Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir

Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir

18.01.2020 [10:57]

Yeni Azərbaycan Partiyasının (YAP) 82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədi Tahir Rzayev www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, növbəti dəfə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyiniz irəli sürülüb. Yenidən namizədliyinizin irəli sürülməsi sizin üçün gözlənilən idimi?
- Yeni Azərbaycan Partiyası tərəfindən növbəti dəfə 82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyimin irəli sürülməsini mənə göstərilən çox böyük etimad hesab edirəm. Buna görə də partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.
Millət vəkili olmaq şərəfdir, xalqın etimadını qazanmaqdır, xalqın qayğıları ilə yaşayıb insanların fikirlərini, təkliflərini parlament tribunasından səsləndirməkdir. Eləcə də insanları düşündürən məsələlərin həllinə çalışmaq deməkdir. Yeni Azərbaycan Partiyasının üzvü olmağı özüm üçün böyük şərəf hesab edirəm. Partiyamızı Ümummilli Liderimiz Heydər Əliyev yaradıb. Təbii ki, Heydər Əliyevin qurucusu olduğu partiya özündə böyük ideyaları birləşdirir. Yeni Azərbaycan Partiyasının sıralarında sağlam düşüncəli insanlar, cəmiyyətimizin intellektual gücü birləşib. Başqa sözlə, partiyamız öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir.
Biz YAP-ın üzvləri olaraq Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşmişik, dövlət başçısının həyata keçirdiyi genişmiqyaslı işlərin uğurlarını insanlar arasında təbliğ edirik, ölkəmizin inkişafı prosesində iştirak etməyə çalışırıq. Əgər seçicilər növbəti dəfə etimad göstərərlərsə, mən bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm.
- Əvvəlki parlament seçkilərində olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədləri cəmiyyətimizin diqqət mərkəzindədir. Bu barədə nə deyə bilərsiniz?
- Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə hazırdır. Əgər bir seçki keçirildisə, yenidən seçkilərə hazırlaşır. Yəni partiyamız seçkilərə yalnız seçki kampaniyası zamanı hazırlaşmır. Məsələn, parlament seçkiləri keçirilirsə, YAP seçkilərdə qələbə qazanan üzvlərinin millət vəkili kimi fəaliyyətini izləyir, geniş təhlil edir və qiymətləndirir. Bunun nəticəsi olaraq da, növbəti seçkilərdə kimə etimad göstəriləcəyini müəyyənləşdirir. Eləcə də fəal, layiqli insanlara etimad göstərilir.
Hesab edirəm ki, partiyamızın budəfəki namizədlər siyahısında da bu faktora üstünlük verilib. Namizədlər arasında gənclər, orta və yaşlı nəslin nümayəndələri təmsil olunur. Namizədlər müxtəlif sahələri təmsil edirlər, onların arasında peşəkar hüquqşünaslar, iqtisadçılar, elm, təhsil və digər sahələrin təmsilçiləri var. Bu da təbiidir. Çünki parlament elə bir orqandır ki, burada yüksək təfəkkürə, düşüncəyə, dünyagörüşünə malik, siyasi reallıqları qiymətləndirə bilən şəxslər olmalıdır. Çünki bu, yüksək tribunadır və millət vəkili həm qanunvericilik işləri ilə ciddi məşğul olmalı, həm seçiciləri ilə mütəmadi təmasda olmalı, həm ölkəmizdə gedən prosesləri izləyərək mövqeyini ifadə etməli, həm də Azərbaycanı beynəlxalq təşkilatlarda layiqincə təmsil etməlidir.
- Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük inkişaf yolu keçib, hər bir sahədə mühüm nailiyyətlər qazanılıb. Bu gün aparılan islahatlar isə Azərbaycanın gücünü daha da artırır. Sizcə, bütün bunlar parlament seçkilərində Yeni Azərbaycan Partiyasına nə dərəcədə siyasi dividend qazandırır?
- Cənab İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilərkən hər bir azərbaycanlının Prezidenti olacağını bəyan etdi. 2003-cü ildən sonra əzəmətli fəaliyyəti ilə cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ötən 16 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib, hər bir sahədə nəzərəçarpacaq dərəcədə irəliləyişlər əldə olunub.
