
Bəli, bu, artıq xəyal deyil, reallıqdır. İndən belə Azərbaycan gəncləri, həqiqətən respublikanın hüdudlarını tərk etmədən dünyanın ən nüfuzlu ali məktəblərindən birində təhsil ala biləcəklər. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı Sərəncama əsasən və M.V.Lomonosov adına Moskva Dövlət Universiteti rəhbərliyinin təklifi nəzərə alınmaqla, Bakıda MDU-nun filialı fəaliyyətə başlayacaq.
Əslində, Azərbaycan üçün son dərəcə əhəmiyyətli olan bu ideya çoxdan yaranmışdı. İndi isə artıq həqiqətə çevrilib. Bu, ilk növbədə, dövlətimizin başçısının şəxsən və tamamilə anlaşılan səyləri sayəsində mümkün olub: axı, biz indi elə bir dövrə qədəm qoymuşuq ki, yüksək təhsil standartları ölkənin davamlı, dinamik inkişafının və modernləşməsinin təminatıdır.
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru vəzifəsinə filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva təyin edilib. Bu, təsadüfi seçim deyil: Nərgiz xanımın ali məktəbdə 20 ildən artıq pedaqoji stajı və təşkilatçılıq işində kifayət qədər sanballı təcrübəsi vardır. Onu yaxından tanıyanların fikirlərinə və tez-tez hamımızın şahidi olduğumuz miqyaslı işlərinə görə mühakimə yürütsək, deyə bilərik ki, məsuliyyət hissi, vəzifə borcunu dönmədən, qətiyyətlə yerinə yetirmək bacarığı ona xas olan, onun fəaliyyət karyerasında başlıca keyfiyyətlərdir. Təbiətən səfərbər, yaradıcı təfəkkürə malik, məqsədyönlü insan olan və başladığı hər bir işə böyük ruh yüksəkliyi ilə, şövqlə yanaşan Nərgiz xanım onu hökmən axıra çatdırmağı bacarır. Nərgiz xanım yaxşı dərk edir ki, Moskva Dövlət Universitetinin filialına rəhbərlik etmək heç də asan iş deyil və var qüvvə ilə çalışmağı tələb edir.
Professor Paşayeva AzərTAC-ın müxbiri ilə söhbətində bir daha təsdiq edib ki, o, buna hazırdır.
- Nərgiz xanım, əvvələn, icazə verin, bu yüksək vəzifəyə təyin olunmağınız münasibətilə sizi təbrik edim. İstərdim ki, bu günlərdə çoxlarını düşündürən suallara məhz sizdən - yeni işə sıfırdan başlamaq kimi çətin bir vəzifənin həvalə edildiyi insandan cavab alım. 2008-2009-cu tədris ili üçün MDU-nun Bakı filialına üç fakültəyə - filologiya, tətbiqi-riyaziyyat və kimya fakültələrinə tələbə qəbulu elan edilməsi təbii ki, həm adları çəkilən üç fakültədə tədrisin təşkili, həm də bütövlükdə filialın strukturu barədə suallar doğurmuşdur. Yəni filialda neçə fakültə açmaq nəzərdə tutulur, gələcəkdə hansı ixtisaslar və istiqamətlər üzrə tədrisin təşkili planlaşdırılır, ixtisasların müəyyən edilməsində ölkəmizin, bizim regionun xüsusiyyətləri nəzərə alınacaqmı? Filialda ən yeni fənlərin tədrisi mümkündürmü?..
- Suallarınıza cavab verməkdən və Azərbaycan üçün çox əhəmiyyətli olan bu hadisə barədə fikirlərimi bölüşməkdən əvvəl bu mühüm işin əsas təşəbbüskarı, filialın işinin təşkili ilə bağlı bütün məsələlərin həllində çox yaxından və bilavasitə iştirak edən Prezidentimizin əvəzsiz rolunu hökmən vurğulamaq, habelə nəzərdə tutduqlarımızın həyata keçirilməsinə kömək etmiş MDU-nun rektoru Viktor Antonoviç Sadovniçiyə dərin təşəkkürümü bildirmək istəyirəm.
