Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / 2020-ci ilin dövlət büdcəsinin 39,5 faizi bilavasitə sosial məqsədlərə yönələcək

2020-ci ilin dövlət büdcəsinin 39,5 faizi bilavasitə sosial məqsədlərə yönələcək

16.11.2019 [09:58]

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli www.yap.org.az saytına müsahibə verib:
- Hadi müəllim, hazırda 2020-ci ilin büdcə zərfinə daxil olan məsələlər gündəmin əsas mövzularından biridir. Artıq Milli Məclisdə büdcə zərfinə daxil olan qanun layihələri geniş müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub. Sizcə, gələn ilin dövlət büdcəsinin əsas üstünlükləri nədən ibarətdir?
- Bilirsiniz ki, Azərbaycan milli maraqlar üzərində qurulan, praqmatik yanaşmalara, cəmiyyətdən gələn sosial sifarişlərə əsaslanan, eyni zamanda, daim qarşıya yeni hədəflər qoymaqla reallaşdırılan məqsədyönlü siyasət sayəsində bütün parametrlər baxımından yüksək inkişafa nail olub. Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasəti bilavasitə islahatlar kursu kimi səciyyələndirmək mümkündür. Ölkənin zəngin potensialı və qlobal miqyasda meydana çıxan çağırışlar, yeni inkişaf trendləri nəzərə alınmaqla hazırlanan islahatlar, deyə bilərik ki, həyatın bütün sahələrini əhatə etmişdir və beləliklə də, respublikamızın nümunəvi inkişaf modeli formalaşmışdır. Təsadüfi deyil ki, Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğu, dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsi, biznes mühitinin optimallaşdırılması, infrastruktur təminatının yaxşılaşdırılması, bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması və digər istiqamətlərdə qazandığı uğurlar beynəlxalq səviyyədə nüfuzlu reytinq agentliklərinin, o cümlədən Dünya Bankının, Ümumdünya İqtisadi Forumunun bir qədər bundan əvvəl yayılan son hesabatlarında yüksək dəyərləndirilib.
Bütövlükdə, 2019-cu ilin ötən dövrü Azərbaycan dövlətçiliyi tarixində çox ciddi məqamlarla yadda qalmışdır. Keçirilən bir sıra hökumətlərarası və beynəlxalq tədbirlərdə möhtərəm Prezidentimiz İlham Əliyev dünya şöhrətli lider kimi qəbul olunmuş və Bakı şəhəri bundan sonra da bir neçə il bu tipli görüşlərə ev sahibliyi edəcəkdir.
Azərbaycan əhalisi və hər birimiz üçün önəmli hadisələrdən biri də odur ki, Prezidentimizin dəfələrlə səsləndirdiyi kimi, 2019-cu il ölkəmizdə sosial müdafiənin gücləndirilməsi ili kimi yadda qaldı. Belə ki, iki paket Fərman və sərəncamlarda Azərbaycan əhalisinin 4,2 milyon nəfəri təxminən 3 milyard manat civarında sosial müdafiə ilə əhatə olundu, vətəndaşlarımızın böyük bir qrupunun ödənişləri 40%-dən 2 dəfəyə qədər yüksəldi.
Büdcə məsələlərinə gəlincə, deyə bilərəm ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur.
Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur.
2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub.
- Büdcənin sosialyönümlü olması ilə bağlı nə deyə bilərsiniz?
- 2020-ci ilin ilkin büdcə müzakirələri bir daha onu göstərdi ki, təkcə 2019-cu il yox, qarşıdan gələn bütün illər, rəqəmlərin dili ilə desək, zaman-zaman sosial siyasətin yaxşılaşdırılması və müdafiənin daha da gücləndirilməsi illəri olacaqdır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq gələnilki büdcəmiz təxminən 27 milyard manat təşkil edəcək. Bu maliyyə toplumunun böyük bir hissəsi, yəni 39,5 faizi bilavasitə sosial məqsədlərə yönələcəkdir.
Ənənəvi olaraq büdcənin sosialyönümlülüyü təmin ediləcək. Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək.
Mən fürsətdən istifadə edib, gələn il üçün sosial müdafiənin güclənməsinə yönəlmiş bəzi rəqəmləri bir daha yada salmaq istəyirəm. Təkcə əhalinin məşğulluq imkanlarının artırılması sahəsində aparılacaq tədbirlərə gələn il bu ilə nisbətdə 44 faiz çox vəsait ayrılır. Ünvanlı dövlət sosial yardımları üçün 2019-cu ilə nəzərdə tutulmuş vəsaitlərin həcmi gələn il 30 faiz artırılacaq və bu hesaba əlavə 13 min ailənin müavinət almaq imkanları artacaqdır. Belə ailələrin sayı 90 mini ötəcəkdir.