Bu dövrdə müxtəlif sahələr üzrə köklü islahatlar aparılıb və bu gün də davam etməkdədir. Məsələn, 2004-cü ildən icra olunan regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları nəticəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib, əhalinin sosial rihafı yüksəlib. Bu gün ölkəmizin iqtisadiyyatında neftdən asılılıq aradan qaldırılır. Qeyri-neft sektorunda böyük inkişaf müşahidə olunur.
Bu mənada, 2019-cu il də ölkəmiz üçün uğurlu il oldu. Bütün sahələr üzrə artım qeydə alınıb. Ölkəmizin valyuta ehtiyatları 50 milyard dolları ötüb. Ötən il, həmçinin sosial sahədə inqilabi addımlar atıldı, əməkhaqları, pensiyalar və müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Bilirsiniz ki, Azərbaycan müharibə şəraitində yaşayır. Dövlətimiz şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, qaçqın və məcburi köçkünlərin qayğılarını daim diqqət mərkəzində saxlayır. Ötən illər ərzində bu kateqoriyalardan olan insanlara minlərlə ev, avtomobil verilib, sosial müavinətləri, təqaüdləri artırılıb.
Bu gün qeyri-neft sektorunun aparıcı sahələrindən biri kənd təsərrüfatıdır. Bu yöndə də mühüm işlər görülüb. Ölkə əhalinin təxminən yarısı bölgələrdə yaşayır, təsərrüfatla məşğul olur. Kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunda mühüm yer tutur. Bu sahənin inkişafı həm də insanların maddi rifah halının yaxşılaşmasına mühüm təsir edir.
Bilirsiniz ki, son illər taxılçılıq, pambıqçılıq, baramaçılıq, meyvəçilik, tərəvəzçilik xeyli dərəcədə inkişaf edib. Təkcə ötən il ölkədə 294 min ton pambıq istehsal olunub. Prezident İlham Əliyev bu məsələ ilə bağlı qeyd edib ki, biz bu nəticəyə məhsuldarlığı artırmaqla nail olduq. Biz də millət vəkili olaraq bölgələrdə məsələləri öyrənməyə, insanların təkliflərini, arzularını dinləməyə borcluyuq. Yeri gələndə bunu yüksək tribunadan səsləndirməliyik, müvafiq qurumlara müraciət etməliyik. Görülən işlər, qarşıda duran məsələləri insanlara izah etməliyik. Bəziləri elə fikirləşir ki, bütün məsələləri eyni vaxtda həll etmək olar. Amma belə deyil. Ona görə insanlar arasında söhbətlər aparmalı, görülən işləri təbliğ etməli və qarşıda dayanan vəzifələri qeyd etməliyik. İnsanlarla söhbət aparanda onlar reallıqları daha yaxşı anlayırlar. Biz müharibə şəraitində yaşayırıq. Bizim əsas vəzifəmiz ölkəmizin müdafiə qüdrətini artırmaqdır.
Bu gün cənab Prezident görülən işləri ön plana çəkir. İnsanlar dövlət başçısının siyasətini alqışlayırlar. Biz də bu siyasətin təbliğatçıları olmalı, görülən işləri dəqiqliklə insanlara çatdırmalıyıq. Vətəndaşlar bilməlidirlər ki, bu gün Azərbaycan dünyada ən inkişaf edən ölkələr arasındadır. Biz beynəlxalq qurumların hesabatlarında 20 ən islahatçı ölkələr sırasındayıq. Azərbaycan regionda sülhü, əmin-amanlığı qoruyur. Eləcə də ölkəmizdə ictimai-siyasi sabitlik tam təmin olunub və uğurların əsaslarından biri də sabitlikdir. Çünki sabitlik olmadan heç bir uğur mümkün deyil. Bütün bunlar Prezident İlham Əliyevin xidmətləridir və Prezidentimizlə xalqın birliyinin sayəsində əldə olunan uğurlardır.
- Deputatlığa namizədliyiniz yenə də Ağcabədi rayonundan irəli sürülüb. Ötən illər rayonun sosial-iqtisadi inkişafı baxımından hansı nəticələr əldə olunub. Deputat seçiləcəyiniz təqdirdə Ağcabədinin inkişafı üçün daha hansı təkliflər verməyi düşünürsünüz?
- Respublikamızın digər bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da ötən illər ərzində böyük quruculuq işləri həyata keçirilib. Belə ki, indiyə qədər rayonda 101 kilometr yeni yol çəkilib və bir neçə kəndi birləşdirən dairəvi yol nəzərdə tutulur. Yaşayış məntəqələrinin təbii qazla təmin olunması, demək olar ki, başa çatmaq üzrədir. Belə ki, bir şəhər və qəsəbə, 44 kənd təbii qazla təmin olunub. Bir neçə kənd qalıb ki, onların da təbii qazla təmin olunması üçün layihələndirmə işləri aparılır.
Son 16 il ərzində Ağcabədidə 40-a yaxın məktəb tikilib və ya əsaslı təmir olunub. Eləcə də rayon mərkəzi xəstəxanası, şahmat məktəbi, uşaq baxçaları, Olimpiya İdman Mərkəzi tikilib, yeni parklar salınıb, küçələr abadlaşdırılıb. Həmçinin rayonda qaçqın və məcburi köçkünlər üçün beşmərtəbəli doqquz bina tikilib istifadəyə verilib. Ötən illər ərzində rayonda on minlərlə yeni iş yeri yaradılıb.
Bilirsiniz ki, Ağcabədi kənd rayonudur və əhalinin məşğulluğu kənd təsərrüfatı ilə bağlıdır. Ötən il rayonumuz 32 min tondan çox pambıq, 100 min tondan çox taxıl istehsal edib. Eləcə də heyvandarlıq sahəsində də ciddi artımlar var.
Rayonumuzda emal müəssisələri də uğurla fəaliyyət göstərir. Neçə illərdir ki, “ATENA” süd emalı zavodu fəaliyyət göstərir ki, bu müəssisənin məhsulları respublikamızda məşhurdur. Müəssisənin məhsulları xaricə də ixrac olunur. Bu yaxınlarda isə taxıl emalı zavodu tikilib istifadəyə verilib.
Sevindirici haldır ki, Prezident İlham Əliyev rayonumuzun inkişafını daim diqqət mərkəzində saxlayır. Rayonumuzda 360-dan çox subartezian quyusundan istifadə olunur. Dövlət başçısının yanvarın 7-də imzaladığı Sərəncama əsasən daha 30 subartezian quyusunun qazılması üçün vəsait ayrılıb.
Göründüyü kimi, ötən illər ərzində rayonumuz əhəmiyyətli dərəcədə inkişaf edib. Millət vəkili kimi mən də rayonumuzun inkişafı ilə əlaqədar parlament müstəvisində təkliflərimi səsləndirmişəm və seçicilərimin müraciətlərini əlaqədar qurumların diqqətinə çatdırmışam. Əgər seçicilər növbəti dəfə mənə etimad göstərərlərsə, bu istiqamətdə fəaliyyətimi davam etdirəcəm, rayonun sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yüksəldilməsi ilə bağlı öz fikirlərimi, eləcə də insanların müraciətlərini parlament tribunasından səsləndirəcəyəm.
- Tahir müəllim, sizcə, fevralın 9-da Ağcabədi seçicilərinin seçimi necə olacaq?
- Azərbaycan vətəndaşları, o cümlədən Ağcabədi sakinləri bütün seçkilərdə düzgün mövqe nümayiş etdirirlər. Seçicilərimiz siyasi cəhətdən ayıqdırlar və doğru seçim etməyi bacarırlar. Beşinci dəfədir ki, YAP tərəfindən deputatlığa namizədliyim irəli sürülüb. Mən bütün Ağcabədi seçicilərini 9 fevral parlament seçkilərində fəal iştirak etməyə çağırıram. Biz yalnız doğru seçim etməklə ölkənin ümumi inkişafına nail ola bilərik. Ona görə də insanların seçiminin Yeni Azərbaycan Partiyasının namizədləri olacağına heç bir şübhə etmirəm.

Paylaş:
Baxılıb: 584 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31