Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / İnkişaf edən Azərbaycanda bütün sahələrdə quruculuq və tərəqqi prosesinin əsasını məhz Ümummilli lider Heydər Əliyev qoymuşdur

İnkişaf edən Azərbaycanda bütün sahələrdə quruculuq və tərəqqi prosesinin əsasını məhz Ümummilli lider Heydər Əliyev qoymuşdur

06.05.2016 [15:23]

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov
- Əhliman müəllim, mayin 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü tamam olur. Hər il Azərbaycanın bütün guşələrində Ulu öndərin doğum gününə həsr olunmuş tədbirlər keçirilir. Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri barədə nə deyə bilərsiniz?
- Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Onun xidmətlərindən bəhs edərkən, ilk növbədə qeyd etmək lazımdır ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevdir. Anadan olmasının 93-cü ildönümünü qeyd etdiyimiz dahi şəxsiyyət, xalqımızın Ümummilli lideri Heydər Əliyev müstəqil və sivil dövlətin banisi kimi tarixdə əbədiliyini təmin etmişdir. XX əsr Azərbaycan tarixinin parlaq siması, böyük şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir.
Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri isə azərbaycançılıq məfkurəsinin əsasının qoyulmasıdır. Bunun nəticəsi kimi, Azərbaycanda milli həmrəylik təmin edilib, güclü dövlətin sarsılmaz dayaqları təşəkkül tapıb. Ümumiyyətlə, Ulu öndər 1993-cü ildə Azərbaycan dövlətinin ən ağır zamanında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməklə xalqımızı və dövlətimizi tənəzzüldən xilas etdi. Məhz Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi. 1994-1995-ci illərin hadisələrində Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini faciələrdən və iflasdan xilas etdi. O, ictimai-siyasi sabitliyi təmin etməklə demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Müəyyən müddətdə cəmiyyətdə müşahidə edilən anarxizmi neytrallaşdırmaq da Ümummilli liderimizin dahi siyasətçi olmasının məntiqi yekunu kimi dəyərləndirilir.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildən dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə uğurlu daxili və xarici siyasət yeritmiş, dünyanın fəvqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur.
Bu gün inkişaf edən Azərbaycanda bütün sahələrdə quruculuq və tərəqqi prosesinin əsasını məhz Ümummilli lider Heydər Əliyev qoymuşdur. Hazırda isə Ulu öndərin siyasi kursu Onun layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütövükdə, Azərbaycan milli dövlətçilik ənənəsinin formalaşması və həyatın bütün sahələrini, o cümlədən səhiyyə, tibb elmi, tibb təhsili sistemimizi əhatə edən çoxşaxəli fəaliyyət və əldə olunan uğurlar, milli-mənəvi dəyərlərin təşəkkül tapması, tarixi soy-kökə qayıdış, azərbaycançılıq dünyagörüşünün formalaşması məhz Ulu öndərin ideyalarının reallığa çevrilməsinin məntiqi nəticələridir. 
- Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə görülmüş işlər sayəsində səhiyyə sahəsinin inkişafı və bu istiqamətdə əldə edilən nailiyyətlərlə bağlı fikirlərinizi bilmək istərdik...
- Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə səhiyyənin inkişafına xüsusi diqqət göstərib. Ulu öndər bütün sahələrdə olduğu kimi Azərbaycanın səhiyyə sahəsini, onun ayrılmaz şaxələrindən olan Azərbaycan tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Ümummilli lider bununla respublikamızın səhiyyə sahəsində mövcud olan özünə qapanıb qalma durğunluğunun aradan götürülməsinə səy göstərirdi və böyük müvəffəqiyyətlə buna nail olurdu. Keçən əsrin 60 - cı illərinin sonu, 70- ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, bütün sahələrdə olduğu kimi bu sahələrin də dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı.
Bundan başqa, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə onlarca gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə keçmiş ittifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olmuşdu. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirdilər. Eyni zamanda, həmin illərdə tibbin müxtəlif elmi istiqamətləri - cərrahiyyə, mikrobiologiya, urologiya, oftalmologiya, pediatriya, kardiologiya, onkologiya, epidemiologiya, stomatologiya və s. üzrə beynəlxalq səviyyəli elmi-tədqiqat işləri aparılmış, alınan nəticələr dünya alimləri tərəfindən yüksək dəyərləndirilmişdir.
Ümummilli lider Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər. Ulu öndər Heydər Əliyevin və Onun layiqli davamçısı İlham Əliyevin göstərdikləri qayğı sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili, eləcə də səhiyyənin digər bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz peşəkarlıq məktəblərini yarada biliblər. İndi Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində də böyük müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Tibb mütəxəssislərimizin xaricə ixrac olunması həm də müxtəlif xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən Dünya Azərbaycanlılarının maddi və mənəvi dayağının artmasına, Azərbaycan diasporunun möhkəmlənməsinə zəmin yaradır.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı az bir zamanda ölkədə daxili sabitlik yaranmasına səbəb oldu, nəticədə Azərbaycan səhiyyəsi qarşısında yeni perspektivlərin açılması ilə ölkənin tədris müəssisələrinin, o cümlədən Azərbaycan Tibb Universitetinin normal fəaliyyəti üçün əlverişli şərait yarandı. Ulu öndərin tibb elminə, tibb təhsili sisteminə göstərdiyi qayğı sayəsində 1996-cı ildə Azərbaycan Tibb Universiteti Amerika və Avropa Təhsil Birliyinin beynəlxalq reyestrinə daxil edildi və bundan sonra ölkəmizin dövlət xətti üzrə yeganə ali tibb təhsili ilə məşğul olan tədris ocağının beynəlxalq əlaqələri daha da genişləndirildi, xarici ölkələrin ali tibb müəssisələri ilə tələbə mübadiləsi aparılması, alimlərimizin xarici əlaqələrinin genişləndirilməsi lazımi səviyyəyə çatdırıldı. Tibb alimlərinə, həkimlərə, bütün səhiyyə işçilərinə xüsusi qayğı ilə yanaşan Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu dövrdə iki dəfə (1998 və 2000-ci illərdə) Azərbaycan Tibb Universitetində olmuş, hər dəfə də ali tədris ocağında geniş nitq söyləyərək həm tələbələrə, həm professor-müəllim heyətinə, həm də bütövlükdə bütün səhiyyə işçilərinə dəyərli məsləhətlər vermiş, onların gələcək yollarının istiqamətini müəyyənləşdirmişdir. 1998-ci il 28 sentyabr tarixində ATU-da yeni tədris binasının açılışında Ümummilli lider Heydər Əliyev iştirak etdi.  Ulu öndər 2000 - ci ildə yenidən Azərbaycan Tibb Universitetinə gələrkən burada 500 yerlik akt zalının açılışında, eləcə də ATU-nun yaradılmasının 70  illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak etdi.
Bütövlükdə, Ümummilli lider Heydər Əliyev səhiyyə sahəsinə böyük diqqət və qayğı göstərir, bu sahənin inkişafını daim diqqətdə saxlayırdı. Ölkəmizin digər sahələrində olduğu kimi Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin də bütün ağırlıqlarını öz möhkəm çiyinləri üzərinə götürərək onu inkişaf etdirən və gələcək perspektivlərini müəyyənləşdirən dahi Heydər Əliyev dəsti – xətti, Heydər Əliyev qüdrəti öz möhtəşəmliyi ilə aydın seçilir və bənzərsizliyi ilə fərqlənir. Ona görə də müstəqil Azərbaycan Respublikasının memarı olan Heydər Əliyev ideyalarının dəyərli nəticələri Azərbaycan tibb elmi və tibb təhsili sisteminin, Azərbaycan səhiyyəsinin də sarsılmaz dayağı, ilhamverici qüvvəsidir. Ulu öndərin dünyəvi ideyalarına söykənən siyasət əbədidir, həmişəyaşardır. Onun Azərbaycan səhiyyəsinin, eləcə də Azərbaycan tibb elmi və tibb təhsili sisteminin dayanıqlı və sabit inkişafının təminatına işıq salan ideyaları daim yaşayacaq, var olacaqdır.
- Əhliman müəllim, bəs elmin inkişafı istiqamətində Ümummilli lider Heydər Əliyevin xidmətlərini necə qiymətləndirirsiniz?  
- Qeyd etdiyim kimi, Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə onlarca gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə təhsillərini xarici ölkələrdə və ittifaq səviyyəsində davam etdirmələrini təmin etmiş, nəticədə, elmin inkişafına geniş imkanlar yaradılmışdır. Xüsusilə də, tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirdilər. İ.Topçubaşov, Z.Əliyeva, H.Mahmudbəyov, T.Əliyev, T.Tağızadə, B.Ağayev və başqalarının adları bu gün səhiyyəmizin inkişaf tarixində ən mötəbər yerlərdən birini tutur, onların elmi məktəbləri dərindən öyrənilir. Eyni zamanda, həmin illərdə tibbin müxtəlif elmi istiqamətləri - cərrahiyyə, mikrobiologiya, urologiya, oftalmologiya, pediatriya, kardiologiya, onkologiya, epidemiologiya, stomatologiya və s. üzrə beynəlxalq səviyyəli elmi-tədqiqat işləri aparılmış, alınan nəticələr dünya alimləri tərəfindən yüksək dəyərləndirilmişdir.
Ümumiyyətlə, Ulu öndər ölkədə elmin inkişafına xüsusi diqqət yetirir, bu sahədə aparıcı mütəxəssislərin və zəngin kadr potensialının formalaşması məsələsinə böyük önəm verirdi. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasında böyük tədbir keçirdi, alimlərlə görüşdü. Məhz bundan sonra AMEA-nın fəaliyyəti olduqca səmərəli oldu, yeni elmi istiqamətlər müəyyənləşdirildi, əhəmiyyətli tədqiqatlar aparıldı.
- Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bütün sahələrdə davamlı nailiyyətlər əldə olunur...
- Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqil Azərbaycanın iqtisadi-sosial inkişafına, əhalinin sosial müdafiəsi sahəsində tarixi nailiyyətlər əldə etməsinə gətirib çıxarmışdır. Fəaliyyətində ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvü vəhdətinə nail olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, görülən işlər, aparılan islahatlar  sayəsində Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, ölkəmizin beynəlxalq mövqeyi kifayət qədər möhkəmlənib. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də,  səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Məsələn, Azərbaycan Tibb Universitetinin timsalında da bunu görmək mümkündür. ATU-nun yeni 3 klinikası yaradılıb, müasir avadanlıqlarla təchiz edilib. Son illərdə ATU-nun maddi-texniki bazası, infrastrukturu müasirləşmiş, elmi potensialı daha da güclənmişdir.
Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində digər sahələrdə olduğu kimi səhiyyədə də ciddi inkişaf müşahidə olunur. Son illər ölkədə yüzlərlə tibb ocağının tikilib istifadəyə verilməsi buna sübutdur. Bu tibb müəssisələri müasir avadanlıqlarla təhciz olunur. Bizim klinikaları görən xarici qonaqlar şəraitimizin Avropa klinikalarından heç də geri qalmadığını dəfələrlə vurğulayıblar. Təbii ki, belə bir şəraitdə yüksək kadrların da hazırlanması aktual məsələdir. Sevindiricidir ki, bu baxımdan Tibb Universiteti yüksək nəticələr əldə edir.
Nəticə etibarilə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyi göz önündədir. Regionlarda yeni xəstəxanaların, tibb müəssisələri istifadəyə verilməsi, ali təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilməsi, ən müasir avadanlıqların alınması, Milli Ensiklopediya binasının və AMEA-nın yeni binalarının tikilməsi və digər nümunələr ölkəmizdə elm və təhsilin inkişafı baxımından uğurlu addımların atılmasını göstərir.

Paylaş:
Baxılıb: 939 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30