Ana səhifə »  Müsahibə »  Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur
A+   Yenilə  A-
Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev www.yap.org.az saytına müsahibə verib:
- Muxtar müəllim, məlum olduğu kimi, dövlət başçısının qərarları ilə bir sıra dövlət qurumlarında struktur islahatları aparılır. Bu baxımdan, ölkə rəhbərinin müvafiq Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı hansı tədbirlər həyata keçirilir?
- Cənab Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Bu Fərman nazirliyin bugünkü və gələcək fəaliyyəti üçün son dərəcə əhəmiyyətlidir. Optimallaşma nəticəsində paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili ilə büdcə vəsaitinə qənaət olunacaqdır.
Fərmandan irəli gələn fəaliyyətlərin icra edilməsi nəticəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək, dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaqdır.
- Azərbaycanda ekoloji təhlükəsizliyin təmin edilməsi dövlət siyasətinin prioritetlərindəndir. Bu istiqamətdə hansı işlər görülür?
- Ölkəmizin zəngin təbiətini qorumaq, bərpa etmək üçün yeni layihələr həyata keçirilir. Ekoloji tarazlığın qorunması, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində mövcud olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və digər Dövlət proqramları çərçivəsində mövcud ekoloji problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Uzun illər ərzində neft sənayesinin fəaliyyətindən əmələ gəlmiş tullantılar Abşeron yarımadasında bir sıra ərazilərin həddindən artıq çirklənməsinə səbəb olmuşdur. Çirklənmiş ərazilərin bərpası əhalinin sağlamlığı üçün risklərin azaldılması, Bakı şəhəri və ətraf qəsəbələrin inkişafı, təmizlənmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması baxımından zəruridir.
Bununla əlaqədar ETSN tərəfindən 2018-ci ildə Suraxanı rayonunda müxtəlif ərazilərdə, Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində uzun illər formalaşan gölməçələrin qurudulması, neft və neft şlamı ilə çirklənmiş ərazilərin təmizlənməsi işləri aparılır.
Abşeron yarımadasında tullantı və lay suları ilə çirklənmiş göllər ekoloji şəraitə ciddi təsir göstərir və Xəzər dənizinin çirkləndirilməsində mühüm rol oynayır.
Yarımadada göllər üzrə araşdırmalar aparılmış, 9 gölün (Xocasən, Binəqədi, Lökbatan, Qaradağ, Qu, Zabrat, Zığ, Bülbülə və Böyükşor) ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi prioritet hesab edilmişdir.
Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edərək 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürüb. Bu öhdəliyi yerinə yetirmək üçün ətraf mühitə dost texnologiyalar tətbiq etməklə infrastruktur layihələri icra olunmalı, tükənməyən enerji mənbələrindən istifadə, enerji səmərəliliyinin artırılması və digər istiqamətlərdə müvafiq layihələr həyata keçirilməlidir.
Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da iqlim dəyişmələrinin fəsadları müşahidə olunmaqdadır və təhlükəli hidrometeoroloji hadisələrın sayında, intensivliyində artım tendensiyası izlənilir. Bu sahədə ölkədə erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi, dəniz hidrometeoroloji şəbəkəsinin avtomatlaşdırılması, yeni proqnoz modellərinin tətbiqi ilə hidrometeoroloji xidmət sahəsinin modernləşdirilməsi nəzərdə tutulub.
Havanın çirklənməsi məsələlərinə də böyük diqqət göstərilir. Qeyd etmək lazımdır ki, yeni yaradılan müəssisələrdə ekoloji tələblərə cavab verən müasir texnologiyaların tətbiqi ətraf mühitin qorunmasında mühüm rol oynayır. Həyata keçirilmiş tədbirlər, xüsusən Bakı və Sumqayıt kimi iri şəhərlərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində öz töhfəsini vermişdir.
Bu gün ölkəmizdə atmosfer havasının keyfiyyətinə təsir edən digər əsas amillərdən biri də təsərrüfat fəaliyyəti zamanı ekoloji norma və standartlara riayət olunmamasıdır. Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması qarşıya mühüm vəzifə kimi qoyulub. Havanın çirklənməsinin 70%-dən çoxu avtonəqliyyatın payına düşür. Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernizasiya işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına müsbət təsir edəcəkdir.
Təsərrüfat obyektlərində müvafiq avadanlıqların qurulması da ciddi nəzarətə götürülmüşdür. Atmosfer havasına atılan tullantıların qarşısının alınması istiqamətində maarifləndirmə, təşviqat və inzibati tədbirlər həyata keçirilir.
- Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” ilə bağlı nə kimi addımlar atılır?
- Hazırda bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması istiqamətində müvafiq qanunvericilik bazası yaradılır, onların toplanması və təkrar emalı sistemi təkmilləşdirilir. Avropa ölkələrinin bir çoxunda əsas tədbir kimi plastik torbaların ödənişli olması və ya onlara ekoloji vergi tətbiqi kimi üsullardan istifadə edilir. Bununla yanaşı, dəfələrlə istifadə oluna bilən parça torbalardan, bakteriyaların və ya digər canlı orqanizmlərin parçalaya biləcəyi çantalardan istifadənin təşviqi də görülən tədbirlər sırasındadır. Ümumilikdə isə, 40 ölkədə plastik məhsulların istifadəsi məhdudlaşdırılıb.
Ölkə rəhbəri tərəfindən verilmiş Sərəncam bu kimi məsələlərin həllində əhəmiyyətli rol oynadı. Tədbirlər Planı 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə edir. Tədbirlər Planında plastik qablaşdırma materiallarının ətraf mühitə mənfi təsirinin azaldılması və onların alternativlərinin ölkə bazarına daxil olmasının asanlaşdırılması üçün stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycanda istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-cu illə müqayisədə təqribən 2,5 dəfə artıb, eyni zamanda, 2009-cu illə müqayisədə 5 dəfə çox plastik qablaşdırıcı idxal edilib. Ölkədə hər il orta hesabla adambaşına 24 kiloqram plastik tullantı yaranır.
Tullantıların idarə olunması bütün ölkələrə xas olan problemdir və iqtisadi inkişaf dövrünü yaşayan ölkəmizdə də özünü göstərir. Balaxanı poliqonunun müasir standartlara uyğun yenidən qurulması, Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodlarının istismara verilməsi, Təhlükəli Tullantılar Poliqonunun yaradılması, poliqonların əksəriyyətinin tam bərpa olunması və çoxsaylı qeyri-qanuni tullantı sahələrinin təmizlənməsi hesabına Bakıda köklü müsbət dəyişikliklər hiss olunur.
Lakin digər ərazilərdə, xüsusilə də iri yaşayış məntəqələrində məişət tullantılarının daşınması və yerləşdirilməsi narahatlıq doğurur.
- Bəs respublikamızda su ehtiyatlarının idarə edilməsi ilə bağlı durum hansı səviyyədədir?
- BMT-nin 2018-ci ildə nəşr olunmuş Dünya Su İnkişafı Hesabatına əsasən iqtisadiyyatın inkişafı və əhalinin artması səbəbindən suya olan tələbat hər il təqribən 1% artır və bu əsasən inkişaf etməkdə olan ölkələrdə daha çox özünü büruzə verir. Hazırda dünya əhalisinin 40%-dən çoxu su qıtlığı problemindən əziyyət çəkir və iqlim dəyişikliyi nəticəsində 2050-ci ilə qədər bu rəqəmin artacağı proqnozlaşdırılır.
Ölkəmizə gəlincə, araşdırmalara görə, Cənubi Qafqazın ümumi su ehtiyatının yalnız 10 faizi Azərbaycanın payına düşür. Ölkənin su ehtiyatlarının təqribən 70%-i qonşu dövlətlərin ərazisində formalaşır və Azərbaycan üçün regional su resurslarının dövlətlərarası ədalətli bölünməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Respublikanın ərazisinin 3/4 hissəsi ölkənin ən böyük su arteriyası olan Kür çayı hövzəsinin aşağı relyefində yerləşdiyindən, çayın qonşu dövlətlərin ərazilərində çirklənməsi ekoloji gərginlik yaradır.
Dinamik iqtisadi inkişafla əlaqədar ölkədə kifayət qədər iri su istifadəçiləri yaranmışdır ki, onların da fəaliyyət sahəsində içməli sudan təyinatına uyğun olmayaraq səmərəsiz istifadə və israfçılıq hallarına yol verilir. Təbii mənbələrdən götürülən suyun istehlakçıya çatdırılması prosesində də böyük itkiyə yol verilir ki, bu da az su ehtiyatlarına malik olan ölkəmiz üçün böyük rəqəm hesab olunur.
