Ana səhifə »  Müsahibə »  “Əsrin müqaviləsi” Ulu Öndərimizin şah əsəri, bugünkü və gələcək inkişafımızın təməl daşıdır
A+   Yenilə  A-
“Əsrin müqaviləsi” Ulu Öndərimizin şah əsəri, bugünkü və gələcək inkişafımızın təməl daşıdır

SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev www.yap.org.az saytına müsahibə verib:
- Rövnəq müəllim, sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında mühüm tarixi hadisə kimi səciyyələndirilən “Əsrin müqaviləsi”nin imzalanmasının 25 ili tamam olur. İlk olaraq istəyirik ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının dövlətimiz və xalqımız üçün əhəmiyyəti barədə fikirlərinizi bildirəsiniz. “Əsrin müqaviləsi”nin imzalanması dövrünü necə xarakterizə edərdiniz?
- Xalqımız Azərbaycan tarixi üçün xüsusi əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü qeyd edir. Bir əsrin dörddə biri qədər zaman kəsiyini geridə qoymuşuq. “Əsrin müqaviləsi”nin icrası prosesi bizim üçün 25 il ərzində alışdığımız adi həyat tərzi və fəaliyyətimizin obyektiv inikasıdırsa, tarixi baxımdan, uzunmüddətli perspektiv və gələcəyə nəzər saldıqda bu hadisə Azərbaycanın inkişaf və yüksəliş yolunda əsas dönüş nöqtəsi olmuşdur. Ötən 25 ildə qazandığımız uğurların bəhrələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifah halında bariz şəkildə hiss olunur. Bizə nə qədər adi gəlsə də, görülən titanik işlər öz həcminə və əhəmiyyətinə görə olduqca möhtəşəm və heyrətamizdir. Bütün bunlar gərgin zəhmətin, qətiyyətli siyasi iradənin, ardıcıl idarəçilk dəst-xəttinin, dönməz və məqsədyönlü fəaliyyətin, ilk növbədə isə müstəqil dövlətçiliyimizin memarı, Ulu Öndər Heydər Əliyevin siyasi dühasının, müdrik uzaqgörənliyinin, yorulmaz səylərinin nəticələridir. Ümummilli Liderimiz Heydər Əliyevin qalibiyyətli enerji strategiyasının təməl daşı olmuş “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. Ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun, xalqımızın firavan həyatının qarantına çevrilmiş uzunmüddətli enerji strategiyası bu gün də Azərbaycanın dinamik inkişafı ilə paralel irəliləyərək, bir-birindən parlaq zəfərlərə yol açır, neft-qaz sənayemizi daha yüksək zirvələrə aparır.
“Əsrin müqaviləsi”nin 25 illiyi ötən dövrə, müstəqil Azərbaycanın yaxın keçmişinə nəzər salmağa, hardan hara gəldiyimizi xatırlamağa əlamətdar bir vəsilədir. Ötən müddətdə ölkəmizdə gənc nəsil formalaşmışdır və tamamilə yeni reallıqlar zəminində yetişmiş bu gənc nəslin bu tarixin həqiqətlərini bilməsi vacibdir. Digər tərəfdən, gələcək fəaliyyətimizin düzgün planlaşdırılması baxımından qazanılmış təcrübə müstəsna əhəmiyyət kəsb edir. Keçilən yolu bir daha nəzərdən keçirmək, qədim tarixə, şanlı ənənələrə malik neft-qaz sənayemizin böyük bir mərhələsinə yekun vurmaq “Əsrin müqaviləsi”nin 25 illiyi ərəfəsində, düşünürəm ki, zəruri və faydalıdır.
Dövlət müstəqilliyimizin ilk illərində, xarici təcavüz, daxili siyasi-iqtisadi böhranla üzləşdiyimiz o ağır dövrdə ölkənin nicatı naminə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dərin siyasi zəkası, zəngin idarəçilik təcrübəsi ilə qısa bir zamanda ölkədə sabitlik yaratmağa müvəffəq oldu və Azərbaycanın davamlı inkişaf yoluna qədəm qoyması, xalqın rifahının yüksəlməsi üçün yeni neft strategiyasının işlənilməsinə başladı. Sosial-iqtisadi tənəzzülün aradan qaldırılması, gənc müstəqil dövlətin əsaslarının gücləndirilməsi məqsədi ilə Xəzər dənizində hələ sovet dövründə Azərbaycan geoloqları tərəfindən kəşf edilmiş “Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının işlənilməsi, nüfuzlu xarici neft şirkətləri ilə milli maraqlara söykənən səmərəli əməkdaşlıq modelinin qurulması, müasir texnologiyaların, yeni nəsil avadanlıqların tətbiq edilməsi xətti götürüldü. Beləliklə, XX əsrin ən möhtəşəm qlobal enerji layihələrindən birinə start verildi.
Yeni neft strategiyasının ideya mənbələrindən, başlıca konseptual prinsiplərindən danışarkən Ulu Öndərin Azərbaycan neft sənayesinin zəngin tarixinə, önəmli nailiyyətlərinə, şanlı ənənələrinə istinad etməsi ilk növbədə qeyd olunmalıdır. Tarixi varislik Azərbaycanın uzunmüddətli, davamlı enerji strategiyasının əsas qayəsini təşkil edir və bu, heç də təsadüfi deyil. Dünya neftçıxarma işinin pionerlərindən olan Vətənimizdə neft sənayesi tarixinə parlaq səhifələr yazılmışdır. Bakı neftçiləri tarix boyu misilsiz fədakarlıqlar göstərərək neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli sahələrində ən mütərəqqi yenilikləri istehsalatda tətbiq etmişlər. Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk dövrlərdən neft sənayesinin inkişafına, onun innovativ əsasda təkmilləşdirilməsinə böyük diqqət və qayğı ilə yanaşmış, keçmiş Sovetlər Birliyində hökm sürən olduqca ağır şərtlər daxilində mövcud imkanlardan yararlanaraq neft sənayesinin inkişaf perspektivlərini təmin edən əsas təsisatların - elmi-tədqiqat institutlarının, istehsalat birliklərinin, mühüm strateji müəssisələrin Bakıda cəmləşməsinə nail olmuşdu. Ötən əsrin 70-80-ci illərində Ulu Öndərin rəhbərliyi ilə neft sənayesinin müasirləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, Azərbaycanın bu sahədə öncül mövqeləri qorunub saxlanılmışdı. Biz bu gün aydın şəkildə görə bilirik ki, Azərbaycanın keçmiş SSRİ-də neft sənayesinin avanqard qüvvəsinə çevrilməsi üçün o dövrdə aparılmış gərgin, məqsədyönlü fəaliyyət əslində gələcəyə hesablanmış və strateji əhəmiyyət daşımışdır. Başqa sözlə, müstəqil Azərbaycan dövlətinin iqtisadi cəhətdən qüdrətlənməsinin fundamental əsasları Ulu Öndər Heydər Əliyevin 70-80-ci illərdə atdığı məqsədyönlü siyasi addımlar, neft sənayesinin texniki cəhətdən müasirləşməsi xətti ilə qoyulmuşdur. “Əsrin müqaviləsi” yeni dövrdə həmin xəttin məntiqi davamını təşkil edirdi.
Bu gün Hasilatın Pay Bölgüsü Sazişlərinin imzalanması Azərbaycan üçün adi hala çevrilsə də, 25 il əvvəl bu, kifayət qədər problematik bir məsələ idi. Azərbaycan öz tarixinin, bəlkə də, ən ağır, keşməkeşli dövrlərindən birini yaşayırdı. Siyasi və iqtisadi risklər potensial xarici investorlar üçün qeyri-məqbul dərəcədə yüksək idi. Müharibə vəziyyətinə salınmış, parçalanma, hətta bir dövlət olaraq məhv olma təhlükəsi ilə üzləşmiş, ciddi kapital ehtiyatına malik olmayan bir ölkəyə etimad bəsləmək, külli miqdarda sərmayə yatırmaq çoxlarına məntiqsiz görünürdü. Üstəlik xarici təzyiqlərin artması, məlum qüvvələrin Xəzər bölgəsi və onun resursları uğrunda apardığı mübarizənin kəskinləşməsi bütün mümkün konstruktiv niyyət və meyilləri dalana dirəyirdi. O dövrdə dünya neft bazarında şərait də indiki kimi əlverişli deyildi. Doğrudur, sonrakı illərdə konyunktura dəyişmiş, xam neftin qiymətləri 100 dollar və daha yüksək qiymətə çatmışdı. Lakin “Əsrin müqaviləsi” ilə bağlı qərar verilən zaman dünya bazarında neftin qiyməti cəmi 10-12 dollar civarında dəyişirdi. “Azəri-Çıraq-Günəşli” layihəsi bu yataqların zəngin ehtiyatları baxımından müəyyən qədər cazibədar görünsə də, xarici şirkətləri bu yataqların işlənilməsində iştirak etməyə stimullaşdıran amillərin çəkisi onları ehtiyatlandıran faktorlarla müqayisədə dəfələrlə böyük idi. Xarici tərəfdaşların layihəyə cəlb olunması isə obyektiv zərurətdən irəli gəlirdi. Çünki bu yataqlar bloku Xəzərin dərinsulu hissəsində yerləşirdi, dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan bu mürəkkəb geoloji texniki şəraitdə işləmək üçün lazım gələn baza parametrlərinə tam həcmdə malik deyildi. Beləliklə, göstərilən şəraitdə dünya miqyaslı xarici neft şirkətlərini bu layihənin gələcəyinə inandırmaq, ölkəmizə investisiya yatırmağa sövq etmək Azərbaycan rəhbərliyindən xüsusi diplomatik məharət tələb edirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev o zaman olduqca gərgin geosiyasi şəraitdə aparılan danışıqların əsas yükünü öz üzərinə götürərək, yüksək bilik, bacarıq, təlqinetmə gücü və diplomatik səriştəsi nəticəsində xarici şirkətlərin yüksək etimadını qazanaraq Azərbaycanın milli maraqlarının təmin edilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də bütün xarici və daxili müqavimətlərə baxmayaraq, dünyanın nüfuzlu neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı.
Çox keçmədən, 1997-ci ildə “Çıraq” yatağından ilkin neft hasil olundu və gündəmə “qara qızıl”ı ixrac etmək, onu dünya bazarlarına çıxarmaq məsələsi gəldi. Əslində, bu məsələ hələ ilk dövrlərdən həmişə diqqət mərkəzində olmuşdu.
- Yeni neft strategiyasının həyata keçirilməsində ixrac boru kəmərlərinin inşası və istifadəyə verilməsi nə dərəcədə əhəmiyyət kəsb edirdi?
- Zəngin neft ehtiyatlarımızın xarici tərəfdaşlarla birlikdə işlənilməsini zərurətə çevirən səbəblərdən biri də bu idi ki, Xəzər dənizi qapalı hövzədə yerləşirdi və ölkəmizin dünya neft bazarlarına birbaşa çıxışı yox idi. Beləliklə, 1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında Rusiya Federasiyası ilə hökumətlərarası saziş imzalandı. 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə verildi. Amma hasil olunacaq böyük neft həcmləri ilə müqayisədə bu kəmərin ötürücülük qabiliyyəti məhdud idi. Digər tərəfdən Azərbaycan xam neftin nəqli məqsədi ilə ixrac kəmərlərinin şaxələndirilməsi prinsipini əsas götürmüşdü. Bu baxımdan 1997-ci ildə neftin Bakı-Supsa marşrutu ilə Qara dənizə çıxarılması haqqında Gürcüstanla sazişin imzalanması mühüm hadisə oldu. 1999-cu ildə isə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi və Azərbaycan nefti qərbə doğru istiqamət götürdü.
