Ana səhifə »  Müsahibə »  Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq
A+   Yenilə  A-
Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq

Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova www.yap.org.az saytına müsahibə verib:
- Bahar xanım, mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam olur. Fəaliyyəti XX əsr Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Heydər Əliyev dühasının Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətləri necə qiymətləndirə bilərsiniz?
- Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi elə bir tarixi şəxsiyyətdir ki, Onun haqqında danışanda yalnız həyatı və fəaliyyəti barədə deyil, dövlət idarəçiliyində təmsil olunduğu və Azərbaycan xalqının mühüm tarixi dövrünü əhatə edən bütöv bir qərinədən bəhs etmək lazım gəlir. Ona görə ki, Ümummilli Lider Heydər Əliyev bütün ömrünü mənsub olduğu xalqa, onun inkişafına, minilliklərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılmasına həsr edib.
Birmənalı şəkildə demək olar ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlər göstərib. Onun xidmətləri tarixin yaddaşına qızıl hərflərlə yazılıb və bundan sonra mövcud ola biləcək digər siyasi ideologiyalar və ya siyasətçilər bu xidmətləri şübhə altına ala, onlara kölgə sala bilməyəcəklər. Buna cəhd göstərsələr belə, uğursuzluğa düçar olacaqlar.
Heç şübhəsiz, qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük dühalardan biridir. O Öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də malik olduğu qətiyyət və siyasi iradə sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıda bilib. Ona görə də hesab edirəm ki, Azərbaycan xalqı yaşadıqca onun şüurunda, təfəkküründə və yaddaşında Ulu Öndərin özünəməxsus yeri olacaq. Onun xidmətləri zaman-zaman müzakirə predmeti, araşdırma və tədqiqat obyekti olacaq. Gələcək nəsillər, o cümlədən Heydər Əliyev irsinə müraciət edən şəxslər bu irsin zəngin çalarlarını və bütün tərəflərini üzə çıxarmaqla yanaşı, bu şəxsiyyətin zəngin irsindən bəhrələnəcəklər. Ən nəhayət, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq.
- Azərbaycana rəhbərliyinin birinci dövründə mərkəzi hakimiyyətin bütün təzyiq və əngəllərinə rəğmən, Ulu Öndər Heydər Əliyevin xalqının gələcəyi naminə atdığı tarixi addımlar və gördüyü mühüm işlərdən, onların əhəmiyyətindən bəhs etməyinizi xahiş edirik.
- Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olanda birliyin suveren hüquqa malik müttəfiq respublikası olsa da, tam müstəqillikdən danışmaq qeyri-mümkün idi. Buna baxmayaraq, Ulu Öndər sovet dövründə Azərbaycanın birinci şəxsi olanda atdığı bəzi addımlarla məhdud çərçivədəki hüquqlardan maksimum yararlanmaq şansını əldən vermədi, hətta bu yöndə müəyyən dərəcədə uğurlar əldə etdi. Məsələn, Azərbaycan dilinin Azərbaycanın 1978-ci il Konstitusiyasında dövlət dili kimi rəsmiləşdirilməsi, təhsil və elm sahəsində ana dilimizdə nəşrlərin sayının artması bunlara misal ola bilər.
Digər tərəfdən, ittifaq imkanlarının bütün parametrləri ilə respublikanın inkişafına yönəldilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Onun rəhbərlik etdiyi dövrdə Azərbaycan inkişaf etmiş sənaye potensialına malik respublikaya çevrildi. Bu zaman ittifaqın tələblərini yerinə yetirməklə yanaşı, ittifaqa göndərilən məhsulların çox hissəsinin Azərbaycana investisiya və maliyyə qismində geri qaytarılması, ayrı-ayrı sənaye sahələrinin yaradılması vasitəsilə xalqın bütün potensialını inkişafa yönəltməklə genişmiqyaslı tərəqqinin təməli atıldı.