İndi isə tələbə qəbulu elan edilmiş fakültələr haqqında bir neçə kəlmə demək istərdim. Əvvəlcə, "Abituriyent" jurnalında deyilənləri təkrarlayacağam: MDU-nun qəbul komissiyası tərəfindən aparılacaq qəbul sınaqlarında yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanında ən azı 400 bal toplamış abituriyentlər iştirak edə biləcəklər. Filologiya fakültəsində oxumaq istəyənlər şifahi və yazılı, digər iki fakültəyə sənəd verənlər isə yalnız yazılı sınaqlardan keçməli olacaqlar. Şifahi sınaq, yəni abituriyent ilə müsahibə onun potensialını müəyyən etməyə imkan verir. Bu isə heç də az əhəmiyyət kəsb etmir.
Onu da qeyd edim ki, MDU-nun Bakı filialına qəbul üçün sınaqlardan keçə bilməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan digər ali təhsil müəssisələrinə TQDK-nın keçirdiyi müsabiqədə iştirak edə bilərlər. üç fakültənin hər biri bizi eyni dərəcədə maraqlandırır. Məsələn, filologiya fakültəsi bizim üçün nəyə görə maraqlıdır? Məlumdur ki, MDU-da filologiya üzrə təhsil çoxprofilli xarakter daşıyır. Orada dünyanın əksər dillərini, dünya ədəbiyyatını öyrənirlər. Biz, mən Bakı Dövlət Universitetini nəzərdə tuturam, uzun müddət yalnız iki istiqamət - Azərbaycan dili və ədəbiyyatı, bir də rus dili və ədəbiyyatı ixtisasları üzrə mütəxəssislər hazırlamışıq. BDU-nun beynəlxalq münasibətlər üzrə prorektoru vəzifəsində çalışdığım müddətdə mən həm də alman və fransız filologiyaları üzrə tədrisin təşkilinə, hətta xarici ölkələrdəki həmkarlarımızın köməyi ilə xüsusi proqramlar hazırlanmasına müvəffəq olmuşam. MDU-nun Bakı filialının açılması bu sahədə olan boşluğu da müəyyən mənada dolduracaqdır. Burada rus, ingilis, fransız, italyan və ispan dilləri və ədəbiyyatları tədris ediləcəkdir. Bu ixtisasların siyahısının özü bizim üçün tamamilə yeni və çox gərəkli istiqamətdir: axı, biz, məsələn, ispan və ya italyan dilləri üzrə - xüsusən bədii tərcümə sahəsində - mütəxəssislərin çatışmamasını həmişə hiss etmişik. Yəqin sizin də yadınızdadır, xarici ədəbiyyat Azərbaycan dilinə, demək olar ki, bütünlüklə rus dilindən, yəni ikinci mənbədən tərcümə edilirdi. Bizim filologiya fakültəmiz bu boşluğu doldurmalıdır. Bu baxımdan, gələcək filoloqlara tələblər daha yüksək olacaqdır. ümidvarıq ki, məsələyə bu cür yanaşma, əgər belə demək mümkündürsə, bütövlükdə ölkəmizdə filoloji prosesə təkan verəcəkdir. Fikrimcə, MDU-nun Bakı filialının filologiya fakültəsinin məzunları keyfiyyətcə yeni, yaradıcı təfəkkürə, analitik zəkaya malik, yeni peşəni mənimsəmiş, elmə yeniliklər gətirən insanlar olacaqdır.
ümid edirəm ki, Bakı filialının tətbiqi-riyaziyyat və kimya fakültələrini bitirənlər də eynilə bu cür mütəxəssislər olacaqlar.
- Nərgiz xanım, yəqin ki, siz "yeniliklər" dedikdə yaradıcılıq təxəyyülünü də nəzərdə tutursunuz. Axı, dahi Eynşteynin dediyi kimi, bəzən təxəyyül biliklərdən daha əhəmiyyətli olur, o, dünyada mövcud olanların hamısını əhatə edir və tərəqqini stimullaşdırır...
