldəniz Quliyevin qanuni yolla cəzalandırılmasında iddialıdır. Bu barədə VİP-dən mətbuata daxil olan məlumatda deyilir ki, “Partiya yol verdiyi təhqirlərə görə, “El” hərəkatının ali məclis sədri Eldəniz Quliyevin məhkəmə qaydasında cəzalandırılmasında iddialıdır”.
Özü də bu dəfə “El”in təmsilçisi ilə “döyüşə” VİP sədri Əli Əliyev tək getmir. Onun müavini Ramil Hüseynov və VİP-in bir neçə digər funksioneri də Eldəniz Quliyevin hüquqi müstəvidə cəzalandırılmasını tələb edirlər. VİP-in sədr müavini R.Hüseynov ciyindaşlarının mövqeyini ifadə edərək belə deyib: “Eldəniz Quliyev VİP üzvlərinə, rəhbərliyinə qarşı tərbiyəsizlik edib. Ona görə də, biz onun cavabının qanun çərçivəsində verilməsini istəmişik və istəyirik”.
VİP təmsilçilərinin yeni məhkəmə iddialarının müqabilində Eldəniz Quliyev yenə öz ampluasında qalaraq qarşı tərəfin ünvanına təhqirlər yağdırmaqda davam edir: “Sədr müştəbeh və yalançı olanda, onun müavini də ədəbsiz və sarsaq olar”.
Qeyd edək ki, artıq Eldəniz Quliyev də VİP təmsilçilərinin hüquqi məsuliyyətə alınmaları iddiası ilə məhkəməyə müraciət edib. “El”in ali məclis sədri bununla bağlı mətbuata verdiyi açıqlamada bildirib: “VİP-in sədri Əli Əliyev və onun müavini Ramil Hüseynov mənim barəmdə işlətdikləri fikirlərə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Onların tələbinə qarşılıqlı olaraq mən də məhkəmə qarşısında iddia qaldırmışam”.
VİP və “El” təmsilçiləri arasında yaşanan qovğanın hansı sonluqla bitəcəyini, qarşılıqlı məhkəmə iddialarında kimin qalib gələcəyini bəri başdan söyləmək çətindir. Lakin bu qovğalarda radikal düşərgənin əsl siması aydın görünür. Bu cür heç bir əndazəyə sığmayan çəkişmələrdən sonra cəmiyyətin bir-biriləri ilə yola getməyən radikallara inamsızlıq nümayiş etdirməsi tam başadüşüləndir.
- Oxunub: 22410 |
- Tarix: 05-04-2014 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimlinin yeni qanunsuz maliyyə mənbələri ortaya çıxır(2019-01-31 08:56:50)
- - Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır(2019-01-25 09:48:00)
- - 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib(2019-01-18 09:47:38)
- - Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir(2018-10-06 10:37:24)
- - İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!(2018-10-04 08:33:32)
- - Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı(2018-04-26 09:08:30)