Hazırda ölkəmizdə su qıtlığının qarşısının alınması məqsədi ilə yeni alternativ su mənbələrinin yaradılması istiqamətində müvafiq işlər həyata keçirilir. Su istehlakçılarının tələbatının tam ödənilməsi məqsədilə əlavə müxtəlif tutumlu yeni su anbarlarının yaradılması ölkənin su təhlükəsizliyində mühüm rol oynaya bilər. Yaxın gələcəkdə alternativ su mənbələrinin axtarışı, yağış sularından istifadə olunması, dəniz suyunun duzsuzlaşdırılması, sudan təkrar istifadə kimi amillər də nəzərə alınmalıdır.
- Muxtar müəllim, hazırda Xəzər dənizinin ekoloji vəziyyəti də aktual məsələlərdən biridir. Xəzərin ekoloji vəziyyətinin çirklənməsinin qarşısının alınması üçün hansı tədbirlər həyata keçirilir?
- Bu gün nazirliyin fəaliyyət hədəflərindən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin.
Lakin əfsuslar olsun ki, antropogen və təbii amillərin təsiri (qlobal iqlim dəyişiklikləri, dəniz səviyyəsinin tərəddüdü, çay axınının həddən artıq tənzimlənməsi, çirklənmə, qanunsuz balıq ovu və s.) Xəzər dənizi ekosisteminin deqradasiyasına gətirib çıxarmışdır.
Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyasında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir.
Dənizin Azərbaycan sektorunda və onun şimaldan cənubadək sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqlər keçirilmiş və dənizə olan axarlar müəyyən edilərək xəritələşdirilmişdir. Etiraf etmək lazımdır ki, sahil zolağında yerləşən rayonların əksəriyyətində təmizləyici qurğular olmadığından müxtəlif tərkibli tullantı suları təmizlənmədən Xəzərə axıdılır.
Xəzər dənizinin su balansında əsas rolu dənizə tökülən 130-a qədər çay təşkil edir. Dənizin qidalanmasında Volqa çayının xüsusi əhəmiyyəti olsa da, bu gün Xəzər akvatoriyasını ən çox Volqa çirkləndirir.
Bu su hövzəsinin qorunması ilə bağlı regional və beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, tərəfdaş olduğumuz konvensiyaların müddəaları da bu sahəni daim diqqət mərkəzində saxlamağı bizdən tələb edir. Ötən ilin avqust ayında Qazaxıstanın Aktau şəhərində keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının Beşinci Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya”nın imzalanması ilə regionda əməkdaşlığa yeni zəmin yaranmışdır.
- Bu gün respublikamızın ərazisində yaşıllaşdırma işləri də böyük vüsət alıb. Bu barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Abşeron yarımadasının iqlimini nəzərə alaraq, onun aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərində yaşıllaşdırma işlərinin aparılması ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində effektiv bir vasitədir.
Əsas prioritet istiqamətlərimizdən biri də meşələrin artırılması və bərpası, o cümlədən meşələrdən davamlı istifadə edilməsidir. Meşələrin qanunsuz qırılması və digər dağıdıcı müdaxilələrin qarşısının alınması, meşələrin qorunması və mühafizəsinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
Hazırda “Azərkosmos” ASC və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə meşə ilə örtülü ərazilərin dəqiqləşdirilməsi məqsədilə inventarlaşma işləri aparılır. Bu işlərdə nazirliyin nəzdində fəaliyyət göstərən geodeziya və kartoqrafiya xidmətinin imkanlarından da geniş istifadə edilir.
Bundan əlavə, meşə idarəetmə sisteminin müasirləşdirilməsi, meşə ekosisteminin qorunub saxlanılması, yeni meşə sahələrinin salınması və meşə təsərrüfatından beynəlxalq təcrübələr əsasında davamlı istifadə edilməsi məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə Yeni Milli Meşə Proqramının hazırlıq işlərinə başlanılıb və Proqramın ilkin layihəsi tamamlanıb. Azərbaycan Respublikasının Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün nəzərdə tutulub.
- Mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında Prezident İlham Əliyev və ailə üzvləri də iştirak etdi...
- Bəli, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.
