
“Beşinci kolon”un nümayəndələri erməni parlamentariləri ilə birgə AŞ PA-da Azərbaycana qarşı qətnamə layihəsi təqdim ediblər
Azərbaycan dövlətinin inkişafı, uğurları erməni lobbisini, xarici anti-azərbaycançı mərkəzləri və bu mərkəzlərin xidmətində olan “beşinci kolon”un təmsilçilərini xeyli çaş-baş salıb. Məhz bu səbəbdəndir ki, anti-azərbaycançı mərkəzlər və özünü həmin mərkəzlərin nökəri qismində təqdim edən radikal müxalifət düşərgəsi ölkəmizin imicinə xələl yetirmək üçün bütün vasitələrə əl atırlar. Belələri Azərbaycanda atılan hər bir addımı, aparılan hər hansı bir fəaliyyəti öz “demokratiya” qavrayışları müstəvisində qələmə verməyə çalışır, yalanlarını tirajlamağa cəhd göstərirlər.
Bu qrupa daxil olan Xədicə İsmayılova da öz fəaliyyətini deyilən antimilli istiqamətdə qurub. Kimsəyə sirr deyil ki, zaman-zaman Azərbaycan dövlətinin və xalqının maraqlarına zərbə vurmaq üçün fürsət gözləyən, ermənilərlə işbirliyini özü üçün fəxr sayan X.İsmayılova “Azadlıq” radiosuna rəhbərlik etdiyi dövrdə bunun üçün var gücü ilə çalışıb. Yuxarıda qeyd olunan xarici dairələrin maliyyəsinin təsiri ilə bütün fəaliyyətini Azərbaycan hökumətinə qara yaxmağa həsr edən X.İsmayılova bu gün də istər ölkəmizdə keçirilən seçkilərə, istərsə də reallaşdırılan islahat, yenidənqurma işlərinə özünəməxsus don geyindirərək bu əməlini qulluq etdiyi və maliyyə dəstəyi aldığı anti-azərbaycançı dairələrin arzularına uyğun şəkildə tirajlamağa çalışır. Maraqlıdır ki, hər məqamda özünü “müstəqil” kimi qələmə verməyə cəhd göstərən X.İsmayılovanın ermənipərəst niyyəti elə birinci mərhələdəcə ifşa edilir.
Erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır
Bu məqamda vurğulanmalıdır ki, ümumiyyətlə, “beşinci kolon” funksiyasını yerinə yetirən bu zümrənin fəaliyyəti hər zaman xəyanətə və satqınlığa köklənib. Daha dəqiq desək xarici beynəlxalq təşkilatlarda kök atmış erməni lobbisinin qanadları altına sığınan “beşinci kolon”un üzvləri Azərbaycanın dövlət imicinə qarşı bütün güclər ilə mübarizə aparırlar. Yeri gəlmişkən, bir neçə gün öncə Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxış edən Prezident İlham Əliyev bildirib ki, Avropa Şurasında anti-Azərbaycan qruplaşması var və uzun illərdir fəaliyyət göstərir: “Onların arxasında dayanan erməni lobbisidir. Bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar. Onların nümayəndələri, əlbəttə ki, mediada, başqa ölkələrin hökumətlərində, ictimai qurumlarda vardır. Onlar möhkəm kök salmışlar və Azərbaycanı bir nömrəli hədəf seçmişlər, çalışırlar ki, bizi hər tərəfdən vursunlar”.
Lakin dövlət başçısının bu fikirləri radikal müxalifət daxilində tamam fərqli rakursdan təfsir olundu və radikallar ənənəvi şəkildə hakimiyyəti ölkədəki “siyasi azadlıqlar məsələsinə” diqqət yetirməməkdə günahlandırdı. Radikal düşərgə iddia etdi ki, guya hakimiyyət bütün günahları başıbəlalı erməni faktoru ilə əlaqələndirməyə çalışır.
Xədicə İsmayılova - Arpin Hovanissyan - Levon Zarubyan üçlüyü Azərbaycan xalqına qarşı...