- Hadi müəllim, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il üçün büdcəsində hansı məsələlər öz əksini tapır?
- Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci ilə olan büdcəsi də geniş müzakirə mövzusudur. Gələn il üçün bu büdcədə 4 milyard 825 milyon 508 min 800 manat vəsait nəzərdə tutulmuşdur ki, bu da əvvəlki illə müqayisədə 697,41 milyon manat və ya 17 faiz çoxdur.
Təkcə onu demək kifayətdir ki, bu büdcənin tərkibində transfertin həcmi 2012-ci ildə mövcud olan 42 faizdən gələn il üçün 29 faizə enərək 1 milyard 427 milyon manat təşkil edəcəkdir. Onu da qeyd edim ki, bu büdcənin artan böyük məbləği məhz DSMF-nin öz imkanları hesabına toplanacaqdır.
Sevindirici hal bir də odur ki, Prezidentimizin apardığı struktur islahatlarının səmərəsi nəticəsində qeyri-leqal məşğulluğun bu il təxminən 160 min nəfərinin sığortaya cəlb olunması bu büdcənin artımında özünü kəskin surətdə göstərə bildi. Ehtimallar var ki, bu artımlar gələn ildə çoxalacaq və DSMF əlavə vəsaitlərin toplanmasında mühüm rol oynayacaqdır. Rəqəmlər bir daha onu deməyə imkan verir ki, gələn il pensiyaların və əməkhaqlarının artım tempi davamlı surətdə çoxalacaqdır.
Bir önəmli məqamı da xüsusi vurğulamaq istəyirəm. DSMF-nin xərclər qrafasında bu il üçün nəzərdə tutulmuş vəsaitlərin səmərəli istifadə edilməsi də təqdirəlayiqdir.
Sənəddəki rəqəmlərdə öz əksini bariz surətdə tapmasa da, əhaliyə göstərilən yüksək xidmət, yaradılan şəffaflıq, operativlik, müraciət edənlərin məmnunluğu bu qurumun həm də DOST xidməti vasitəsilə gördüyü təqdirəlayiq işlərdəndir. Pensiyaların elektron qaydada ödənilməsi texnologiyası və bununla yanaşı, artıq müavinətlərin 14 növünün bu qaydada paylaşılması məmur-vətəndaş təmasının sıfıra yaxınlaşmasına imkan yaradır.
Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm, son bir il ərzində bu qurum əhaliyə informasiya çatdırılması, sual-cavab təminatına geniş miqyasda şərait yaratmış, hər bir vətəndaşa çatmaq üçün təbliğat mexanizmlərindən təqdirəlayiq surətdə istifadə edə bilmişdir. Belə ki, bu məqsədlər üçün saytlar, internet səhifələri yaradılmış və əhalini düşündürən suallara bu yolla operativ, təcili və dəqiq cavab tapıla bilinir. Açığını deyim ki, bu qəbildən parlamentə daxil olan şikayət və ərizələrin də sayı son vaxtlar xeyli azalmışdır.
Parlamentdə aparılan geniş müzakirələrdə bütün müsbət məqamlar və möhtərəm Prezidentimizin bu sahədəki qarşıya qoyduğu vəzifələrin nazirlik tərəfindən uğurla həyata keçirildiyi xüsusi vurğulandı. Bununla yanaşı, bir sıra problem və uyğunsuzluqlara da diqqət cəlb edildi. Belə ki, əlilliyin müəyyənləşdirilməsi ilə bağlı nazirliyin yaratdığı elektron sistem son vaxtlar bəzi boşluqları və narahat görüntüləri ilə sual doğurur. Müzakirələr zamanı çıxışlarda səsləndi ki, səhiyyə orqanları tərəfindən sənədlərin verilməsində pərakəndəliyin və sistemsizliyin mövcudluğu da buna səbəb olur.
Düşündürən bir statistikanı da diqqətə çatdırmaq istərdim. 2017, 2018, 2019, 2020-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına idman cəmiyyətləri üçün nəzərdə tutulmuş vəsaitlərinin hətta əməkhaqqı göstəriciləri belə, demək olar ki, tamamilə dəyişməmişdir. Nəzərə alsaq ki, bu illərdə ölkəmizin idman uğurları xeyli artıb və minimum əməkhaqqı bütün sistemlərdə çoxalıb, bu göstəricinin artırılmasına böyük ehtiyac var. Onu da deyim ki, bunun üçün çox kiçik bir məbləğ vəsait tələb olunur.
Bu məsələlərlə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ətraflı və hərtərəfli cavablar verdi, nöqsanların səbəblərini açıqladı, görüləcək gələcək islahatlardan danışdı.
Bütövlükdə isə hesab edirəm ki, gələn ilin büdcə zərfində sosial məsələlər mühüm yer tutur.

Paylaş:
Baxılıb: 661 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31