- Bəli, elədir. Hər üç fakültədə tədris planları, fənlərin tədris proqramları yeni tələblər nəzərə alınmaqla tərtib edilmişdir. Məsələn, riyaziyyatçılar ikinci kursdan sonra riyazi iqtisadiyyat, informasiyanın qorunması, intellektual sistemlər, proqramlaşdırma kimi "dar ixtisas"lar üzrə ixtisaslaşacaqlar. Bunlar Azərbaycana çox lazımdır. Kimyaçılar isə ənənəvi üzvi kimya, fiziki kimya ilə yanaşı, neft kimyasını və üzvi katalizi də öyrənəcəklər. ölkəmizin bu istiqamətlər üzrə də mütəxəssislərə ehtiyacı var. Gələcəkdə fakültələrin sayını 8-9-a çatdırmaq niyyətindəyik.
- Moskva Universitetinin Bakı filialında kimlərin dərs deyəcəyi barədə də məlumat almaq istərdik. Orada tədris işinə azərbaycanlı pedaqoqlar da cəlb ediləcəkmi?
- MDU-nun Bakı filialında, əsasən, moskvalı pedaqoqlar dərs deyəcəklər. Onlar bir növ növbə rejimində işləyəcəklər, yəni bir semestr uzunmüddətli ezamiyyətə gələcəklər, sonra onları başqaları əvəz edəcəklər. Bütün bunlar artıq razılaşdırılmışdır. Bizim dövlətimiz həmin müəllimlərə öz büdcəsindən məvacib ödəyəcək, onları yaşayış yeri ilə təmin edəcəkdir.
Bizim müəllimlərə gəldikdə isə, əlbəttə, MDU-nun filialında işə onları da cəlb edəcəyik, layiqli mütəxəssislərimiz az deyil. Fikrimcə, burada bir mühüm cəhət də ondan ibarətdir ki, bu imkan yerli müəllimləri özlərini təkmilləşdirməyə, öz hazırlıq səviyyələrini Moskva tələbləri səviyyəsinə çatdırmağa, bu yüksək tələblərə uyğun olmağa həvəsləndirəcəkdir. Sentyabrın 15-də fəaliyyətə başlayacaq üç fakültədə azərbaycanlı müəllimlər Azərbaycan dili və tarixindən dərs deyəcəklər. Filoloqlar Azərbaycan ədəbiyyatını da öyrənəcəklər.
- Filialda təhsil hansı sistem üzrə təşkil ediləcəkdir?
- ölkəmizdəki başqa ali məktəblərdə olduğu kimi, MDU-nun Bakı filialında təhsil alan tələbələr də dördillik tədris kursunu uğurla başa vurduqdan sonra bakalavr adı alacaqlar. Magistraturaya gəldikdə isə, əgər ilk bakalavrların hazırlanması və buraxılışı uğurlu olsa, bu barədə də fikirləşəcəyik.
Fikrimcə, az qala bütün dünyada tətbiq olunan ikipilləli - əvvəlcə bakalavratura, sonra isə magistratura təhsil sistemini qəbul etmək lazımdır. Hamıya məlumdur ki, Rusiya təhsil sistemi özünü doğrultmuşdur, o, mükəmməl, möhkəm sistemdir. Lakin həyat bir yerdə dayanmadığı kimi, ali məktəblərdə də vəziyyət daim dəyişir. Elə öz ölkəmizi götürək. Azərbaycan müstəqillik əldə edəndən sonra iqtisadiyyatın strukturu kökündən dəyişmişdir, onu kadrlarla təmin edən isə ali məktəblərdir. Bu dəyişikliklər də öz növbəsində, ali məktəbin strukturunda, tədrisin metodlarında, ali məktəblərin texniki təchizatında, onların maddi vəziyyətində əks olunur. Bu baxımdan demək istəyirəm ki, fikrimcə, magistratura hökmən lazımdır. Magistratura bakalavrın seçdiyi ixtisası daha dərindən öyrənməsi, "dar ixtisasa" yiyələnməsi vasitəsidir. üstəlik, bu, həm də böyük elmə doğru aparan yol, elmi tədqiqatlara, axtarışlara yönəlmiş ciddi addımdır.
Yeri gəlmişkən, elmi iş barədə. ümidvaram ki, gələcəkdə biz moskvalı həmkarlarımızla birgə elmi araşdırmalarda iştirak etməyə, eləcə də onlara öz mövzularımızı təklif etməyə nail olacağıq.
MDU-nun Bakı filialında tədrisin təşkilinə cəlb edilmiş insanların - həm moskvalıların, həm də bakılıların - bir marağı var: keyfiyyətli təhsil vermək. Hər şey - mühazirələrin səviyyəsi, praktik məşğələlər və sair buna xidmət etməlidir. Hesab edirik ki, tələbələrin Moskvada, MDU-nun özündə təcrübə keçməsi də bu məqsədə xidmət edə bilər və biz bu cür təcrübələri təşkil etmək fikrindəyik. MDU-nun Bakı filialında oxuyan tələbənin vaxtaşırı Moskva Dövlət Universitetinin ab-havasını duymaq, o hava ilə nəfəs almaq imkanı olmalıdır. Ola bilsin ki, Bakı filialı məzunlarının diplom işlərinin müdafiəsi də bəzən Moskvada təşkil ediləcəkdir.
-Məlumdur ki, MDU-nun Bakı filialınd
a tədris rus dilində aparılacaqdır. Bəs, bu və ya digər istedadlı abituriyent rus dilini zəif bilirsə, onda necə olsun? Belələrinin rus dilini öyrənməsi üçün çox vaxt tətbiq edildiyi kimi, hazırlıq kursları fəaliyyət göstərəcəkmi?
-Biz bu istiqamətdə işləyirik. Bu, gələcək planlarımıza daxildir...
Azərbaycan vətəndaşları filialda pulsuz təhsil alacaqlar. Bilirəm, çoxlarını belə bir sual da maraqlandırır ki, məsələn, hansısa müsabiqənin, olimpiadanın qalibinin filiala müsabiqədənkənar qəbul edilməsi mümkündürmü? Bu barədə bizim planlarımız başqadır. Biz orta məktəblərin buraxılış sinifləri ilə işləyəcək, filialımıza qəbul edilməyə layiq olanları aşkara çıxarmaq üçün özümüz olimpiadalar, müsabiqələr keçirəcəyik.
- Prezidentin Sərəncamında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Moskva Dövlət Universitetinin Bakıda açılan filialının maddi-texniki bazasının yaradılması ilə bağlı məsələlərin həll edilməsi də tapşırılmışdır. Bu istiqamətdə hansı işlər görülmüşdür?
- Hazırda MDU filialının bütöv bir şəhərciyinin - tədris korpusunun, kitabxananın, idman kompleksinin, yeməkxananın, tələbə yataqxanasının, müəllimlər üçün yaşayış binasının və s. tikiləcəyi sahənin müəyyənləşdirilməsi ilə bağlı iş gedir. Bu tədris ilində isə dərslər Akademiya şəhərciyi ərazisində filiala verilmiş binada başlanacaq və keçiləcəkdir. Hazırda həmin binada intensiv təmir və yenidənqurma işləri görülür. Tələbələrə təqaüd verilməsi məsələsi də həll edilir.
- Nərgiz xanım, çox sağ olun. Ancaq mənim sizə daha bir - axırıncı sualım var. Bolonya təhsil sisteminə münasibətiniz necədir?
- Bu sistemə münasibət heç də birmənalı deyildir. Onun komponentləri çox müxtəlifdir, müsbət məqamlar az deyil, lakin elə məsələlər də var ki, bizim cəmiyyət öz mentaliteti baxımından onları dərhal qəbul edə bilməz və qəbul etmək istəmir. Məsələn, tələbə-müəllim münasibətləri, tələbələrə çox geniş hüquqlar verilməsi bəzən xoşa gəlmir. Lakin dəyişikliklər olmasa, tərəqqi də mümkün deyildir. Əlbəttə, sistemin prinsipinin təhrif edilməsi halları olur, lakin bütövlükdə əgər Bolonya sistemi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmişdirsə, əlbəttə ki, islahatlardan qorxmaq lazım deyildir.
- Oxunub: 21780 |
- Tarix: 08-07-2008 |
-
Çap et |