
Yaxud, post-İsa Qəmbər dövründə partiyaya rəhbərliyi ələ keçirməyə çalışan funksionerlər seçkiqabağı marafonda rəqiblərini aşağılayır, şantaja və digər vasitələrə əl atırlar
Sentyabrın 27-də keçiriləcəyi bildirilən növbəti qurultay ərəfəsində funksionerlər arasında yaşanan gərginlik “Müsavat”ın parçalanmasını qaçılmaz edib. Qurultayqabağı mərhələdə “Müsavat” funksionerlərinin sosial şəbəkələrdə paylaşdıqları statuslardan, öz nəzarətlərində olan KİV-lərə verdikləri açıqlamalardan aydın görünür ki, onlar, necə deyərlər, “çəkici bir zindana vurmaqdan” çox uzaqdırlar və partiyada hansısa ideallara görə deyil, sırf konyuktur maraqlara görə qərar tutublar.
Qeyd edək ki, “Müsavat”da qurultayqabağı dövrdə qarşılıqlı ədavətin pik həddədək gərginləşməsinə səbəb yeni başqan seçkiləridir. Daha dəqiq desək, qurultayqabağı mərhələdə “Müsavat”da parçalanmanı bir növ an məsələsinə çevirən sual belədir: Partiyanın yeni başqanı kim olsun? Məsələ ondadır ki, partiya rəhbərliyində təmsil olunan funksionerlərin əksəriyyəti “Müsavat”ın yeni başqanı statusuna, məhz öz personasını layiq bilir. Bu sırada partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı, başqanın sabiq müşaviri Səxavət Əlisoy, sabiq divan üzvü Qubad İbadoğlu daha çox canfəşanlıq nümayiş etdirirlər. Son günlərdə A.Hacılı ilə Q.İbadoğlu arasında çəkişmələr isə, yumşaq desək, bütün əndazələri aşıb.
Məlum olduğu kimi, mərkəzi icra aparatının rəhbəri A.Hacılı seçki marafonuna “rəqib tanımayan”, “başqanlığa hamıdan çox haqqı çatan” birisi kimi qoşulub. Bildirilir ki, A.Hacılı seçkilərdə rəqiblərini önləmək üçün partiyadakı mövqeyindən istifadə edərək bütün rıçaqları işə salıb, yerlərdə lazımı “hazırlıq” işləri aparıb.
Lakin seçkilərə az müddət qalmış partiyanın bir sıra funksionerlərinin özünü bəri başdan “seçilmiş namizəd” kimi təsəvvür edən A.Hacılıya, necə deyərlər, “buynuz göstərmələri” bir daha təsdiqlədi ki, mərkəzi icra aparatının rəhbəri xəyallarını asanlıqla gerçəkləşdirə bilməyəcək.
Hazırda A.Hacılının başqanlığa gedən yolunu kəsən əsas fiqurlardan biri qismində özünü “Müsavat”çılara hər cür təvazökarlıq hədlərini aşaraq “intellektual namizəd” kimi tanıtmağa çalışan Qubad İbadoğlu çıxış edir. Sonuncu radikalların nəzarətində olan mətbuat orqanlarına verdiyi müsahibədə A.Hacılının bostanına böyük bir daş ataraq deyib: “Eyni zamanda, informasiyaya çıxış, qurultay nümayəndələri ilə əlaqələrin yaradılması, müəyyən təsirlərin edilməsi baxımından icra aparatı əlavə inzibati resurslar yaradır. Təklif etdim ki, icra aparatı seçki prosesinə qarışmasın... Bilirsiniz ki, “Müsavat” başqanlığına namizədlərdən biri icra aparatına rəhbərlik edir. O status, eyni zamanda, imkan verir ki, qurultay nümayəndələrinə müəyyən dərəcədə təsirlər olsun”.
İndiyədək “suyun lal axanı” təsəvvürü yaradan Q.İbadoğlunun bu “təklif”i seçki marafonunda “başqan seçilməsəm, partiyanı dağıdacağam” mövqeyindən çıxış edən A.Hacılının əsəblərini, sözün əsl mənasında, tarıma çəkib. Mərkəzi icra aparatının rəhbəri Q.İbadoğlunun “təklif”inə məhəl qoymaq niyyətinin olmadığını ifadə edərək deyib: “Mən Qubad İbadoğlunun öz seçki kampaniyasına məni təhqir edib, istefamı tələb etməklə başlamasına görə təəssüf edirəm. Bu, real vəziyyətə uyğun olmayan bir təklifdir”.
A.Hacılı Q.İbadoğluya cavab həmləsində bir sıra başqa gedişlər də planlaşdıraraq ona zəif yerindən zərbə vurmağı qərara alıb. Məsələn, bu günlərdə mərkəzi icra aparatının rəhbərinin tərəfdarları Q.İbadoğlunun “kabinet namizədi” olduğunu, mitinqlərdə fəal iştirak etmədiyini “aktuallaşdırıblar”. A.Hacılının qardaşı Mustafa Hacıbəyli isə sosial şəbəkələrdə Q.İbadoğlunun QHT sektorundan pul qazandığını onun başına qaxınc edib.
Bütün bunlardan sonra Q.İbadoğlunun tərəfdarları da fəallıqlarını artırıblar. Onlar indiki dövrdə “intellektual namizəd”in üstün məziyyətlərini qabardır, eyni zamanda Q.İbadoğlunun mitinqlərdə iştirakını təsdiqləyən fotoları sosial şəbəkələrdə yerləşdirməklə “A.Hacılı cəbhəsi”nın yalanlarını üzə çıxarırlar. Bütün bunlar ondan xəbər verir ki, “Müsavat”da başlanan seçki marafonu heç bir halda sülhlə yekunlaşmayacq və müxtəlif yolun yolçuları olan funksionerlərin eyni dam altında yığışmalarına, nəhayət, son qoyulacaq...
- Oxunub: 18270 |
- Tarix: 06-09-2014 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Əli Kərimlinin yeni qanunsuz maliyyə mənbələri ortaya çıxır(2019-01-31 08:56:50)
- - Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır(2019-01-25 09:48:00)
- - 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib(2019-01-18 09:47:38)
- - Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir(2018-10-06 10:37:24)
- - İşğalçı Ermənistan hara, Beynəlxalq Frankofoniya Təşkilatı hara?!(2018-10-04 08:33:32)
- - Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı(2018-04-26 09:08:30)