Həmin dövrdə o vaxta qədər Azərbaycanda mövcud olmayan və çatışmayan kadrların yetişdirilməsi, bir çoxlarının ittifaq təhsil müəssisələrinə göndərilməsi gələcəyə hesablanmış addımlar idi. Eyni zamanda hərbi sahədə kadrların yetişdirilməsi üçün Ulu Öndər böyük işlər görüb. Bakıda C.Naxçıvanski adına hərbi məktəbin yaradılması, ittifaqın hərbi kadrlar hazırlayan ali məktəblərinə azərbaycanlıların göndərilməsi də məhz həmin uzaqgörən siyasətin nəticəsi idi. Zaman da göstərdi ki, həmin hərbi kadr potensialı olmasaydı, Qarabağ uğrunda gedən müharibədə Azərbaycan qoşunlara rəhbərlik etməyə zabit və komandirlər tapa bilməzdi. Ona görə də bu addımları birmənalı şəkildə müstəqilliyin bünövrəsi hesab etmək olar.
Digər bir məqam o idi ki, Azərbaycanda hakimiyyətinin birinci dövründə Heydər Əliyev mərkəzdən olan təzyiq və maneələrə baxmayaraq, xalqın yetişdirdiyi milli təfəkkürlü elm, təhsil və mədəniyyət xadimlərini, o cümlədən ziyalıları qoruyurdu. Bu da sübut edir ki, O, təkcə Azərbaycanın sərvətlərinin, iqtisadiyyatının inkişafına deyil, xalqın yetişdirdiyi ziyalılara da diqqət və qayğı göstərirdi. Məhz həmin ziyalılar da 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində mərkəzdənqaçma meyillərinin gücləndiyi vaxtda Azərbaycanda yeni ictimai-siyasi təfəkkürün formalaşmasında, ictimai şüurda dəyişikliyin yaranmasında iştirak edən potensiala çevrildilər.
Təbii ki, həmin potensial olmasaydı, ermənilərin separatizm meyillərinə qarşı xalqın kütləvi müqavimətini təşkil etmək mümkün olmazdı. Yəni xalqın milli özünüdərkinin oyanmasında məhz Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti dövründə yürütdüyü siyasət dayanırdı. Sonradan bu özünüdərk Ümummilli Liderin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtması və müstəqil dövlət qurmaq imkanı və bu yöndə məqsədlərin reallaşması üçün istifadə edildi.
- Bahar xanım, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev yüksək postdan istefaya getdikdən bir neçə il sonra Azərbaycana qayıtdı və Bakıda yaşamağa imkan verilmədiyi üçün Naxçıvana getdi. Ümummilli Lider Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə də xalqımız qarşısında tutduğu vəzifənin hüdudlarını aşan misilsiz xidmətlər göstərib. Hətta Yeni Azərbaycan Partiyasının yaranması da həmin dövrə təsadüf edib. Ulu Öndərin Naxçıvandakı fəaliyyəti barədə fikirlərinizi bizimlə bölüşməyinizi istərdik.
- SSRİ rəhbərliyindən istefasından sonra Heydər Əliyevin Azərbaycana qayıtmasına imkan vermədilər, hətta həyatı üçün təhlükənin mövcud olduğunu belə nəzərə almadan respublika rəhbərlyi tərəfindən Onun ölkədən kənarda saxlanmasına cəhdlər göstərilirdi. 1990-cı ildə Ümummilli Lider Azərbaycana qayıtsa da, Bakıda qalmasına imkan verilmədi. Onun həmin vaxt mərkəzi hakimiyyətdə və respublika rəhbərliyində kifayət qədər yaxından tanıyan şəxslər tərəfindən müdafiə edilməməsi Naxçıvana getməsini şərtləndirirdi. Əslində mövcud vəziyyət Onun üçün ağrılı bir məqam idi. Parlamentdə çıxışı zamanı və digər məsələlərdə Ona qarşı göstərilən ədalətsizlik Onun incik düşməsinə kifayət qədər haqq qazandırırdı. Lakin Heydər Əliyev sınmadı və o vaxt doğma Naxçıvan Ona dəstək və dayaq oldu.
Digər tərəfdən, müharibə, iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar Ulu Öndərə özlərinin nicatı və son ümid yeri kimi baxırdılar. Buna görə də Ümummilli Lideri 1990-cı il iyulun 22-də şəhərin mərkəzi meydanına toplaşan 80 min insan böyük coşqu ilə qarşıladı. Çünki blokadada olan muxtar respublika əhalisi həm də erməni təcavüzü ilə qarşı-qarşıya idi. Məhz bu səbəbdən Ulu Öndərin Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi üçün atdığı addımlar muxtar respublikanın gələcək taleyində vacib rol oynadı. Üç tərəfdən düşmən əhatəsində qalan, ümumiyyətlə, dünyadan tamamilə təcrid edilən muxtar respublikanın blokadadan çıxarılması üçün Heydər Əliyev mühüm addımlar atdı. İran və Türkiyə ilə əlaqələr yaratdı, digər dövlətlərlə münasibətlər qurmaq yönündə işlər gördü.
Eyni zamanda, Heydər Əliyev yalnız muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mühüm rolu olan qərarların qəbul edilməsinə nail oldu. Belə ki, Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərimizin Sədrliyi ilə keçirilən həmin tarixi sessiyada ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.
Ümummilli Lider Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün siyasi və ideoloji əhəmiyyətli tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. Beləliklə, Naxçıvanda gedən tarixi proseslər zamanı atılan addımlar müstəqilliyin bərpası üçün mühüm rol oynadı. Bütün bu cəsarətli addımlar sübut edirdi ki, Heydər Əliyevin fəaliyyəti Naxçıvanın hüdudlarına sığmır.
Yeni Azərbaycan Partiyasının (YAP) yaranması prosesinə gəlincə, həmin dövrdə ölkəmizin bütün guşələrində qəlbində Heydər Əliyevə və böyük Azərbaycana sevgi ilə yaşayan yüz minlərlə insan respublikadakı vəziyyəti yaxından izləyirdi. Bu vəziyyət yenicə müstəqillik qazanan respublikanın gələcək taleyi üçün ciddi təhlükələrin olduğunu göstərirdi. AXC-Müsavat cütlüyünün bir-birinin ardınca buraxdığı siyasi səhvlər, cinayətə bərabər əməllər Azərbaycanın müstəqilliyini sual altında qoyurdu. Getdikcə artan ziddiyyətlər və xaos insanlarda narahatlıq yaradırdı. Bütün bunlar təbii olaraq xalqın Heydər Əliyevin böyük siyasətə qayıtması arzusunun daha da alovlanmasına gətirib çıxardı. Çünki Ümummilli Liderin Naxçıvanda atdığı addımları, orada həm erməni təcavüzünün qarşısının alınması, həm də ictimai-siyasi sabitlik yaratması yönündə fəaliyyətini insanlar görür və Azərbaycanın xilası üçün Ondan kömək gözləyirdilər. Bu məqamda siyasi cəhətdən kifayət qədər fəal şəxslər, o cümlədən ziyalılar həmin fəallığı məhz Azərbaycanın müstəqilliyinin qorunmasına yönəltmək üçün əsas mərkəz rolunu oynaya biləcək, müstəqilliyi şəxsi və qrup mövqeyindən üstün tuta biləcək siyasi təşkilatın yaranması və rəhbərliyində Ümummilli Lideri görmək istəyi ilə Ulu Öndərə üz tutdular. Heydər Əliyev isə bir çox müzakirələrdən sonra belə bir siyasi partiyanın yaranmasını məqsədəuyğun hesab etdi və Özünün də bu partiyanın rəhbərliyində təmsil olunmasına razılığını bildirdi.
Lakin o dövrdə Heydər Əliyevin adından belə ehtiyat edən Azərbaycan iqtidarı partiyanın Bakıda təsis olunmasına imkan vermədi. Çünki mövcud hakimiyyət Ulu Öndərin rəhbərliyi altında siyasi partiyanın yaranmasına icazə verilməsini özünün siyasi iflası hesab edirdi. Odur ki, bunun qarşısını almaq üçün bütün tədbirlərə əl atıldı. Buna baxmayaraq, Heydər Əliyevi özünə lider hesab edən şəxslər axın-axın Naxçıvana üz tutur və bu prosesi sürətləndirmək üçün işlər görürdülər. Ovaxtkı iqtidar Naxçıvana edilən bu səfərlərin də qarşısını almağa çalışırdı. Bu təzyiq və təsirlərə baxmayaraq, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası təsis olundu. Naxçıvanda 500 nümayəndənin iştirakı ilə keçirilən konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.
Bir maraqlı məqamı qeyd edim ki, məhz Ulu Öndərin özü Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsini işləyib hazırlamışdı. Həmin proqram sənədində partiya quruculuğu, partiyanın məqsəd və məramları çərçivəsində Azərbaycanın gələcək inkişaf perspektivləri konkret olaraq qeyd olunmuşdu. Həmin proqram sonradan Azərbaycanın inkişafı üçün vacib bir sənədə çevrildi. Ümummilli Lider bu partiyanın Azərbaycanı irəliyə aparacaq siyasi güc mərkəzinə çevriləcəyinə böyük ümid bəsləyirdi. Ona görə də onun proqramında qarşıya qoyulan vəzifələr yalnız partiya fəaliyyəti üçün nəzərdə tutulmamışdı və geniş əhatə dairəsinə malik idi. Onu da qeyd edim ki, bu təsis konfransından sonra respublikanın bütün ərazilərində YAP rayon və şəhər təşkilatları yaranmağa başladı. Mən o vaxt Yasamal rayonu ərazisində bu proseslərə qoşuldum və qısa bir müddətdə insanların kütləvi şəkildə partiyaya axın etdiyinin şahidi oldum.
- Qeyd etdiyiniz kimi, Azərbaycanda təsadüfən hakimiyyətə yiyələnmiş qüvvələr cəmi 1 il sonra 1992-ci ildə yaş senzi tətbiq edərək prezident seçilməsinə mane olduqları dahi şəxsiyyətin köməyinə möhtac oldular. Azərbaycanın dövlətçiliyinin xilası, qurtuluşu kimi dəyərləndirilən həmin dövrdə xilaskarlıq missiyasını üzərinə götürən Ulu Öndərin 1993-cü ilin iyunundan başlayan 10 illik fəaliyyətinin əsas məqamlarına toxunmağınızı xahiş edirik.
- Əlbəttə, həmin dövrdə olduqca təhlükəli vəziyyət yaranmışdı və doğrudan da Azərbaycan parçalanmaqdan, vətəndaş müharibəsindən qurtuldu. Xalqın xilası üçün yeganə istinadgah olan Heydər Əliyevin sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxladı.
Məlum olduğu kimi, təsadüfən hakimiyyətə yiyələnən, heç bir iqtisadi və siyasi konsepsiyası, proqramı olmayan AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti dövlət quruculuğunda və dövlət idarəçiliyində, habelə xalqın müdafiə qabiliyyətini müharibə şəraitində olan Azərbaycanın təhlükəsizliyinə yönəltmək işində uğur qazanılmasını istisna edirdi. Son nəticədə müstəqillik əldə etdikdən qısa müddət sonra Azərbaycan nəinki müstəqilliyin itirilməsi, ümumiyyətlə, parçalanma təhükəsi ilə üz-üzə qaldı. Belə bir məqamda xalqın verdiyi düzgün qərar Heydər Əliyevə müraciət olunması və təkidlə hakimiyyətə qayıtması oldu.
Ulu Öndərin hakimiyyətdə kifayət qədər mühüm posta seçilməsi bu prosesi təhlükəsiz məcraya, vətəndaş müharibəsindən xilas yoluna yönəltməyə imkan verdi. Çünki Heydər Əliyevin gəlişi Azərbaycanı vətəndaş qarşıdurmasından xilas etdi, qısa müddətdə ölkədəki separatçı qüvvələrin fəaliyyətinə son qoyuldu. Tarix də göstərdi ki, həmin qərar Azərbaycan xalqının və dövlətinin sonrakı taleyinin həllində, dövlətçiliyinin bünövrəsinin qoyulmasında əsas amil kimi çxış edib.
Burada mühüm məqamı qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti seçildikdən sonra Ümummilli Liderin birbaşa xalqa müraciəti və bundan sonra könüllü olaraq kütləvi şəkildə cəbhəyə yollanan vətən övladlarının qəhrəmanlığı sayəsində Azərbaycan Ordusunun 1994-cü ilin yanvarında həyata keçirdiyi Horadiz əməliyyatı ilə Füzuli rayonunun 22 kəndi və 1 qəsəbəsi işğaldan azad olundu. Nəticədə düşmən atəşkəsə razı oldu və əldə olunan atəşkəsdən sonra Azərbaycan dövlət quruculuğu mərhələsinə qədəm qoydu.
Bundan sonra ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi tənəzzüldən xilas edilməsi, daxili ictimai-siyasi sabitliyin təmin olunması və xarici siyasətinin müəyyənləşdirilməsi istiqamətində mühüm işlər görüldü. Bu da keçmiş iqtidarın fəaliyyəti nəticəsində ölkənin düşdüyü siyasi blokadadan, izolyasiyadan qurtulmaq üçün zəmin yaratdı. Ümummilli Lider keçmiş hakimiyyətin yanlış siyasəti nəticəsində münasibətlərin gərgin olduğu region dövlətləri ilə, habelə dünya siyasətində həlledici rola malik böyük güclərlə əməkdaşlığın mümkün olmasını sübut etdi.
Bütün bunlar da Azərbaycanın siyasi və iqtisadi potensialı yüksək olan bir dövlət kimi formalaşmasına, hətta dünyanın aparıcı dövlətləri ilə tərəfdaş qismində çıxış etməsinə imkan yaratdı. Azərbaycanın bu mövqeyə çıxması onun gələcək təhlükəsizliyinin qarantı olan münasibətlərin qurulması, bu kontekstdə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində milli maraqların qətiyyətlə təmin olunması baxımından mühüm tarixi əhəmiyyət daşıyır.
Ulu Öndərin hakimiyyətə yenidən qayıdışından dərhal sonra qanunvericilik sahəsində islahatlar aparıldı, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, ilk parlament seçkiləri keçirildi, gənclər siyasəti, mədəniyyət, idmanın inkişafı sahəsində addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizdə yaşayan bütün xalqların və millətlərin hüquqlarının təminatçısı olduğunu sübuta yetirdi. Bununla da əsl vətəndaş cəmiyyətinin qurulmasına zəmin yaratdı. O, həmçinin xaricdə Azərbaycan diasporunun formalaşdırılmasına, dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsinə nail oldu.
Azərbaycan müstəqillik tarixinin Heydər Əliyevin hakimiyyətinə təsadüf edən həmin 10 illik dövrü Ulu Öndərin Azərbaycan xalqını ağır vəziyyətdən çıxararaq uğura qovuşdurması, müstəqilliyinin, eyni zamanda bu müstəqilliyin dönməzliyinin, əbədiliyinin təmin olunması ilə yadda qalır.
Ümummilli Liderin hakimiyyəti dövründə Azərbaycan Respublikası beynəlxalq təşkilatların bərabərhüquqlu üzvünə çevrildi. Azərbaycanın daha uğurlu beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı kimi çıxış etməsi, bəzilərinin həyata keçirilməsi və digərlərinin də əsasının qoyulması Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan nəinki öz təbii ehtiyatlarının, digər dövlətlərin də enerji ehtiyatlarını Azərbaycandan keçməklə dünya bazarına çıxaracaq beynəlxalq əhəmiyyətli layihələrə imza atdı. Yeni neft və qaz yataqlarının işlənməsi üçün xarici dövlətlərin nüfuzlu şirkətləri ilə müqavilələr imzaladı. “Əsrin müqaviləsi” sazişinin imzalanması ilə dünyanın aparıcı dövlətlərinin nüfuzlu şirkətlərinin iştirak etdiyi konsorsiumların yaranmasına nail oldu. Azərbaycan daha genişmiqyaslı tərəfdaşlar əldə etmək dövrünə qədəm qoydu. Ölkəmiz 1992-ci ildən BMT-yə, ATƏT-ə və bir çox beynəlxalq təşkilatlara üzv olmuşdu. Avropa Şurası başda olmaqla digər nüfuzlu beynəlxalq təşkilatlara üzvlük nəticəsində isə Azərbaycan insan hüquq və azadlıqlarının qorunduğu bir məkanın bərabərhüquqlu iştirakçısına çevrildi. Və biz bu vəzifənin hansı çətin və məsuliyyətli bir dövrdə yerinə yetirilməsi haqqında məlumatları bugünkü və gələcək nəslə çatdırmalıyıq ki, müstəqilliyin nəyin bahasına qorunub saxlandığını dərk etsinlər və unutmasınlar.
- Sizin də qeyd etdiyiniz kimi, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin bütün mərhələləri göstərir ki, müasir müstəqil Azərbaycanın inkişafı məhz Onun yorulmaz, çoxşaxəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heç kimə sirr deyil ki, Ulu Öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına müvafiq surətdə uğurla davam etdirilir. Bu baxımdan, müasir müstəqil Azərbaycanın hazırkı və gələcək inkişafını necə dəyərləndirirsiniz?
- Bu bir faktdır ki, Ümummilli Liderin ən böyük xidməti Azərbaycan dövlətinin sonrakı dövr üçün inkişafını, xalqın bugünkü və gələcək rifahını, təhlükəsizlik, sabitlik və tərəqqi şəraitində yaşamasının dönməzliyini təmin edən siyasi xadimi yetişdirməsi oldu.
Təbii ki, Heydər Əliyev irsi Azərbaycanın gələcək inkişafı üçün fundamental əsas kimi çıxış edir. Lakin XXI əsrin əvvəlində dünyadakı proseslər də dəyişirdi. 2003-cü ilin ortalarında Ulu Öndərin qəbul etdiyi vacib qərarlardan biri cənab İlham Əliyevin sonrakı 5 illik dövr üçün prezidentliyə namizədliyinin irəli sürülməsi idi. Yeni Azərbaycan Partiyası da bu qərarı yekdilliklə dəstəklədi. Xalq böyük səs çoxluğu ilə İlham Əliyevi dövlət başçısı seçməklə bu davamlı inkişafın təmin olunmasına böyük dəstək verdi. Çünki istər xarici, istərsə də daxili siyasətdə əsası Ümummilli Lider tərəfindən qoyulan bu siyasi xətt davam etdirilməli idi. Bu da bir həqiqətdir ki, xaricdəki bəzi iqtisadi və siyasi dairələrin dəstəyi ilə daxildə məqam gözləyən qüvvələr var idi və onlar 2003-cü ilin oktyabrında keçirilən prezident seçkisindən sonra sabitliyi pozmağa cəhd etdilər. Lakin Ulu Öndərin əsasını qoyduğu Azərbaycan dövlətçiliyinin sarsılmaz olduğu həmin dövrdə bir daha sübut olundu.
Bundan sonra Azərbaycanda sabitlik və inkişaf dövrünün yeni mərhələsi başladı. Bu 15 ildə Azərbaycanın rifahı, çiçəklənməsi, ölkəmizin regionda və dünyada nüfuzunun daha da artması, beynəlxalq hüququn ən mühüm aktorlarından birinə çevrilməsi, vətəndaşların, dövlətin təhlükəsizliyinin müdafiəsi yönündə çox mühüm addımlar atılıb. Azərbaycan dövlətinin hərtərəfli qüdrətli dövlətə çevrilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin bu illər ərzində atdığı addımlar beynəlxalq dairələr tərəfindən də dəstəklənir. Artıq etiraf edilir ki, Azərbaycan son 15 ildə olduğu qədər qüdrətli və qətiyyətli mövqeyə malik olmayıb.
Bugünkü uğurlarımız üçün əlbəttə ki, ilk növbədə Heydər Əliyev şəxsiyyətinə, Onun müəyyənləşdirdiyi ideoloji, siyasi xəttə və bu xətti davam etdirmək üçün siyasi varisliyi üzərinə götürmüş cənab İlham Əliyevə borcluyuq.
- Bahar xanım, Ümummilli Liderin banisi olduğu Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan bir şəxs kimi hakimiyyətə gəldiyi və dövlətçiliyimizin qurulmasının sonrakı dövrlərində Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrinizi bölüşməyinizi istərdik.
- Mən Ulu Öndərlə ilk dəfə 12 yaşımda görüşmüşəm. Elə o zamandan da Heydər Əliyev şəxsiyyəti mənim üçün ideala çevrilib. Əldə etdiyim bütün uğurlarımda da Ümummilli Lider və Onun ideyalarına sadiqliyin mühüm rol oynadığına dərindən inanıram. Heydər Əliyevin gənclərə və Onunla birlikdə Azərbaycana xidmət yolunu seçənlərə göstərdiyi diqqəti heç vaxt unuda bilmərəm.
Onu qeyd edim ki, Ümummilli Lider biz qadınların dövlət və ictimai həyata cəlb olunmağımıza xüsusi əhəmiyyət verməklə yanaşı, kadr kimi formalaşmağımıza da xüsusi diqqət yetirir və yeri gəldikdə bizi hər cür təhlükələrdən qorumağa çalışır, uğurlarımızı şəxsən dəyərləndirirdi. Bir YAP üzvü, Azərbaycan qadını kimi bu diqqət və himayəni həmişə üzərimdə hiss etmişəm. Mən özümü şanslı insanlardan biri hesab edirəm ki, Onu tanımışam, Onunla ünsiyyətdə olmuşam, Onun tapşırıqlarını yerinə yetirmişəm, Onun formalaşdırdığı komandada ən kiçik bir postdan bugünkü tutduğum vəzifəyədək yol keçmişəm.
Ulu Öndərlə dəfərlərlə görüşmək mənə qismət olub. Amma ən yadda qalan hadisələrdən biri haqda danışmaq istəyirəm. 1999-cu ilin dekabr ayında Yeni Azərbaycan Partiyasının I Qurultayı keçirilmiş, YAP İcra Katibliyi yeni formalaşdırılmış və YAP İcra katibinin müavini, Siyasi Şura və İdarə Heyətinin üzvü seçilmişdim.
Mənim üçün çox vacib olan bu seçkidən bir neçə ay sonra 2000-ci il martın 7-də ovaxtkı Respublika sarayında keçirilən ənənəvi bayram tədbirində protokol xidmətinin işçilərindən biri mənə yaxınlaşdı və Ümummilli Lider Heydər Əliyevin əyləşdiyi sırada oturmağa dəvət elədi. Məndən sağda və soldakı kreslolar boş idi. Bu zaman təsəvvürümə gətirmədiyim hadisə baş verdi və Heydər Əliyev zala daxil oldu və mənim yanımdakı kresloda əyləşdi. Tədbirin əvvəlində tanınmış Azərbaycan qadınları haqqında film nümayiş etdirilirdi. Birdən O əlini ekrana uzadıb soruşdu ki, o qadını tanıyırsanmı? Göstərdiyi qadın Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyova idi. Sonra digər məsələlər, o cümlədən YAP İcra Katibliyindəki işlərlə maraqlandı. Çox maraqlı bir söhbətin tərəfi və soruşulanlar barədə məlumatlı olmağımla Onu qane etdiyim üçün sevinirdim.
Həmin görüşdəki bir məqamı da ilk dəfə dilə gətirmək istəyirəm. Bu hadisənin mənim üçün əlamətdar olmasının digər bir səbəbi partiyada yüksək vəzifəyə çəkilməyimlə bağlı idi. Bəzi dairələrdə “Bahar Muradova kimdir və niyə məhz O” səpkili suallar dolaşırdı. Söhbət əsnasında Ümummilli Lider “Bilirsən də niyə mənim yanımda əyləşmisən?”, - dedi və sonra davam etdi: “Çünki hər kəs bilməlidir ki, sən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinə seçilmisən və səni mən seçmişəm”. Doğrudan da o hadisədən sonra bütün suallar ortadan qalxdı. O müdrik insan bu addımı ilə sanki siyasətə yeni qatılan bir gənc qadını elə ilk növbədə qadınlara və ictimaiyyətə təqdim edirdi. Bu mənimlə bağlı olan maraqlı bir faktdır. Amma mən inanıram ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə belə bir qayğı, himayə təkcə mənə yox, digər gənclərə də daim göstərilib. Bu da onu göstərir ki, Heydər Əliyev hər zaman yalnız xalqın ümumi deyil, eləcə də ayrı-ayrı şəxslərin fərdi taleyində də böyük rol oynamışdır və bu siyasət bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.
Onu da qeyd edim ki, Heydər Əliyev siyasəti “Azərbaycanın uğur formulu”dur və bu siyasətə xidmət etməkdən qürur duyuram. Çünki İlham Əliyevin Sədrliyi altında Yeni Azərbaycan Partiyası Ulu Öndərin yadigarı kimi yeni və müstəqil Azərbaycanın qurulmasında vacib siyasi missiyanı həyata keçirən və bu siyasi xətti davam etdirən siyasi təşkilat kimi işini uğurla həyata keçirir. Məhz buna görə də gənclər başda olmaqla Azərbaycanın bir çox vətəndaşı gələcəyini bu partiyaya bağlayır və partiyamızın sıraları günbəgün genişlənir.
Sonda bir daha qeyd edim ki, 10 mayda anadan olmasının 96-cı ili tamam olan Ümummilli Lider Heydər Əliyevi böyük ehtiramla yad edirəm. Qətiyyətlə və əminliklə deyirəm ki, Ulu Öndər Heydər Əliyev bir tarixi şəxsiyyət, ölkə başçısı, partiya rəhbəri və bir insan kimi Onu sevənlərin qəlbində hər zaman yaşayacaq.

 
  • Oxunub:  12780  |  
  • Tarix:  09-05-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan regionda strateji nəqliyyat qovşağına çevrilib

28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"
28 Yanvar 12:42
Azərbaycan nümayəndə heyəti Leninqradın blokadadan azad edilməsinin ildönümü tədbirlərində iştirak edib
28 Yanvar 12:35
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir
28 Yanvar 12:10
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
28 Yanvar 11:16
Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib
28 Yanvar 11:08
Şirin Nexamiya Mixaeli: "Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"
28 Yanvar 10:54
Azad Rəhimov: Bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq
28 Yanvar 10:42
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
28 Yanvar 10:29
Seçki dairələrində müşahidə aparılması üçün MSK-ya müraciət müddəti yanvarın 30-dək başa çatır
28 Yanvar 10:25
Bakıda Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar mərasim keçirilib
28 Yanvar 10:14
Azərbaycanlı tələbələr: Zəlzələ bölgəsindən təxliyə olunmağımıza göstəriş verən Prezidentimizə minnətdarıq
28 Yanvar 09:36
Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir
28 Yanvar 09:32
Azərbaycan regionda strateji nəqliyyat qovşağına çevrilib
27 Yanvar 21:16
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Yanvar 21:11
Dünya Bankının nümayəndə heyəti Ali Məhkəmədə olub
27 Yanvar 21:09
Hulusi Kılıç: Əminəm ki, parlament seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşəcək
27 Yanvar 20:51
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsi
27 Yanvar 18:01
BDU-da qış imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü
27 Yanvar 18:00
Məzahir Pənahov: 1374 nəfərin namizədliyi qeydə alınıb
27 Yanvar 17:45
Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdə olub
27 Yanvar 17:43
Deputatlığa namizəd Sadiq Qurbanov Şabranın Əmirxanlı, Dəvəçi, Şahnəzərli kəndlərinin seçiciləri ilə görüşüb
27 Yanvar 17:40
Seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
27 Yanvar 17:39
Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb
27 Yanvar 17:38
MDB müşahidəçi missiyası parlament seçkilərinin monitorinqini davam etdirir
27 Yanvar 17:32
Neft istehsal edən ölkələrin birgə çalışması təşəbbüsünü ilk dəfə Prezident İlham Əliyev irəli sürüb
27 Yanvar 17:12
Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun seçicilərlə görüşləri davam edir
27 Yanvar 16:59
Turizm subyektləri üçün qiymətləndirmə - reytinq modulu fəaliyyət göstərəcək
27 Yanvar 16:46
MSK-nın iclasında Milli Məclisə seçkilərdə "exit poll" keçirmək niyyətində olan qurumun müraciətinə baxılıb
27 Yanvar 15:48
Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
27 Yanvar 15:26
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir
27 Yanvar 15:07
Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
27 Yanvar 15:05
Treninqlərə 83 saylı seçki dairəsi üzrə 264 məntəqə seçki komissiyası üzvü cəlb edilib
27 Yanvar 14:38
Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub
27 Yanvar 14:25
29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər təşkil edilib
27 Yanvar 14:10
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabın təqdimatı keçirilib
27 Yanvar 13:52
İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+2 +5