Bununla belə, neft hasilatında baş verən sıçrayış təxirə salınmadan əsas ixrac boru kəmərinin inşasını aktuallaşdırırdı. Ulu Öndər Heydər Əliyev strateji önəm daşıyan Bakı-Tbilisi-Ceyhan marşrutunu irəli sürdü və sonadək bu ideyanı dəstəkləyərək, kəmərin bu istiqamətdə gerçəkləşməsinə nail oldu. Bakını inkişaf etmiş Qərb dövlətləri ilə bağlayan etibarlı enerji körpüsü kimi nəzərdə tutulan bu kəmər ətrafında gedən sərt geosiyasi polemikaya baxmayaraq, Ulu Öndərin siyasi qətiyyəti nəticəsində 2006-cı il may ayının 28-də Azərbaycan nefti Ceyhan limanına çatdırıldı və “Üç dənizin əfsanəsi” adlandırılan BTC layihəsi də gerçəkliyə çevrildi. Zaman keçdikcə bu kəmər Mərkəzi Asiya mənşəli neft həcmlərinin dünya bazarına etibarlı nəql vasitəsi kimi əhəmiyyətini artırdı. BTC ilə eyni dəhlizdə inşa edilən və “Şahdəniz” yatağından hasil olunan təbii qaz həcmlərinin ixracı məqsədinə xidmət edən Cənubi Qafqaz boru kəməri (CQBK) hazırda genişləndirilərək, Avropanın enerji təhlükəsizliyi sisteminin tərkib hissəsi kimi nəzərdə tutulan möhtəşəm Cənub Qaz Dəhlizinin 4 əsas seqmentindən birini təşkil edir və qlobal əhəmiyyətli mühüm texniki-iqtisadi infrastruktur olaraq fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dönməz siyasi iradəsi və yorulmaz səyləri sayəsində bu gün artıq reallığa çevrilmiş Cənub Qaz Dəhlizi qarşıdakı dövrdə bizi Avropa ölkələri və Avropadan olan tərəfdaşlarımızla daha sıx bağlayacaq, ölkəmiz üçün yeni, güclü bir gəlir mənbəyinə çevriləcəkdir. Beləliklə, ölkəmizdə qısa müddətdə şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin qurulub inkişaf etdirilməsi “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı başlıca nailiyyətlərdən biridir. Azərbaycanda Xəzər hövzəsindən Avropayadək uzanan çoxşaxəli boru kəmərləri, liman və terminallar, bir sözlə, tam işlək, müstəqil infrastruktur yaradılmışdır və bu, ölkəmizin şəksiz üstünlüyünə dəlalət edir. Üçüncü tərəflər bizim transmilli və qitələrarası infrastrukturdan yararlanaraq, öz enerji resurslarını beynəlxalq bazarlara çıxara bilərlər.
- Neft təbii sərvət kimi Azərbaycanın həyatında hansı rola malikdir?
- Möhtərəm Prezidentimiz İlham Əliyev “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətini vurğulayarkən onu “uğurlu inkişafımızın əsas mənbəyi” adlandırır. Son 25 ildə ölkəmizdə neft hasilatı 4 dəfədən çox artmışdır. Bu, olduqca böyük nəticədir və ölkə həyatının bütün sahələrində özünü parlaq şəkildə büruzə vermişdir. Əldə olunan neft gəlirlərinin səmərəli idarə edilməsi nəticəsində ordunun, təhsil, elm və səhiyyə müəssisələrinin müasirləşdirilməsi, sosial xidmətlərin səviyyəsinin yüksəldilməsi, urbanizasiya və müasir şəhər infrastrukturunun inkişaf etdirilməsi və başqa sahələrdə əsl sıçrayış baş vermişdir.
Təsadüfi deyil ki, bu 25 il ərzində ölkədə ümumi daxili məhsul 216 dəfə artmış, yoxsulluq səviyyəsi 10 dəfədən də çox azalmışdır. Azərbaycan bu gün iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Ölkədə abadlıq, quruculuq işləri genişlənir, şəhərlər, kəndlər simasını dəyişir, iritutumlu sosial layihələr müvəffəqiyyətlə həyata keçirilir. Uğurla gerçəkləşdirilən iqtisadi islahatların bəhrələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifah halında əks olunur. İqtisadiyyatın, sosial inkişafın müxtəlif seqmentlərində keçirilən layihələr, dövlət və özəl müəssisələr tərəfindən qoyulan sərmayələr həm birbaşa, həm də dolayısı ilə yüz minlərlə, milyonlarla Azərbaycan vətəndaşı üçün iş yerləri, biznes imkanları, müxtəlif sahələrdə dayanıqlı, fəal qazanc mənbələri yaradıb. Neft gəlirlərinin insan kapitalına transformasiyası həyatımızın keyfiyyət göstəricilərinin, ilk növbədə isə, xalqımızın maddi rifah halının durmadan yüksəlməsinə səbəb olub. Möhtərəm Prezidentimizin sözləri ilə desək, “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi”.
“Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsi olan qədim neft-qaz sənayesində yeni dövrün başlanğıcını qoydu. Kontrakt sahələrində dünya standartlarına uyğun ən yüksək texnika və texnologiyanın tətbiq olunması neft-qaz sənayesinin modernləşdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, “AÇG” yataqlar bloku olduqca mürəkkəb geoloji quruluşa malikdir. Belə bir çətin zonada cəmi 25 il ərzində nisbətən sadə bir platformada icra olunan “İlkin neft” layihəsindən nəhəng tammiqyaslı işlənmə mərhələsinə keçilməsində və belə böyük uğurlar qazanılmasında texnoloji yeniliklərin müstəsna rolu olmuşdur. Ötən müddətdə ölkəyə ümumilikdə təqribən 265 milyard, neft sənayesinə 101 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Təkcə “AÇG”nin işlənilməsinə yatırılmış sərmayənin miqdarı 36 milyardı keçmişdir. Neftqazçıxarma sahələrində texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması, istehsalın optimallaşdırılması, effektivliyin yüksəldilməsi, texniki və ekoloji təhlükəsizliyin təminatı məqsədilə mövcud elmi-texniki potensialdan səmərəli istifadə edilmiş, müxtəlif əməliyyatların icrası üçün yeni texnika, maşın-mexanizmlər tətbiq olunmuşdur. Elmtutumlu innovativ yanaşmanın nəticəsidir ki, Xəzərin Azərbaycan sektorunda yaradılmış dəqiq hasilat və nəqletmə sistemi miqyas və səmərəliliyinə görə bütün dünyada nümunə göstərilir. Qürurla deyə bilərik ki, neftçıxarma ilə məşğul olan çox az ölkədə belə təkmil sistemə rast gəlmək mümkündür.
Yeri gəlmişkən, mən “Əsrin müqaviləsi” və sonrakı sazişlər çərçivəsində bizimlə çiyin-çiyinə çalışaraq, məsuliyyəti bölüşmüş tərəfdaş şirkətlərin əməyini qeyd etmək və uzunmüddətli uğurlu əməkdaşlığa görə onlara təşəkkürümü bildirmək istəyirəm. İnvestor və kontraktor şirkətləri ilə əməkdaşlığımız sağlam təməllər üzərində qurulmuş, bu əməkdaşlığın rəngarəng modelləri tapılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi: “Azərbaycan aparıcı xarici neft şirkətləri ilə çox uğurlu əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihələrin icrası nəticəsində böyük mənfəət əldə ediblər”. Ölkəmiz bütün dünyada xarici investorlar üçün etibarlı və stabil tərəfdaş kimi tanınır. Azərbaycana sərmayə qoyan şirkətlərə yaradılmış əlverişli investisiya mühiti “Əsrin müqaviləsi”nin başa çatmasına bir neçə il qalmış 2017-ci ildə “AÇG” layihəsi üzrə yeni Sazişin imzalanmasına imkan yaratdı. Layihənin 2050-ci ilədək uzadılması haqqında bu yeni investisiya sazişi tərəfdaşlarımızın Azərbaycana göstərdikləri yüksək etimadın təzahürüdür. İnanıram ki, “Əsrin müqaviləsi”nin davam etdirilməsi əməkdaşlığımızın daha da genişlənməsinə imkan verəcəkdir.
- Rövnəq müəllim, bu gün artıq Azərbaycan dünyada qaz ixrac edən ölkə kimi də tanınır. Ölkəmiz xaricə təbii qaz ixrac etməklə yanaşı, həm də qaz emalı və kimyası sənayesinin inkişafını diqqət mərkəzində saxlayır. Bu barədə nə deyə bilərsiniz?
- 25 il bundan əvvəl ölkənin təbii qaza olan daxili tələbatını ödəmək üçün xaricdən qaz idxal edən Azərbaycan dünyada təbii qaza tələbatın sürətlə artdığı indiki dövrdə beynəlxalq miqyasda tanınmış yeni təbii qaz mənbəyi, mühüm qaz ixracatçısı kimi tanınır. Son 11 ildə ölkə üzrə qaz ixracı 5 dəfədən çox artıb. 1999-cu ildə kəşf, 2006-cı ildən istismar edilən, dəniz akvatoriyalarında ən böyük qaz-kondensat yataqlarından olan, ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağının işlənilməsi nəticəsində enerji müstəqilliyini tam təmin etmiş Azərbaycan həm də qlobal miqyaslı nəhəng qaz layihələrinin təşəbbüskarına və aparıcı qüvvəsinə çevrilmişdir. Ötən il Azərbaycanın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi meqa-layihəsinin 4 seqmentindən 3-nü uğurla başa vurduq. Artıq “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəql edilməsinə tam hazırıq. Dəhlizin sonuncu seqmenti olan TAP kəmərinin tikintisi üzrə işlər də sona çatmaqdadır. SOCAR, eyni zamanda, həm Azərbaycanın, həm də qonşu Gürcüstanın əsas qaz operatorudur. Bu gün ölkəmizdə qazlaşdırma səviyyəsi 96 faizə yaxındır. Qaz tədarükü və qazlaşdırma sahəsində qazandığımız zəngin təcrübə bu yaxınlarda Türkiyədə satın aldığımız qazpaylaşdırıcı şəbəkənin də səmərəli idarə olunacağına əminlik yaradır.
Ötən 25 ildə Azərbaycanda qaz hasilatı 5 dəfə, son 11 ildə isə 30,3% artıb. Bu müsbət dinamika davamlı xarakter daşıyır. Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20% artım proqnozlaşdırılır. Bu dinamika növbəti illərdə də yüksələn xətt üzrə davam edəcəkdir. Xəzərin Azərbaycan sektoru qaz-kondensat ehtiyatları ilə zəngindir. “Şahdəniz”lə yanaşı, “Abşeron”, “Qarabağ”, “Ümid” kimi yataqlarda aparılan genişmiqyaslı axtarış-kəşfiyyat və hasilat işləri mühüm uğurlar vəd edir. “Babək”, “Şəfəq”, “Asiman”, “Əşrəfi”, “Dan ulduzu”, “Aypara” strukturlarından da gözləntilərimiz böyükdür. Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimyası sənayesinin inkişafı üçün yeni üfüqlər açır, bizi indiyə qədər idxal olunan məhsulları ölkə daxilində istehsal edən yeni müəssisələr yaratmağa ruhlandırır. Ötən il bu istiqamətdə mühüm irəliləyişə nail olduq, “SOCAR Polymer” layihəsi çərçivəsində tikilmiş polipropilen və yüksək sıxlıqlı polietilen qurğularında və “SOCAR Karbamid” zavodunda istehsala başladıq.
Yeni zavodların spesifikası bundan ibarətdir ki, həm son istehlak məhsulları istehsal etməklə ölkədaxili tələbatın təminatına imkan verəcək, həm də Azərbaycanın ixrac potensialını genişləndirəcəkdir. Belə ki, bu müəssisələrin məhsulları ölkəmizdə qeyri-neft sektorunun, ilk növbədə mühüm əhəmiyyətə malik aqrar sektorun, habelə kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişafına güclü təkan verəcəkdir. “SOCAR Polymer”in qurğularında istehsal edilən məhsulların 75 faizinin, azot gübrəsi karbamid məhsulunun isə 2/3 hissəsinin xarici bazarlara ixrac ediləcəyi nəzərdə tutulur. Hər iki zavodda xammal kimi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun və “Azərikimya” İstehsal Birliyinin məhsullarından istifadə edilir. Bu nəhəng neft-qaz emalı və kimya komplekslərində aparılan yenidənqurma və modernləşdirmə işləri uğurla davam etdirilir. Görülən tədbirlər daunstrim, yəni emal və kimya sənayesinin müasirləşdirilməsi, yeni qurğular inşa edilməsi, məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin yüksək Avropa standartlarına uyğunlaşdırılması məqsədlərinə xidmət edir.
Polimer və karbamid layihələrinin bir əsas özəlliyi də ölkəmizdə neft-qaz sənayesinin qarşıdakı inkişaf perspektivlərini, sahənin gələcəyinə strateji baxışı əks etdirməsi ilə bağlıdır. Bu məsələ, düşünürəm ki, xüsusi vurğulanmalıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dayanıqlı inkişaf strategiyasına əsasən, yaxın perspektivdə qarşıda Azərbaycanın qeyri-neft sektorunun yüksəlişinə nail olmaq vəzifəsi durur. Çünki neft və qaz tükənən resurslardır və bunların daimi gəlir mənbəyi olması təbii səbəblərdən qeyri-mümkündür. Hətta dünyanın ən zəngin neft yataqları belə vaxt ötdükcə təbii olaraq tükənir. Uzun müddət işlənən yataqlarda hasilat tempinin azalması qaçılmazdır. Odur ki, ənənəvi hasilat məhsulları olan neft və qazdan asılılığın azaldılması bizim üçün prioritet istiqamətdir. Neft və qaz kimyası isə bu cəhətdən, əksinə, əlverişli perspektivlər açır. Müşahidələr göstərir ki, neft-qaz kimyası planet miqyasında getdikcə daha mühüm rol oynayan sahələrə çevrilir. Polimerlərin, plastik maddələrin yaxın gələcəkdə məişətimizin bir çox sahələrində tükənən resursları əvəzləyə biləcəyi haqqında tədqiqatlar bütün dünyada neft-qaz sənayesi biznesinin inkişaf məntiqinə güclü təsir göstərmişdir. Bu məntiqlə yanaşdıqda aydın görə bilirik ki, daha çox çeşiddə məhsul istehsal edən şirkətlər, yəni bazara həm xam neft, həm neft-kimya, həm də neft-qaz məhsulları çıxaran şirkətlər bir sahədə baş verə biləcək volatillik və böhranlardan özlərini daha yaxşı sığortalaya bilir. Bir məhsulun satış qiymətində azalma müşahidə edilərsə, digər məhsul növlərinin satışı ilə bu azalmanı kompensasiya etmək mümkün olur. Məhz buna görə də gələcəyə baxışımız investisiya portfelinin şaxələndirilməsi ilə bağlıdır və Azərbaycanda, eləcə də xaricdə yeni neft-kimya və qaz-kimya müəssisələrinin tikilib istismara verilməsini nəzərdə tuturuq.
- Rəhbərlik etdiyiniz SOCAR bu gün artıq dünyanın tanınmış enerji şirkətləri sırasındadır. Şirkətin xaricdə həyata keçirdiyi layihələr Azərbaycan iqtisadi gücünü nə dərəcədə möhkəmləndirir?
- Azərbaycanın qədim və şərəfli tarixə malik neft-qaz sənayesinin layiqli varisi olan SOCAR 25 il əvvəl regiondakı çoxsaylı yerli hasilatçı şirkətlərdən biri idisə, bu gün artıq dünyanın tanınmış enerji şirkətləri sırasında qərarlaşaraq ölkəmizin qlobal brendinə çevrilib. Təkcə son 10 ildə şirkətimizin aktivləri 4 dəfədən çox, cəmi pul vəsaitləri və ekvivalentləri isə 9 dəfəyə yaxın artım tempi göstərmişdir. SOCAR və onun müəssisələri hazırda dünyada tətbiq olunan əsas müasir texnoloji nailiyyətlərdən yararlanır. Biz artıq ən mürəkkəb geoloji strukturlarda qazma, hasilat işləri aparır, böyük dərinliklərdə platformalar quraşdırır, yüksək təzyiq şəraitində quyular qazır, maili və üfiqi qazma metodlarından uğurla istifadə edirik və bütün bunlar əvvəlki dövrlə müqayisədə bizim üçün adi prosesə çevrilib. Bu günə qədər Xəzər hövzəsində ən dərin quyular Heydər Əliyev adına yarımdalma qurğusu vasitəsi ilə SOCAR-ın qazmaçıları tərəfindən qazılmışdır. Əvvəlki mərhələlərdən fərqli olaraq indi “AÇG” və “Şahdəniz” layihələrinin bütün əsas tikinti-quraşdırma, qazma və digər xidmət işləri tam olaraq Azərbaycanda, yerli mütəxəssislər tərəfindən və yüksək beynəlxalq standartlara uyğun həyata keçirilir. SOCAR həmçinin Xəzər hövzəsindəki qonşu ölkələrin neft-qaz yataqlarının işlənməsində də yaxından iştirak edir. Şirkətimiz ənənəvi fəaliyyət istiqamətlərinin, ənənəvi bazarlarının hüdudlarını çoxdan aşmışdır. SOCAR məqsədyönlü şəkildə yeni beynəlxalq bazarlar kəşf edir, effektiv investisiya proqramları həyata keçirir, uğurlu ticarət əməliyyatları aparır. Son 10 ildə şirkətimizin dövriyyəsi 26 dəfədən çox artmış və gəlirlərin böyük hissəsi Azərbaycanın hüdudlarından kənarda əldə olunmuşdur. Xaricdəki aktivlərimiz, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə, Avstriya, BƏƏ kimi ölkələrdə əldə etdiyimiz terminallar, limanlar, zavodlar, emal, neft-kimya, logistika kompleksləri, yanacaqdoldurma və texniki servis məntəqələri Azərbaycan dövlətinin mülkiyyəti olaraq, ölkəyə sabit dividendlər gətirir, onun iqtisadi gücünün möhkəmlənməsinə xidmət edir. Azərbaycan SOCAR-ın timsalında qardaş Türkiyənin ən böyük xarici investorudur. Ötən il qardaş ölkədə tikib istismara verdiyimiz STAR neft emalı zavodunda istehsal olunan məhsullar ən böyük aktivimiz olan PETKİM-i xammalla təchiz etməklə yanaşı, Türkiyədəki biznes şəbəkəmizin inkişafına yeni təkan vermişdir.
İdarəçilik, kadr hazırlığı, avtomatlaşdırma və rəqəmsallaşdırma, beynəlxalq maliyyə standartlarına keçid, uçot-nəzarət sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişafı istiqamətləri üzrə aparılmış islahatlar öz bəhrələrini verir. Neftçilərin əmək şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının və istirahətinin səmərəli təşkili məsələləri daim diqqət mərkəzindədir. Müasir biliklərə yiyələnmiş, yüksək texnologiyalar mənimsəmiş yeni mütəxəssislər nəsli yetişdirilmişdir. Keçmişdən miras qalmış ekoloji problemlərin həlli məqsədi ilə icra olunan layihələrimiz beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanır. Sosial məsuliyyətini dərindən dərk edən SOCAR regionların sosial-iqtisadi inkişaf proqramlarında, Heydər Əliyev Fondunun layihələrində yaxından iştirak edir. Bir sözlə, şirkətimiz böyüyür, qol-budaq atır, davamlı inkişaf edir. Bütün bu inkişafın kökündə durmuş “Əsrin müqaviləsi” çıxdığımız yolda bizim etibarlı bələdçimizdir. İllər keçəcək, nəsillər bir-birini əvəz edəcək, lakin “Əsrin müqaviləsi” çərçivəsində qazanılmış nailiyyətlər xalqımızın yaddaşında əbədilik yaşayacaqdır.
Fürsətdən istifadə edərək, neftçi həmkarlarımı 20 sentyabr - Neftçilər Günü münasibəti ilə ürəkdən təbrik edir, onlara ən xoş diləklərimi yetirirəm.

 
  • Oxunub:  3780  |  
  • Tarix:  20-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır
22 Oktyabr 09:32
Siyavuş Novruzov: Onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar
22 Oktyabr 09:30
Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib
22 Oktyabr 09:27
Əli Kərimlinin təxribat planı yenə baş tutmadı
22 Oktyabr 09:26
Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi
22 Oktyabr 09:24
Zəfərin Komandanı
22 Oktyabr 09:21
Ağcabədidə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə hazırlıq işləri görülür
22 Oktyabr 09:19
Euronews: Zubrlar Qafqaza gedir
21 Oktyabr 21:12
Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21 Oktyabr 20:41
Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21 Oktyabr 20:22
Dövlət Miqrasiya Xidmətində “Açıq hökumət sahəsində gənclərin maarifləndirilməsi” təliminin açılışı olub
21 Oktyabr 20:19
Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah
21 Oktyabr 20:06
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Braziliyada ağacəkmə mərasimi keçirilib
21 Oktyabr 20:03
Şahin Mustafayev: Bu il sənaye məhəllələrində 650-dən çox iş yeri açılıb
21 Oktyabr 19:59
Hüseynbala Mirələmov: Ölkədə qarşıdurma yaratmaq istəyən qaragüruha çirkin niyyətlərini reallaşdırmağa əsla imkan verilməyəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+19 +22
gecə+15 +17