Ağacəkmə kampaniyası zamanı “Keçmiş yod-brom zavodunun çirklənmiş ərazilərinin təmizlənməsi” və “Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığındakı çirklənmiş ərazilərin təmizlənməsi” layihələri barədə Prezident İlham Əliyevə məlumat verilib. Suraxanı rayonunda keçmiş yod-brom zavodunun ərazisində lay suları, duz, yod və digər tullantılarla çirklənmiş 67 hektar sahənin təmizlənərək bərpa edilməsi, kollektor-drenaj sisteminin qurulması işləri uğurla icra olunub. Ümumilikdə, indiyədək bu ərazidə yerli iqlim şəraitinə uyğun 50 mindən çox müxtəlif növ ağac əkilərək böyük yaşıllıq zolağı salınıb.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən ağacəkmə aksiyasında 4 hektar ərazidə, ümumilikdə, 3250 ağac əkildi. Ağaclar əraziyə çəkilmiş müasir, avtomatlaşdırılmış damcılı suvarma sistemi vasitəsilə suvarılır. Suvarma üçün su isə Hövsan Aerasiya Stansiyasından götürülür və təmizləyici qurğularda təmizləndikdən sonra suvarmaya ötürülür. Damcılı suvarma sisteminin elektrik enerjisi ilə təchizatı Suraxanı Günəş Elektrik Stansiyası hesabına təmin ediləcək.
Ölkəmizin zəngin flora və faunasının qorunması, ekoloji durumun daha da yaxşılaşdırılması, Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə çox böyük işlər görüb. Ümummilli Liderin əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.
Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.
Müxtəlif vaxtlarda icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir.
- Respublika ərazisindəki mövcud mineral xammal bazası və ondan səmərəli istifadə ilə də bağlı hazırda hansı işlər aparılır?
- Azərbaycan Respublikası çox əlverişli təbii şəraitə və zəngin təbii ehtiyatlara malik ölkədir. Aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində ölkənin bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir.
Dövlət balansında qeydiyyata alınmış, sənayenin müxtəlif sahələrində istifadə oluna bilən faydalı qazıntı ehtiyatları istismara cəlb edilməmişdir. Bu yataqlara misal olaraq seolit, kükürd, barit, gips, anhidrid, gəc, keramika xammalı, dolomit, bentonit gilləri, kvarsit, mineral boyalar, flyus və soda üçün əhəngdaşı xammalı, şüşə xammalı, selitra, karbonat xammalı, əlvan daşlar, kaolin gilləri və s. göstərmək olar.
Sadalanan mineral xammal ehtiyatları qeyri-neft sektorunun inkişafında sənayenin müxtəlif sahələrində - metallurgiya, kimya, neft, neft-kimya, sement istehsalı, tibb, zərgərlik, tikinti, şüşə istehsalı, yol və inşaat işlərində geniş tətbiq oluna bilər.
Filiz yataqlarının öyrənilməsi istiqamətində “AzerGold” QSC ilə birgə ölkənin ən böyük qızıl yatağı kimi proqnozlaşdırılan Tülallar sahəsində tədqiqat işləri davam etdirilir və bütün filiz yataqları haqqında məlumatlar rəqəmsallaşdırılır.
Əsas prioritet məsələlərdən başlıcası ehtiyatlar balansında qeydiyyata alınmış mineral xammal yataqlarının istismara cəlb olunması və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsindən ibarətdir.
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin beynəlxalq əlaqələri haqqında da məlumat verməyinizi xahiş edirik...
- Ətraf mühit problemlərinin ümumbəşəri bir problem olduğunu nəzərə alaraq, dünyanın heç bir ölkəsi ətraf mühitin mühafizəsi problemlərini təklikdə həll etmək iqtidarında deyil. Bu məqsədlə ölkəmiz üçün ətraf mühitin mühafizəsi sahəsində digər ölkələr və təşkilatlarla razılaşma və sazişlərin imzalanması, beynəlxalq konvensiyalara qoşulma vacib məsələlərdəndir. Azərbaycan 20-dən çox beynəlxalq konvensiya və protokollara qoşulub. Bu istiqamətdə fəaliyyət bu gün də davam etdirilir və qlobal məqsədlərə xidmət edən digər beynəlxalq çoxtərəfli müqavilələrə qoşulma istiqamətində müvafiq işlər aparılır. 40-a yaxın ölkə ilə ikitərəfli müqavilələr imzalanıb.
- Bildiyimiz kimi, ölkəmizdə bir sıra qoruq və milli parklar fəaliyyət göstərir. Burada ekoturizmin inkişafı ilə əlaqədar hansı perspektivlər mövcuddur?
- Azərbaycan Respublikası Qafqaz ölkələri və bütövlükdə Avropa üzrə zəngin biomüxtəlifliyə malik olan ölkələrdəndir. Bu baxımdan ölkəmizdə biomüxtəlifliyin qorunması həm milli və regional, həm də qlobal əhəmiyyətə malikdir. Hazırda xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 10,3 %-nə çatdırılıb. Ölkədə 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üzrə Milli Strategiya” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ildə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında Qızılağac Milli Parkı yaradılıb. Bu ildən etibarən Almaniya İnkişaf Bankının maliyyə dəstəyi ilə Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğunun yaradılması işlərinə başlanılacaqdır.
Ekoloji turizm - dünya turizm sənayesinin ən sürətli inkişaf edən sahələrindən biridir. Ekoloji turizm istirahət məqsədi ilə istifadənin yeni forması olmaqla yanaşı, təbiətdən zövq almaq, rekreasiya ehtiyatlarından düşünülmüş şəkildə istifadə etməyi, bioloji müxtəlifliyin qorunmasını təbliğ etməklə, həm də turizm fəaliyyətinin dayanıqlılığını tələb edir. Ekoturizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi ilə birlikdə beynəlxalq ekspertlərin dəstəyi ilə yeni ekoturizm konsepsiyası hazırlanır.
Bu istiqamətdə Leyla xanım Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini xüsusi vurğulamaq istərdim. IDEA İctimai Birliyinin bu istiqamətdə gördüyü işləri, xüsusilə də ətraf mühitin mühafizəsi işinə gənclərin cəlb olunmalarını yüksək qiymətləndiririk.
IDEA İctimai Birliyi ilə birgə nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər bu gün də davam edir. Belə ki, nəsli kəsilmiş zubrların (Avropa bizonu) bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması və çoxaldılıb təbiətə buraxılması üçün Şahdağ Milli Parkının ərazisində volyer kompleksi inşa edilib. 2019-cu ilin aprel ayında ölkəyə bizonların introduksiya olunması və bir ay müddətində qapalı volyer şəraitində saxlanıldıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin birgə təqdimatı ilə təbiətə buraxılması planlaşdırılır.
Bildiyiniz kimi, IDEA-nın təşəbbüsü ilə Azərbaycanın təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaq məqsədilə milli parklarla bağlı sənədli filmlər silsiləsi də yaradılır. Sözügedən layihə çərçivəsində 2014-cü ildə “Şirvan Milli Parkı”, 2015-ci ildə “Quşlar cənnəti - Ağgöl Milli Parkı” və “Göygöl Milli Parkı”, 2017-ci ildə “Azərbaycan. Ceyranların xilası”, ötən il isə “Abşeron Milli Parkı” sənədli filmləri geniş ictimaiyyətə təqdim olunub. Layihə çərçivəsində ölkəmizin bütün milli parkları haqqında sənədli filmin hazırlanması nəzərdə tutulur. Bu yaxınlarda “Şahdağ. Dağların şahı” sənədli filminin təqdimat mərasimi keçirildi və Qızılağac Milli Parkından bəhs edən və hazırda çəkilişləri davam edən yeni filmdən kadrlar göstərildi və geniş auditoriya tərəfindən böyük maraqla qarşılandı.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıqları və dəstəyi ilə reallaşdırılan layihələr də ölkəmizdə ətraf mühitin mühafizəsinə mühüm töhfələr verməkdədir.
- Sizcə, ətraf mühitin qorunmasını təmin etmək üçün ictimai nəzarət hansı səviyyədədir?
- Əlbəttə, dövlət qurumları ilə yanaşı, ətraf mühitin qorunmasını təmin etmək üçün ictimai nəzarət daha da artırılmalıdır. Nazirliyin ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biridir.
Belə ki, ətraf mühitin vəziyyəti və bu sahədə olan problemlərin aradan qaldırılmasında ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə müxtəlif mövzularda ekoloji təbliğat xarakterli görüşlər keçirilir, kütləvi informasiya vasitələrində çıxışlar təşkil edilir. Beynəlxalq ekoloji təqvim günlərində də ekoloji təbliğat xarakterli tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə “Dövlət Proqramı”na və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışına əsaslanaraq gənclərdən ibarət “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupu yaradılmışdır. Bu günə kimi, artıq 500-ə yaxın könüllü gənc müraciət etmişdir. Seçilmiş namizədlərdən gələcəkdə nazirliyin ehtiyat kadr heyətinin formalaşdırılması nəzərdə tutulur ki, bu da gənclərin iş həyatına uğurlu bir keçid fürsəti yaradacaqdır. Biz hər bir kəsi laqeyd olmamağa, təbiəti sevməyə və qorumağa çağırırıq.

 
  • Oxunub:  11220  |  
  • Tarix:  21-05-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA