Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin sönməyən qürur mənbəyidir
A+   Yenilə  A-
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin sönməyən qürur mənbəyidir

Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, 2017-ci il başa çatmaq üzrədir. Cari il ərzində sosial-iqtisadi inkişaf istiqamətində görülən işlər, həyata keçirilən islahatlar və əldə edilən nəticələrlə bağlı nə deyə bilərsiniz?
- İlk növbədə vurğulanmalıdır ki, Ulu öndər Heydər Əliyevin yaratdığı strategiya, inkişaf konsepsiyası bütövlükdə son 14 il ərzində daha da inkişaf etdirilib, zənginləşdirilib, təkmilləşdirilib. Bu gün qürur və iftixar hissi ilə etiraf etdiyimiz möhtəşəm inkişaf varislik prinsipi əsasında Heydər Əliyev siyasətinin məhz Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə əlaqədardır.
Təxminən 14 il ərzində ölkəmiz misli görünməmiş yüksəlişə nail oldu, dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatı kimi özünü təsdiqlədi. Azərbaycanın həyatında baş verən dəyişikliklər, onu əks etdirən statistikaya qısa baxış dediklərimizin əyani təcəssümü sayıla bilər. Sözügedən illər ərzində iqtisadiyyat 3,5 dəfədən çox artmış, 1,6 milyondan çox yeni iş yeri açılmışdır. Yoxsulluq səviyyəsinin 10 dəfəyə qədər azalması kimi unikal sosial inkişaf qeydə alınmışdır. Yoxsulluğun səviyyəsinin azalması sahəsində Azərbaycanın əldə etdiyi nəticəni digər, hətta yüksək dinamika nümunələri nümayiş etdirən ölkələr 20-30 il ərzində qazana bilmirlər. Bu sahədə ölkəmizin təcrübəsi dünya miqyasında sosial tərəqqinin ən gözəl nümunəsi sayılmağa tam layiqdir.
Azərbaycan tarixinin son 14 ili, o cümlədən başa çatmaqda olan 2017-ci il, sözün əsl mənasında, hərtərəfli inkişaf kimi qavranılır. İqtisadi inkişaf, yoxsulluq səviyyəsinin azalması ilə yanaşı, ölkənin simasının dəyişdirilməsi, müasirləşməsi sahəsində möhtəşəm layihələr həyata keçirilmişdir. Paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da inkişaf etdirilmiş, insanların yaşamaq və işləmək şəraiti kökündən yaxşılaşdırılmışdır.
Azərbaycanın beynəlxalq nüfuzunun və mövqelərinin gücləndirilməsi ölkənin ümumi inkişafının xüsusi təzahür forması olaraq ayrıca qeyd olunmağa layiqdir. İnsan hüquq və azadlıqlarına sayğı, tarixi mədəni rəngarəngliyə və tolerantlığa bağlılıq, dünya birliyinin prioritet saydığı siyasi və mənəvi dəyərlərə sədaqət Azərbaycanı müasir və cazibədar dövlət kimi qəbul etmək üçün bütün əsasları yaratmışdır.
Azərbaycan dövlətinin qüdrətinin artması, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, ordunun döyüş qabiliyyətinin yüksəlməsi də ötən dövrün ən əlamətdar nailiyyətləri sırasında layiqli yer tutur. Ermənistanla müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycanın dünyada ən təhlükəsiz, sabit ölkələrdən biri olması hamılıqla etiraf olunur.
- Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan ölkələr sırasında yer alır. Ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinə çatılmasını təmin etmək üçün hansı tədbirlər həyata keçirilir?
- Həyata keçirilən məqsədyönlü siyasət sayəsində hərtərəfli və davamlı inkişafa nail olan Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 2015-ci il 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan ölkələr sırasında yer alır. Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq təsdiqlənən sənəd "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" adlanır və 17 dayanıqlı inkişaf məqsədini, 169 hədəfi və 231 göstəricini əhatə edir.
BMT səviyyəsində belə bir sənədin qəbul edilməsi təsadüfi deyil. Hazırda qlobal miqyasda müşahidə edilən mənfi tendensiyaların fonunda dayanıqlı inkişafla bağlı trendlər böyük aktuallıq daşıyır. Bəşəriyyət inkişafın kifayət qədər yüksək mərhələsinə çatmasına baxmayaraq, dünyada layiqli insan həyatını təmin etmək üçün ciddi problemlər var. Dünyanın bəzi qitələrində on milyonlarla insan işsizlikdən əziyyət çəkir. Xəstəliklər ayrı-ayrı bölgələri narahat edən bir faktora çevrilib. Bəzi ölkələrdə insan ömrü 50-55 yaş arasındadır. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramında bu kimi problemlərin 2030-cu ilə qədər həll edilməsi nəzərdə tutulur.
Qlobal problemlər daha çox təbii sərvətləri zəngin olan ölkələrə aiddir. Afrikanın, Asiyanın bir sıra ölkələri malik olduqları sərvətlərdən öz inkişafları naminə istifadə etməkdən məhrumdurlar. Bir milyarda qədər insan gündə bir dollarla yaşamağa məhkumdur. Ancaq Avropa İttifaqında minimum əməkhaqqı saatda 8 avrodur. Bu fərq insanların fəaliyyətinin nəticəsi olaraq meydana çıxıb. BMT-nin hazırladığı bəhs olunan proqram bütün dünya ölkələri üçün nəzərdə tutulur. Ancaq ayrı-ayrı ölkələrin qarşısında duran məqsədlər fərqlidir. Yəni inkişaf etməmiş, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin qarşısında duran məqsədlər eyni deyildir.
Deyilənlərdən də bəlli olduğu kimi, dayanıqlı inkişaf ümumi məqsədlərə xidmət edən qlobal konsepsiya səciyyəsi daşıyır. Hər bir milli dövlət isə əhatəli və uzunmüddətli dövrə hesablanan inkişafı ilə həm öz əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına nail olmalı, həm də bütün dünyanı narahat edən problemlərin həllinə töhfəsini verməlidir. Bu baxımdan Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Özünün məqsədyönlü siyasətində daim milli maraqlardan çıxış edən Azərbaycan, eyni zamanda, qlobal çağırışlara adekvat olaraq ölkədə daha dayanıqlı inkişafın təmin olunmasına güclü siyasi iradə nümayiş etdirir.
Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın qurulması, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə Prezident İlham Əliyevin 2016-cı ildə imzaldığı müvafiq Fərmana əsasən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın əsas vəzifələri qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən Dövlət proqramlarının və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin olunmasıdır.
Azərbaycanın bəhs olunan proqrama qoşulmasında məqsəd ölkəmizin müasir dünyamızın dəyişməsi prosesində iştirak etmək niyyəti ilə əlaqədardır. Azərbaycan inkişaf edən ölkələr sırasındadır. İqtisadiyyatımız son illər ciddi şəkildə genişlənib. Eyni zamanda, Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması üçün ciddi infrastruktur yaradılıb. BMT-nin bəhs olunan proqramına qoşulmaqda məqsədimiz insanlarımızın həyat şəraitini və həyat keyfiyyətini daha da yaxşılaşdırmaqdır.
Beləliklə, biz Azərbaycanın milli inkişaf proqramında göstərilən hədəflərin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması kimi vəzifəni də üzərimizə götürmüşük. Dövlət qurumları ilə Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri, o cümlədən vətəndaş cəmiyyəti təsisatları da bu məqsədlərin həyata keçirilməsində fəal iştirak etməlidir. Düşünürük ki, hökumətin qoşulduğu bu proqramın uğurla həyata keçirilməsində, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyəti təsisatları, qeyri-hökumət təşkilatları öz töhfələrini verə bilərlər.
Qeyd etməyi vacib sayıram ki, Azərbaycan cari ilin iyul ayının 19-da BMT Yüksək Səviyyəli Siyasi Forumunda Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar ilk Könüllü Hesabatını vermişdir. Bu günə qədər ölkələrin az bir qismi bu cür hesabatları verib. Söylənilən ondan xəbər verir ki, ölkəmizdə BMT tərəfindən irəli sürülmüş beynəlxalq qlobal layihənin uğurla həyata keçirilməsinə kifayət qədər diqqət yetirilməkdədir.
Əlamətdar haldır ki, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması üçün gördüyü işlər və əldə etdiyi uğurlar beynəlxalq miqyasda təqdir edilir. Respublikamızda bu istiqamətdə görülən işlər BMT tərəfindən yüksək qiymətləndirilib. Davos İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda respublikamız sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilib.
- Azərbaycanda əhalinin sağlam qida ilə təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Bu kontekstdə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı işlərin davam etdirilməsi də diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı nə demək olar?
- Hazırda ayrı-ayrı beynəlxalq təşkilatlar da dünyanın ərzaq təminatının getdikcə pisləşəcəyi ilə bağlı bədbin proqnozlar verirlər. Dünya Səhiyyə Təşkilatının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı hesabatlardan bəlli olur ki, Yer üzündə ərzağa olan təklif tələbatdan çox-çox geridə qalır və milyardlarla insan lazımi səviyyədə qidalana bilmir. Halbuki bəşəriyyətin gələcəyi, insanların sağlamlığı bilavasitə bu problemin uğurlu həllindən asılıdır. Buna görə də bütün dünya, beynəlxalq təşkilatlar, mötəbər beynəlxalq qurumlar, ayrı-ayrı dövlətlər qida təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar böyük proqramlar reallaşdırırlar.
Ölkəmiz də qlobal çağırışlara adekvat olaraq qida təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsinə güclü siyasi iradə sərgiləyir. Respublikamızda bu məsələyə ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti kimi yanaşılır. Son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə olunub. Respublikamızda bir sıra sahələr üzrə daxili tələbatının sırf yerli istehsal hesabına ödənilməsi böyük nailiyyətdir. Görülmüş tədbirlərin davamı olaraq, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün də əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. Nəzərdə tutulan hədəf ölkədə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini, milli standartların beynəlxalq tələblərə tam uyğunlaşdırılmasını və beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsini zəruri edir.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 10 fevral tarixli Fərmanı bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Fərmana əsasən, ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır. Agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək" prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək. İndiyədək bu vəzifələr müxtəlif qurumlar tərəfindən həyata keçirilib. Agentliyin fəaliyyətə başlaması ilə o funksiyalar həmin qurumlardan alınıb vahid bir mərkəzdə cəmləşəcək.
Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasətin xarakterik cəhəti ondan ibarətdir ki, ölkəmiz qida təhlükəsizliyinə həm sosial, həm də iqtisadi məsələ kimi yanaşır. Məlumdur ki, ölkəmizdə dinamik iqtisadi inkişaf dərinməzmunlu sosial siyasətlə tamamlanır. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qida təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılması da ölkəmizdə sosial sahənin prioritetliyinə verilən önəmin ifadəsidir. Dövlət daxili tələbatı qarşılayacaq qədər keyfiyyətli qida ehtiyatları yaratmaqla ilk növbədə ölkə əhalisinin, vətəndaşların sağlamlığını yüksək səviyyədə təmin etmək məqsədi güdür.
Eyni zamanda, məsələnin iqtisadi tərəfi də kifayət qədər önəmlidir. Qida təhlükəsizliyi ilə əlaqədar mexanizmin səmərəli fəaliyyət göstərməsi, norma və normativlərin beynəlxalq standartlara uyğunlaşdırılması ərzaq məhsulları idxalının azalmasına, kənd təsərrüfatının ixrac potensialının yüksəlməsinə müsbət təsir göstərir. İdxalı azaltmaqla respublikamız özünün valyuta ehtiyatlarına qənaət edə bilər ki, bu da indiki dönəmdə çox aktual məsələdir.
- Əmək münasibətlərinin tənzimlənməsi və qeyri-rəsmi məşğulluğa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun mühüm istiqamətlərindən biri əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi və qanuni mənafelərinin qorunması, həmçinin işçilərin sosial müdafiəsinin gücləndirilməsidir. Prezident İlham Əliyevin 2017-ci il 17 mart tarixli Sərəncamı ilə yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti də bu məqsədə yönəlib. Komissiyanın qarşısında duran əsas vəzifələrdən biri də qeyri-formal məşğulluq hallarının aradan qaldırılması üçün dövlət orqanları arasında koordinasiya olunmuş siyasət müstəvisində çevik və səmərəli tədbirlərin reallaşdırılmasıdır.
2003-cü ildən yüz minlərlə yeni iş yeri yaradılıb. 2000-ci ildə yoxsulluq səviyyəsi təqribən 50 faiz təşkil edirdisə, hazırda bu rəqəm 4-5 faizədək azalıb. Bu, çox böyük nailiyyətdir. Yeni iş yerlərinin yaradılması rəsmi məşğulluğun daha da artmasında mühüm rol oynayır.
Azərbaycanda iş qabiliyyəti olan əhalinin sayı təxminən 5 milyon nəfər təşkil edir, bunun da təxminən 4,7 milyon nəfəri hazırda məşğul əhalidir. Onların təxminən 1,5 milyon nəfəri muzdla işləyir, 1,7 milyon nəfəri isə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Yerdə qalan əhali isə əmək fəaliyyəti ilə qeyri-rəsmi formada məşğuldur.
Rəsmi məşğul olan, vaxtlı-vaxtında vergisini ödəyən, Dövlət Sosial Müdafiə Fonduna ödənişləri həyata keçirən təxminən 1,5 milyon əhalinin 800 mindən çox hissəsi dövlət sektorunda, qalanları isə qeyri-dövlət sektorunda çalışır. Qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olanların böyük bir hissəsi isə vergidən yayınır, Dövlət Sosial Müdafiə Fonduna ödənişlərini etmir. Bu da gələcəkdə onların layiqli pensiya almaq hüquqlarına ciddi əngəl törədir. Həmçinin "qara mühasibatlıq" deyilən bir anlayışın da mövcudluğuna şərait yaranır. Digər tərəfdən, qeyri-rəsmi məşğulluq işçilərin sosial hüquqlarının pozulmasına yol açır və bu halların aradan qaldırılması üçün prioritetlər müəyyənləşdirilib. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, həmçinin bununla bağlı müvafiq layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsinə dair maarifləndirmə işləri aparılıb.
Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı qarşıda üç prioritet məsələ dayanır. Bunlardan birincisi əhalinin məşğulluğunu təmin etmək, ikincisi onların hüquqlarının müdafiəsi, üçüncü prioritet məsələ isə qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa keçid etməkdir. "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planı" layihəsinin təsdiqlənməsi ilə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi bazanın yaradılması məsələləri ortaya çıxır. Əgər qanunverici aktlarda boşluqlar varsa, bunlar aradan qaldırılmalıdır. İşəgötürən şəxslər məhz bu boşluqlardan istifadə edərək qeyri-məşğulluq yaradırlar. Bunun qarşısını almaq üçün inzibati və cərimə mexanizmləri mövcuddur.
Dünyanın bir çox ölkələrində, o cümlədən Avropa ölkələrində qeyri-rəsmi məşğulluqla ciddi mübarizə aparılır. Biz onların təcrübəsindən yararlanırıq. Azərbaycan Hökuməti qeyri-rəsmi məşğulluqla bağlı bir sıra ölkələrin, o cümlədən Türkiyənin təcrübəsindən yararlanır, onlarla qarşılıqlı fikir mübadiləsi aparılır. Bu istiqamətdə Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq da mövcuddur.
Bu məsələ ilə bağlı hüquqi aktlar təkmilləşdirilməli, normativ baza yaradılmalı, təbliğat və nəzarət mexanizmləri işə salınmalıdır. Artıq bu istiqamətdə işlər görülür. 2021-ci ilədək sahibkarlıq sahəsində yoxlamalar aparılması dayandırılıb. Buna görə də bir çox iş yerlərində qeyri-rəsmi məşğulluqla bağlı araşdırmaların həyata keçirilməsi çətinləşib. Ancaq bütün bunlara baxmayaraq, biz monitorinqlər və digər nəzarət mexanizmləri vasitəsilə qeyri-rəsmi məşğulluq fəaliyyəti göstərən iş yerlərini araşdırıb üzə çıxarır, bu barədə müvafiq tədbirlər həyata keçirir, təbliğat aparırıq. Bu işdə mətbuat orqanlarının köməyi də xüsusi rol oynayır.
Hazırda ticarət və xidmət sahələrində qeyri-rəsmi məşğulluğa daha çox rast gəlinir. Bu da əhalinin sosial hüquqlarının qorunmasını çətinləşdirir, vergidən yayınma hallarına yol açır, əmək münasibətlərinin tənzimlənməsinə maneçilik törədir.
Sonda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində əldə etdiyimiz nəticələri diqqətinizə çatdırmaq istəyirəm. Cari ilin 11 ayı ərzində əmək müqaviləsi imzalamış işçilərin sayı 49.194 nəfər artıb. Bunun 17.264 nəfəri ticarət, 11.390 nəfəri tikinti, 7.758 nəfəri isə emal sənayesinə aiddir. Eyni zamanda yüksək dinamika müşahidə olunur, belə ki, əmək münasibətlərini rəsmiləşdirənlərin sayı oktyabr ayında 10.738, noyabr ayında isə 14.585 nəfər artıb. Göründüyü kimi, diqqətə layiq nəticə əldə olunub, lakin qarşıda duran vəzifələr daha böyükdür.
- Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihə reallaşdırılır. İlkin nəticələr necədir və bu proqramın bütün respublika üzrə tətbiqi nə vaxt mümkün ola bilər? Ümumiyyətlə, gələcəkdə hansı icbari tibbi sığorta modelinə keçid nəzərdə tutulur?
- İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihələr uğurla həyata keçirilir. Növbəti mərhələdə Azərbaycanda icbari tibbi sığortanın daha geniş miqyasda tətbiq olunması ilə bağlı müvafiq qərar qəbul olunacaq. İcbari tibbi sığorta sahəsində ölkəmizdə irəliyə doğru addım atılıb. İstəyimiz ondan ibarətdir ki, icbari tibbi sığorta xidmətinin sferası genişlənsin, mümkün qədər tez müddət ərzində bütün bölgələrimizdə bu xidmətdən istifadəni təmin edə bilək. Əlbəttə, bu, asan məsələ deyil, çünki kifayət qədər təşkilati və maliyyə resursları cəlb olunmalıdır, bu xidməti təmin etməyə hazır olan həkim və personal hazırlanmalıdır. Bütün bunların təmin olunması ilə tədricən Azərbaycanın hər bir bölgəsində icbari tibbi sığorta tətbiq olunacaq və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti xeyli yüksələcək.
İcbari tibbi sığorta ilə bağlı Mingəçevir və Yevlaxda tətbiq edilən pilot layihələrə münasibət müsbətdir. Tibbi xidmətlər üçün müraciətlərin sayı çoxalıb. Bu da tibbi xidmətlərin ödənişsiz və yüksək səviyyədə olması ilə bağlıdır. Gələcəkdə münasib icbari tibbi sığorta modeli yaradılacaq və tətbiq ediləcək. Əhalinin müəyyən kateqoriyalarının, yəni pensiyaçıların, əlillərin icbari tibbi sığorta haqqı dövlət tərəfindən ödəniləcək, işləyən və imkanı olan insanlar isə sığorta haqqını özləri ödəyəcəklər. Sığorta haqqı məsələsi araşdırılır, hesablamalar aparılır. Başqa ölkələrdə icbari tibbi sığorta haqqı pensiya fonduna ödənilən məbləğdən aşağı deyil. Amma bizim cəmiyyətimiz hazırda bu qədər tibbi sığorta haqqının ödənilməsinə hazır deyil. Deməli, fərqli yanaşma tətbiq ediləcək. Lakin məqsədimiz odur ki, elə ortaq məxrəc tapılsın ki, bu məbləğ həm keyfiyyətli xidmət göstərmək üçün kifayət etsin, həm də sığorta ödəyənlərə böyük yük düşməsin.
- Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü tamam oldu. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində ifadə etdiyi fikirlər və tövsiyələr partiya üzvləri qarşısında nə kimi vəzifələr qoyur?
- Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 ili tamam oldu. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 25 il öncə partiyamızın yaradılması Azərbaycanın müasir tarixində ən mühüm hadisələrdən biridir. Bütövlükdə, Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyətə malik olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrindən biridir. 25 il öncə Yeni Azərbaycan Partiyasının yaradılması müasir tariximizdə Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biridir. Məhz bu möhtəşəm gücün qazandığı nəticələrdən biri kimi bu il partiyamızın üzvlərinin sayının 700 min nəfəri ötdüyünü məmnunluqla deyə bilərik.
Partiyamızın 25 illik yubileyi respublikamızın bütün guşələrində böyük təntənə ilə qeyd olundu. Partiyamızın rayon təşkilatları, Gənclər Birliyi və Qadınlar Şurası bu istiqamətdə bir çox tədbirlər keçirdilər, layihələr reallaşdırdılar. Partiyamızın 25 illik yubileyi ümumrespublika səviyyəsində də qeyd olundu. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin iştirakı ilə təntənəli mərasim təşkil olunub. Həmin mərasimdə partiyamızın Sədri İlham Əliyevin çox maraqlı və genişməzmunlu çıxışında keçilən yola çox yüksək qiymət verilib, YAP-ın Azərbaycanın ictimai və siyasi həyatındakı böyük və vacib rolu birmənalı şəkildə vurğulanıb. Eyni zamanda, partiyamızın bundan sonrakı dövr ərzində qarşısında duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Yeni Azərbaycan Partiyası bu 25 il ərzində möhtəşəm bir tarix yaradıb. Qarşımızda isə yenə də şərəfli bir yol dayanır. Azərbaycanın müasir tarixini, insanlarımızın taleyini, həyatını Yeni Azərbaycan Partiyasından, onun uğurlu fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Bu 25 il ərzində, xüsusilə də Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda baş verən bütün mütərəqqi, müsbət dəyişikliklər, inkişafı özündə əks etdirən bütün faktlar, Azərbaycanın müstəqil dövlətinin qurulması və onun iqtisadi və sosial cəhətdən inkişafı, ölkəmizin simasının köklü surətdə yenilənməsi, müasirləşməsi, ölkəmizin dünya birliyində mövqelərinin möhkəmlənməsi və saya biləcəyimiz bugünkü həyatımızı, dövlətimizin gerçəkliklərini, inkişafını əks etdirən bütün müsbət, pozitiv cəhətlərin hər biri birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə əlaqədardır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Onun titanik fəaliyyəti ilə, 2003-cü ildən sonra isə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsində bu irəliləyişlər əldə edilibdir.
Əldə olunan nailiyyətlər, yaradılmış baza Yeni Azərbaycan Partiyasının böyük ictimai dəstəyi və nüfuzu, siyasi çəkisi, partiyamızın sıralarında birləşən insanların say etibarilə çox olması, əhalinin Yeni Azərbaycan Partiyasının üzvü olmayan təbəqələrinin YAP-ın ideyalarını, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləməsi bundan sonrakı dövrdə də Yeni Azərbaycan Partiyasının həyatının, fəaliyyətinin və bundan sonra yaşayacaq tarixinin də uğurlu olacağına şəksiz inam yaradır.
- Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı bu gün Yeni Azərbaycan Partiyasının dünya miqyasında çox böyük və güclü partiya olduğunu diqqətə çatdırdı. YAP-ın Azərbaycanın daxili siyasi həyatında artan rolunu və beynəlxalq əlaqələrinin inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
- YAP-ın böyük gücünün və qüdrətinin kökündə dayanan bir çox fundamental əsaslar mövcuddur. Birincisi, təbii ki, partiyanın Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılması və Onun müəyyənləşdirdiyi ideyalar və prinsiplərə əsaslanmasıdır. Digər fundamental əsas YAP-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərməsidir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət və bu siyasətin böyük uğurlar qazanması, iqtisadiyyatımızın güclənməsi, iqtisadi yüksəliş əsasında insanların rifahının yaxşılaşması, ölkəmizin imicinin dəyişdirilməsi, simasının yeniləşməsi, modernləşməsi, beynəlxalq aləmdə nüfuzunun artması və digər bu kimi amillər həyata keçirilən siyasətə insanların inamını möhkəmləndirib. Bu inam YAP-ın gücünü, qüdrətini artıran amillərdən biridir. Digər amil isə YAP-ın bütövlükdə Azərbaycanın intellektual gücünü, siyasi intellektini özündə birləşdirməsidir. Bunun bir ifadəsi də YAP-ın öz sıralarında yüz minlərlə insanı birləşdirməsidir. Digər tərəfdən, bu, sadəcə, bir statistika deyil, böyük intellektual gücün YAP-ın ətrafında sıx birləşməsini ehtiva edir və bu intellektual güc çoxlu sayda vətəndaşın YAP sıralarında birləşməsi ilə əzəmətli siyasi gücə və siyasi mərkəzə çevrilmiş olur. Bu insanlar Heydər Əliyev ideyalarına sadiqliyi, bu gün Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləmələri, bütövlükdə cəmiyyətdəki yüksək nüfuz və hörmətləri ilə YAP-ın nüfuzunu müəyyənləşdirirlər. Bütün bunların hamısı YAP-ın gücünü göstərən fundamental əsaslardır.
Ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.
YAP öz nəhəng fəaliyyəti ilə həm ölkəmizdə, eləcə də beynəlxalq aləmdə nüfuzlu siyasi təşkilat kimi tanınmaqdadır. Belə ki, Yeni Azərbaycan Partiyasının adındakı yeniləşmə məfkurəsi Azərbaycanın hüdudlarından da kənara çıxıb. Bu ideya yeni cəmiyyət qurma fəlsəfəsini ortaya qoyur. Bu baxımdan, xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası inkişaf və tərəqqi yolunu tutmaqla öz öncüllüyünü qoruyur".
Bu gün YAP ümumxalq partiyasına çevrilib. Çünki partiyanın ətrafında yüz minlərlə insan birləşir, ölkəmizin inkişafı və tərəqqisi naminə fəaliyyət göstərir. Ona görə də YAP-ın uğurlu fəaliyyəti həm də ölkəmizin nailiyyətlər qazanmasına öz töhfələrini verməkdədir.
Bu il YAP üzvlərinin sayı 700 min nəfərə çatdı. Azərbaycanın tarixində belə bir güclü partiya heç vaxt olmayıb. Təsadüfi deyil ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox Azərbaycan vətəndaşı cəmləşib. Bu, böyük bir qüvvədir. Partiyamızın sıralarında olmaq hər bir üzvümüz üçün qürur mənbəyinə çevrilib. Bu, sadəcə, bir statistika deyil, bu, 700 minə yaxın Azərbaycan vətəndaşının Ümummilli liderin ideyalarına dərin məhəbbətinin göstəricisidir, bu ideyaları reallaşdıran Prezident İlham Əliyevin siyasətinə və dövlətçiliyə sədaqətin ifadəsidir. Çünki Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan dövlətinə sədaqətlə xidmət edib. YAP üzvü olmaq sədaqətli Azərbaycan vətəndaşı olmaq, dövlətçiliyə xidmət etmək deməkdir.
- Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyini və fəal siyasətini davam etdirir. Bunun nəticəsidir ki, ayrı-ayrı beynəlxalq təşkilatlar və milli dövlətlər münaqişənin həllinin zəruriliyini bəyan edirlər. Bu kontekstdə mövcud vəziyyət və gözləntilər nədən ibarətdir?
- Azərbaycanın xarici siyasət kursunun mühüm strateji prioritetlərindən birini Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, eləcə də diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Təbii ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli şəkildə həllini tapması üçün diplomatik cəhdlərini uğurla davam etdirsə də, Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi problemin həllinə mane olur. İşğalçı ölkə bu gün də bu mövqeyindən əl çəkmir. Ermənistan bu yolla münaqişənin nizamlanması prosesinə əngəl törədir, status-kvonu qorumağa çalışır. Bu ölkənin rəhbərliyi yaxşı anlayır ki, münaqişə beynəlxalq hüquq normaları əsasında gec-tez həll olunacaq, Azərbaycanın işğal olunmuş torpaqları geriyə qaytarılacaq. Əks halda Azərbaycan bunu öz imkanları ilə həll edəcək. Buna görə də Ermənistanın indiki taktikası münaqişənin həllini mümkün qədər uzatmaqdır. Güman edirəm ki, bununla Ermənistan özünün beynəlxalq aləmdən təcrid olunmasını daha da dərinləşdirir.
Bütün dünya – həm ayrı-ayrı ölkələr, həm də beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır. Problemin bu günə qədər həll olunmaması dünyanın bu yanaşmasının dəyişməsi anlamına gəlmir. Azərbaycan xalqı və hökuməti Dağlıq Qarabağla bağlı öz mövqeyini ortaya qoyub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycanın bir qarış torpağı da ondan qoparıla bilməz. Dağlıq Qarabağın Azərbaycandan ayrılması müzakirə predmeti deyil, olmayıb və olmayacaq.
Digər tərəfdən, hər bir beynəlxalq təşkilat tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması faktının vurğulanması Azərbaycan diplomatiyasının, bütövlükdə bizim hökumətimizin və dövlətimizin uğuru sayılmalıdır. Hesab edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət dünya birliyinin, çox mötəbər beynəlxalq təşkilatların münaqişənin həll olunması ilə əlaqədar beynəlxalq hüquqa uyğun qərarın qəbul olunması istiqamətində fikrinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Bu yaxınlarda Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin iştirakı ilə qəbul edilən "Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat" sənədində bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün AP-nin öhdəliyi kimi götürülməsi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi baxımından da böyük əhəmiyyətə malikdir. Xatırladım ki, bundan əvvəl isə Brüsseldə noyabrın 24-də keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsində bu yanaşma nümayiş etdirilib. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənmişdi.
Bu gün artıq dünya birliyi, beynəlxalq təşkilatlar birmənalı şəkildə qəbul etmək zorundadırlar ki, münaqişənin həlli, bütövlükdə Cənubi Qafqazda sülh və əmin-amanlığın ciddi şəkildə təmin olunması, ədalətin bərpa olunmasından, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasından asılıdır. Eyni zamanda, belə bir rəyin formalaşmasında Azərbaycan Ordusunun gücünün, döyüş qabiliyyətinin və bu qabiliyyətin əyani surətdə sübut edilməsinin də müsbət rolu var. Yəni dünya birliyi və bizim düşmənlərimiz aydın şəkildə bilirlər ki, dinc, diplomatik yollarla Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq mümkün olmasa, Azərbaycan öz gücü, hərbi qüdrəti sayəsində bu tarixi ədalətsizliyi aradan qaldırmaq qüdrətindədir. Mən hesab edirəm ki, Avropa İttifaqı bu həqiqəti nə qədər daha dərindən dərk edərsə, qəbul olunan sənəd də bunun bir sübutudur, münaqişənin həll olunması ilə bağlı düzgün, ədalətli qərarın qəbul olunması da bir o qədər tezləşər.
- Əli müəllim, bütövlükdə, bundan sonra milli inkişaf siyasəti kontekstində qarşıda duran vəzifələr və perspektivlərlə bağlı nə söyləmək olar?
- Bilirsiniz ki, Azərbaycan hazırda regionun lider dövlətidir. Ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əldən verməyəcək. Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsini sübuta yetirən ciddi misallar gətirmək olar. Bir neçə il əvvəl ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi gənc ölkənin xarici siyasətinin və ümumilikdə dövlətin həyata keçirdiyi siyasətin uğurundan xəbər verir.
Bu gün Azərbaycandan uzaq olmayan regionlarda qanlı hadisələr baş verir. Bütün bunların fonunda ölkəmizdə təhlükəsizlik və sabitlik hökm sürür. Azərbaycan sabitlik və inkişaf baxımından dünyada nümunə olacaq ölkələrdən biridir. Təbii ki, təhlükəsizliyin təmin olunması və qorunması dövlət rəhbərliyinin əsas vəzifələrindən biridir. Xalqımız tərəfindən iqtidarın bu yöndəki siyasəti böyük dəstək qazanıb.
Qazanılan uğurlarla yanaşı, ölkəmizin qarşısında gələcək hədəflər də dayanır. Ölkəmizin iqtisadiyyatının daha da güclənməsi, əhalinin rifah halının daha da yüksəlməsi, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsi qarşıda dayanan əsas vəzifələr sırasındadır. Bütün bunlar müstəqilliyimizin əbədiyaşar olması üçün önəmlidir. Yeni iqtisadi modelin ortaya qoyulması, yeni islahatların həyata keçirilməsi isə ölkəmizin gələcək inkişafı üçün çox etibarlı zəmin olacaq. Beləliklə, qarşımızda mühüm vəzifələr dayanır. İnanıram ki, biz üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların yeni mərhələsi ölkəmizə yeni nailiyyətlər qazandıracaq və bütün bunlar Azərbaycan vətəndaşlarına xidmət edəcək, iqtisadiyyatımız daha da inkişaf edəcək, daha möhtəşəm nailiyyətlər əldə edəcək, insanlarımız müstəqil dövlətin verdiyi bütün imkanlardan daha geniş və faydalı şəkildə istifadə edəcəklər.

 
  • Oxunub:  7590  |  
  • Tarix:  27-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

21:15
25 Sentyabr
Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
21:08
25 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdə olub
20:52
25 Sentyabr
Azərbaycanın müdafiə nazirinin “ADEX-2018” sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşü olub
20:48
25 Sentyabr
Bakıda Çinin milli bayramı qeyd edilib
20:45
25 Sentyabr
Təhsil Nazirliyi ilə Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın perspektivləri araşdırılıb
20:41
25 Sentyabr
KİV nümayəndələri üçün "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim keçirilir
20:28
25 Sentyabr
Azərbaycanın nümayəndə heyəti Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir
20:19
25 Sentyabr
Bilik Fondu Xızıda “dəyirmi masa” keçirib
20:14
25 Sentyabr
Oktyabrda Avropa İnvestisiya Bankının işçi missiyası Azərbaycana gələcək
20:12
25 Sentyabr
Zaqatalada dini maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub
20:11
25 Sentyabr
Azərbaycan Milli Elmlər Akademiyası ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq haqqında protokol imzalanıb
20:09
25 Sentyabr
XİN: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı ağır fəsadlara yol aça bilər
19:58
25 Sentyabr
Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında memorandum imzalanıb
19:54
25 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
19:49
25 Sentyabr
Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondunun əməkdaşlığının perspektivləri müzakirə edilib
19:45
25 Sentyabr
X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə təqdim olunan konsert maraqla qarşılanıb
18:03
25 Sentyabr
YAP Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib
18:01
25 Sentyabr
Səhiyyə naziri Astarada vətəndaşları qəbul edib
17:59
25 Sentyabr
Rafael Hüseynov: Ermənistan yalnız Azərbaycan ərazilərini deyil, Göyçədəki mədəni mühitimizi də işğal edib
17:56
25 Sentyabr
Finlandiya səfiri: Naxçıvanda alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir və bu, böyük nailiyyətdir
17:42
25 Sentyabr
Elman Məmmədov: Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir
17:38
25 Sentyabr
Hadi Rəcəbli: Əmək və sosial siyasət komitəsi payız sessiyası ərzində bır sıra qanunların müzakirəsini nəzərdə tutur
17:37
25 Sentyabr
Bilik Fondu Ağdaşda və Bakıda Milli Musiqi Gününü qeyd edib
17:28
25 Sentyabr
Bolqarıstanın Gəncə ilə qardaşlaşmış Varna şəhərində Azərbaycan mədəniyyəti nümayiş edilib
17:26
25 Sentyabr
Sahibə Qafarova: Prezident İlham Əliyev parlamentdəki çıxışında çox mühüm mesajlar verdi
17:20
25 Sentyabr
Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib
17:20
25 Sentyabr
Akademik İsa Həbibbəyli: Məsud Əlioğlu universal təfəkkürə malik görkəmli alim olub
17:19
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Bakıda cüdo üzrə dünya çempionatını izləyib
17:10
25 Sentyabr
Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
17:04
25 Sentyabr
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:00
25 Sentyabr
Aleksandr Koçkin: “Texmaş” konserni “ADEX-2018” sərgisində dünyada analoqu olmayan döyüş sursatları nümayiş etdirir
16:57
25 Sentyabr
Misirli deputat: Azərbaycan demokratik inkişaf sahəsində böyük təcrübəsi olan ölkədir
16:56
25 Sentyabr
Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib
16:54
25 Sentyabr
Heydər Əliyev Mərkəzi ilə tanışlıq
16:53
25 Sentyabr
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Venesuela və Baham Adalarından olan həmkarları ilə görüşüb
16:50
25 Sentyabr
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb
16:47
25 Sentyabr
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
16:46
25 Sentyabr
Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət prinsipi və beynəlxalq hüquq əsas götürülməlidir
16:44
25 Sentyabr
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
16:31
25 Sentyabr
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib
16:30
25 Sentyabr
İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycan onun əsas məqsəd və vəzifələrini həmişə dəstəkləyib
16:22
25 Sentyabr
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib
16:21
25 Sentyabr
Aqrar Universitetində “Akademik Cəlal Əliyevin irsinin öyrənilməsi” mövzusunda gənc tədqiqatçıların konfransı keçiriləcək
16:17
25 Sentyabr
Səfir Viktor Szederkenyi: Naxçıvanla Macarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün böyük potensial var
15:16
25 Sentyabr
Müdafiə naziri Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb
15:04
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
14:35
25 Sentyabr
“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda konfrans təşkil olunub
14:29
25 Sentyabr
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin zəngin irsinə dair elmi məruzələr dinlənilib
14:24
25 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi reallaşdırılır
14:19
25 Sentyabr
GEANT Assosiasiyası ilə əməkdaşlıq davam edir
14:16
25 Sentyabr
TAP İtaliyadakı istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji təmin edəcək
14:12
25 Sentyabr
Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub
14:08
25 Sentyabr
Azərbaycan dünyada müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınır
14:06
25 Sentyabr
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
14:03
25 Sentyabr
Prezident İlham Əliyev “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
13:54
25 Sentyabr
Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır
12:57
25 Sentyabr
İspaniya universitetləri AMEA ilə elmi əməkdaşlıqda maraqlıdır
12:56
25 Sentyabr
Nikolay Yankov: Naxçıvan Muxtar Respublikası ilə Bolqarıstan arasında əməkdaşlıq daha da genişləndiriləcək
12:48
25 Sentyabr
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
12:46
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın Azərbaycana işgüzar səfəri
12:42
25 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın Tbilisidə keçirilən komitə iclasında iştirak edir
12:36
25 Sentyabr
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
12:17
25 Sentyabr
Kestutis Yankauskas: Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
12:09
25 Sentyabr
Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
11:59
25 Sentyabr
Çində Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb
11:43
25 Sentyabr
Qriqori Trofimçuk: Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
11:37
25 Sentyabr
UNEC-də imtahan prosesi təkmilləşdirilir
11:27
25 Sentyabr
Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
11:26
25 Sentyabr
Çində ilk dəfə Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq
11:26
25 Sentyabr
Bakıda üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA