
Bu radionun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində qeyri-qanuni fəaliyyət göstərən qondarma, separatçı rejim haqqında xüsusi veriliş hazırlaması Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır
Müasir dövrdə “qlobal dövlət” fəlsəfəsinə xidmət edən müəyyən dairələr özlərinin transmilli maraqlarını təmin etmək üçün müxtəlif vasitə və resurslara istinad edirlər. Bu sırada ən çox istifadə və istinad edilən vasitə isə transmilli media strukturlarıdır. Başqa sözlə, konkret missiya daşıyıcısı qismində çıxış edən həmin transmilli media strukturlarının fəaliyyət mexanizmi müəyyən güclərin, hətta lobbi təşkilatlarının maraqları əsasında qurulur və özündə dərin siyasi manipulyasiya metodlarını ehtiva edir.
Bununla yanaşı, bu cür transmilli media strukturlarının timsalında ayrı-ayrı xalqlar və dövlətlərin suveren hüquqlarına qarşı yönəlmiş fəaliyyət hallarına da rast gəlinir. Bu kontekstdə son olaraq “Amerikanın səsi” radiosunun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində qeyri-qanuni fəaliyyət göstərən qondarma, separatist rejim haqqında xüsusi veriliş hazırlaması Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanıb. Çünki bu, bir tərəfdən, Azərbaycan xalqına, xüsusilə də Ermənistanın işğalçı siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımıza qarşı sayğısızlıqdır. Digər tərəfdən, “Amerikanın səsi” obyektiv fəaliyyətə malik olduğunu iddia edirsə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini, 250 mindən çox soydaşımızın öz tarixi torpaqlarından qovulmasını, minlərlə insanın xüsusi qəddarlıq və vəhşiliklərə məruz qalmasını niyə diqqətə çatdırmır? Yaxud Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olan, Azərbaycan xalqının başına gətirilmiş qanlı faciələrdən biri - Xocalı soyqırımı haqqında gerçəkliklər nəyə görə işıqlandırılmır?
Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məsələyə münasibətində bildirib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və ümumiyyətlə, Ermənistanın işğal və təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövqeyi əks etdirilmədən “Amerikanın səsi” radiosu tərəfindən birtərəfli qaydada Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim haqqında verilişin hazırlanması ədalətsiz və qərəzli xarakter daşıyır.
Dolayısıyla, separatçı və təxribatçı fikirlərin təbliğ edilməsi, qeyri-qanuni rejimin “fəaliyyəti”nin normal şəkildə diqqətə çatdırılması həm də beynəlxalq hüquq normalarına, peşə dəyərlərinə tamamilə ziddir. Bütün bunlar bir daha ona dəlalət edir ki, digər bir sıra transmilli media qurumları kimi, “Amerikanın səsi” radiosunun da fəaliyyət mexanizmi mövcud qanunlara, dəyərlərə zidd olmaqla müəyyən məhdud maraqlara xidmət edir. Bu, eyni zamanda, onu göstərir ki, bu qurum ermənilərlə sinxron fəaliyyət göstərərək Azərbaycana qarşı təxribatlara yol verir, dövlətimizə qarşı qara piar kampaniyası aparır.
- Oxunub: 21300 |
- Tarix: 21-10-2014 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Avropadakı bəzi “siyasi mühacir”lərin iç üzü açılır...(2019-02-13 09:48:31)
- - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqeyini və prinsipial siyasətini davam etdirir(2019-01-25 09:49:27)
- - Çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaradıb(2019-01-22 10:01:18)
- - Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmədə çevikliyi və səmərəliliyi artıracaq(2019-01-18 09:39:20)
- - Azərbaycana qarşı ikili standartların daha bir təzahürü...(2019-01-12 10:43:16)
- - Azərbaycana qarşı növbəti ikili standartlara əsaslanan selektiv yanaşma nümunəsi və “qara piar” kampaniyası...(2019-01-11 09:45:46)