Ancaq bir neçə gün öncə AŞ PA-ya təqdim olunan “qətnamə layihəsi” Prezident İlham Əliyevin Avropa Şurasında anti-Azərbaycan qruplaşmasının olması haqqında fikirlərini təsdiqləmiş oldu. Məlumat üçün bildirək ki, 13570 saylı sənəd “Azərbaycan hakimiyyətinin ölkədəki korrupsiya faktlarını araşdıran jurnalistlərə qarşı apardığı təqibi və həbsləri pisləməyə” çağırır. Burada diqqəti cəlb edən əsas məqam isə sözügedən “sənədin” azərbaycanlı jurnalistlər və ya hüquq müdafiəçiləri tərəfindən deyil, Azərbaycan hakimiyyətinin qatı tənqidçisi hesab edilən Andreas Qrossun rəhbərliyi altında erməni parlamentariləri Arpin Hovanissyan və Levon Zarubyan tərəfindən hazırlanmasıdır. “Sənəd”də iddia edilir ki, “Azərbaycandakı korrupsiya hallarını araşdırıb ortaya çıxaran araşdırmaçı-jurnalistlərin təqibi Parlament Assambleyası üçün ciddi narahatlıq predmetidir. Jurnalist Xədicə İsmayılova ilə bağlı baş verənlər Azərbaycan hakimiyyətinin onları tənqid edənləri susdurması praktikasının parlaq nümunəsidir. Bir neçə beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları jurnalistlərin qondarma ittihamlarla həbs edilmələri ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. “Transparensy İnternational” Azərbaycanı korrupsiya indeksinə görə 127-ci yerdə qərarlaşdırıb. Bu isə ölkədə genişmiqyaslı korrupsiyanın olmasından xəbər verir”.
Ermənilərin hazırladığı və Azərbaycanın “beşinci kolon”unun “hüquqlarının” müdafiəsinə yönələn bu təxribat xarakterli qətnamə layihəsində söz azadlığı ilə bağlı vəziyyət də tənqid edilir və bildirilir ki, bu yaxınlarda qəbul edilən qanun “böhtanlarla” bağlı KİV-lər üçün cinayət məsuliyyəti yaradır: “Biz AŞ PA-nı jurnalistlərin və siyasi fəalların müdafiəsi ilə bağlı təcili tədbirlər görməyə çağırırıq. Azərbaycan hakimiyyətini isə siyasi baxışlarına görə həbs edilən bütün insanları azadlığa buraxmağa çağırırıq”.
Onu da vurğulamaq lazımdır ki, Arpin Hovanissyan-Xədicə İsmayılova-Levon Zarubyan üçlüyünün işbirliyinin “bəhrəsi” olan bu “qətnamə layihəsi” AŞ PA-da müzakirə edilməyəcək və erməni lobbisinin, həmçinin, Azərbaycan hakimiyyətinin tənqidçilərinin, sadəcə, növbəti nəticəsizliyi kimi yadda qalacaq. Amma təəccüblənməyə də dəyməz. Sadəcə, X.İsmayılova yenə də öz ampluasındadır. Erməni qanadını yorğan edib üstünə örtməyə çalışan belələri Vətəni satmaq üçün bir göz qırpımını belə əldən qaçırmırlar. Artıq ermənilərlə işbirlikləri sübuta yetirilən “beşinci kolon” nümayəndələri bundan utanmaq, satqınlıqlarının ayıbına kor olmaq yerinə, bu fəaliyyətlərini daha iyrənc şəkildə davam etdirirlər. Bəli, bu gün Azərbaycan xalqına, dövlətinə düşmən kəsilənlərin sırasında Sarkisyan, Ohanyan, Hovanissyan kimiləri ilə yanaşı xədicə ismayılovalar, leyla yunusovalar, arif yunusovlar və başqaları da var. Təəssüf ki, acı da olsa, reallıq budur...
- Oxunub: 19530 |
- Tarix: 11-07-2014 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)
- - “Freedom House”un qərəzli “hesabat”ı reallıqları əks etdirmir(2019-02-08 09:52:58)
- - “Milli şura” növbəti dəfə biabır oldu(2019-02-02 09:54:33)